Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-389/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh ASC-yə qarşı borcun silinməsi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, iddiaçı X4 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 6339/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh ASC-nin 29 mart 2022-ci il tarixli 01/4/01-7/6/4124 nömrəli məktubundan görünür ki, iddiaçı X4 istifadə etdiyi ticarət obyektinə Cavabdeh ASC tərəfindən d=50 mm-lik boru vasitəsilə kanalizasiya şəbəkəsinə axıdılan qrunt suyuna görə hesabat verilməyən 161 gün (xx.xx.2018-xx.xx.2018-ci il tarixləri) üçün 4911 manat dəyərində verilməmiş sərfiyyatın hesablandığı məlum olmuşdur. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sayğac göstəricisi 17638 m3 olmaqla abonentin hesabında borc yoxdur.
2. X4 111314 nömrəli abonent kodunun saldosundan görünür ki, obyektə qrunt sularından istifadəyə görə yalnız 2019-cu ilin fevral ayında 4911 manat məbləğində sərfiyyat hesablanmış, digər aylarda isə qrunt sularından istifadəyə görə heç bir sərfiyyat hesablanmamışdır.
3. 24 iyun 2022-ci il tarixli MŞB/6-3424 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə hesablanmış 4911 manat borc məbləğinin qanunsuz hesab edilməsi və qanunsuz tutulmuş 4911 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması və çəkilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ilə X7 arasında 10 noyabr 2016 tarixli 111314 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmışdır. Sözügedən müqavilə əsasında X10 rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi 41C ünvanında yerləşən ticarət obyektində sudan istifadə edir. Cavabdeh tərəfindən daha əvvəllər – 2018-ci ildə Abbasov Rövşən barəsində qanunsuz və əsassız borc hesablanmışdır. O vaxtkı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il 2-2(81)-514/2018 saylı qətnaməsi ilə əsassız hesablanmış borc məbləği silinmişdir. Apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh ASC tərəfindən qətnamələr gözardı edilmiş, məhkəmə tərəfindən qanunsuz hesablanmış borcların silinməsinə baxmayaraq Cavabdeh ASC tərəfindən həmin borclar vətəndaşdan qanunsuz tələb edilmiş və vətəndaş həmin borcların ödənilməsinə məcbur edilmişdir. X1 heç bir əsas olmadan 13653 (8742+4911) manat məbləğində ödəniş alınmışdır. Halbuki həmin borc məhkəmə tərəfindən qanunsuz hesab edilərək silinmişdir. İddiaçı ticarət obyektinə suyun verilməsinin dayandırılmaması üçün məcbur qalaraq cavabdehin tələb etdiyi pul vəsaitini ödəmişdir. Əks halda suyun verilməsinin dayandırılması iddiaçıya xeyli miqdarda ziyan vurulmasına səbəb olacaqdı. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində X5 13653 manat maddi ziyan dəymiş, yəni ödənilməli olmayan pul vəsaiti məcburi formada iddiaçıya ödətdirilmişdir. Cavabdeh ASC tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/4124 saylı məktubda da göstərilir ki, 111314 müqavilə nömrəli obyektə ümumilikdə 13653 (8742+4911) manat borc hesablanmış və həmin borc tam şəkildə ödənilmişdir. Sözügedən məktubda borc məbləğinin hesablanması əsası və hansı invertar aktlar əsasında hesablanması konkret olaraq göstərilmişdir ki, həmin aktlar daha əvvəllər məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə həmin aktları qnaunsuz hesab etmişdir. Lakin cavabdeh tərəfindən qrunt suyunun axıdılmasına görə (halbuki qurunt suyunun axıdılması mövcud deyildir) hesablanmış 4911 manat cərimə məbləğinin hesablanması əsaslarına dair heç bir rəsmi sənəd təqdim edə bilmir. Əvvəllər tərəflər arasında mövcud olmuş məhkəmə çəkişmələri və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də müəyyən edilir ki, iddiaçıya məxsus obyektdə heç bir qurunt suyunun axıdılması faktı mövcud deyildir. Bu faktı müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Belə olan halda 4911 manat borc məbləğinin haradan yaranması və hansı əsasla hesablanması məlum deyildir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6339/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, iddiaçı X4 adına rəsmiləşdirilmiş 111314 nömrəli abonent koduna qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı 2019-cu ildə əsassız hesablanmış 4911 manat və mediasiya xərci kimi ödənilmiş 69,11 manat cəmi 4980,11 manat məbləğində pulun Cavabdeh ASC-dən alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir.
7. Məhkəmə iclasında tədqiq edilmiş X4 adına tərtib edilmiş 111314 nömrəli abonent haqqında məlumatdan görünür ki, 2019-cu il ərzində sözügedən abonentə 11 ay ərzində qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı heç bir borc yazılmadığı təqdirdə yalnız fevral ayı üçün 4911 manat məbləğində sərfiyyat hesablanmış, halbuki abonentə həmin ay ərzində su və çirkab sudan istifadəyə görə cəmi 600 manat vəsait hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, 2019-cu ilin 11 ayında ümumiyyətlə qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı heç bir borcun yazılmadığı təqdirdə bir ilin ən qısa ayında ümumi su (həmdə çirkab suyu) sərfiyyatından təxminən 8 dəfə artıq qrunt sularının axıdılması (istifadə edilməsi) ilə bağlı 4911 manat məbləğində borcun yazılması mümkün deyil.
8. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, 29 mart 2022-ci il tarixli 01/4/01- 7/6/4124 nömrəli Cavabdeh ASC-nin məktubundan görünür ki, obyektin su sərfiyyatına görə Cavabdeh ASC-yə heç bir borcu qalmamış, bu isə onu göstərir ki, iddiaçı tərəfindən qrunt suyuna görə hesablanmış borc ödənilmişdir
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6339/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, iddinın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 34.56 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Məhkəmənin qərar qəbul edərkən qrunt suyunun axıdılması barədə hesabat verilməsi barədə 2019-cu il fevral ayında 4911 manat məbləğində sərfiyyat hesbalanmasına dair ekspertiza rəyinə əsaslanması əsassızdır. Belə ki, keçirilən ekpertiza dövrü 2019-cü ili əhatə etməklə həmin dövr üçün qətnamə tam icra olunmuş, mübahisə edilən borc məbləği iddiaçının abonent hesabından silinmişdir. Hal hazırkı dövr üçün qrunt suyunun hesablanmasına dair ekpertiza təyin edilmədən mübahisəli pulun geri qaytarılması prosessual hüquq normalarının pozuntusudur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddə-əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.3-cü maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 14.Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6339/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin mübahisəsiz halıdır ki, iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi 4911 manat iddiaçıya qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə xx.xx.2018-xx.xx.2018-ci il tarixləri üçün hesablanmışdır.
17. İşdəki Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflər arasında suya görə hesablanmış 20370 manat borcun silinməsi barədə mübahisəyə baxılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyinə əsasənmüəyyən edilmişdir ki, X4 qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən ticarət obyektində (market) qrunt sularından istifadə edilmir.
18. Məhkəmə kollegiyası MPM-nin 82.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, tərəflər arasında əvvl baxılmış mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus obyektdə qrunt suyundan istifadə edilmədiyi müəyyən edildiyindən məhkəmə tərəfindən bu halın müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olduğuna dair cavabdehin dəlili əsassızdır.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 6339/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6339/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.