Məhkəmə qərarları › İş №2-2(103)-388/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-388/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-388/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-114/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, L016/219 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 84 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır.

2. Həmin müqavilə çərçivəsində tərəflər arasında xx.xx.2019-cu il tarixli, KE/95519/71 nömrəli kredit sazişi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 19% olmaqla, 70000 manat məbləğində kredit verilmişdir.

3. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma ilə verilmiş kreditin müddəti 7 ay müddətinə, xx.xx.2021-ci il tarixli razılaşma ilə daha 8 ay müddətinə uzadılmışdır.

4. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 120000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı kredit limitinin ayrılması haqqında müqavilə, həmin müqavilə daxilində xx.xx.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişi, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli razılaşmalar üzrə 50101,52 manat əsas, 11353,84 manat faiz olmaqla, cəmi 61455,36 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq banka ödənilməsi, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin 23 oktyabr 2019-cu il tarixli, 3M-1527 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə əsas borcu 50101,52 manat, faiz borcu 11353,84 manat, cəmi borcu isə 61455,36 manat təşkil edir.

7. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-114/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 22 oktyabr 2019-cu il tarixli, “L016/2019/” saylı “kredit limitinin ayrılması haqqında müqavilə”, həmin müqavilə daxilində xx.xx.2019-cu il tarixli, KE/95519/71 saylı kredit sazişi, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli razılaşmalar üzrə banka olan 49707 manat əsas borc, 6587,08 manat faiz borcu, 400 manat mediasiya xərci olmaqla, cəmi 56694,08 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin ilkin satış qiymətinin 161000 manat məbləğində müəyyən edilməsi və iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh tutularaq, "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəfələrlə məhkəmə prosesi keçirilmiş və bu müddət ərzində onun iştirakı təmin olunmamışdır. Hətta sonuncu məhkəmə prosesi başlamamışdan qabaq işə baxılmanın təxirə salınmağını xahiş etsə də, məhkəmə bu halı nəzərə almamışdır. Bundan başqa qətnamədə qeyd olunub ki, həyat yoldaşı X2 ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Lakin, qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməli idi ki, həmin əmlak birgə nikah dövründə əldə olunub ya yox. Ona görə də, Şəfəq Əliyevanın cavabdeh qismində cəlb edilməsi mütləq idi. Eyni zamanda məhkəmənin gəldiyi yalnış mövqe məhkəmə qiymətləndirmə ekspertizasının heç bir lisenziyaya məxsus olmayan quruma tapşırmasıdır. Çünki daşınmaz əmlakın rəy verilən dövrə olan qiyməti minimum 200000 manatdır. Məhkəmə ekspertizanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsinə həvalə etməli idi. İş materiallarında olan "xxxx" MMC-nin rəyi məhkəmənin də qətnamədə qeyd etdiyi kimi mütəxəssis rəyidir və mülki prosessual qanunvericilikdə qeyd olunmamışdır. Həmin rəyin ekspertiza rəyi adlandırılması üçün müvafiq şəhadətnaməyə məxsus ekspert tərəfindən verilməlidir. Məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə baxmayaraq rəy alınmadan qətnamə qəbul edib. Həmçinin məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də razı deyil. Çünki rəydə göstərilən faiz məbləği düzgün göstərilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh birinci instansiya məhkəməsindəki proses zamanı hər vəchlə (məhkəmə iclaslarının heç birində iştirak etməmişdir və s.) müddətin uzadılmasına və işin mahiyyəti üzrə tez bir zamanda həllini tapmasına maneçilik törətməyə çalışmış və buna nail olmuşdur. Belə ki, sözügedən iş üzrə artıq 2 ilə yaxın müddətdir ki, proses gedir, lakin bu dövrdə cavabdeh işin həlli istiqamətində heç bir addım atmamış, dəfələrlə onunla ödənişlə bağlı razılığın əldə edilməsi istiqamətində görüşlər və söhbətlər aparılıb keçirilsə də, heç bir ödəniş etməmiş və mümkün qədər məhkəmə prosesini uzatmağa çalışmışdır. Məhkəmə qətnaməni maddi və prosessual hüquq normalarına riayət etməklə qəbul etmiş, cavabdeh isə öz növbəsində iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, heç bir məhkəmə iclasına gəlməyərək aşkar surətdə icraatı qəsdən yubandırmış, məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərini əsas tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, qeyd olunan hal cavabdehin bu məsələ ilə bağlı şikayətinin tamamilə əsassız olduğunu göstərir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan əlavə hər iki ekspertiza (əmlakın qiymətləndirilməsi və mühasibatlıq) məhkəmənin öz təşəbbüsü əsasında, qəbul etdiyi müvafiq qərardadlarla təyin edilmiş və ekspert rəylərinin verilməsi müvafiq ekspertiza mərkəzlərinə həvalə edilmişdir. Ekspertizaları həyata keçirən ekspertlər tərəfindən onlara təqdim edilən bütün sənədlər nəzərə alınmaqla, müfəssəl tədqiqat aparılmış və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə qeyd olunan ekspert rəylərini digər sübutlarla birlikdə qiymətləndirərək, qəbul etdiyi qətnamədə onlara istinad etmiş, obyektiv və qərəzsiz qərar qəbul etmişdir. Cavabdeh isə öz mövqeyini əsaslandırmaq üçün heç bir dəlil göstərməmiş və təsdiqedici sənəd təqdim etməmişdir. Əlavə olaraq, cavabdehin iddia etdiyinin əksinə, "xxxx" MMC tərəfindən verilən və məhkəmə qətnaməsində istinad olunan müvafiq rəy, mütəxəssis rəyi deyil, məhz qətnamədə də vurğulandığı kimi, ekspert rəyidir. Bundan başqa iş üzrə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ekspert rəyində iş materiallarında olan bütün hesabdan çıxarış və ödəniş qəbzləri və digər sənədlər nəzərə alınmaqla, müfəssəl tədqiqat aparılmış, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi.

13. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

17. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin 2-ci bəndinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Belə ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

25. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

26. Belə ki, kredit borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/8463 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2022ci il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 6587,08 manat olmaqla, cəmi borcu 56294,08 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 6770,72 manat olmaqla, cəmi borcu 56477,72 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 9735,19 manat olmaqla, cəmi borcu 59442,19 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 49707 manat, faiz borcu üzrə 24426,38 manat olmaqla, cəmi borcu 74133,38 manat məbləğində müəyyən edilir.

27. Göründüyü kimi Cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

28. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini və ekspert rəyini nəzərə alaraq və Mülki Məcəllənin 741-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır.

30. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri 120000 manat müəyyən edilmişdir.

31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, ƏEM/A 124-683/23 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzilin likvid dəyəri 161000 manat, bazar dəyəri 170000 manat təşkil edir.

32. Göründüyü kimi qiymətləndirmə rəyi ilə müəyyən olunan likvid qiymət tərəflər arasında ipoteka müqaviləsi bağlanılan zaman qarşılıqlı razılıqla müəyyən olunan qiymətdən kifayət qədər yüksəkdir.

33. İpoteka müqaviləsinin bağlandığı tarixdən 5 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəyini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetinin ilkin satış qiyməti kimi qiymətləndirmə rəyini əsas götürərək, müəyyən etmişdir.

34. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində ümumilikdə 5 məhkəmə hazırlıq və baxış iclası keçirilmiş və hər iclasın yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin ünvanına, SMS bildirişlər isə cavabdehin istifadəsində olan mobil nömrəyə göndərilmişdir. Bununla belə, o, heç bir məhkəmə iclasında iştirak etməmiş, yalnız sonuncu iclas günü səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı üçün bütün tədbirlər görülmüşdür. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-114/2023 saylı qərardadı ilə əvvəlcə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin xx.xx.2023-cü il tarixli vəsatəti ilə mənzilə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir (i/v 113-114). Lakin tərəflər tədqiqat obyektinə gəlməmiş və ona görə də, ekspert məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina barədə xx.xx.2023-cü il tarixli məlumat göndərmişdir. Bundan sonra iş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi həyata keçirilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-114/2023 saylı qərardadı qəbul edilmiş və qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmış və sonuncu tərəfindən də cavabdehin qeyd etdiyi kimi mütəxəssis rəyi deyil, yuxarıda qeyd olunan ekspert rəyi verilmişdir. Göründüyü kimi birinci dəfə ekspertiza təyin olunan zaman mənzilə baxış keçirilməsi cavabdehin hərəkətlərinə görə qeyri-mümkün olmuşdur. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmçinin iş üzrə verilmiş ekspert rəylərinin düzgün olmaması ilə bağlı dəlillər də əsassızdır. Belə ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmiş əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəylər də mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəylərinin qeyri-dəqiq olmasını, yəni faiz borcunun düzgün hesablanmamasını, ipoteka predmeti olan mənzilin rəy verilən dövrə qiymətinin minimum 200000 manat olmasını bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İpoteka predmeti olan əmlakın birgə nikah dövründə əldə olunubolunmaması faktının müəyyən olunmasının isə mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki ipoteka predmetində qeydiyyatda olan X2 həmin mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ipoteka qoyulmasına razılığını bildirmiş, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələdirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-114/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar