Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-386/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı icarə haqqı üzrə borc, vurulmuş zərər və əldən çıxmış faydanın ödənilməsi, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyan və əldən çıxmış faydanın ödənilməsinə dair iddia tələbləri üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 1869/2020 saylı qətnaməsindən (hakim Z.Axundova) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanğın nəticəsində dəymiş 7812 manat məbləğində zərər, 3500 manat məbləğində əldən çıxmış fayda, 3000 manat məbləğində icarə haqqı borcu, 8196 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22538 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100.631,49 manat maddi ziyan, 5031,57 manat əldən çıxmış mənfəət olmaqla, ümumilikdə 105.663,06 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 icarəçi kimi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə icarədar kimi xx xxxxxx 2018-ci il tarixli, 16/02 nömrəli müqavilə bağlayaraq “xxxx” ASC-yə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 ünvanında yerləşən “Baza-Anbar” sahəsindəki 200 kv.m anbar binasını sahibkarlıq fəaliyyəti göstərmək üçün icarəyə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən “icarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməyi və müqavilə ilə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinin “a” bəndinə əsasən “icarəçi” icarəyə verilmiş sahədə sanitar-gigiyena, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət edilməsinə cavabdeh olmağı öz öhdəsinə götürmüşdür. Lakin “icarəçi” müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməyərək yanğından mühafizə qaydalarını pozmuş və bu səbəbdən x xxxxxx 2018-ci il tarixində onun icarəyə götürdüyü anbar sahəsində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində anbar istifadəyə yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi yanğın hadisəsinin təhqiqatını aparmış və onun baş vermə səbəblərinin, vurduğu ziyanin müəyyən olunması üçün müvafiq ekspertizalar təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 21270 nömrəli “Məhkəmə Tikinti-texniki ekspert rəyi” ilə müəyyən olunmuşdur ki, yanğın nəticəsində anbara dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 7812 manat təşkil edir. Yanğının baş vermə səbəbləri ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 21271 nömrəli “Məhkəmə Yanğın Texniki Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, yanğının mənbəyi, X2 icarəsində olan sahədə, tavana yaxın sahədə olmuş və mənbə zonasında istilik ixrac edə bilən texniki qurğularda elektrik naqilləri yerləşdiyindən və həmin naqillər gərginlik altında olduğundan yanğın qeyd olunan mənbə zonasında yerləşən elektrik naqillərində qəza halının baş verməsi üçün xarakterikdir. Bununla da, “Azərbaycan Respublikasında X1”nın (YTQ N01-2001) 1.10.2; 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Aparılan təhqiqatın yekunu olaraq FHN Əməliyyat İstintaq İdarəsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2018-ci il tarixli qərarda göstərilir ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, yanğın hadisəsi “icarəçi” tərəf olan “X5 Export” MMC-nin vəzifəli şəxsi olan X2 “X1”nın 1.10.2, 6.2-ci maddələrinin tələblərini yerinə yetirilməməsi səbəbindən, yəni icarəçinin təqsirindən baş vermişdir və yanğın nəticəsində anbarın sahibi olan “xxxx” ASC-yə 7812 manat ziyan dəymişdir. Bundan əlavə, cavabdehin təqsirindən baş vermiş yanğın nəticəsində anbar sahəsinin istifadəyə yararsız vəziyyətə düşməsi səbəbindən iddiaçı həmin anbar sahəsindən 2019-cu ilin iyun ayının 15-nə qədər istifadə edə bilməmişdir. İddiaçı anbar sahəsini öz vəsaiti hesabına və öz işçi qüvvəsi ilə təmir edərək onu 2019-cu ilin iyun ayının 15-də yenidən icarəyə vermişdir və 2019-cu ilin yanvar ayından həmin tarixə qədər olan beş ay 15 gün ərzində anbardan istifadə edə bilmədiyinə görə hər ay 600 manat olmaqla 3300 manat (600 man x 5,5 ay) məbləğində icarə haqqı almaq imkanından məhrum olmuşdur (əldən çıxmış fayda). Beləliklə, cavabdehin təqsirindən baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş zərərin ümumi məbləği 11112 manat (7812 manat anbara dəyən zərər + 3300 manat əldən çıxmış fayda) təşkil edir. Cavabdehin bağladığı icarə müqaviləsinin xx xxxxxx 2019-cu il tarixinə qədər qüvvədə olmasına baxmayaraq, o, 2018-ci ilin avqust ayından başlayaraq icarə haqqını da ödəməmişdir. Cavabdeh müqavilənin 1.2-ci maddəsinə və 3.2-ci maddəsinin “b” bəndinə əsasən icarə müddəti ərzində icarə haqqını vaxtlı-vaxtında ödəməyi, müqavilənin 2.3-cü maddəsinə əsasən isə icarə haqqınin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün ücün gecikdirilmiş məbləğin 0,5 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin iddiaçıya icarə haqqı üzrə borcu aylıq 600 manat olmaqla, 5 ay üçün 3000 manat, ödəməyi gecikdirməyə görə cərimənin məbləği isə 8196 manat təşkil edir. Yanğın nəticəsində anbara dəymiş zərəri, əldən çixmış faydanı, borclu olduğu icarə haqqını və ona hesablanmış cəriməni ödəməsi üçün cavabdehə xx.xx.2019-cu il tarixli pretenziya təqdim edilmiş, lakin ötən müddət ərzində anbara dəymiş zərər, əldən çıxmış fayda, icarə haqqı və ona hesablanmış cərimənin ödənilməsi təmin edilməmişdir. Cavabdeh bağladığı müqavilənin 1.2-ci və 3.2-ci maddəsinin “b” bəndi ilə icarə haqqını ödəməyi, 3.2-ci maddəsinin “q” bəndi ilə icarəyə götürdüyü sahədə yanğından mühafizə qaydalarına riayət etməyə cavabdeh olmağı, onun təqsiri üzündən icarəyə verilən əmlaka dəymiş zərərin əvəzini ödəməyi, “ə” bəndi ilə icarə müqaviləsinə xitam verildikdən sonra 10 gün müddətində əmlakı əvvəlki vəziyyətindən pis olmayan, normal və istifadəyə yararlı vəziyyətdə “icarədar”a təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən həmin öhdəliklər pozulmuşdur. İddiaçı Cavabdeh1 MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” ASC-dən Cavabdeh1 MMC-nin xeyrinə 100.631,49 manat maddi ziyan, 5031,57 manat əldən çıxmış mənfəət olmaqla, ümumilikdə 105.663,06 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəmiyyətlə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında xx xxxxxx 2018-ci il tarixli, 16/02 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra xx.xx.2018-ci il tarixdə icarə obyektində yanğın baş vermiş və yanğın nəticəsində icarəçiyə 100631,49 manat məbləğində ziyan dəymişdir. Cavabdeh1 tərəfindən anbar sahəsi icarəyə götürüldükdən sonra hər hansı təmir-tikinti işləri aparılmamış və anbar sahəsində olan naqillərin keyfiyyəti barədə icarəyə verənin məsul şəxləri tərəfindən məlumat verilməmişdir. Həmçinin anbar sahəsində istifadə zamanı hər hansı əlavə gərginliyə səbəb olacaq qurğu və cihazlardan istifadə edilməmişdir. İcarəçi tərəfindən naqillərin keyfiyyəti, müqavimətliyi barədə məlumatlar icarəyə götürəndən gizlədilmişdir ki, tərəflər arasında qeyd olunan icarə müqaviləsinin bağlanmasına səbəb olmuşdur. Əgər naqillər barədə icarəçiyə düzgün məlumat verilsəydi, icarəçi həmin naqilləri öz vəsaiti hesabına yeni müqavimətə davamlı, keyfiyyətli naqillərlə əvəz edə bilərdi. Belə ki, icarəçi ümumi dəyəri 1000 manat təşkil edən təmir-bərpa işlərini yerinə yetirməməklə həmin anbarda saxlanılan 100631,49 manat dəyərində əmlakın təhlukəsizliyini riskə atmazdı. Göründüyü kimi, icarəyə verən tərəfindən icarə obyektinin qüsurları gizlədildiyindən anbarda yanğın baş vermiş, yanğın nəticəsində həm icarəyə verənə, həm də icarəçiyə maddi zərər dəymişdir. İcarəçinin əsas fəaliyyəti qida məhsullarının idxal edilərək satışıdır. Baş vermiş yanğın zamanı malların məhv olması nəticəsində dövriyyədən 100631,49 manat vəsait çıxmışdır ki, bu səbəbdən icarəyə verəndən illik 5 faiz uçot dərəcəsi ilə əldən çıxmış mənfəət olaraq 5031,57 manat icarəçinin xeyrinə tutulmalıdıdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1869/2020 saylı qətnaməsi ilə iddiaçı “Nadir Quliyev adına “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən yanğın nəticəsində dəymiş 7812 (yeddi min səkkiz on iki) manat məbləğində zərərin, 3000 (üç min) manat məbləğində icarə haqqı borcunun və 300 (üç yüz) manat cərimənin, dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 11127 (on bir min yüz iyirmi yeddi) manat məbləğində pulun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi onun özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Cavabdeh1 MMC-nin iddia tələbinin iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)- 1869/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və ədalətsiz çıxarılmışdır. Məhkəmə iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparmamış, iş üzrə tətbiq olunmalı olan normanı tətbiq etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya şikayətində MM-nin 1096, 1097, 700, 676, 677.4-cü maddələrinə istinad edilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1869/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyator iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilərək Cavabdeh1 iddia tələbinin təmin edilməsini xahiş etdiyindən və apelyasiya şikayətinin məzmununda qarşı tərəfin iddiası ilə bağlı əsaslandırma olmadığından müəyyən olunur ki, qətnamə apellyatorun iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirilir. İşin faktiki hallarından görünür ki, “xxxx” ASC ilə "Cavabdeh1" MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 16/02 nömrəli icarə müqaviləsinə əsasən icarədar “xxxx” ASC tərəfindən ona məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 ünvanda yerləşən “Baza-Anbar” sahəsindəki 200 kv.m anbar binası 1 il müddətinə "Cavabdeh1" MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, icarəyə verilmiş sahədə xx.xx.2018-ci il tarixdə yanğın baş vermiş, yanğın hadisəsi ilə bağlı araşdırılma aparılmış, "Cavabdeh1" MMC-nin direktoru X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. "Cavabdeh1" MMC yanğın hadisəsinin icarəyə verənin təqsiri üzündən baş verdiyini, elektrik naqillərinin keyfiyyətsizliyi barədə icarəyə götürənə məlumat verilmədiyini iddia edərək hadisə nəticəsində dəymiş maddi ziyanın və əldən çıxmış faydanın “xxxx” ASCdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddianın hüquqi əsası kimi, Mülki Məcəllənin 1096, 1097, 700, 676, 677.4-cü maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən normanın məzmunundan göründüyü kimi, 1096.1-ci maddəyə əsasən məsuliyyətin yaranması üçün delikt olduğu iddia edilən əməl hüquqa zidd olmalı, bu əməl nəticəsində hüququ pozulmuş şəxsə real ziyan dəyməli, ziyanın vurulmasında şəxsin təqsirli olduğu sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə vəkommersiya mübahisəsinəbaxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanuni qüvvəyə minmiş qərarından göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən yanğın hadisəsinin baş verməsində kimin təqsirli olduğu araşdırılmış, həmin araşdırma həyata keçirilərkən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21271 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında X1”nın (YTQ №01-2001) 1.10.2, 6,2 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayon «Quliyev Nadir adına xxxx» ASC-nin anbar bazasının yanğın baş vermiş sahəsinin icarəçi tərəfindən icarəsində olan sahəyə elektrik xəttinin çəkilməsinə, lakin onun tərəfindən orada yerləşən elektrik qurğularının qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri normal vəziyyətlərdə müdafiəsi təmin edilmədiyinə, eləcə də icarəsində olan sahənin xx.xx.2018-ci il tarixli 16/02 nömrəli müqaviləsinin 3.2-ci maddəsinin “q” bəndinə əsasən "Cavabdeh1" MMC-nin icarəyə götürdüyü anbar sahəsində texniki təhlukəsizlik və yanğından mühafizə qaydalarına riayət edilməsinə cavabdeh olmağı öhdəsinə götürdüyünə görə, “Azərbaycan Respublikasında X1”nın (YTQ №01-2001) 1.10.2, 6,2 bəndinin tələbləri icarədarın özü, yəni X3 tərəfindən pozulmuşdur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndinin “q” yarımbəndində qeyd edilmişdir ki, icarəyə verilmiş sahədə yanğından mühafizə qaydalarına cavabdeh olmaq icarəçinin vəzifəsidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icarəyə verilmiş obyektdə yanğının baş verməsinə görə “xxxx” ASC-nin təqsirli olduğu sübut edilmədiyindən, əksinə cinayət təqibini həyata keçirən orqanın qanuni qüvvədə olan qərarı ilə yanğının icarəyə götürən tərəfindən X1na riayət edilməməsi nəticəsində baş verdiyi müəyyən edildiyindən yanğınla əlaqədar "Cavabdeh1" MMC-yə dəymiş ziyana və əldən çıxmış faydaya görə icarəyə verən məsuliyyət daşıya bilməz. Buna görə də "Cavabdeh1" MMC-nin iddia tələbinin rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 1869/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-1869/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-386/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-386/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver