Məhkəmə qərarları › İş №2-2(103)-391/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-391/2024

13.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-391/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı dividendin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1333/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı cavabdehin fəaliyyət göstərdiyi dövrdə səhmləri aldığı vaxtdan dövrdən iddiaçının paylarına uyğun düşən 110000 (bir yüz on min) manat dividendin tutularaq iddiaçıya ödənilməsi və 400 manat mediasiya pulunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1333/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Zaur Pirverdiyev) iddia ərizəsini qəbul etməkdən imtina edilmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin ee- 2-2(113)-1333/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, səhmləri ilə bağlı və ASC-nin idarəetməsi ilə bağlı iddiası yoxdur. Səhmlərinə uyğun iddiaçıya düşən dividend pulunu tələb edir. Bu günə qədər hüquqi şəxsin qeydiyyatda olduğu ünvana müraciətlər etsə də orada bina olmadığından müraciətləri çatmır. Mediasiya prosesi, pretenziya və iddia ərizələrinin elektron göndərilməsi zamanı da bunu eynilə müşahidə etmək olur. Ona görə də məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Faktiki olaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti mənfəətini bugünə qədər bölüşdürərkən iddiaçının dividend payını verməyibsə bundan sonra ondan poçtla və sair üsullarla dividendini tələb etməyin heç bir mənası yoxdur. Çünki artıq 1 ilə yaxındır ki, bununla bağlı kifayət qədər yazışmalar getmişdir. Tələb edilən pul pozulmuş hüququn bərpasına dair mübahisəyə aid etmək olmaz. Çünki ASC-dən dividend tələb edilir və səhmlərdəki payına uyğun olaraq pul tələbinə dair iddia qaldırılmışdır. Əlavə edilmiş sənədlərdən göründüyü kimi dəfələrlə cavabdeh "xxxx" ASC-yə müraciət edilmiş və buna baxmayaraq hüquqi şəxsin qeydiyyatda olduğu ünvana müraciət edilsə də və rəsmi şəkildə poçt vasitəsilə məktublar göndərilsə də həmin ünvanda binanın olmaması səbəbindən çatdırılmadığı müəyyən edilmişdir. Dəfələrlə cavabdehin hüquqi şəxsin qeydiyyatda olduğu yerə poçt vasitəsilə dividend tələbinə dair müraciətlər edilsə də bütün poçt bildirişləri hüquqi ünvanda binanın söküldüyü barədə məlumat verməklə geri qaytarıblar. Azərbaycan Respublikası İqtisadiyyat Naziriliyi Yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə, Dövlət vergi xidmətinə ünvan və sair bununla bağlı məlumat verilməsi xahiş edilsə də ünvanla bağlı məlumat olmadığı bildirilmişdir. ASC-nin mövcud olduğu bildirilsə də hüquqi ünvan eyni poçt bildirişləri göndərilən yer olduğu bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1333/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1333/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarından biridir və ona ödənilməli olan dividendin alınması haqqında iddia qaldırsa da, ərizədə səhmdarlara divident ödənilməsi barədə hüquqi şəxsin ümumi yığıncağının qərarının mövcud olduğunu göstərməmişdir. Azərbaycan Respublikası MM-nin 106-1.3.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququ vardır. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir: 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; Qeyd edilən normaların tələblərinə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cəmiyyətin xalis mənfəətinin səhmdarlar arasında dividend ş\klində bölüşdürülməsi məsələsi məhz hüquqi şəxsin ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olduğundan iddiaçının ərizəsinə məhkəmədə baxıla bilməz. Mülki Prossesual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1333/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1333/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar