Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-387/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-124/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “xxxx” KB ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 9500 manat faiz borcu, 216131,66 manat cərimə, 209479,17 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, xx.xx.2015-ci il tarixli 179 saylı kredit müqaviləsi üzrə 1048,21 manat faiz borcu, 23271,83 manat cərimə, 26993,06 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 2686423,93 manat borc və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-124/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən xx xxxxxxx 2015-ci il tarixli, 166 saylı kredit müqaviləsi üzrə 2026987,36 manat məbləğində əsas borc, 9470,58 manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 38107,32 manat məbləğində faiz borcu, 20000 manat məbləğində cərimə, ödənilmiş dövlət rüsumuna görə 23,40 manat olmaqla, cəmi 2094588,66 manat məbləğində pulun tutularaq ləğv prosesində olan “xxxx” KB ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 6,60 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun Cavabdehndən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni xx xxxxxxx 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə 20000 manat cərimənin ödənilməsi hissəsində ləğv edilməsi, habelə xx xxxxxx 2015-ci il tarixli, 179 saylı kredit müqaviləsi üzrə 10653,17 manat artıq ödənişin xx xxxxxxx 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş borca yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx xxxxxxx 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə cərimə tələbi yoxdur. Məhkəmə isə iddia tələbindən kənara çıxaraq həmin müqavilə üzrə 20000 manat məbləğində cərimə müəyyən etmişdir. Bundan başqa, məhkəmə cavabdehin artıq ödənişinə heç bir qiymət verməmişdir. Halbuki məhkəmə qətnaməsi ilə 10653,17 manat məbləğində artıq ödənişin xx xxxxxxx 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş borca yönəldilməli idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız xx.xx.2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” KB ASC ilə “xxxx” MMC arasında xx xxxxxxx 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxx” MMC-yə 24 ay müddətinə 6% dərəcəsi ilə ******* manat məbləğində kredit verilmişdir. Həmçinin həmin tərəflər arasında xx xxxxxx 2015-cı il tarixli 179 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxx” MMCyə 24 ay müddətində 6% dərəcəsi ilə 700000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə əsas borcu ******* manat, faiz borcu 9500 manat, cərimə 216131,66 manat, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 209479,17 manat, xx.xx.2015-ci il tarixli 179 saylı kredit müqaviləsi üzrə faiz borcu 1048,21 manat, cərimə 23271,83 manat, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 26993,06 manat olmaqla, cəmi borcu 2686423,93 manat təşkil edir. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, cavabdeh tərəfindən hər iki müqavilə üzrə ödənişlər edilmiş, xx xxxxxx 2015-cı il tarixli 179 saylı kredit müqaviləsi üzrə bütün borc ödənilmiş və 10653,17 manat artıq ödəniş olmuşdur. Ona görə də, həmin ödəniş də nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 31300 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən “xxxx” MMC-nin iddiaçı “xxxx” KB ASC-yə xx xxxxxxx 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə əsas borcu 2998961,56 manat, faiz borcu 9470,58 manat, rəyin verildiyi tarixə əsas borcu 2026987,36 manat, faiz borcu 47577,90 manat təşkil edir, xx xxxxxx 2015-ci il tarixli 179 saylı kredit müqaviləsi üzrə isə rəyin verildiyi tarixə borcun olması müəyyən edilmir, eyni zamanda 10653,17 manat artıq ödənişinin olması müəyyən edilir. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu azaldaraq həmin hissədə də iddianı qismən təmin etmiş, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə iddianı rədd etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 166 saylı kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı, xx.xx.2020-ci il tarixli 31300 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, xx.xx.2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə iddianın qismən təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh “xxxx” MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, iddia ərizəsindən də görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixli166 saylı kredit müqaviləsi üzrə 216131,66 manat cərimənin tutulması tələbini irəli sürmüşdür. Həmçinin cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə onun tərəfindən artıq ödənilmiş 10653,17 manat pul vəsaiti ilə onun iddiaçı qarşısında olan digər xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi ilə əvəzləşdirilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, bu özü-özlüyündə müstəqil tələbdir, lakin cavabdeh bununla bağlı birinci instansiya məhkəməsində iddia irəli sürməmişdir. Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsində də təsbit olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Eyni zamanda kollegiya izah edir ki, “xxxx” MMC artıq ödənilmiş 10653,17 manat məbləğində pul vəsaitinin öhdəlikdən kənar ödənilmiş pulun əsassız varlanma qaydalarına uyğun olaraq (Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri) “xxxx” KB ASC-dən tələb edə və ya həmin məsələ məhkəmədən kənar tərəflərin razılığı ilə tələblərin əvəzləşdirilməsi yolu ilə həll oluna bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-124/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-387/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-387/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver