Məhkəmə qərarları › İş №2-2(103)-389/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-389/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-389/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə5 və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-357/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23214,94 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi 520,2 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1091 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 520,2 kv.m torpaq sahəsinə dair cavabdehin Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi ilə 2007-ci ildə bağlanmış icarə müqaviləsi vardır, həmin müqavilə 15 il müddətinə bağlanılmış, müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Göstərilən torpaq sahəsi uzun illərdir ki, hazırkı günədək cavabdehin sahiblik və istifadəsindədir, orada cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş, həmin əmlakın bir hissəsinə çıxarış verilmişdir. İddiaçı ilə bağlanmış müqaviləni cavabdeh iddiaçının təklifi ilə formal olaraq bağladığı üçün icarə haqqı ödəməmişdir. Həmin torpaq sahəsinin dövlətin mülkiyyətində olmasına dair şübhələr vardır.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-357/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli Nərimanov Bələdiyyəsinin 09 saylı iclas protokolundan, eləcə də Nərimanov Bələdiyyəsi ilə xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsindən göründüyü kimi torpaq sahəsi Nərimanov Bələdiyyəsinin mülkiyyətindən olmuş və həmin torpaq sahəsi ilə müqavilə bağlanılaraq cavabdehin istifadəsinə verilmişdir. Həmin 15 illik bağlanmış müqavilə daha sonra tərəflərin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Eyni zamanda, Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin A-78, xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, Nərimanov rayonu, Təbriz və Ə.Əliyev küçəsində yerləşən 430 m2 torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 914 nömrəli sərəncamına əsasən Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin mülkiyyətinə verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə5 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 10.Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

11. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 12.Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

13. Həmin Məcəllənin 706.4-cü mddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 14.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

19. Belə ki, iddiaçı onunla cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli 1091 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə istinad edərək icarə haqqının tutulması tələbini irəli sürmüşdür.

20. Cavabdeh isə həmin müqavilənin formal bağlandığına, torpaq sahəsinin dövlət mülkiyyətində deyil, Nərimanov Bələdiyyəsinin mülkiyyətində olduğuna və sonuncu ilə xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəsi müqaviləsinin bağladığına istinad edərək iddiaya etiraz edir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

22. Qeyd olunanları, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və Mülki Məcəllənin 700.1-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq iddiaçının istinad etdiyi 03 dekabr 2021-ci il tarixli 1091 nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarlığına qiymət verilməlidir.

23. Bununla bağlı kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.

24. Mülki Məcəllənin 337.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 25.Həmçinin, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 26.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi 03 dekabr 2021-ci il tarixli müqavilə etibarsız əqd kimi qiymətləndirilə bilməz.

27. Belə ki, həmin müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 520,2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.

28. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqının vaxtında və tam həcmdə ödənilməsini tələb etmək icarəyəverənin hüququdur.

29. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 11172 manat, aylıq icarə haqqı 931 manat təşkil edir.

30. Göründüyü kimi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. 31.Mülki Məcəllənin 405.1-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 32.Eyni zamanda, işin mübahisəsiz halıdır ki, həmin müqavilənin predmeti olan torpaq sahəsi cavabdehin sahiblik və istifadəsindədir. 33.Həmçinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2021) əsasən cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 998 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir.

34. Göründüyü kimi tərəflər arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli icarə müqaviləsinin uydurma əqd kimi qiymətləndirilməsi və ya həmin müqavilə bağlanarkən əqdin subyekt tərkibinə aid edilən şərtin pozulması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil və bununla bağlı cavabdehin dəlilləri əsassızdır.

35. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında etibarlı icarə müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

36. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

37. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə torpaq sahəsinin illik icarə haqqı 11172 manat, aylıq icarə haqqı 931 manat təşkil edir.

38. Cavabdehə məxsus şəxsi hesab vərəqəsindən çıxarışa əsasən isə müəyyən edilir ki, cavabdehin xx.xx.2023-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 23214,94 manat təşkil edir.

39. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqı üzrə ödənilməyən 23214,94 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

40. Cavabdehin dəlilləri isə yuxarıda göstərilənlərə görə əsassızdır. Həmçinin cavabdehlə Nərimanov Bələdiyyəsi arasında eyni torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması hazırki mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Belə ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 998 kv.m olan qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlətin mülkiyyətində olması daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatla təsdiq olunur. 41.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-357/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məblğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar