Məhkəmə qərarları › İş №2-2(103)-389/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-389/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-389/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (işçisi) Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh «X2» LTD-yə «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “X2” LTD-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh şirkətindən iddiaçının xeyrinə 8985,66 ABŞ dolları əsas borc, 7404 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla, cəmi 16.389,66 ABŞ dolları, vurulmuş zərərin əvəzi 1200 manat və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, MSCS/AZB/103/2018 saylı “kommersiya icarə” müqaviləsinə əsasən iddiaçı davamlı olaraq cavabdehə müqavilədən irəli gələn xidmətlər göstərməyi, cavabdeh də öz növbəsində həmin xidmətlərə (o cümlədən icarə haqqına) görə müvafiq ödənişlər etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliklərini tam həcmdə icra etsə də, cavadbeh öz öhdəlikərini yerinə yetirməmişdir. Belə ki, sözügedən müqavilə üzrə iddiaçının cavabdehə göstərdiyi xidmətlərə görə, sonuncu ona təqdim olunmuş xx.xx.2019-cu il tarixli, B0140 saylı hesab-fakturaya əsasən 402,05 ABŞ dolları, B 0140 saylı hesab-fakturaya əsasən 17,22 ABŞ dolları, B0142 saylı hesab fakturaya əsasən 6892,80 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, B0242 saylı hesab fakturaya əsasən 3474 ABŞ dolları, B0243 saylı hesab fakturaya əsasən 389,35 ABŞ dolları, B0244 saylı hesab fakturaya əsasən 396 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. Bununla belə, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək cavabdehə göstərilən xidmətlər üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixində tərtib olunmuş hesab fakturalar əsasında cavabdehin iddiaçıya 8.985,66 ABŞ dolları məbləğində ödənilməyən əsas borcu, müqavilənin 3.2-ci bəndinə görə cavabdehin 2 ədəd hesab-faktura üzrə vaxtında ödəniş etməməsi (gecikdirməsi) nəticəsində müqavilənin şərtlərinə uyğun olaraq (hər gecikdirilən gün üçün aylıq ödənişin 0,5% həcmində) hesablanmış 7404 ABŞ dolları dəbbə pulu, cəmi 16 389,66 ABŞ dolları məbləğində borc hesablanmışdır. İddiaçının ödənişli hüquqi xidmətlərə görə çəkdiyi xərci 1.200 manat təşkil edir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş və cavabdeh “X2” LTD-dən 8985,66 ABŞ dolları əsas borc, 4,34 ABŞ dolları dəbbə (cərimə) pulu olmaqla, cəmi 8990 ABŞ dolları, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 16,37 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin (VÖEN **********) xeyrinə ödənilməsi qət olunmuş, vurulmuş zərərin əvəzi kimi 1200 manat məbləğində pul tələbi hissəsində isə iddia rədd edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən təyinat məntəqəsinə çatdırılması üçün onun anbarına saxlama üçün verilmiş metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı digər şirkətin yük avtomobillərinə lazımi qaydada (dəzgahı avtomobilə bərkitmədən) yükləmiş və nəticədə saxlama ərazisində yerə aşaraq yararsız vəziyyətə düşmüşdür. Yəni, saxlama və yükləmə xərclərinin iddiaçıya ödənilməməsi xidmətin lazımi qaydada göstərilməməsi ilə əlaqədar olmuşdur. Başqa sözlə, iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Dəzgah avtomobilə yükləndikdən sonra bərkidilmədiyi iddiaçının kitabında da xx.xx.2019-cu il tarixində qeyd edilib. Mİ rəisi T.Səfixanov, administrator C.Qasımzadə və R.Tağıyev tərəfindən imzalanmışdır. Həmçinin, razılaşmaya görə iddiaçı yükləməni cavabdehin adından həyata keçirməli idi. İddiaçının xx.xx.2019-cu il tarixli 80354 №-li hesab-fakturası (invoice) görünür ki, göstərilən xidmətlərə – yükləmə, boşaltma və 25 tonluq kranın istifadəsi iddiaçı tərəfindən 942,66 ABŞ dolları məbləğində xidmət haqqını istəmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 142 saylı qərarı ilə təsdiq edilmiş «Avtomobil qeydiyyatı ilə yüklərin daşınması Qaydaları»qıq 6.1-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması, o cümlədən, bağlamaların, örtüklərin çıxarılması, bortların(çənlərin lyuklarının) bağlanması və ya açılması, şlanqların salınması və çıxarılması, şlanqların vintlə bağlanması və ya açılması, müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir. Həmin Qaydaların 2ci bəndinə əsasən daşıyıcı, sifarişçi ilə razılaşma əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini öz üzərinə götürdükdə, yükləmə və boşaltma zamanı yükün onun günahı üzündən korlanmasına və ya zədələnməsinə görə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, yükləmə iddiaçıya tapşırılmışdır. Nəticədə isə müəyən olur ki, yükləmə və boşaltma zamanı yükün korlanması və zədələnməsinə görə iddiaçı məsuliyyət daşıyır. Qaydaların 6.3-cü bəndinə əsasən yükləmə-boşaltma meydançalarının sahibləri nəqliyyat vasitələrinin maneəsiz keçməsi və manevr etməsi üçün və onlara çıxan (aparan) yolları saz vəziyyətdə saxlamalı, həmçinin günün qaranlıq vaxtında iş yerlərinin lazımi qaydada işıqlandırılmamasını təmin etməlidirlər. Lakin işdə olan sənədlərdən görünür ki,yükləmə-boşalta meydançasının avtonəqliyyat vasitələrinin maneəsiz keçməsi və manevr etməsi və onlara çıxan (aparan) yolları saz vəzityyətdə saxlamamış, oranı asfaltörtüyü ilə təmin etməmişdir (Mülki Məcəllənin 422 və 562-ci və MPM-in 385-ci maddələrinə istinad olunur). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 376.2-ci maddəsinə əsasən işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayətin dəlilləri ilə razılaşmamış, ortada daşıyıcı olduğunu və yüklərin bərkidilməsi daşıyıcıya aid olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə MSCS/AZB/103/2018 saylı “kommersiya icarə” müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, onun predmetinə görə icarəçi (hazırkı cavabdeh) icarəyəverənin (iddiaçı) Bakı şəhəri Qaradağ rayonu, Salyan şosesi 28-30-cu km ünvanında yerləşən anbarında müvafiq qoşmalarda göstərilən şərtlərə uyğun olaraq ərazini götürür, icarəçi isə bu müqaviilədə razılaşdırılmış qaydada və müddətdə və şərtlərlə icarə haqqını ödəyir. İddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, cavabdeh icarə müqaviləsində nəzərdə tutulan icarə obyektindən (anbardan) müqavilə şərtlərinə uyğun olaraq süxtəlif metal əşya və avadanlıqlarının saxlanılması üçün istifadə etmişdir və bu hal işin mübahisələndirilməyən halıdır.. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən icarə haqqının ödənilməsi qaydası və digər öhdəliklər icarəyə verənin qaimə-fakturası əsasında ödənilir. İcarə haqqı müvafiq Əlavədə razılaşdırılmış müddətdə 5 iş günündən artıq müddətə gecikdirərsə, icarəyəverən hər gecikdirilmiş gün üçün aylıq ödənişin 0,5% miqdarında cərimə tələb etmək hüququna malikdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli B0334 nömrəli və xx.xx.2019-cu il tarixli B0354 nömrəli qaimə fakturalardan (invoice) görünür ki, cavabdeh tərəfindən xx.xx.2019– cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət ərzində icarə haqqı kimi iddiaçıya bir günü 114,90 ABŞ dolları olmaqla, cəmi, 8043 ABŞ dolları icarə haqqı və göstərilən xidmətlərə (yükləmə, boşaltma və 25 tonluq kranın istifadəsi) görə isə 942,66 ABŞ dolları məbləğində xidmət haqqı, ümumilikdə, 8.985,66 ABŞ dolları məbləğində borc məbəlği hesablanmış, cavabdeh isə həmin məbləğin ödənilməsindən imtina edir. Cavabdeh apellyasiya şikayətində ona hesablanmış həmin pul məbləğinin ödənilməməsi səbəbini onunla əsaslandırır ki, iddiaçı tərəfindən ona məxsus icarə obyektində saxlanılan metal əşya və avadanlıqların (dəzgahların) təyinat məntəqəsinə çatdırılması üçün avtomobillərə yüklənərkən bərkidilməmiş, saxlama ərazisində yerə aşaraq yararsız hala düşmüş, bununla da iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, xx.xx.2019–cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət ərzində iddiaçıya məxsus anbarda ona məxsus əşyaların (dəzgahların) saxlanııldığı onun tərəfindən mübahisələndirmir. Tədqiq olunan olunan qaimə-fakturalarda isə görünür ki, iddiaçı xx.xx.2019–cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət üçün anbarda saxlancına görə cavabdehdən ödənilməsini tələb etdiyi əsas borc iki hissədən ibarətdir: -borcun əksər hisəsini, bir günü 114,90 ABŞ dolları olmaqla, hesablanan 8043 ABŞ dolları məbləğində icarə haqqı; -cüzi bir hissəsini isə yükləmə-boşaltma xidmətinə görə hesablanmış 942,66 ABŞ dolları məbləğində xidmət haqqı - təşkil edir. Tərəflər arasındakı kommersiya icarə müqaviləsinin yuxarıda qeyd olunan şərtlərindən göründüyü kimi, həmin müqavilənin predmetində nəzərədə tutulur ki, Bakı şəhəri Qaradağ rayonu, Salyan şosesi 28-30-cu km ünvanında yerləşən anbarının cavabdehə icarəyə verilməsi və sonuncu tərəfindən razılaşdırılmış icarə haqqını icarəyə verənin qaimə-fakturası əsasında ödəyir. Mülki Məcəllənin 700.1-ci maddəsində də məhz nəzərdə tutulur ki, icarəçi icarəyə verənə icarə haqqı ödəməyə borcludur. Müqavilənin və mülki qanunvericilyin qeyd olunan şərtləri onu deməyə əsas verir ki, cavabdeh xx.xx.2019–cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət üçün iddiaçıya məxsus saxlama anbarında saxladığı əşyalara (dəzgahlara) görə 8043 ABŞ dolları məbləğində icarə haqqı borcunu ödəməlidir. Cavabdehin apellyasiya şikayində iddiaçının xx.xx.2019-cu il tarixli 80354 №-li hesab-fakturasına istinadən mübahisələndirdiyi hal ondan ibarətdir ki, aralarında olan razılaşmaya əsasən onun tərəfindən həm də iddiaçıya tapşırılmışdır ki, əşyaların (dəzgahların) avtomobillərə yüklənməsi və boşalması xidmətini həyata keçirsin. Lakin iddiaçı həmin öhdəliyini lazımınca yerinə yetirməmiş, yüklər (dəzgahlar) aşıaraq korlanmış onu ziyana salmışdır. Belə olan halda, cavabdeh Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 142 saylı qərarı ilə təsdiq edilmiş «Avtomobil qeydiyyatı ilə yüklərin daşınması Qaydaları»ın 6.1-ci bəndinə istinadən hesab edir ki, iddiaçı zərər üçün məsuliyyət daşıyır. Tərəflər arasındakı kommersiya icarə müqaviləsinin şərtləri araşdırıldıqda yükləməboşaltma xidmətləri ilə bağlı öhdəliklərin mövcudluğu müəyyən olunmur. Apellyesiya şikayətində isə cavabdeh bildirir ki, tərəfindən yüklərin (dəzgahların) avtomobilərə yüklənməsi və boşaldılması xidmətlərinin göstərilməsi iddiaçıya tapşırılmışdır. Cavabdehin bu dəlillindən dolıyısı ilə belə anlaşılır ki, tərəflər arasında həm də şifahi formada tapşırıq müqaviləsi də bağlanmışdır. Mülki Məcllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Göründüyü kimi, qanunla müəyyən olunmuşdur ki, vəkalət alan ona tapşırılmış xidmətləri nəticə əldə olunmasına təminat vermədən icra edir. İddiaçının nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, iddiaçı olaraq üzərinə düşən öhdəliyini icra edərək dəzgahları avtomobillərə yüklədiyini, ortada isə daşıma xidməti göstərən şəxsin varlığını qeyd edərək bərkitmə işinin onların öhdəliyinə aid olmadığını mübahisələndirərək cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Mülki Məcəllənin 778.2-cü maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. İş materiallarına əsasən isə iddiaçıya tapşırıq (vəkalət) verən cavabdeh tərəfindən vəkalət alan iddiaçıya yüklərin başqa təyinat məntəqsinə çatdırılması üçün avtomobillərə yükləndikdən sonra onların bərkidilməsi kimi hərəkətləri yerinə yetirmək öhdəliyinin mövcudluğu şərtlərini təsdiq edən sübutetmə vasitələri isə yoxdur. İddiaçı tərəfindən isə hər bir halda yüklərin avtomobillərə yüklənməsi və boşaldılması xidmətinin göstərildiyi öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə zərər üçün məsuliyyət daşıyır. Qanunvericiliyin tələbləri və işin qeyd olunan halları baxımından cavabdehin apellyasiya şikayətinin iddiaçı tərəfindən yüklərin avtomobillərə bərkidilməməsi nəticəsində onların aşaraq korlanması və ziyana məruz qalmasını vurğulayan dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bütün bu mübahisəli məsələlər hazırkı iddiaçıya (ola bilsin həm də daşıyıcıya) qarşı qaldırıla biləcək «ziyan tələbinə dair» iddianın araşdırma preldmetini təşkil edə bilər. Hal hazırda isə cavabdehin belə bir iddia tələbi mövcud deyil. Göründüyü kimi, qeyd olunanlar baxımından, iddiaçının cavabdehdən onun xeyrinə 942,66 ABŞ dolları məbləğində xidmət haqqının da tutulmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Beləliklə qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın, qismən - 8.985,66 ABŞ dolları (8043 ABŞ dolları icarə haqqı + 942,66 ABŞ dolları xidmət haqqı) məbləğində əsas borcun və Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə 4,34 ABŞ dolları məbəlğində dəbbə pulunun, habelə, MPM-in 119.1-ci maddəsinə müvafiq iddianın təmin olunmuş hissəsinə münasib 16,37 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməsi faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan nəticə kimi qiymətləndirir. Ona görə də, MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi formal xarakterli dəlilləriə görə ləğv edilə bilməz. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «X1» LTD-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar