Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-393/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Avtomobil X2 4 nömrəli X1 MMC-nin Cavabdeh İB-yə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Avtomobil X2 4 nömrəli X1 MMC-nin Cavabdeh İB-yə qarşı “təbii qaz sərfiyyatına görə artıq hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 396/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşdən görünür ki, tərəflər arasında təbii qaz alqı-satqısına dair bağlanmış müqaviləyə əsasən Cavabdeh İB Azərbaycan Avtomobil X2 4 nömrəli X1 MMC –ni təbii qazla təchiz edir.
2. İddiaçı tərəfindən 2022-ci ilin dekabr ayı və 2023-cü il yanvar ayı üçün tələb edilən borc mübahisələndirilir. xx.xx.2023-cü il tarixli EBCM seriyalı 806827 nömrəli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin dekabr ayı üçün təbii qazdan istifadəyə görə qaz sayğacının göstəricilərinə əsasən 31.713,09 manat məbləğində borc hesablanmışdır. Abonent saldosundan görünür ki, 2023-cü ilin yanvarında isə cavabdeh tərəfindən iddiaçıya qaz sayğacının göstəricilərinə əsasən 17.992,26 manat məbləğində borc hesablanmışdır.
3. Azərbaycan Avtomobil X2 4 nömrəli X1 MMC tərəfindən Bakı Regional Qazın satışı Departamentinə xx.xx.2023-cü il tarixli 39/08 nömrəli məktubla müraciət edilərək bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 227 saylı hesab-faktura və xx.xx.2023-cü il tarixli 806827 saylı elektron qaimə ilə 4 nömrəli X1 MMC-yə qazdan istifadəyə görə 31.713,09 manat məbləğində borcun yaranması qeyri-mümkündür və araşdırılması zəruridir. Belə ki, departament tərəfindən MMC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 175 saylı hesabfakturaya və xx.xx.2022-ci il tarixli 822955 saylı elektron qaiməyə əsasən MMC-nin həmin tarixə cəmi 266,86 manat qalıq borcu olmuş, departament tərəfindən MMC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 189 saylı hesab-fakturaya və xx.xx.2022-ci il tarixli 743912 saylı elektron qaiməyə əsasən MMC-nin xx.xx.2022-ci il tarixinə cəmi 2.703,50 manat borcu olmuş, həmin hesab-fakturaların qarşılıqlı üzləşdirilməsindən aydın olur ki, MMC tərəfindən ancaq dekabr ayı ərzində 26.875,50 manat dəyərində qazdan istifadə edilmiş, bu isə MMC-nin hazırki istehsal gücü ilə tamamilə qeyri-mümkündür. Odur ki, xx.xx.2023cü il tarixli 806827 saylı elektron qaimə ödəniş edilmədən geri qaytarılmışdır. Göstərilənləri nəzərə alınmaqla MMC-yə məxsus qaz sayğacının yararlı olub-olmamasının nümayəndələrinin iştirakı ilə müayinə olunmasına göstəriş verilməsi xahiş edilmişdir.
4. xx.xx.2023-cü il tarixli 03696 nömrəli qüsur aktı ilə müəyyən edilmişdir ki, G-1600 markalı, turbin tipli, zavod nömrəsi 10520960 olan sayğacın batareyasının (Corus) müddəti bitdiyindən (1-ci qrup təmir üçün) sayğac yenisi ilə əvəz edilməlidir.
5. Abonent kodu **********00001 olan (4 nömrəli X1 MMC-nin) abonentin saldosu ilə müəyyən edilir ki, 4 nömrəli X1 MMC 2011-cu ilin iyun ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi qazdan istifadə etmiş, MMC-nin qazdan istifadəyə görə 2021-ci ilin oktyabr ayı üçün 20.228,80 manat, noyabr ayı üçün 22.830,28 manat və dekabr ayı üçün 32.351,44 manat borcu olmuş, 2022-ci ilin dekabr ayı qaz sərfi 31.464,84 manat, 2023-cü ilin yanvar ayı 17.992,26 manat olmuş, növbəti aylar üzrə qazdan istifadəyə görə borcun azalan dinamikası müşahidə edilsə də, 2023-cü ilin iyun ayından başlayaraq həmin ilin noyabr ayına yenidən kəskin artan dinamika müşahidə edilmişdir (belə ki, qaz sərfiyyatı iyunda 2.943,38 manat, iyulda 3.120,48 manat, avqustda 9.925,52 manat, sentyabrda 20,176,86 manat, oktyabrda 10.534,70 manat və noyabrda 7.502,22 manat olmuşdur).
Birinci instansiya məhkəməsində icraat
6. Azərbaycan Avtomobil X2 4 nömrəli X1 MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra 10.01.202-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2022-ci ilin dekabr ayı üçün tələb olunan 31.703,09 manatdan 2.400 manat çıxılmaqla artıq hesablanmış 29.303 manatın və 2023-cü ilin yanvar ayı üçün hesablanmış 18.230 manatdan 2.400 manat çıxılmaqla artıq hesablanmış 15.830 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Avtomobil X2 4 №-li X1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış, qaz alqı-satqısına dair ASAN4\1\183 saylı müqaviləyə əsasən, **********00101 saylı abunə kodu ilə MMC, ”Azərqaz” ASC-nin Bakı Regional Qazın Satışı Departamentindən qaz qəbul edir. Qaz alqı-satqısına dair "xxxx" ASC tərəfindən MMC yə təqdim edilmiş elektron qaimə və hesab fakturalara görə MMC yə satılmış qazın dəyəri hər ay təxminən 2000-4000 manat məbləğində olmuşdur və qazın dəyəri vaxtında ödənilmişdir. Lakin 2022-ci ilin dekabr ayında sərf edilmiş qaza görə təqdim olunan 12 yanvar 2023-cü il tarixli 806827 saylı elektron qaimədən və 227 saylı hesab fakturadan görünür ki, MMC 31.703,09 manat dəyərində qaz istehlak etmişdir. Bunun MMC-nin mövcud istehsal gücü ilə qeyri-mümkün olduğu nəzərə alınaraq 17 yanvar 2023-cü il tarixdə 39\08 saylı məktubla "xxxx" ASC-nin Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilərək faktın araşdırılması, MMC yə qazın buraxılması xəttində olan sayğacın yararlı olub-olmamasının müayinə edilməsi xahiş edilmiş və təqdim olunmuş elektron qaimə və hesab-faktura ödəniş edilmədən qaytarılmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən MMC yə təqdim olunmuş 14 fevral 2023-cü il tarixli 872670 saylı elektron qaimədən müəyyən olur ki, MMC tərəfindən 18.230,51 manat dəyərində qaz istehlak edilmişdir. Qazın sərfiyyatının həddindən artıq hesablanmasını nəzərə alaraq MMC tərəfindən təkrar olaraq "xxxx" ASC-nin rəhbərliyinə qaz sayğacının müayinə edilməsi və ya dəyişdirilməsi üçün 9 fevral 2023-cü ildə 11-1\2-9- 39\2023 saylı məktubla müraciət edilmişdir. Bundan sonra 13 mart 2023-cü il tarixdə, MMC-yə olan qaz xəttində quraşdırılmış qaz sayğacı müayinə edilərək 03696 saylı qüsur aktı tərtib edilmiş, sayğacda qüsurlar aşkar edilmişdir. Tələbləri ilə sayğac dəyişdirilmiş və qazın sərfiyyatı əvvəlki qaydasında olmuşdur. 2023-cü ilin fevral ayı üçün təqdim olunmuş 14 mart 2023-cü il tarixli 690751 saylı elektron qaimədən, 2023-cü ilin mart ayı üçün təqdim olunmuş 14 aprel 2023-cü il tarixli 610619 saylı elektron qaimədən, 2023-cü ilin aprel ayı üçün təqdim olunmuş 15 may 2023 cü il tarixli 620681 saylı elektron qaimədən görünür ki, həmin dövrlər üçün hər ay təxminən 2000-2500 manat dəyərində qaz istehlak edilmişdir. Bu barədə təqdim edilmiş qaimələr üzrə ödənişlər tam həcmdə və vaxtında edilmişdir. Müəyyən olunur ki, məhz qaz sayğacı ilə əlaqədar olan itkilərin hesabına, 2022ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında MMC yə nəql edilmiş qazın miqdarında və dəyərində kəskin artmalar olmuşdur. Göstərilənlərə əsasən MMC-yə verilmiş qaz sərfiyyatının həcminə və tələb olunan məbləğin miqdarına yenidən baxılması üçün 7 aprel 2023-cü ildə pretenziya qaydasında "xxxx" ASC-yə müraciət edilmişdir. Lakin, pretenziya məktubuna cavab verilməmişdir. Bundan sonra mübahisənin mediasiya təşkilatı vasitəsi ilə müzakirə edilməsi üçün 8 may 2023-cü ildə "xxxx" ASC-nin Bakı Regional Qazın Satışı Departamentinə mediasiya prosesinin başladılması üçün təklif və Mediasiya Şurasına ərizə verilmişdir. Buna baxmayaraq "xxxx" ASC heç bir xəbərdarlıq etmədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4.,3.1.4.,3.1.5- ci bəndlərinin tələblərini kobudcasına pozaraq 12 may 2023-cü ildə tarixdə MMC-yə qazın verilməsini birtərəfli qaydada dayandırmışdır. Bununla da dövlət müəssisəsinin təsərrüfat fəaliyyəti lüzumsuz olaraq məhdudlaşdırılmışdır. Qazın verilməsinin dayandırılması ilə MMC də olan asfalt zavodunun və bir sıra digər istehsalat sahələrinin fəaliyyəti dayanmışdır. Bununla da Bakı şəhərindən Yevlax şəhərindək olan strateji əhəmiyyətli magistral yola gündəlik xidmət göstərmək qeyri-mümkün olmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-396/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Avtomobil X2 4 nömrəli X1 MMC 45133 manat (29.303+15.830) məbləğində borcun silinməsi tələbinə dair iddiasını qaz sayğacında yaranmış nasazlıq səbəbindən qaz sayğacının qaz sərfiyyatını düzgün qeydiyyata almaması və nəticədə onlara əsassız borc hesablanması ilə əsaslandırmışdır.
10. Məhkəmə iddiaçının istinad etdiyi sübutlara əsasən qeyd etmişdir ki, abonent saldosunundan göründüyü kimi iddiaçının mübahisələndirdiyi dövrdə - 2022-ci ilin dekabr ayında qaz sərfi 31.464,84 manat, 2023-cü ilin yanvar ayı 17.992,26 manat olmuşdur. Növbəti aylar üzrə qazdan istifadəyə görə borcun azalan dinamikası müşahidə edilsə də, 2023-cü ilin iyun ayından başlayaraq həmin ilin noyabr ayına yenidən kəskin artan dinamika müşahidə edilmişdir. Belə ki, qaz sərfiyyatı iyunda 2.943,38 manat, iyulda 3.120,48 manat, avqustda 9.925,52 manat, sentyabrda 20,176,86 manat, oktyabrda 10.534,70 manat və noyabrda 7.502,22 manat olmuşdur.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonent saldosuna əsasən MMC-nin qaz sərfiyyatı 2021-ci ilin oktyabr ayı üçün 20.228,80 manat, noyabr ayı üçün 22.830,28 manat və dekabr ayı üçün 32.351,44 manat məbləğində olmuşdur və həmin borclar mübahisələndirilmədən iddiaçı tərəfindən ödənilmişdir. Göstərilən hal isə 20.000-30.000 manat məbləğində aylıq qaz sərfiyyatının müəssisənin istifadə göstəricilərinə uyğun olmaması barədə iddiaçının dəlillərin əsassızlığına dəlalət edir.
12. Məhkəmə iddiaçının qeyd etdiyi müəssisənin aylar üzrə qaz sərfiyyatları arasında kəskin fərqlərin mövcud olması məsələsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında müəssisəsinin qaz sərfiyyatının müvafiq ayda asfalt sifarişlərinin həcmindən asılı olduğunu bildirməklə həmin fərqlərin səbəbini faktiki olaraq izah etmişdir. Abonent saldosunda iddiaçının əvvəlki illər üzrə qaz sərfiyyatında da aylar üzrə kəskin fərqlərin mövcudluğu da həmin fərqlərin qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması ilə bağlı olmamasını göstərir.
13. Məhkəmə qaz sayğacının sərfiyyatı düzgün qeydə almamasını sübuta yetirmək üçün iddiaçının istinad etdiyi qüsur aktına münasibətdə qeyd etmişdir ki, sözügedən akt yalnız iddiaçıya məxsus sayğacın batareyasının müddətinin bitməsi və dəyişdirilməli olması faktını təsdiq etməklə sayğacın sərfiyyatı düzgün qeydiyyata alınmamasının müəyyən edilməsi üçün yetərli sübut deyil.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-396/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 4 №-li X1 MMC ilə Cavabdeh ASC arasında bağlanmış qazın alğı-satqısına dair, ASAN 4\1\183 saylı müqaviləyə əsasən, MMC "xxxx" ASC-nin Bakı Regional Qazın Satışı Departamentindən qaz qəbul edir. Qazın alğı-satqısına dair Cavabdeh ASC tərəfindən MMC-yə təqdim edilmiş elektron qaimə və hesab-fakturalara görə MMC-yə satılmış qazın dəyəri hər ay təxminən 2000- 3000 manat məbləğində olmuşdur və qazın dəyəri həmişə vaxtlı vaxında ödənilmişdir. Lakin, 2022-ci ilin dekabr ayında sərf edilmiş qaza görə təqdim olunan 12 yanvar 2023-cü il tarixli,806827 saylı elektron qaimədən görünür ki, MMC 2022-ci ilin dekabr ayında 31.703.09 manat dəyərində qaz istehlak etmişdir. Bunun MMC-nin mövcud istehsal gücü ilə qeyri-mümkün olduğu nəzərə alınaraq 17 yanvar 2023-cü il tarixdə 39\08 saylı məktubla "xxxx" ASC-nin Bakı Regional Qazın Satışı Dapartamentinə müraciət edilərək faktın araşdırılması, MMC-yə qazın buraxılması xəttində olan sayğacın yararlı olubolmamasının müayinə edilməsi xahiş edilmiş və təqdim olunmuş elektron qaimə və hesabfaktura ödəniş edilmədən qaytarılmışdır. Lakin ”Azəriqaz” ASC müraciətimiz üzrə heç bir tədbir görməmişdir. Bundan sonra Cavabdeh ASC tərəfindən MMC-yə təqdim olunmuş 14 fevral 2023-cü il tarixli 872670 saylı elektron qaimədən müəyyən olur ki, MMC tərəfindən 2023-cü ilin yanvar ayında 18.230,51 manat dəyərində qaz istehlak edilmişdir. Qazın sərfiyyatının həddindən artıq hesablanması nəzərə alınaraq MMC tərəfindən təkrar olaraq Cavabdeh ASC-nin rəhbərliyinə 9 fevral 2023-cü il tarixli11-1\2-9-39\2023 saylı məktubla müraciət edilərək qaz sayğacının müayinə edilməsi və ya dəyişdirilməsi xahiş edilmişdir. Bundan sonra, 13 mart 2023-cü ildə, MMC yə olan qaz xəttində quraşdırılmış qaz sayğacı müayinə edilərək 03696 saylı qüsur aktı tərtib edilmiş, sayğacda qüsurlar aşkar edilmişdir. Tələbimizlə sayğac dəyişdirilmiş və qaz sərfiyyatı əvvəlki qaydasında olmuşdur. 2023-cü ilin fevral ayı üçün təqdim olunmuş 14 mart 2023-cü il tarixli 690751 saylı elektron qaimədən, 2023-cü ilin mart ayı üçün təqdim olunmuş 14 aprel 2023-cü il tarixli 610619 saylı elektron qaimədən, 2023-cü ilin aprel ayı üçün təqdim olunmuş 15 may 2023-cü il tarixli 620681 saylı elektron qaimədən görünür ki, həmin dövrlər üçün hər ay təxminən 2000-2500 manat dəyərində qaz istehlak edilmişdir. Bu barədə təqdim edilmiş qaimələr üzrə ödənişlər tam həcmdə və vaxtında edilmişdir. Müəyyən olur ki, məhz qaz sayğacı ilə əlaqədar olan itkilər hesabına 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında MMC yə nəql edilmiş qazın həcmində və dəyərində kəskin artmalar olmuşdur. Göstərilənlərə əsasən MMC-yə verilmiş qaz sərfiyyatının həcminə və tələb olunan məbləğin miqdarına yenidən baxılması üçün 7 aprel 2023-cü ildə pretenziya qaydasında Cavabdeh ASC-yə müraciət edilmişdir. Lakin pretenziya müraciətinə cavab verilməmişdir. Bundan sonra, mübahisənin mediasiya təşkilatı vasitəsi ilə müzakirə olunması üçün 8 may 2023-cü ildə Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinə mediasiya prosesinin başladılması üçün təklif və ərizə verilmişdir. Buna baxmayaraq "xxxx" ASC heç bir xəbərdarlıq etmədən, 12 may 2023-cü il tarixdə MMC-yə qazın verilməsini birtərəfli qaydada dayandırmışdır. MMC-yə qazın verilməsinin dayandırılmasının qadağan edilməsi üçün müvəqqəti təminat tədbiri qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmə 9 iyun 2023-cü il tarixli e-16(113)-237/2023 nömrəli qərardadı ilə qazın verilməsinin dayandırılmasını Cavabdeh ASC-yə qadağan etmişdir. Məhkəmə, qüsurlu olması cavabdehin özü tərəfindən müəyyən edilən qaz sayğacının düzgün işləyib işləməməsini və qüsur aktında göstərilən çatışmamazlıq səbəbindən artıq sərfiyyat hesablanması məhkəmə texniki ekspertizasının funksiyasını üzərinə götürərək sayğacın düzgün işləməsinə dair nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş istehlak saldosuna istinad edərək 2021-2022-ci illər ərzində MMC-nin asfalt zavodonun qaz istehlak etdiyini göstərmişdir. Həmin dövrdə fəaliyyət göstərən daha iri həcmli asfalt zavodu mübahisələndirilən dövrə işləməmişdir, hal hazırda da fəaliyyət göstərmir. Ümumiyyətlə MMC-nin tərkibində deyildir. Mübahisə edilən dövrdə işləyən asfalt zavodu isə xx.xx.2023-ci il tarixdə istifadəyə verilmişdir və kiçik həcmlə modul tipli qurğudur. Birinci instansiya məhkəməsinin qətnamədə 2021-2022-ci illərə istinad edəcəyi məlum olmadığından MMC –nin nəzdində olan asfalt zavodunun nə vaxt işə salınmasına dair və mübahisələndirilən dövrdə istehsal olunan asfaltın miqdarına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə bamayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndi- məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndi- qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8-ci bəndi- fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd- istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bənd- qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən tan mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-396/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin hallarından görünür ki, iddiaçı ona məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdə (abonent kodu **********00001) quraşdırılmış qaz sayğacının düzgün işləmədiyini iddia edərək 2022-ci ilin dekabr ayı üçün tələb olunan 31.703,09 manatdan 2.400 manat (təxmini aylıq sərfiyyat) çıxılmaqla tələb edilən 29.303 manat borc və 2023-cü ilin yanvar ayı üçün hesablanmış 18.230 manatdan 2.400 manat çıxılmaqla tələb edilən 15.830 manat borc olmaqla, cəmi 45133 manat borcun əsassız hesablandığını göstərərərk silinməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmir. Məhkəmə ilk öncə qeyd edir ki, 2023-cü ilin yanvar ayı üçün iddiaçıya 18.230 manat borc hesablanması barədə sübut (elektron qaimə) məhkəməyə təqdim edilməmişdir. Abonent saldosunda isə həmin ay üçün borc məbləğinin 17.992,26 manat olduğu qeyd olunur.
23. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, abonent saldosuna əsasən MMC-nin qaz sərfiyyatı 2021-ci ilin oktyabr ayı üçün 20.228,80 manat, noyabr ayı üçün 22.830,28 manat və dekabr ayı üçün 32.351,44 manat məbləğində olmuşdur və həmin borclar mübahisələndirilmədən iddiaçı tərəfindən ödənilmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçının aylıq qaz sərfiyyatının 20.000 manatdan yüksək olduğu aylar olmuşdur. Ona görə də, bu dəlil mübahisələndirilən aylar üzrə borcun bir hissəsinin silinməsi üçün əsas ola bilməz.
24. Məhkəmə eyni zamanda iddiaçının istinad etdiyi qüsur aktına münasibətdə qeyd etmişdir ki, sözügedən xx.xx.2023-cü il tarixli akt yalnız iddiaçıya məxsus sayğacın batareyasının müddətinin bitməsi və dəyişdirilməli olması faktını təsdiq etməklə digər mötəbər sübutlar olmadan sayğacın sərfiyyatı düzgün qeydiyyata almadığını təsdiq etmir.
25. İşə apellyasiya qaydasında iddiaçının nümayəndəsi tərəfindən qaz sayğacının düzgün işləyib-işləmədiyinin müəyyən edilməsi üçün eksperiza təyin edilməsi barədə vəsatət verilmişdir. Məhkəmə iddiaçının sayğacın qeydə aldığı qaz sərfiyyatını yalnız 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə mübahisələndirdiyini, digər aylarda qazın qeydə alınmış sərfiyyatı ilə bağlı mübahisə olmadığını, 2023-cü ilin mart ayında iddiaçının müraciəti əsasında sayğacın cavabdeh tərəfindən yoxlanılaraq smart sayğaclarda korrektorla bağlı hissənin düzgün işləməsi üçün zəruri olan batareyanın müddətinin bitdiyinin müəyyən edildiyini, sayğacın sərfiyyatı qeydə alan mexaniki hissəsində hər hansı qüsur aşkar edilmədiyini nəzərə alaraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi üçün iş üzrə ekspertiza təyin edilməsini zərurui hesab etməmişdir.
26. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, iddiaçının nümayəndəsi tərəfindən işə birinci instansiya qaydasında baxılarkən öz dəlillərinin əsaslı olduğunu təsdiq etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət verilməmişdir. Halbuki MPM-nin 76.2-ci maddəsində ekspert rəyləri də sübut növlərindən biri nəzərdə tutulmuş və MPM-nin 78.1-ci maddəsində qeyd edilmişdir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Buna görə də, iddiaçının vəsatətinin tmin edilməsi MPM-nin 372.2-ci maddəsinin tələbinə uyğun deyil.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 396/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Azərbaycan Avtomobil X2 4 nömrəli X1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-396/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.