Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-394/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin «iddianın təmini tədbiri barədə» e-2-2(113)-1470/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə («İB») qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 531.020,2 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, həmçinin, ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən istixana kompleksinə verilən qaz təchizatının dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1470/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixana müqavilə əsasında təbii qazla təchiz edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada qazla təchiz edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüş, lakin müqavilə öhdəliklərinə əməl etməmiş, təbii qazdan istifadəyə görə yaranmış debitor borcunu ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Cavabdehin həmin şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil cavabdehin şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunvericiliyin qeyd olunan mənası baxımından, iddianı təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin edilməsinə yönəlməsi ilə yanaşı, həm də mübahisənin predmetindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Konkret halda, qaz paylayıcısı cavabdeh tərəfindən, sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçıy müəssisəyə verilən təbii qazın verilməsinin dayandırılması nəinki həmin müəssisənin davamlı fəaliyyətini pozur, həm də təbii inhisarçı kimi cavabdehin özü də qaz təchizatı xidməti sahəsində dövlət tapşırığı ilə üzərinə düşən öhdəliklərinin icrasını faktiki olaraq dayandırmış olur. Hər bir halda, iddiaçı istər məhkəmə mübahisəsini udsun, istər də uduzmuş olsun, onun sahibkarlıq fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi –son nəticədə istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi və dövlət qarşısındakı tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntini ehtiva edir. Bu mənada, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıbqurtaranadək iddiaçıya qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi prosessual qanunvericiliyə uyğun hesab edilməlidir. Onu da qeyd etmək lazımdır ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə istinadən, birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1470/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1470/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-394/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-394/2020
30.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver