Məhkəmə qərarları › İş №2-2(103)-39/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-39/2025

06.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-39/2025 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X7 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ndə olan 0.01128 ha torpaq sahəsinin üzərində yerləşən ** nömrəli, 3 mərtəbəli 347,0 kv.m sahədən ibarət * nömrəli mənzil tam mülkiyyət hüququ üzrə “Luksorvil İnterneşnl” MMCnin adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: 007013000184-05301-093001, qeydiyyat nömrəsi: 1108047685).

2. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ##.##.2017-ci il tarixli, *** nömrəli ayrıc aktından görünür ki, Cavabdeh MTK-ya Nərimanov Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, T.Şıxəliyev, M.Məmmədov küçəsi məhəlləsində cizgidə göstərilən sərhədlər daxilində 1 ha ərazi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün verilmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin tikintiyə icazə barədə ##.##.2020-ci il tarixli xüsusi nişanın surətindən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, *** nömrəli Sərəncamı ilə Təbriz, T.Şıxəliyev və Malik Məmmədov küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının “Sifarişçisi” X2 (Cavabdeh MTK-nın sədri), “layihəçisi” X3 qeyd edilmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, *** nömrəli Sərəncamının surətindən görünür ki, Təbriz, T.Şıxəliyev və Malik Məmmədov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh MTK-ya yaşayış binalarının tikintisinə icazə verilmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** nömrəli Sərəncamında qeyd edilmişdir ki, 1) Nərimanov RİH başçısının ##.##.2017-ci il tarixli, *** nömrəli sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilsin; 2) Rayonun Təbriz, Tələt Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində yeni hündürmərtəbəliçoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə, 1,56 ha torpaq sahəsi “xxxx" MMC-nin daimi istifadəsinə verilsin; 3) Rayonun Təbriz, Tələt Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə “xxxx” MTK-yə aşağıdakılar həvalə edilsin: 3.1. “xxxx” MTK-ya ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin ; 3.2. Ayrılmış torpaq sahəsinə “xxxx” MTK tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 3.3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 3.4. Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy ahnması “xxxx” MTK-ya tapşırılsın; 3.5. Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar Təşkilatlarla razılaşdırmaqla "xxxx" MTK-nın vəsaiti hesabına həyata keçirilsin; 3.6. Rayonun Təbriz küçəsi 27, 29 və M.Məmmədov küçəsi 12, ** nömrəli yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər; 4. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 27, 29 və M.Məmmədov küçəsi 12, ** nömrəli yaşayış binaları sökülsün; 5) Sərəncamın İ və II bəndlərinin tələbləri “xxxx" MTK tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin; 6) Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır.

6. İş materiallarına ##.##.2018-ci il tarixli, ** nömrəli obyektin tikintisinə icazə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair AZE seriyalı, ****** nömrəli şəhadətnamə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, T.Şıxəliyev və Malik Məmmədov küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında 27.04.217-ci il tarixli akt, “Arch Group” tərəfindən verilmiş Cavabdeh MTK ünvan 1 21-23 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binalarının eskiz layihəsi əlavə edilmişdir.

7. Iş materiallarından (kommersiya qurumunun dövlət reyestrindən çıxarış) görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin əvvəlki adı “xxxx” Mənzil Tikinti Kooperati olmuşdur.

8. İş materiallarına iddiaçı ilə “xxxx” MMC arasında hazırkı daşınmaz əmlakla bağlı ##.##.2014-cü il tarixli icarə müqaviləsi əlavə olunmuşdur. Müqavilənin müddəti ##.##.2014-cü ilədək müəyyən olunmuşdur.

9. “xxxx” ASC Nərimanov rayon Sukanal İdarəsi tərəfindən “##.##.2021-ci il tarixli, ***/**** saylı sorğuya” ##.##.2021-ci il tarixli cavab məktubunda deyilir ki, “Luksorvil İnterneşnl" MMC-nin mülkiyyətində olan ünvan 1 31 ünvanında yerləşən * nömrəli mənzilə verilən suyun kəsilməsinin tarixi və səbəbləri, həmin ünvan üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun olub-olmaması barədə sorğunuza Nərimanov rayon Sukanal İdarəsində müvafiq qaydada baxılmışdır. Sorğunuzla əlaqədar olaraq yuxarıda qeyd olunan ünvana baxış keçirilmiş, qeyd olunan mənzilin söküldüyü, su təchizatı xətlərinin ləğv olunduğu və yeni hündürmərtəbəli binanın inşa olunması müəyyən olunmuşdur. Bununla əlaqədar ##.##.2021-ci il tarixindən abonent kodu passiv edilmişdir. Həmin vaxt abonentin “xxxx” ASC-yə göstərdiyi xidmətlərə görə borcu olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

10. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə (Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MTK-dan 55000 manat məbləğində maddi zərərin əvəzinin tutularaq iddiaçı “Luksorvil İnterneşnl” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə olan 0.01128 ha torpaq sahəsinin üzərində yerləşən ** nömrəli, 3 mərtəbəli 347,0 kv.m sahədən ibarət * nömrəli mənzil tam mülkiyyət hüququ üzrə “Luksorvil İnterneşnl” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin fərdi ev icarə müqavilələri əsasında icarəyə verilirdi. Lakin sonradan cavabdeh Cavabdeh MTK tərəfindən “X4” yaşayış kompleksinin inşası ilə bağlı apardığı tikinti işləri nəticəsində “Luksorvil İnterneşnl” MMC-nin mülkiyyətində olan evə maddi zərər yetirilmiş, hündürmərtəbəli binalardan biri MMC-nin mülkiyyətində olan evinə bitişik inşa edildiyindən həmin ev yararsız hala düşmüşdür. Evin bərpa edilməsi məqsədi ilə təmir işlərinin aparılmasına ehtiyac yaranmış, ilkin hesablara görə təmir işlərinin görülməsi üçün ümumilikdə 55000 manat məbləğində pul vəsaiti tələb olunur.

12. Daha sonra iddiaçı tərəfindən məhkəmə icraatının gedişində bir sıra iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edilmişdir. Sonuncu olaraq iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, “Luksorvil İnterneşnl” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayou, Təbriz küçəsində yerləşən ** saylı * saylı mənzilə yetirilmiş maddi zərər: təmir xərcləri qismində 90000 (doxsan min) manat, mənzilin əvvəlki vəziyyətdə olan bazar dəyəri ilə hazırkı bazar dəyəri arasında yaranmış fərqin kompensasiyası qismində 370000 (üç yüz yetmiş min) manat olmaqla, cəmi 460000 (dörd yüz altmış min) manat, icarə ilə bağlı əldən çıxmış fayda qismində 220000 (iki yüz iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh Cavabdeh MTK tərəfindən dağıdılmış su, kanalizasiya boru xətlərinin, elektrik, qaz və telekommunikasiya xətlərinin bərpa edilməsi üçün tələb olunan texniki işlərin görülməsinə, bu məqsədlə materialların alınmasına çəkiləcək xərclərin və müvafiq sənədləşdirmələrin aparılması üçün tələb olunan xərclərin ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Ərizə əlavə olaraq onunla əsaslandırılmışdır ki, “xxxx” MMC qiymətləndirici təşkilatı tərəfindən verilmiş mütəxəssis rəyinin LP ***/****-* nömrəli ## #### 2022-ci il tarixli əlavəsinə əsasən “Luksorvil İnterneşnl” MMC xüsusi mülkiyyətində olan ünvan 1ndə yerləşən ** nömrəli fərdi yaşayış evinin 2018-ci il tarixə olan orta aylıq kirayə haqqı 5000- 5200 manat təşkil edir. Hesab olunur ki, həm müddət baxımından, həm də aylıq kirayə haqqı baxımında iddia tələblərinin artırılması zərurəti yaranmışdır. Belə ki, əvvəllər də qeyd edildiyi kimi, 2018-ci ilin avqust ayından, yəni artıq 44 (qırx dörd) ay müddət ərzində iddiaçı MMC-yə məxsus daşınmazəmlakın məlum səbəblərə görə icarəyə verilməsi mümkün olmur. Nəticədə iddiaçı MMC icarə ilə bağlı əldən çıxmış fayda qismində bugünə kimi hər ay 5000 manat, ümumilikdə isə 220000 ( iki yüz iyirmi) manat məbləğində zərər çəkmiş və bu zərər artmaqda davam edir. Eyni zamanda cavabdeh Cavabdeh MTK həmin ərazidə hündürmərtəbəli yaşayış binaları inşa edərkən iddiaçı MMC-yə daşınmaz əmlakın icarəsi və yaşayış üçün dözülməz şərait yaratsa da, tikinti işləri başa çatana qədər iddiaçını başqa sahə ilə təmin etməmiş və yaxud həmin sahənin təqdim olunmasını pul kompensasiyası ilə əvəzləşdirməmişdir. Həmin ərazidə 347 kv.m. sahəyə malik olan müvafiq mənzilin aylıq kirayəsi 5200 (beş min iki yüz) manatadək məbləğ təşkil edir. 44 ay müddət ərzində ödənilməyən kirayə haqqının miqdarı isə artıq 228800 (iki yüz iyirmi səkkiz min səkiz yüz) manat təşkil edir.

14. “xxxx” MMC-nin ##.##.2022-ci il tarixli, LP-***/**** saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, “Luksorvil İnterneşnl” MMC-nin mülkiyyətində olan ünvan 1ndə yerləşən ** saylı evin * saylı mənzilin təmirbərpası üçün 50000-55000 manat xərc tələb olunur, mənzilin hazırkı bazar qiyməti 830000 manat, yanında hündürmərtəbəli yaşayış kompleksinin inşasının mövcudluğu nəzərə alınmadan və təmirli vəziyyətdə olan bazar qiyməti 950000 manat təşkil edir. Mənzilin hazırki şəraiti qarşısında mövcud olan infrastruktura uyğun olaraq, yaşayış və icarəyə verilməsi əlverişli deyildir. Bu isə qeyd olunan əmlakın hazırki bazar dəyərinə mənfi təsir göstərmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli, **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 21-22 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş “X5” yaşayış kompleksinə dair təsdiq edilmiş müvafiq layihə sənədləri, (ayrıc aktı və həmin tikiliyə aid koordinatlar) təqdim olunmadığından, yaşayış kompleksinin tikintisinin təsdiq edilmiş layihəyə və həmin layihədə müəyyən edilmiş koordinatlara uyğun aparılıb-aparılmamasını dəqiqliklə müəyyən edilməsi mümkün olmamışdır.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, ünvan 1 21-22 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş “X5” yaşayış kompleksinin tikintisi təsdiq edilmiş layihəyə və həmin layihədə müəyyən edilmiş koordinatlara uyğun aparılmışdır.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, qərardadın birinci sualı üzrə: “Luksorvil İnterneşnl” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1ndə yerləşən ** saylı evin * nömrəli mənzilinin divarlarında, tavanında, döşəməsində və damında mövcud olan qüsurları nəzərə alaraq, həmin tikiliyə zərər vurulduğu müəyyən olunur. Qərardadın ikinci sualı üzrə: “Luksorvil İnterneşnl” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1ndə yerləşən ** saylı evin * nömrəli mənzilinin döşəməsində divarlarında və tavanında mövcud olan qüsarları, həmin qüsurların istiqamətini və su sızmadan əmələ gəldiyinə xarakterik olduğunu, yaxınlığında aparılmış tikinti zamanı tikilinin damına tökülmüş inşaat tullantılarınn nəticəsində su novlarının tutulmasını nəzərə alaraq, Cavabdeh MTK tərəfindən “X4” yaşayış kompleksinin inşası ilə bağlı apardığı tikinti işləri nəticəsində, “Luksorvil İnterneşnl” MMC-nin mülkiyyətində olan * nömrəli mənzilinə ziyan vurulmasına xarakterikdir. Qərardadın üçüncü sualı üzrə: ünvan 1 21 ünvanında yerləşən * nömrəli tikilinin elektrik enerjisi, su və qaz təchizatı baxış zamanı olmadığı və həmin xətlərin ümumi xətlərdən ayrıldığı müşahidə olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: ünvan 1 21 ünvanında yerləşən * nömrəli tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 34040 manat məbləğində müəyyən olunur. Qərardadın beşinci və altıncı sualları üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, qərardadın bu sualları üzrə tədqiqat aparılmadı.

18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən ünvan 1ndə yerləşən ** nömrəli, 3 mərtəbəli * nömrəli mənzilə vurulmuş zərərə görə 34040 (otuz dörd min qırx) manat məbləğidə pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Iddia qalan hissədə təmin edilməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun 285 (iki yüz səksən beş) manat hissəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 15 (on beş) manat hissəsi isə Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) köçürülməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. İddiaçı “Luksorvil İnterneşnl” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) İddiaçı tərərfindən verilmiş apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tam mülkiyyət hüququ üzrə “Luksorvil İnterneşnl” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin fərdi ev icarə müqavilələri əsasında icarəyə verilirdi“Luksorvil İnterneşnl” MMCnin xüsusi mülkiyyətində olan Bakı şəhəri,Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin 2018-ci il tarixə olan orta aylıq kirayə haqqı 5000-5200 manat təşkil edir. Belə ki, 2018-ci ilin avqust ayından, yəni artıq 44 (qırx dörd) ay müddət ərzində iddiaçı MMC-yə məxsus daşınmaz əmlakın məlum səbəblərə görə icarəyə verilməsi mümkün olmur. Nəticədə iddiaçı MMC icarə ilə bağlı əldən çıxmış fayda qismində bugünə kimi hər ay 5000 manat, ümumilikdə isə 220000 ( iki yüz iyirmi) manat məbləğində zərər çəkmiş və bu zərər artmaqda davam edir. Eyni zamanda cavabdeh Cavabdeh MTK həmin ərazidə hündürmərtəbəli yaşayış binaları inşa edərkən iddiaçı MMC-yə daşınmaz əmlakın icarəsi və yaşayış üçün dözülməz şərait yaratsa da, tikinti işləri başa çatana qədər iddiaçını başqa sahə ilə təmin etməmiş və yaxud həmin sahənin təqdim olunmasını pul kompensasiyası ilə əvəzləşdirməmişdir. Dəymiş ziyan nəticəsində əmlakın əvvəlki vəziyyətdə olan bazar dəyəri ilə hazırkı bazar dəyəri arasında fərq yaranmışdır. Əmlakın əvvəlki bazar dəyəri ilə hazırki bazar dəyəri rasında yaranmış fərqi müəyyən edəcək bir norma olmadığından bu fakt mütəxəssis rəyi əsasında müəyyənləşdirilə bilər. Mənzilin hazırki şəraiti qarşısında mövcud olan infrastruktura uyğun olaraq, yaşayış və icarəyə verilməsi əlverişli deyildir. Bu isə qeyd olunan əmlakın hazırki bazar dəyərinə mənfi təsir göstərmişdir. c) Cavabdeh tərərfindən verilmiş apellyasiya şikayətinin dəlilləri d) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinin işdə olan sübutlar nəzərə alınmadan, ekspertiza təhqiqatına cəlb edilmədən, onlara qiymət verilmədən, tikilinin ümumi sahəsi ilə görüləcək işlərin həcmi arasında özündə ziddiyyətli məqamları əks etdirməklə, subyektiv olaraq yalnız iddiaçı tərəfin maraqları nəzərə alınmaqla natamam hazırlanmışdır. Qeyd etdiyimiz dəlillər məhkəmənin diqqətinə təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə çatdırılsa və məhkəmə iclaslarında səsləndirilsə də, məhkəmə vəsatəti təmin etməmiş, eləcə də yekun məhkəmə qətnaməsi çıxararkən nəzərə almamışdır. e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

f) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Konstitusiyasının:

21. 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

22. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

23. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

26. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

29. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

30. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməməli, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş zərərin məbləği hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin faktiki hallarından göründüyü kimi, yuxarıda qeyd olunan ünvanda Cavabdeh MTK tərəfindən “X4” yaşayış kompleksinin inşası ilə bağlı tikinti işləri aparılaraq, hündürmərtəbəli yaşayış binaları inşa edilmiş və həmin binalardan biri iddiaçının mülkiyyətində olan əmlaka yaxın inşa edilmişdir.

41. İddiaçı apellyasiya şikayətinin dəlillərində əmlaka zərər dəydiyindən əmlakı icarəyə verilməsi mümkün olmadığından əldən çıxmış fayda kimi 220000 manat pulu ödənilməsini tətəb edir.

42. İş materillarına əlavə olunmuş ##.##.2014-ü il tarixli Luksorvil İnterneşnl” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx of Azerbaijan LTD” MMC arasına imzalanmış icarə müqaviləsinə əsasən, ##.##.2014-cü il tarixədək ünvan 1ndə yerləşən 21/1 ünvanında yerləşən 360kv.m hissə icarəçiyə ofis məqsədi ilə aylıq 5.000 manata icarəyə verilmişdir.

43. İş materilların əlavə edilmiş sənədlərdərn görünür ki, Cavabdeh MTK tərəfindən “X4” yaşayış kompleksinin layihələndirilmə və tikintisi 2018-ci il tarixdən başlamış, iddiaçı isə bu tarixdən sonra hər hər hansı icarə müqaviləsinin mövcudluğu, əmlakın kirayə verilməməsinin mümkünsüzlüyünün cavabdehin təqsirli hərəkətləri nəticəsinə baş verməsinə dair hər hansı sübut əlavə etməmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, maddi zərərin formalarından biri olan əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

46. Göründüyü kimi, iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirilərkən iddiaçının onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

47. Məhkəmə kollegiyası dəymiş ziyan nəticəsində əmlakın əvvəlki vəziyyətdə olan bazar dəyəri ilə hazırkı bazar dəyəri arasında fərq yaranması dəlilinə münasibətdə qeyd edir ki, iş materillarından müəyyən olunur ki, cavabdehin qanuni və müvafiq icazələr əsasında həyata keçirdiyi tikinti fəaliyyəti ilə iddiaçının əmlakının bazar dəyərində baş vermiş dəyişiklik arasında hüquqa zidd əməl və birbaşa səbəbli əlaqə müəyyən edilmədiyindən, həmin bazar dəyəri fərqinin cavabdehin üzərinə zərər kimi qoyulması üçün hüquqi əsas mövcud deyildir .

48. Qeyd olunanlara əsasən kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır.

49. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertizalar zamanı mənizilə dəymiş zərər ümumi formada müəyyənləşdirilmişdir. Halbuki işdən görünür ki, həmin mənzil 3 mərtəbədən və mansarddan ibarətdir. Bu hissədə ekspert rəyi tam deyildir. Vurulmuş zərərin mərtəbə və mansarda uyğun müstəqil ekspert tərəfindən müəyyən edilməsi mübahisənin obyektiv, hərtərəfli və ədalətli həll edilməsi baxımından əhəmiyyətlidir.

50. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili vəkil2 yazılı vəsatət verərək, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadına əsasən cavabdehin vəsatətinin qismən təmin edilməsi,iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmış, məhkəmə ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli məlumatına əsasən, tədqiqat obyektinə baxış keçirilməsi ##.##.2024cü il tarixə təyin edilsədə, obyektə dair tam məlumat əldə olunmadığından baxış keçirilməsi və tədqiqat aparılması mümkün olmamış, iş materialları rəy verilmədən geri qaytarılmışdır.

52. Apellyasiya icraatı zamanı daha sonra iddiaçının nümayəndəsi vəkili vəkil3yev vəsatət ünvanlayaraq əlavə tikinti-texniki eskpertizası təyin edilməsi ilə bağlı vəsatət ünvanlamış, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən vəsatətin təmin olunması, iş üzrə əlavə tikinti-texniki eskpertizasının təyin edilməsi qərara alınmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məlumatına əsasən, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməmklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən eskpert tərəfindən materiallların və xidmətlərin qiymtələri müəyyən edilmir.Bu səbəbdən də iş materialları rəy verilmədən geri qaytarılmışdır.

54. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən vəsatətin təmin olunması, iş üzrə əlavə tikinti-texniki eskpertizasının təyin edilməsi, ekspertizanın aparılması Əmlak Ekspertiza Mərkəzi MMC-yə həvalə olunması qərara alınmışdır.

55. Əmlak Ekspertiza Mərkəzi MMC-nin ##.##.2025-ci il tarixli rəyinə əsasən, ünvan 1ndə ** nömrəli, 3 mərtəbəli 347,0 kv.m sahədən ibarət * nömrəli mənzilin ayrı-ayrılıqda 3 mərtəbəsinə və mansardına iddia olunan dəyər 34040 manat, Əmlak Ekspertiza Mərkəzi MMC-nin ekspertlərinin hesablanmaısna əsasən 19884 manat təşkil edir, qeyd olunan mənzilin ayrı-ayrılıqda 3 mərtəbəsinə və mansardına sahə göstərilməklə hər mərtəbəyə və mansarda dəymiş ziyanın məbləği 19884 manat təşkil edir.

56. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən vəsatətin təmin olunması, iş üzrə təkrar tikinti-texniki eskpertizasının təyin edilməsi, ekspertizanın aparılması Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə olunması qərara alınmışdır.

57. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli QXM/AQP-** saylı qiymətləndirmə hesabatında qeydn olunmuşdur:sual 1- “Luksorvil İnterneşnl” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ünvan 1ndə yerləşən ** saylı evin * nömrəli mənzilinin ayrıayrılıqda 3 mərtəbəsinə, mansardına iddia olunan zərər vurulmuşdurmu? Cavab:Bəli, aparılmış baxış nəticəsində ünvan 1ndə yerləşən ** saylı evin * nömrəli mənzilinin 1-ci, 2ci və 3-cü mərtəbələrində, həmçinin mansard hissəsində zədələnmələrin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, bütün qeyd olunan hissələrdə nəmişlik və rütubətin təsiri nəticəsində divarların oboy örtükləri, döşəmələrin laminat örtükləri və tavanların üzlük örtükləri yararsız vəziyyətə düşmüşdür. Aşkar edilmiş qüsurlar həmin hissələrə maddi zərərin vurulduğunu təsdiq edir. Sual-2 Əgər vurulmuşdursa sahə (kvadrat) göstərilməklə hər mərtəbəyə və mansarda dəymiş ziyanın məbləği ayrı-ayrılıqda nə qədərdir? Cavab: ünvan 1ndə yerləşən * nömrəli mənzilin ayrı-ayrılıqda 3 mərtəbəsinə və mansard mərtəbəsində aparılacaq təmir-bərpa işləri üzrə xərclərin yekun smeta məbləği 20592 manat təşkil edir.

58. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

59. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 27, 28) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzər keçirilmiş ekspertiza tədqiqatlarının nəticəsi olaraq ünvan 1ndə yerləşən ** saylı evin * nömrəli mənzilinin 1-ci, 2-ci və 3-cü mərtəbələrində, həmçinin mansard hissəsində zədələnmələrin mövcud olduğu, bütün qeyd olunan hissələrdə nəmişlik və rütubətin təsiri nəticəsində divarların oboy örtükləri, döşəmələrin laminat örtükləri və tavanların üzlük örtükləri yararsız vəziyyətə düşdüyü, maddi zərərin vurulduğunu təsdiq olunduğundan və zərəri məbləği olaraq 20592( iyirmi min beş yüz doxsan iki) manat müəyyən edildiyindən , birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləği hissəsində dəyişirilməli, cavabdeh 20592 ( iyirmi min beş yüz doxsan iki) manat pul tutularaq iddiaçıya ödənilməlidir, qətnamə qalan hissələrdə dəyişdirilmdən saxlanılamlıdır.

61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 1000 manat pul vəsaitinin 500 manatı iddiaçı “Luksorvil İnterneşnl” MMC-dən, 500 manatı cavabdeh Cavabdeh MTKdan tutularaq Əmlak Ekspertizası Mərkəzi MMC-nin hesabına, 590 (beş yüz doxsan) manat pul vəsaitinin 295 manatı iddiaçı “Luksorvil İnterneşnl” MMC-dən, 295 mantı cavabdeh Cavabdeh MTK-dan tutularaq “xxxx “MMC-nin hesabına köçürülməlidir. Apellyasiya şikayələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özünə aid edilməlidir.

62. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı “Luksorvil İnterneşnl” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilimiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh X9 tərəfindən verilimiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli nömrəli qətnaməsi ünvan 1ndə yerləşən ** nömrəli, 3 mərtəbəli * nömrəli mənzilə vurulmuş zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən ünvan 1ndə yerləşən ** nömrəli, 3 mərtəbəli * nömrəli mənzilə vurulmuş zərərə görə 20592 (iyirmi min beş yüz doxsan iki) manat məbləğidə pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun . Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1000 manat pul vəsaitinin 500 manatı iddiaçı “Luksorvil İnterneşnl” MMC-dən, 500 manatı cavabdeh Cavabdeh MTK-dan tutularaq Əmlak Ekspertizası Mərkəzi MMC-nin hesabına, 590 (beş yüz doxsan) manat pul vəsaitinin 295 manatı iddiaçı “Luksorvil İnterneşnl” MMC-dən, 295 mantı cavabdeh Cavabdeh MTK-dan tutularaq “xxxx “MMC-nin hesabına ödənilsin. Apellyasiya şikayələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özünlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar