Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-392/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilk iddiaçının nümayəndəsi Vəkil oğlunun, qarşılıqlı iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” ilkin iddiasına, eyni zamanda, ikincinin birinciyə qarşı «malları geri təhvil götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş pulun qaytarılması tələbinə dair» qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsinə üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 294/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC ilkin olaraq Cavabdeh MMC-yə qarşı sadələşdirilmiş qaydada ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 3.313,44 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə mal satışı həyata keçirilmiş və malın miqdarı, qiyməti və digər əlamətləri qaimə-fakturalarda müəyyən edilmişdir. Cavabdehə elektron qaimə əsasında 3.313,44 manat məbləğində mal verilmiş, lakin cavabdeh tərəfindən onlara bugünədək əhmin pul vəsaiti ödənilməmişdir. Bununla əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə cavabdehə pretenziya verilərək borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh öhdəliyi icra etməmişdir. Eyni zamanda, Cavabdeh MMC də məhkəmədə İddiaçı MMC qarşı qarşılıqlı iddia ərizəsi və ona əlavə verərək, xx.xx.2019-cu il tarixli SAM/AV-156 saylı alqı-satqı müqaviləsi çərçivəsində xx xxxx 2019-cu il tarixli elektron qaimə və elektron vergi hesabfakturası əsasında Cavabdeh MMC-yə verilmiş malları bütövlükdə geri təhvil götürmək vəzifəsinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması və ondan ödənilmiş 7.384,03 manat məbləğində pulun geri alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh MMC müxtəlif çeşidli mallar sifariş vermiş, həmin sifariş əsasında mallar onun anbarına çatdırıldıqda məlum olmuşdur ki, satınalma sifarişinə uyğun deyil. Belə ki, sifarişdə 20 ədəd “plastik styajka” göstərilsə də, həmin malın əvəzinə 20 ədəd “rezinli dəmir xamut 300 mm (ağır yük kələpçəsi) təqdim edilmişdir. Bundan başqa məlum olmuşdur ki, “Led işıq silikon (hermetik) 30/14 adlı mal cəmi 20 metr (1rulon) əvəzinə 20 rulon(2000 metr) sifariş verilib. Bu yanlışlıqla bağlı dərhal cavabdehə email vasitəsi ilə məlumat verilmiş, yanlış malların dərhal dəyişdirilməsi və sifariş verilmiş artıq malların geri təhvil götürülməsini xahiş etmişdir. Lakin yanlış çatdırılmış malların dəyişdirilməsindən və artıq verilmiş malların geri təhvil götürülməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Daha sonra təhvil verilmiş malların bütövlükdə geri götürülməsini dəfələrlə xahiş etsələr də, onların tələbinə əməl edilməmişdir. Belə olan halda xx xxxxxx 2019-cu il tarixli 639 saylı təkliflə müraciət edərək, xx xxxx 2019-cu il tarixli hesab-faktura ilə verilmiş malları bütövlükdə geri təhvil götürülməsini xahiş olunmuş, lakin cavabdeh bu təklifə də məhəl qoymamış, malları geri təhvil götürməkdən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək, Cavabdeh MMC-dən 3313,44 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən onun xeyrinə tutulması, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan qarşılıqlı iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnaməni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sifariş verilmiş mallar satınalma sifarişinə uyğun deyil. Halbuki, satıcı, onun xx xxxxxx 2019-cu il tarixli 639 saylı satıcıya ünvanladığı xx xxxx 2019-cu il tarixli hesab faktura ilə Cavabdeh MMC-yə verilmiş malları bütövlükdə geri təhvil götürməsi barədə müraciətinə məhəl qoymamış və malları geri təhvil götürməkdən imtina etmişdir (Mülki Məcəllənin 578.1, 579.1, 580 və MPM-in 217, 218-ci mddələrinə istinadən şikayətin təmin olunması xahiş olunur) Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, ilkin iddiaçının nümayəndəsi Vəkil oğlu isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh MMC-nin qarşılıqlı iddia ərizəsindən və onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini qarşlıqlı iddianın rədd olunan hissəsində təkcə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından, hesab edir ki, işə şikayət həddində, yəni qətnamənin əsasılılığı iddianın rədd olunan hissəsində yoxlanılmalıdır. Onun iddia tələbindən isə göründüyü kimi, xx.xx.2019-cu il tarixli satınalma sifarişinə əsasən cavabdeh satıcı tərəfindən 245259 saylı xx.xx.2019-cu il tarixli e-qaimə ilə ona təqdim edilmiş 7384,03 dəyərində olan bəzi malların sifarişə uyğun gəlmədyini: - 20 ədəd “plastik styajka” əvəzinə 20 ədəd “rezinli dəmir xamut 300 mm (ağır yük kələpçəsi) təqdim edilməsi; - “Led işıq silikon (hermetik) 30/14 adlı malın 20 metr (1 rulon) əvəzinə, 2000 metr (20 rulon) miqdarda təqdim edilməsi ilə - əsaslandırmışdır. Göründüyü kimi, onun tərəfindən satıcı tərəfindən qeyd olunan fakturaya əsasən təqdim olunmuş malların çeşidi, növü və miqdarının alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olmadığını mübahisələndirilir. Mülki Məcəllənin 580.4-cü maddəsindən isə görünür ki, alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Eyni zamanda, həmin Məcəllənin 578.2-ci maddəsinə əsasən əgər satıcı alıcıya alqısatqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydada satıcıya bu barədə bildiriş verməlidir. Eyni zamanda, həmin Məcəllənin 595.1-ci maddəsi də müəyyən edir ki, alıcı alqısatqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Lakin iş materiallarından birincisi müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC xx.xx.2019-cu il tarixli satınalma sifarişinə əsasən ona göndərilən mallar xx.xx.2019cu il tarixli qaimə faktura əsasında təhvil aldığı halda, mülki qanunvericiliyin qeyd olunan tələbləri qaydasında, satıcı İddiaçı MMC-yə malların çeşidi, növü və miqdarının müqavilə şərtlərinə uyğunsuzluğu ilə bağlı bildiriş verməmişdir. Onun istinad etdiyi - satıcıya göndərdiyi xx xxxxxx 2019-cu il tarixli 639 saylı məktubuna gəldikdə isə, həmin məktub qarşılıq iddia ərizəsinə qoşmasında göstərdiyi malları aldıqdan 8 ay keçdikdən sonra, hazırkı məhkəmə mübahisəsindən bir ay öncə, cavabdehə ünvanladığı pretenziya xarakterli xəbərdarlıq məkubudur. Ən azından bu ondan görünür ki, ilkin iddiaçının hazırkı 3.313,44 manat pul tələbi ilə bağlı məhkəmə mübahisəsinə qədər ona göndərdiyi xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubundan sonra yazılmışdır. Qeyd olunanlar nəzərə alınmaqla, digər tərəfdən isə ümumiyyətlə, malların çeşidi, növü və miqdarının müqavilə şərtinə uyğunsuzluğu ilə tələbləblərini həmin malları aldıqdan sonra bildirişin 8 ay keçməsi ilə verilməsi ağlabatan müddət kimi qiymətləndiriliməsi mümkün deyil. İkinci bir tərəfdən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.5-4.7-ci bəndlərinin şərtlərindən görünür ki, qarşılıqılı iddiaçı alıcı olaraq, 14 gün ərzində ona təqdim olunmuş mallarda aşkar etdiyi mübahisəlndirdiyi qüsurların aradan qaldırılması üçün yazılı qaydada satıcıya öz iddiasını irəli sürməklə həmin qüsurları aradan qaldırmaq imkanına malik olmuş, lakin müqavilənin həmin bəndləri ilə müəyyən olunan şərtlərindən yaranlanmamışdır. Qeyd olunanlardan göründüyü kimi, qarşılıqlı iddiaçı qeyd olunan faktura üzrə malların geri qaytarılması və ödədiyi pulların geri qaytarılması tələbinədə haqlı olmadığı sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, qarşılıqılı iddiaçının tələbləri üzrə hərtərəfli araşdırma aparılmaqla, məhkəmə iddianın rədd edilməsi barədə işin sübutlarla müəyyən edilən hallarına və maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin apellysiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin onun qarşılıqlı iddia tələbinin əsassız olaraq rədd edildiyini mübaisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Qarşılıqlı iddiaçı Cavabdeh MMC -nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-294/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-392/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-392/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver