Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-395/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh X1 Azərbaycan Respublikasındakı Filialına qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi, iddia müddəti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedici Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh X1 Azərbaycan Respublikasındakı Filialına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-304/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC-nin Xətai filialı (Borc verən) ilə “SP Euro Salda MMY” ARF (Borc alan) arasında xx.xx.2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi bağlanmış, borcalana illik faiz dərəcəsi (FİFD) – 18.58% olmaqla 135000 AZN məbləğində kredit xəttinin açılması razılaşdırılmışdır. Müqavilənin 5.5-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 12 noyabr 2014-cü il tarixdə bitmişdir.
2. xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan AZ14ANAR**********0000011AZM nömrəli hesabdan çıxarışa əsasən Kredobank ASCnin Xətai Filialı tərəfindən “SP Euro Salda MMY” ARF-nın hesabına 135000 manat köçürülmüşdür.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə “SP Euro Saldo” MMY ARF arasında bağlanılmış 12 noyabr 2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi üzrə 26 yanvar 2023-cü il tarixinə yaranmış tələb aşağıdakı kimi müəyyən edilmişdir: əsas borc – 135000 manat, müqavilənin müddəti xx.xx.2013-xx.xx.2014-cü il, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz – 19,544.56 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə - 155047,50 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi – 50%, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği – 55387,50 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc – 364979,56 manat.
Birinci instansiya məhkəməsində icraat
4. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 35-KX saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 135,000.00 (bir yüz otuz beş min) manat əsas borcun, müqavilə müddəti üçün hesablanmış 19,544.56 (on doqquz min beş yüz qırx dörd manat, 56 qəpik) manat faiz borcunun, 155,047.50 (bir yüz əlli beş min qırx yeddi manat, 50 qəpik) manat cərimə borcunun, 55,387.50 (əlli beş min üç yüz səksən yeddi manat, 50 qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla ümumilikdə 364,979.56 (üç yüz altmış dörd min doqquz yüz yetmiş doqquz manat, 56 qəpik) manat məbləğində borcun, 255,38 manat dövlət rüsumunun və 400 manat mediasiya xərclərinin “SP EURO SALDA MMY” ARF-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı ASC ilə Cavabdeh MMYARF arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli 35-KX nömrəli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə 135 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi həmin tarixli, GM/35-KX saylı girov müqaviləsinə əsasən, “AZ **-SJ-***” Dövlət qeydiyyat nişanlı Kamaz 654003 (Şassi XTC654003C1246354, b/i: 2013, rəngi: göy, BAN KAB.2262904, Tipi Avtokran) nəqliyyat vasitəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMYARF-nin sözügedən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə LPO İddiaçı ASC-yə 135,000.00 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 19,544.56 manat faiz borcu, 155,047.50 manat cərimə borcu, 55,387.50 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla ümumilikdə 364,979.56 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “SP EURO SALDA MMY” ARF borcu ödəməkdən boyun qaçırır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-304/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia tələbi rədd edilmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir.
8. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən “SP Euro Salda MMY” ARF-yə 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 135000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixində bitmişdir. Müqavilə üzrə heç bir ödəniş olunmamışdır.
9. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi xx.xx.2014-cü il olaraq müəyyən edilmişdir. Həmin tarixdən hesablanan 3 illik iddia müddəti isə xx.xx.2017-ci ildə başa çatmışdır. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Bununla belə, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-304/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 18 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Bundan əlavə mübahisə edilən qətnamə ilə razılaşılsa, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmişdir, lakin məhkəmə yuxarıda göstərilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir. İkinci növbədə cavabdehə qarşı iddiaçı tərəfindən iddia ərizəsi verilərəkən iddia müddətininin axımının kəsilməsi məsələsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 380-ci maddəsinin tələblərinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi M.Əliyev əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739-cu maddəsinə əsasən, (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 35-KX saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2014-cü il olaraq müəyyən edilmiş, MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilədən irəli gələn tələb üzrə 3 illik iddia müddəti isə xx.xx.2017-ci ildə başa çatmışdır. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı 2023-cü ilin oktyabr ayının 5-də irəli sürməklə iddia müddətini buraxmışdır.
18. İddiaçının apellyasiya şikayətində iddia müddətinin axımım kəsilməsinə əsas olan hər hansı hala istinad edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən olunmur.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.