Məhkəmə qərarları › İş №2-2(103)-394/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-394/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-394/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2-2(113)-73/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə şərtlərinin icra edilməsi öhdəliyinin və müqavilə şərtlərindən kənara çıxmaqla qanunsuz özbaşına hərəkətlər nəticəsində cavabdehin icarə sahəsinə vurduğu zərərə görə icarə sahəsinin həmin hissədə bərpa olunması və ya kompensasiya ilə əvəzləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 10 may 2023-cü il tarixli icarə müqaviləsi üzrə icarə haqqı borcunun müqavilə bağlandığı gündən bu günə kimi olan (12 ay x 5700 manat ) 68400 manatın; bərpa işləri ilə bağlı vurulmuş maddi ziyanın (700 ədəd daş divarı sökülməsi) - 1000 manatın; şüşə qapının bərpası üçün - 2000 manatın, kündə üçün nəzərdə tutulmuş mərmər masanın bərpası üçün - 2000 manatın; dağıdılmış çörək bişirmə peçinin yenisi ilə əvəz olunması üçün - 15000 manatın; 3 ədəd təndirin bərpası üçün - 6000 manatın; tüstü borusunun bərpası üçün 1000 manatın; 6 kub.metr taxta /5x10/ və 10 əddə 22 mm dikt üçün - 3000 manatın cəmi 30000 manatın; ümumi olaraq Cavabdeh 98400 manat pul məbləğinin alınaraq ona - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X3 icarə obyektində təmir-tikinti və yaxşılaşdırma işlərinə sərf olunan 51300 manat xərcin əvəzinin və hazırkı iddianın verilməsinə görə ödənilmiş 244 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2-2(113)-73/2025 nömrəli qərardadı ilə iş üzrə əlavə kompleks məhkəmə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2-2(113)-73/2025 nömrəli qərardadından şikayət verərək, şikayəti təmin edib, Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli e-2-2(113)-73/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 fevral 2025-ci il tarixdə saat 11:40-da keçirilmiş məhkəmə iclası prosessual normaların pozulması ilə keçirilmişdir. Həmin iclasda əlavə kompleks texniki-tikinti əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardad prosessual normaların kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasının audio-video görüntüsündən görünür ki, MPM 179.1-ci maddəsinin tələblərinə hakim tərəfindən əməl olunmamışdır. Hakim iş üzrə gəlməyənlər barədə heç bir fikir söyləmir, onlara bildirş verilib-verilməməsi, onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatların olub-olmaması ilə maraqlanmır. Görünür hakim iş materialları ilə tam tanış olmamışdır. Qərardadda mənim iddia tələbim düzgün göstərilməmişdir. Belə ki, mən, iki dəfə iddia tələbimin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə vermişəm. İkinci ərizəmi elektronkabinetə 07 oktyabr 2024- cü il tarixdə yerləşdirmişəm. Bundan başqa 24 dekabr 2024- cü il tarixdə elektron kabinetə vəsatət yerləşdirmişəm. Həmin vəsatətdə göstərmişəm ki, qarşı tərəf xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin edilmiş ekspertizaya gəlməmiş, məhkəmə bildirişində göstərilmiş Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin tələblərini pozmuşdur, zəruri tədqiqat predmetini ekspertə təqdim etməmiş, bununla ekspertiza keçirilməsinə mane olmaqla hesab edirəm ki, ondan imtina etmişdir. Cavabdehin ekspertizanın keçirilməsinə mane olmasını və sair hərəkətlərini nəzərə almağınızı və təyin edilmiş ekspertizanın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdim. Məhkəmə iş materialları ilə tam tanış olsa idi, ən azından mənim vəsatətimə qiymət vermək üçün məhkəmə iclasını təxirə salmalı idi. Lakin, 4 dəqiqə 09 saniyə davam etmiş məhkəmə iclasında bütün yuxarıda göstərdiklərimin araşdırılması və onlara qiymət verilməsi qeyri-mümkündür. Məhkəmənin ekspert qarşısında qoyduğu suallardan belə nəticə çıxarmaq olar ki, mənə məxsus olan əmlak mübahisələndirilir, icarə müqaviləsi yox. İş materiallarında kifayət qədər rəsmi sübutlar var ki, mənə məxsus olan obyektdə cavabdeh tərəfindən hər hansı bir təmir-tikinti işləri aparılmamışdır. Məhkəmənin ekspertiza təyin edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardadı qanunsuzdur, prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir və ləğv edilməlidir, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 255.0 və 255.0.5-ci madddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə qeyd etmişdir ki, Mülki Prossesual qanunvericilikdə məhz ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır. Ona görə də, şikayətdə ekspertizanın təyin edilməsindən narazı qalması barədə dəlillərinə münasibət bildirilməsini məhkəmə lüzumsuz hesab edir. Ancaq şikayətçi tərəf həmçinin qərardadın icraatın dayandırılması hissəsini də, şikayətin məzmununda mübahisələndirmişdir. İcraatın dayandırılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də, şikayət təmin edilməməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, şikayətin təmin edilməməsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin MPM-nin 261, 262, 267-269maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2-2(113)-73/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar