Məhkəmə qərarları › İş №2-2(103)-393/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-393/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-393/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdeh «X7» MMC-yə qarşı «borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən “X7” MMC-yə illik 16%-lə 36 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında xx.xx.2014-cü tarixli girov (ipoteka) müqaviləsi bağlanmış və müqaviləyə əsasən “X7” MMC-nin mülkiyyətindəki ******* manat qiymətləndirilmiş 72 ədəd müxtəlif nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər “X7” MMC, X5 və X3 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların açıq hərracda satılması tələblərinə dair ilk, “X6” MMC-nin "xxxx" İKB ASC-yə qarşı ödənilmiş məbləğin əsas borcdan silinməsi və qalıq borcun ödənilməsini təxirə salınması tələblərinə dair qarşılıqlı iddia qismən təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli 2(103)-8423/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC və cavabdeh “X7” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “Yelo Bank» ASC cavabdeh ««X7» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 220131 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğin və 363,96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, hal-hazırda xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə “X7” MMCnin banka gecikdirilmiş vaxt üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 473959 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

10. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

16. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

19. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

20. Lakin hazırki işdə həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil.

21. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”.

22. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”.

23. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz.

24. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.

25. Ona görə də, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir.

26. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir.

27. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədi əsasında başlanmış icra işinin materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 97614/2018-16-2/6228 nömrəli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2018 saylı 04 may 2017-ci il tarixli icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün müddətində borcluya vaxt verilmişdir.

28. "xxxx" Bank tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli 870-3/18 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu “X7” MMC-yə məxsus olan bank hesablarına həbs qoyulmuşdur və hesablarda aşkar olunan pul vəsaitləri Səbail rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli icra sənədi üzrə Səbail rayon İcra və Probasiya Şöbəsinə köçürülmüş pul vəsaitinin "xxxx" İKB ASC-nin bank hesabına köçürülməsi xahiş olunmuşdur.

29. Cavabdeh tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 30 iyul 2018-ci il tarixli 15 nömrəli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018 saylı xx.xx.2017-ci il tarixli icra sənədində qeyd olunan nəqliyyat vasitələri "xxxx" İKB ASC-nin dayanacağına təhvil verilmişdir. Odur ki, icra işinin icrasıyla əlaqədar olaraq həmin nəqliyyat vasitələrinin icra sənədində qeyd olunan satış qiymətinə uyğun olaraq icra sənədi üzrə borclarının silinməsinə dair müvafiq tədbirin görülməsi xahiş olunmuşdur.

30. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli 97614/18-xx-xx/8361 nömrəli məktubdan görünür ki, icra sənədində ipoteka predmeti kimi göstərilmiş FAW markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hərrac yolu ilə satışının təmin olunması xahiş olunmuşdur.

31. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2020-ci il tarixli PAİHTD-190 nömrəli məktubdan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 340/2018-ci il tarixli 04 may 2017-ci il tarixli icra vərəqəsi üzrə keçirilən hərracın dayandırılması ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur.

32. İddiaçı tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2020ci il tarixli PAİHTD-605 nömrəli məktubdan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-340/2018-ci il tarixli 04 may 2017-ci il tarixli icra sənədinin icrasının dayandırılması xahiş olunmuşdur.

33. Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Səbai rayon Məhkəməsinin 2(009)-340/2018 saylı, xx.xx.2017ci il tarixli qərarı üzrə icraat dayandırılmışdır.

34. Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli 97614/xx-xx-15896 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli qərarla icra sənədi üzrə icraat dayandırılmışdır.

35. İddiaçı tərəfindən Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş xx.xx.2022ci il tarixli KBD9573 nömrəli məktubdan görünür ki, hərrac mərkəzi ləğv edildiyindən hərrac baş tutmamışdır. Odur ki, "xxxx" MMC-yə göndərilmiş sənədlərin qaytarılıması üçün müraciət olunması xahiş olunmuşdur.

36. Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli 97614/18-16-15 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli məktubda icra vərəqəsi üzrə “X7” MMC-yə məxsus “Faw” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsi ilə satışını təşkil etmək məqsədilə "xxxx" MMC-yə sifariş verildiyi qeyd edilmiş, lakin hərrac mərkəz ləğv edildiyindən sözügedən hərracın baş tutmadığı məktubda bildirilmiş, bu səbəbdən "xxxx" MMC-yə ünvanlanmış məktubun geri qaytarılması xahiş edilmişdir. Odur ki, məktubun icra edilmədən geri qaytarılması xahiş olunmuşdur.

37. Göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli icra sənədinin hazıradək icrasının sona çatdırılması cavabdehin hərəkətləri nəticəsində deyil, məhz tələbkarın özünün ərizəsi əsasında icra sənədi üzrə icraatın dayandırılması səbəbindən mümkün olmamışdır.

38. Eyni zamanda cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, əsassız şikayətlərin verilməsi və s.) da təqdim edilməmişdir.

39. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin ödənilməsini tələb etməsi əsassızdır.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar