Məhkəmə qərarları › İş №2-2(103)-385/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-385/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-385/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə ilə "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 6332,25 manat (o cümlədən elektrik enerjisindən istifadəyə görə 313,7 manat) məbləğində pulun cavabdehdən xeyrinə tutulması və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 5 (Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehin həmin obyektdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər həlli qaydasına (pretenziya) əməl etmədiyi, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin cavabdehə çatdırıldığına dair sənədin iddia ərizəsinə əlavə olunmadığı, həmçinin dövlət rüsumunun ödənilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “...Fərdi sahibkar olan cavabdehin “Elektron məhkəmə” sistemində qeydiyyatının olub-olmaması iddiaçıya məlum deyildir, üstəlik, Dövlət Vergi Xidmətinin sözügedən informasiya sistemində nasazlıq mövcuddur. Belə halda hansı üsuldan istifadə olunmaqla, iddia ərizəsinin təqdim olunması maraq doğurur. Digər tərəfdən, məhkəməyə təqdim edilən normativ hüquqi aktların dövlət reyestrinə daxil edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsinin 1.2-ci bəndində birbaşa göstərilir ki, Cəmiyyətin bütün payları dövlətə məxsusdur. İddia ərizəsinin qeyd hissəsində də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normasından çıxarış edilmişdir. Necə olur ki, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar, lakin büdcə təşkilatı olan, bütün payları dövlətə məxsus olan "MİDA” MMC büdcə təşkilatı sayılmır?. Bu səbəblərdən qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməli, habelə iş icraata qəbul olunaraq baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatında bir ay bundan öncə analoji mübahisəyə baxılmışdır (dövlət rüsumu ödənilmədən). Günay Həşimovanın icraatında isə hazırda iddiaçı kimi çıxış edilən başqa kateqoriya işə dövlət rüsumu ödənilmədən baxılır. Göründüyü kimi, həmin hakimlər qeyd olunan əsasa görə iddia ərizəsini qaytarmamış, əksinə iş üzrə iddiaçının statusuna görə dövlət rüsumunun ödənilməsindən azad olunmasının düzgünlüyü qənaətində olmuşdurlar. Eyni zamanda adları çəkilən hakimlərin icraatında olan və ya icraatında olmuş kommersiya mübahisələri üzrə iddia ərizələrində bildiriş və digər məlumatlar “Elektron məhkəmə” sistemi vasitəsilə təqdim edilmişdir. Üstəlik, iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixli qərardadla qaytarılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Göründüyü kimi, müvafiq müddətə dair qanunvericiliyin tələbi kobud surətdə pozulmuş və iddia ərizəsi xx.xx.2025-ci il tarixdə, yəni 6 gün sonra qaytarılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Büdcə sistemi haqqında” Qanunun 1.1.23-cü maddəsinə görə, büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsində də MMC-nin büdcə təşkilatı olması öz əksini tapmamış, əksinə, Nizamnamənin 1.6, 1.7 və 9-cu bəndlərində göstərilmişdir ki, Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları, ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək, həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün Cəmiyyətə verdiyi əmlakın dəyəri həddində risk daşıyır. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsindən həyata keçirilən büdcə təşkilatı deyildir, onun ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün Cəmiyyətə verdiyi əmlakın dəyəri həddində risk daşıyır. İddiaçının nizamnamə kapitalının dövlətə məxsus olması həmin hüquqi şəxsin büdcə təşkilatı olması anlamına gəlmir. “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunu ödəməkdən azad olunurlar – yuxarıda şərh olunanlardan isə görünür ki, İddiaçı büdcə təşkilatı deyildir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçibkeçməməsi halının iddiaçıya məlum olmadığı və Dövlət Vergi Xidmətinin müvafiq sistemində problemin mövcudluğu ilə bağlı iddiaçının arqumentinə münasibətdə kollegiya qeyd edir ki, “Vahid məhkəmə portalı”ndan elektron kabinetə beta versiyası ilə daxil olarkən “yeni müraciət” bölməsinin “şəxsin eyniləşdirilməsi” altbölməsi vasitəsilə cavabdehin "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçib-keçməməsi barədə məlumatlar iddiaçı tərəfindən də yoxlanıla bilər. Dövlət Vergi Xidmətinin müvafiq sistemində problem olması ilə bağlı isə iddiaçı heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müəyyən edir ki, cavabdeh xx.xx.2025-ci il tarixdən informasiya sistemində qeydiyyatdan keçmişdir lakin bu hal Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə nöqsanın müəyyən edilməsindən sonra baş verdiyindən həmin qərarın qanuniliyi və əsaslılığını şübhə altına ala bilməz. Məhkəmənin iddia ərizəsini qanunla müəyyən edilmiş müddətdə qaytarmaması arqumentinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 151.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Hazırkı işin hallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, iddia ərizəsinin qaytarılması üçün prosessual müddətin axımı xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixdə başa çatmış, məhkəmə də iddia ərizəsinin qaytarılması haqqında qərardadı məhz həmin tarixdə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2399/2025 saylı iş üzrə 11 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Ziya Şirinov Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar