Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-392/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə icarə haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-343/2022 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 17.400 manat icarə haqqı üzrə borcun, vəkilə odənilmiş 210 manat və 31 manat ödənilmiş dövlət rüsumunun, cəmi 17.641 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10.343,3 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Cavabdeh tərəfin etirazının digər əsası isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dubay şəhərinə aviabiletlərin satışı ilə məşğul olduğunu bildirərək, qeyd edilən aylarda aviareyslərin bağlı olduğunu və bu səbəbdəndə icarə haqqlarını ödəməli olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ölkədə olan sərt karantin rejimi dövründə Dubay şəhərinə aviareyslərin bağlı olmasını fors major halı kimi qiymətləndirilməli deyil. Belə ki, ilk növbədə tərəflər arasında olan müqavilədə sərt karantin rejimi konkret olaraq fors major halı kimi qiymətləndirilməmişdir. Bundan başqa da, sərt karantin rejiminin nə qədər davam edə biləcəyi ehtimalını da müəyyən etməkdə çətinliklər olmuşdur və bunu icarəyə verənin hüquqlarını pozan hal kimi qəbul edilməli deyildir. Çünki İcarəyə verən Dubay şəhərinə aviareyslərin bağlı olsa da, özünə məxsus ticarət obyektini digər fəaliyyətinə icazə verilmiş sahə ilə məxsus olan şəxslərə icarəyə verməklə gəlir əldə etmək imkanı da olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin vəzifələrindən biri də, mülki dövriyyəni təmin etməkdir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin olunan hissədə ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh X1 “Fly Dubai” aviaşirkətinin Azərbaycan Respublikasında satış təmsilçisi kimi fəaliyyət göstərir, fəaliyyəti Bakı-Dubay- Bakı istiqaməti üzrə aviabiletlərin satışını təşkil etməkdən ibarətdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 8.1-ci bəndinə göstərilir ki, fors-major (daşqın, uçqun, sel, yanğın, yer sürüşməsi, fövqəladə vəziyyət və s.) hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yetirilməsinə görə biri-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar və göstərilən hallar aradan qalxanadək müqavilənin icrası dayandırılır. Kommersiya mübahisəsinin materiallarından görünür ki, cavabdeh müqavilənin bağlandığı vaxtdan 2020-ci ilin ikinci yarısına qədər, yəni sonuncu dəfə 2020-ci ilin may ayının icarə haqqı ödənilməklə icarə haqqının ödənilməsi üzrə öhdəliklərini vaxtında və vicdanla icra etmişdir. Bu da işin mübahisəsiz halıdır, iş materialları ilə sübut olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Bakı-X3-Bakı uçuşları 2020-ci ilin mart ayından məhdudlaşdırılmış və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 173 nömrəli qərarı ilə aradan qaldırılmış, X3 ilə Azərbaycan Respublikası arasında hava nəqliyyatı ilə gediş-gəliş bərpa olunmuşdur. Həmin qərarın 2.5-2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: 2.5-2.5. X3. Beləliklə, fors-major hal xx.xx.2021-ci il tarixdə aradan qalxmışdır. Kommersiya mübahisəsinin materiallarından görünür ki, cavabdehin direktoru Qanuni nümayəndə xx.xx.2020-ci il tarixli bildiriş məktubu ilə iddiaçıya müraciət edərək Müqavilənin 8.1-ci bəndinə istinad etməklə fors major halın baş verməsi, şirkətin fəaliyyətinin faktiki olaraq dayanması, mənfəətin 0 dərəcədə olması, ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin davam etməsi, Bakı-B.Ə.Ə.-Bakı aviareyslərinin (bilet satışlarının) bərpa olunacağı tarixə qədər öhdəliklərin icrasının birtərəfli qaydada dayanması barədə məlumat vermişdir. Kommersiya mübahisəsinin materiallarından görünür ki, AR Maliyyə Nazirliyi tərəfindən cavabdehə “pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqı İV” əməliyyat detalı olan 3.947,25 manat maddi yardım edilmişdir. İşin bu halı Müqavilənin 8.1-ci bəndində şərtləşdirilən fors-major halın baş verməsini bir daha sübut edir və cavabdehin bununla bağlı gətirdiyi dəlillərin əsaslı olmasına işarə edir. Azərbayan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsi xarakterinə görə Müqavilənin 8.1-ci bəndinin məzmununa bənzəməklə imperativ qüvvəyə malikdir. Beləliklə, cavabdeh müqavilə öhdəliyini pozmuşdur, bu pozuntu onun cavabdeh olmadığı haldan irəli gəlmişdir. Cavabdeh müqavilə bağlayan zaman xüsusi karantin rejiminin elan olunacağını nəzərə ala bilməzdi və xüsusi karantin rejiminin ona təsiri barədə dərhal məlumat vermişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddianın təmin olunan hissədə ləğv edilərək, iddianın qalan hissədə də rədd edilməsi xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0,20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 84 kv.m və 2-ci mərtəbəsində 141.9 kv.m, cəmi 225,9 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Müqavilənin: 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarəçi (cavabdeh) icarə obyektindən istifadəyə görə icarəyə verənə (iddiaçıya) hər ay 2.900 manat icarə haqqı ödəyir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 01 nömrəli bildirişə görə, cavabdeh “Fly Dubai” aviaşirkətinin Azərbaycan Respublikasında rəsmi tərəfdaşıdır və fəaliyyəti aviabiletlərin satışından ibarətdir və fəaliyyəti ölkədə mövcud olan məlum xüsusi karantin rejimi ilə əlaqədar məhdudlaşdırılmışdır. Bu səbəbdən, müqavilənin 8.1-ci maddəsini rəhbəri tutaraq müqavilənin icrasını fəaliyyətlərinin bərpa olunacağı tarixə qədər birtərəfli qaydada dayandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Maddə 557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx.xx.2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2020-ci il tarixli 178 nömrəli Qərarının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: 1.1. yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması; 1.2. ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması. Qərarın 2-ci bəndi ilə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 173 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərara aşağıdakı məzmunda 2.5-2-ci bənd əlavə edilmişdir: “2.5-2. 2021-ci il 21 iyun tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: 2.5-2.1. X4; 2.5-2.2. Böyük Britaniya və X5 Krallığı; 2.5-2.3. Macarıstan Respublikası; 2.5-2.4. İsrail Dövləti; 2.5-2.5. X3; 2.5-2.6. Bəhreyn Krallığı; 2.5-2.7. Qətər Krallığı.”. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşaraq, onun dəlillərini əsaslı sayır. Belə ki, cavabdehin “Fly Dubai” aviaşirkətinin satış təmsilçisi olması, icarəyə verənlə arasında olan müqavilə üzrə öhdəliklərini “COVİD-19” pandemiyası səbəbilə ölkədə tətbiq edilən xüsusi karantin rejimi nəticəsində sərnişin daşımalarının və hava nəqliyyatının ölkə ərazisinə giriş-çıxışının dayandırılmasınadək icra etməsi, xüsusi karantin rejimi sərtləşdirildikdən sonra isə fəaliyyətini faktiki olaraq dayandırması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsinə səbəb olan COVİD-19 pandemiyası xx.xx.2019cu il tarixli müqavilədə nəzərdə tutulmasa da, fors-major halı kimi qəbul edilə bilərmi? Məsələnin aydınlaşdırılması üçün ilk öncə fors-major institutunun Azərbaycan qanunvericiliyində yerinə nəzər salınmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.9-cu maddəsinə görə, forsmajor hallar - baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələrdir; 120-ci maddəsinə əsasən, fors-major halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri barədə məlumat verilməlidir (120.1). Bu Məcəllənin 119.5-cı maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major hallarında keçdiyi gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirilmədikdə, həmin nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və təyinat gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır (120.2). “Poçt haqqında” AR Qanununun 17.4.1-ci maddəsinə görə, poçt göndərişinin itirilməsi, içərisindəkilərin xarab olması, zədələnməsi və ya çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə, poçt rabitəsi operatorları istifadəçilər qarşısında məsuliyyət daşımırlar. “Energetika haqqında” AR Qanununun 11-ci maddəsinə əsasən, vurulmuş ziyanın səbəbi enerji qurğusunun sahibinin fəaliyyəti ilə əlaqədar olmadıqda və bu ziyanın qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması mümkün olmadıqda (fors-major halları), o, vurulmuş ziyanın ödənilməsi vəzifəsindən azad olunur. “Elektroenergetika haqqında” AR Qanununun 11-ci maddəsinə görə, elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilə “Elektrik və istilik enerjisindən istifadə etmə qaydaları”na uyğun tərtib edilməklə aşağıdakıları əks etdirməlidir: təbii fəlakət və digər fors-major halları istisna olmaqla qəza vəziyyətləri və enerjinin keyfiyyətinin aşağı olması nəticəsində dəyən ziyanın ödənilməsi şərtləri. “Yerin təki haqqında” AR Qanununun 18-ci maddəsinə əsasən, fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa, yerin təkindən istifadə hüququ dayandırılır. “Patent haqqında” AR Qanununun 20-ci maddəsinə görə, aşağıdakı şərtlərə riayət etməklə, hüquq sahibinin razılığı olmadan patent obyektindən dövlət və ya onun müvəkkil etdiyi şəxslər tərəfindən digər istifadə hallarına yol verilə bilər: bu cür istifadəyə icazənin verilməsi patent obyektinin fərdi xüsusiyyətlərinə əsaslanmalıdır; bu cür istifadədən əvvəl müraciət etmiş istifadəçinin məqbul kommersiya şərtləri ilə hüquq sahibindən razılıq almaq cəhdləri uğursuzluqla nəticələnmişdirsə istifadəyə icazə verilə bilər. Bu şərtə fövqəladə hallarda və ya digər fors-major hallarında, habelə dövlətin qeyri-kommersiya məqsədləri üçün hüquqdan istifadə etdiyi hallarda riayət olunmaya bilər. Belə olduqda patent hüququnun sahibinə ən qısa müddətdə məlumat verilməlidir. Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 104-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin 21.1-ci maddəsinə əsasən, hər hansı Tərəfin bu Saziş üzrə, pulların ödənilməsinə dair öhdəlikdən savayı öhdəliklərini (ya da onların hər hansı hissəsini) yerinə yetirməməsi, yaxud yerinə yetirilməsini ləngitməsi fors-major hallarından irəli gəldikdə və ya həmin hallar nəticəsində baş verdikdə, məsuliyyətə səbəb olmur. Fors-major halları o deməkdir ki, hər hansı bir hadisə neft-qaz əməliyyatlarının qarşısını alır, onları ləngidir və ya onlara maneçilik törədir, bütün lazımi tədbirlər görülsə də bu hadisə və ya onun nəticələri, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmadan, fövqəladə hadisələr, təbii fəlakətlər (məsələn, ildırım vurması və zəlzələ), müharibələr (elan edilmiş, yaxud elan edilməmiş) və ya digər hərbi əməliyyatlar, Kontrakt sahəsi üzərində yurisdiksiya dəyişiklikləri, yanğınlar, əmək ixtilafları, qiyamlar, üsyanlar, terrorçuluq aktları, kütləvi şuluqluqlar, vətəndaş iğtişaşları, habelə bu Sazişə görə Podratçının əməliyyatlar aparmasına mane olan və ya əngəl törədən, yaxud Podratçının hüquqlarına ciddi ziyan vuran və ya təhlükə yaradan qanunlar, müqavilələr, qaydalar, sərəncamlar, fərmanlar, əmrlər, hər hansı hökumət orqanının fəaliyyəti, yaxud fəaliyyətsizliyi üzərində nəzarət etmək hadisənin aid olduğu Tərəfin imkanları xaricindədir; lakin bu şərtlə ki, qanunlar, müqavilələr, qaydalar, Azərbaycanın ərazisində hər hansı Hökumət orqanının adından, yaxud himayəsi altında və ya onun göstərişi ilə çıxış edən hər hansı orqanın və ya agentliyin sərəncamları, fərmanları, əmrləri, yaxud digər qərarları ARDNŞ-nin öz öhdəliklərini yubatmasına, ya da yerinə yetirməməsinə rəvac verən Fors-major halları sayılmayacaqdır. X7-major hallarının əmələ gəlməsinin qarşısını almaq üçün hər cür lazımi qanuni səylər göstərəcəkdir. Hər hansı Fors-major vəziyyəti yarandığı halda onun təsirinə məruz qalan Tərəf Fors-major vəziyyətinin xarakterini təsvir etməklə (və müvafiq sübut təqdim etməklə) dərhal digər Tərəflərə yazılı bildiriş verəcək və həmin Fors-major vəziyyətinin təsirini aradan qaldırmaq, yaxud yüngülləşdirmək üçün lazımi qanuni səylər göstərərək, nə mümkündürsə edəcəkdir. Yurisdiksiyasında bu və ya digər Podratçı tərəfin, yaxud onun Əsas ana şirkətinin təsis edildiyi və ya subyekti olduğu Hökumət həmin Podratçı tərəfin bu Saziş üzrə öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən tədbirlər gördükdə, qalan Podratçı tərəflərin həmin vəziyyəti Fors-major vəziyyəti hesab etməyə ixtiyarı yoxdur və onlar 20.6 bəndində şərh olunmuş prinsiplərə əməl etməklə bu Saziş üzrə öz öhdəliklərini yerinə yetirməkdə davam edirlər. Bundan fərqli olaraq, Mülki Məcəllə və bir sıra digər qanunvericilik aktlarında qarşısıalınmaz qüvvə anlayışına yer verilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, qarşısıalınmaz qüvvə və fors-major halı terminləri eyni mahiyyət ifadə edir. Mülki Məcəllə 557-ci maddə ilə dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olan halları da tənzimləmişdir. Həmçinin, Mülki Məcəllədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi anlayışından istifadə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında bu iki hüquqi termin fərqləndirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.” Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə fors-major halının mövcud olub-olmamasının müəyyən edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməlidir. xx.xx.2019-cu il tarixli müqavilənin 8.1-ci bəndində razılaşdırılmışdır ki, fоrs-mаjоr (daşqın, uçqun, sel, yanğın, yer sürüşməsi, fövqəladə vəziyyət və s.) hallarında tərəflər müqavilə şərtlərini tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar və göstərilən hallar aradan qalxanadək müqavilənin icrası dayandırılır. Göründüyü kimi, tərəflər Müqavilənin sözügedən bəndində fors-major hallarının siyahısını açıq tutmuş, bu barədə iradələrini “və s.” sözləri ilə ifadə etmiş, belə bir hal yarandıqda isə birmənalı qaydada bir-biri qarşısında heç bir maddi məsuliyyət daşımayacaqlarını və bu hal aradan qalxanadək müqavilənin icrasının dayandırılacağını bəyan və qəbul etmişlər. Yuxarıda istinad olunan qanunvericilik normalarının təfsirindən, mübahisəyə və müqaviləyə tətbiqindən çıxan nəticəyə görə COVİD-19 pandemiyası hazırkı işin tərəflərinə və hallarına münasibətdə fors-major halıdır və Müqavilənin 8.1-ci bəndində nəzərdə tutulan “və s.” sözləri bu halı da əhatə edir. Lakin karantin rejiminin tətbiq edilməsi özüözlüyündə fors-major halının baş verməsini şərtləndirmir. Bunun üçün tərəf öz öhdəliyini icra etmək, o cümlədən itkilərin azaldılması üçün bütün mümkün səyləri göstərməlidir ki, fors-major halının baş verdiyinə istinad edə bilsin. Odur ki, karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı fors-major halına əsaslanan tərəf kimi cavabdeh pozuntunun onun məsul olmadığı haldan irəli gəldiyini, Müqavilə bağlanarkən həmin halı nəzərə ala, aradan qaldıra və nəticələrini istisna edə bilmədiyi ilə yanaşı, ağlabatan müddətdə qarşı tərəfi mövcud hal barədə məlumatlandırdığını da sübut etməlidir ki, bu şərtlərə iş üzrə əməl olunur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli bildiriş məktubu ilə iddiaçıya müraciət edərək, Müqavilənin 8.1-ci bəndinə əsasən Bakı-BƏƏ-Bakı aviareyslərinin (bilet satışlarının) bərpa olunacağı tarixə qədər öhdəliklərin icrasının birtərəfli qaydada dayandırdığı barədə məlumat verdiyini iddiaçı mübahisə etmir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə boşaldılmasını, 2020ci ilin iyun ayınadək icarə haqqı ödənişlərinin edilməsini də mübahisələndirməmişdir. İddiaçının Müqavilənin icrasının dayandırılması ilə razılaşmaması, bu barədə cavabdehi rəsmi qaydada xəbərdar etməsi, Müqavilənin davam etdirilməməsi niyyəti ilə bağlı hər hansı hüquqi prosedur başlatmasına dair işdə heç bir mötəbər sübut yoxdur. Bu mənada, cavabdehin qüvvədə olan müqavilə şərtlərinə istinad edərək, fors-major halına görə həmin müqavilənin icrasını dayandırması Mülki Məcəllənin 448.4-cü maddəsinin dispozitiv tələblərinə uyğun olmuşdur. Başqa sözlə, ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Bakı-BƏƏ-Bakı uçuşlarının 2020-ci ilin may ayından məhdudlaşdırılması, bu qadağanın xx.xx.2021-ci il tarixdə aradan qalxması nəzərə alınmaqla, pozuntunun cavabdehdən asılı olmayan haldan irəli gəldiyi, onun müqavilə bağlanarkən həmin halı öncədən görə, nəticələrini aradan qaldıra bilməcəyi, bu barədə vaxtında iddiaçıya məlumat verdiyi və bilavasitə icrasının dayandırılması haqqında Müqavilə şərtinə istinad edərək, öhdəliyini icra etmədiyi, sübuta yetirilir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmamışdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə iddia qismən təmin olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia eyni hissədə rədd edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-343/2022 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsi yoxlanılan - “İddia qismən təmin edilsin. 10.343 (on min üç yüz qırx üç) manat, 30 (otuz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin.” hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia təmin edilməsin. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova