Məhkəmə qərarları › İş №2-2(103)-396/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-396/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-396/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı “pul tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 1283/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı MMC-nin xeyrinə 50.000 avro məbləğində sığorta pulu və sığorta ödənişinin gecikdirildiyi gün üçün 9.000 avro dəbbə pulu, 31.515,79 manat əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus sement daşıyan **-ZX-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, VS9ACPC********** şassili “Parcisa Yarımqoşqulu» xx.xx.2018-ci il tarixli, 1.183.876№-li sığortası müqaviləsi ilə 50.000 avro məbləğində sığortalanmışdır. Həmin nəqliyyat vasitəsi (yarımqoşulu) xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bərpası mümkün olmayan yararsız hala düşmüşdür. Bu barədə həmin vaxt cavabdehə məlumat verilmiş və onun əməkdaşları hadisə yerinə gələrək ona baxış keçirmiş və sığorta hadisəsi qeydə alınmışdır. Cavabdeh sığorta şirkəti avtomobilə dəymiş zərəri müəyyən etmək məqsədi ilə müxtəlif servis mərkəzlərinə avtomobili aparmağı xahiş edir, lakin həmin servis mərkəzləri avtomobilin bərpasını mümkün olmadığını bildirmələrinə baxmayaraq, cavabdeh növbəti servis mərkəzinə avtomobili aparmağı yenə də xahiş edir. Bununla da avtomobilin bərpasının mümkün olmadığını hansısa səbəblərə görə qəbul etmək istəməmiş və sığorta pulunu ödəməkdən boyun qaçıraraq vaxtı uzatmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən müəyyən olunur ki, sirvis mütəxəssisləri baxış keçirərkən aşkar etmişlər ki, yarımqoşqulu tam şəkildə əzilmişdir və təmirə yararsızdır. Bu əziklərin təmiri üçün gövdədə müxtəlif yerlərdə dəlikıər açılmalıdır və bu çənlər yüksək təzyiq altında doldurularkən bu əməliyyat təhlükəlidir və qəbul olunmazdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1283/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti ASC-dən 49.500,00 avro məbləğində sığorta pulu, sığorta ödənişini gecikdirdiyi üçün 990,00 avro dəbbə pulu (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) tutularaq İddiaçı MMC-yə ödənilməsi, 31.515,79 manat əldən çıxmış faydanın cavabdehdən tutulması tələbi hissəsində iddia tələbinin rədd edilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilmiş və 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, iddiaçı qətnamənin qismən ləğv edərək, iddia tələbini dəbbə pulu və əldən çıxmış fayda hissəsində tam təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilib, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmin edilməyən hissəsində məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, əsassız qətnamə qəbul etmişdir. Belə ki, 9.000 avro dəbbə pulunu sığorta məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək olduğunu bildirərək 50.000 avro sığorta məbləğinin 0,2 faizi, 990 avro məbləğində müəyyən edilməsi qənaətinə gələrəkən məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Qanunvericilikdə cərimə , maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanunidir. Cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək ödəməni gecikdirdiyi 6 ay üçün 50.000 avro sığorta ödənişini gecikdirdiyi hər gün üçün 0,1 faizilə 9000 avro təşkil edir. Eyni zamanda sığortəldə çıxmış fayda hissəsində məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, «Holcim(Azərbaycan) ASC ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsaən xaricdən əlavə texniki alaraq işə cəlb etmək istəmiş, lakin sığorta hadiməsi baş verdikdən sonra, yeni alınmış qoşqunu, sığorta hadisəsi nəticəsində zədələnmiş və bərpası mümkaün olmayan qoşqu ilə əvəz edilməsi ilə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2019-cu il tarixdə baş verən sığorta hadisəsindən sonra mart ayının sonuna qədər iddiaçının gəliri xeyli azalmışdır. Bu səbəbdən iddiaçı 31.515,79 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi olub-olmadğını araşdırmadığı üçün sığorta ödənişinin edilməsi hələ sual altındadır. Sığortalanmış nəqliyyat vasitəsinin təmirə yarasızlığı qanunla göstərilən sübutlarla təsdiq edilmədiyi və iddia ərizəsinin Mülki Prosessual Məcəllənin (MPM) tələbələrinə riayət edilməklə verilmədiyi, sığorta ödənişi düzgün hesablanmadığı və sığortaçının ödəniş formasını seçmə hüququ pozulduğu üçün sığrtalanmış nəqliyyat vasitəsi ilə daşımalar zamanı 29-30 tondan yuxarı yük daşındığı, daşınan yükün növü və miqdarı haqqında heç bir sənəd olmadığı halda, məhkəmə bununla bağlı araşdırma aparmamış, tələsik qərar qəbul etmişdir. Nəqliyyat vasitəsinin təmirinin mümkünsüzlüyü qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. İş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizası icra edilməsi üçün «X6» MMC-yə göndərilmişdir. Sonuncu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hesabatda araşdırma obyekti olan qoşqu haqqında heç bir məlumat yoxdur. Qoşqunun konkret hansı hissələrinin zədələndiyi, bərpa etməyə ehtiyacı olduğu və niyə təmirinin mümkünsüzlüyü və s. barədə heç nə yoxdur. İkinci sualın cavablandırılması üçün heç bir araşıdırma aparılmamışdır. Hesabatda məhkəmə tərəfindən qoyulmuş suallara tam cavab verilməmişdir. Təkrar məhkəmə əmətəəşünaslıq ekspertizası keçirilməsinə zərurət yaransa da məhkəmə bunu öz təşəbbüsü ilə etməmişdir. Məhkəmə prosessual pozuntulara da yol vermişdir. Bundan əlavə, MPM-in 150.4-cü maddəsinə zidd olaraq işdə iddia ərizəsinin cavabdehə çatmasına dair bildiriş də mövcud deyil. Məhkəmə cavabdehin üzərinə pul şəklində sığorta ödənişinin ödənilməsi öhdəliyini qoymaqla Mülki Məcəllənin 927.2-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, məhkəmə qoşqunun və qalıqlarının bazar dəyərini müəyyən etmədən, qalıqların ödənişdən sonra kimin mülkiyyətində qalmasını müəyyən etmədən birbaşa ödənişin ödənilməsi haqqında qərar qəbul etməkdə Qaydaların 19.5.5-ci bəndini tətbiq etməmişdir. Eyni zamanda məhkəmə əldən çıxmış fayda tələbinə münasibətdə Mülki Məcəllənin 21.1-ci maddəsini tətbiq edə bilməzdi. Həmin Məcəlləni düzgün tətbiq etməmişdir. Bunun əvəzində Mülki Məcəllənin 934.2-ci maddəsi tətbiq edilə və məhz bu maddə tətbiq edilərək dəbbə pulu tutula bilər. Göründüyü kimi, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və iddia tələbini dəbbə pulu və əldən çıxmış fayda hissəsində iddiasının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, əlavə olaraq bildrmişdir ki, yarımqoşqunun ölkə ərazisində təmiri mümkün olmadığından onun Türkiyədə təmir imkanları da nəzərdən keçirilmiş, bundan əlavə, barışıq üçün ona təklif olunan 60.000 manat məbləğində sığorta ödənişi ilə də iddiaçı razılaşmamış, bundan artıq məbləğin isə ödənilməsi mümkünsüzdür (Məhkəmənin tərəflərə 80.000 manat sığorta ödənişi ilə barışığa gəlməsi təklifi ilə cavabdeh razılaşmamışdır). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 899.1 və 899.1.2-ci maddələrinə əsasən sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İş materiallarından görünür ki, İddiaçı MMC-nə məxsus sement daşıyan **-ZX-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, VS9ACPC********** şassili “Parcisa” yarımqoşulu yük maşını cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, 1.183.876 №-li sığortası müqaviləsinə əsasən 2560 avro sığorta haqqı ödənilməsi müqabilində və 500 avro şərtsiz azadolma nəzərədə tutulmaqla 50.000 avro məbləği həddində sığortalanmışdır İddia ərizəsindən və cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü iş materiallarına əsasən iddiaçı tərəfindən sığorta haqqının ödənildiyi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 903.4-cü maddəsində də, məhz, nəzərdə tutulur ki, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Cavabdeh apellyasiya şikayətində ilk öncə mübahisələndirir ki, işə baxan birinci instansiya məhkəməsi sığorta hadisəsinin olub-olmadığını araşdırmmışdır. Bu dəlilərdən dolayısı ilə belə anlaşılır ki, ümumiyyətlə, sığorta hadisəsi baş verməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilərini aşağıdakı əsaslara görə əsassız sayır. İş materiallarında olan inzibati xətaya dair icraat materiallarına - nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinə, Bakı şəhər Qaradağ rayon DYPŞ-nin inzibati xəta haqqında AP ******* saylı protokoluna, inzibati tənbeh verilmə haqqında MN ******* saylı qərarına, yolnəqliyyat hadisəsinin szeminə sürücü İntiqam Əliyevin izahatına, ona verilmiş yol vərəqəsinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Səlyan şossesində hərəkət zamanı sürücü İntiqam Əliyev tərəfindən manevr qaydalarının pozulması nəticəsində «DAF» markalı dartıcı avtomobilə qoşulmuş **-ZX-*** dövlət qeydiyyat nişanlı, yüklü yarımqoşqu sola əyilib, dartıcıdan çıxaraq aşmışdır. İş əlavə olunmuş fotoşəkillərə, «İmprotex Trucks and Buses şirkətinin xx.xx.2019-cu il tarixli qüsur aktına, habelə, tərəflər arasında yazışmalara əsasən müəyyən olunur ki, yarmıqoşqu onun aşması nəticəsində tam şəkildə əzilmiş və təmirə yararsız vəziyyətə düşmüşdür. Cavabdehin işə əlavə olunmuş iddiaçı ilə yazışmalarından görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı yarımqoşqunun aşıb zədələndiyini və faktiki olaraq sığorta hadisəsinin baş verdiyini qəbul etmiş və onun təmiri və sığorta ödənişi ilə bağlı iddiaçıya ünvanlanmış müəyyən təklifləri də mövcud olmuşdur Belə ki, xx.xx.2019-cu il tarixli 03/3653 №-li məktubunda təklif etmişdir ki, ******* nömərli şəhadətamə ilə sığortalanmış və xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş «PARSİSA» markalı 10ZX 004 dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmiri» ilə bağlı edilən təkliflərə iddiaçı mövqe bildirsin. » Eyni tarixli, xx.xx.2019-cu il tarixli 03/3655 №-li saylı məktubunda aşağıdakıları qeyd etmişdir: Cavabdeh Sığorta Şirkətində ******* nömərli şəhadətamə ilə sığortalanmış və xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş «PARSİSA» markalı 10Z X 004 dövlət qeydiyyat nişanlı yarımqoşqu, yük avtomaşınlarına dəymiş zərərin müəyyən edilməsi və təmiri ilə məşğul olan ixtisaslaşmış «xxxx» MMC servis mərkəzinə aparılmışdı. «xxxx» MMC servis mərkəzi tərəfindən yarımqoşquya baxış keçirilərkən bu tipli nəqliyyat vasitələrinin təmirinin həmin servis tərəfindən aparılmadığı müəyyən edilmişdir. Bunu nəzərə alaraq Sizə məxsus yarımqoşqunu sözügedən servis mərkəzindən götürülməsini xahiş edirik.» Hətta, cavabdeh iddiaçıya ünvanlanmış digər bir - xx.xx.2019-cu il tarixli ******* saylı məktubunda qeyd edir ki, «…sığorta ödənişinin 40.000 manat məbləğində müəyyən olunaraq iddiaçıya təklif olunmuş və sığorta ödənişinin həyata keçirilməsinin rəsmiləşdirmək məqəsdilə akt tərtib olunaraq imzalanması üçün iddiaçıya göndərilmiş, lakin sonuncu tərəfindən imzalanmamışdır.» Üstəlik, cavabdehin nümayəndəsi F.Musanın hazırkı məhkəmə iclasında verdiyi iddiaçı (nümayəndəsi) tərəfindən mübahisələndirilməyən izahatından göründüyü kimi, cavabdeh sığorta ödənişi barədə iddiaçıya etdiyi təklifini hətta 60.000 manata qaldırsa da iddiaçı onun bu təklifini də qəbul etməyərək sığorta müqaviləsində nəzərdə tutulan 50.000 avro məbləğində sığorta ödənişinin veilməsini tələb etmişdir. Bütün bu qeyd olunanlar onu göstərir ki, cavabdeh sığorta şirkəti xx.xx.2019-cu il tarixdə sığorta hadisəsinin baş verdiyini, həm də, mübahisəli yarımqoşqunun təmirə yararsız olduğunu, başqa sözlə, məhv olduğunu qəbul etmişdir. Mülki Məcəllənin 914.2-ci maddəsinə əsasən sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilapvasitə özü və ya «Sığrta fəaliyyəti hapqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsildə qiymətləndirilir. Ən azından qeyd olunmalıdır ki, mülki qanunvericilyin qeyd olunan tələbi qaydasında cavabdehin öz təşəbbüsü ilə qarmıqoşuqunun təmirə ehtiyaıcının qiymətləndirmilməsi məqsədilə «xxxx» MMC servis mərkəzinə yerləşdirmiş olduğu həmin yarımqoşqu adıçəkilən servis mərkəzi tərəfindən müayinə olunmuş və «sement daşıyan həmin yarımqoşqunun təmirinin mümkün olmadığı bildirilərək geri götürülməsi xahiş olunmuşdur. Hətta, cavabdehin nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, yarımqoşqunun Türkiyədə təmiri imkanlarının nəzərdən keçirilməsi də göstərilənlərin mötəbərliyini təsdiq edir. «İmprotex Trucks and Buses» şirkətinin yuxarıda tədqiq oluan xx.xx.2019-cu il tarixli qüsur aktından da göründüyü kimi, «xxxx» MMC-nin müəyyən etdiyi həmin hal (yəni təmirinin mümkün olmaması) öz təsdiqini tapmış, yarmıqoşqunun xx.xx.2019-cu il tarixdə aşması nəticəsində onun tam şəkildə əzildiyi və təmirə yararsız vəziyyətə düşmə faktını təsdiq edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansyia məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin etmiş və “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı ilə İddiaçı MMC-nə məxsus “Parcisa” markalı, 10- ZX-004 dövlət qeydiyyat nişanlı sement daşıyan yarımqoşqunun yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş və dəyişdirilmiş hissələrinin təmir edilməsinin mümkünsüz olduğu aşkar olunmuşdur. Həmin qiymətləndirmənin icraçısı mütəxəssis X2 birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilərəkən iddiaçıya məxsus nəqliyyat vasitəsinə Qaradağ rayonu Lökbatan qəsəbəsinə baxış keçirdiyi zaman gövdəsinin hər iki tərəfində zədələr olduğunu, əsasən isə onun sağ tərəfində zədələrin çox olduğunu, zədələnmiş sement avtomobillərinin təmirinin isə Azərbaycan Respublikası ərazisində mütəxəssislər olmadığından mümkün olmadığını müəyyən etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdehin sığorta hadisəsinin baş vermədiyini, habelə, yarımqoşqunun normadan artıq sementlə doldurulduğunu (baxmayaraq ki, xx.xx.2019-cu il tarixdə onun normadan artıq doldurulmasını təsdiq edə bilən konkret sənəd-sübutu mövcud deyil), aşma nəticəsində tam yarasız vəziyyətə düşməsini, başqa sözlə, təyinatı baxımından məhv olmadığını, eləcə də təkrar məhkəmə əmətəəşünaslıq ekspertizası keçirilmədiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də işin tədqiq olunan sübutlarla müəyyən edilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində mübahisəliyarımqoşqunun tam təmirə yararsız vəziyyətə düşməsini onun məhv olması kimi qiymətləndirilməlidir. İddiaçı tərəfin məhkəməyə kollegiyasına təqdim etdiyi qiymətləndirici «xxxx» MMCnin qiymətləndirmə hesabatına əsasən müəyyən olunur ki, “Parcisa Yarımqoşqulu» sement daşıyan nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixinə olan bazar qiyməti 110.000 manat təşkil edir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Eyni zamanda, xx.xx.2010-cu il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-ninözünün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi «Hüquqi şəxslərlə avtonəqliyyat vasitələrinin sığortası Qaydaları»nın 4-cü bəndində, o cümlədən, nəzərədə tutulur ki, sığorta haqqının ödənilməsi şərti ilə, sığortalanmış avtonəqliyyat vasitəsi sığorta müddəti ərzində və hazırkı «Qaydalar»ın» 4.2-ci bəndində risklərin baş verməsi nəticəsində məhv olarsa ( və ya zədələnərsə ) sığortaçı sığortalıya məhv olma anına onun bazar dəyəri və ya dəyən zərərin məbləğini sığorta müqaviləsində nəzərdə tutulan şərtsiz azadolma çıxılmaqla ödəyəcək (4.2-ci bəndində o cümlədən, yol-nəqliyat hadisəsi zamanı sığortalanmıqş avtonəqdiyyat vasitəsinə zərər dəyməklə nəticələnən qəflətən və gözlənilmədən baş vermiş hadisələrüzrə sığorta təminatı verilir). Sığorta şəhadətnaməsindən görünür ki, sığortalının mülkiyyətində olan yarımqoşqu, 500 manat azadolma məbləği ilə, 10.000 manat həddində sığortalanmışdır. Mülki Məcəllənin 904.1-ci maddəsinə əsasənsığorta məbləğisığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 50.000 avro məbləğində sığortalanmış avtomobilin aşması nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə ona 49.500 avro məbləğində sığorta ödənişinin verilməsindən imtina etməsi sığorta müqaviləsinə və işin digər sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası, həmçinin, cavabdehin MPM-in 150.4-cü maddəsinə istinadən iddia ərizəsinin alınmasına dair işə sübut olmadığını mübahisələndirən dəlillərini də əsassız sayır. Çünki, işə əlavə olunmuş «Azərekpresspoçt» daşıma xidmətinin 080787 və 077338 saylı saylı çatdırma qəbzlərinə əsasən müəyyən olunur ki, həm pretenziya, həm də iddia ərizəsi cavabdehə çatdırılmışdır. Cavabdehin şikayətinin «məhkəmə tərəfindən əldən çıxmış fayda və dəbbə pulu tələbinə münasibətdə Mülki Məcəllənin 21.1-ci maddəsi deyil, Mülki Məcəllənin 934.2-ci maddəsi tətbiq edilməli olduğunu» digər bir dəlilinə gəldikdə isə, əldən çıxmış fayda tələbi hissəsində iddiaçının tələbi təmin olunmadığı halda, məhkəmə kollegiyası cavabdehin bununla bağlı həmin dəlilini formal xarakterli dəlil kimi qiymətləndirir. Dəbbə pulu tələbi hissəsində isə iddia cəmi, 990 avro məbləğində təmin olunmuşdur ki, bu da sığorta hadisəsinə dair sonuncu sənədin, yəni xx.xx.2019-cu il tarixli qüsur aktı nəzərə alındıqda mahiyyəti üzrə düzgün nəticədir. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin olunmasını faktlar nöqteyi nəzərindən düzgün nəticə kimi qəbul edir və MPM-in 385.2-ci maddəsi baxımından, qətnamənin ləğv edilməsi üçün əsas görmür. Bu mənada cavabdehin apellyasiya şikayətinin qətnamə qəbul edilərəkən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, dəbbə pulu hissəsində iddianın qismən təmin olunmasını, əldən çıxmış fayda hissəsində isə iddianın ümumiyyətlə rədd olunması ilə razılaşmayraq, həmin hissələrdə iddia tələbinin təmin olunmasını məhkəmədən tələb edir. İddia ərizəsində isə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək ödəmənin gecikdirildiyi 6 ay üçün ona ödənilməli 50.000 avro sığorta ödənişinin hər gecikdirdiyi günə görə 0,1 faizdən hesablanmaqla 9000 avro məbləğində cərimə ödənilməsni tələb edir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki, Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Həmin Məcəllənin 934.1-ci maddələrindən isə görünür ki, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli; 934.2-ci maddəsinin tələbindən isə göründüyü kimi, sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İş materiallarından isə görünür ki, iddiaçının cərimə hesablanmısını tələb etdiyi xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan dövrdə qanunda göstərilən sənədlrin tam şəkildə cavabdehə təqdim olunması bu dövrün tam müddətini əhatə etmir. Belə ki, ən azından, yarımqoşunun tam şəkildə əzilməsi və təmirənin mümkünsüzlüyü barədə «İmprotex Trucks and Buses» şirkətinin qüsur aktı xx.xx.2019-cu il tarixdə verilmişdir. Həmin tarixdən sonra iddiaçının mübahisələndirdiyi xx.xx.2019-cu il tarixinədək olan zaman çərçivəsi isə 05 və xx xxxxxxxx 2019-cu il tarixlərini əhatə edən 2 gün sığorta ödənişinin gecikmə günü müəyyən olunur. Belə olan halda, baxmayraq ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməkdə haqlı olmasa belə, 990 avro məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməsi faktiki olaraq, yuxarıda qeyd olunan iki gün (05 və 06 oktyabr) gecikmə gününə uyğun olmaqla, mahiyyəti üzrə düzgün nəticədir. Çünki, Mülki Məcəllənin 934.2-ci maddəsi tətbiq olunmaqla, iddia edilən dövrün iki gününə ( 5 və x xxxxxxx 2019-cu il tarixlərinə) 49.500 avro məbləğində sığorta ödənişindən, 0,1 faiz hesabı ilə, 990 (49500x01%= 495x2=990) avro məbləğində dəbbə pulu hesablanır. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, iddiaçının 31.515,79 manat məbləğində əldən çıxmış fayda ödənilməsini tələb etməkdə də haqlı hesab oluna bilməz. Çünki, mübahisəli hüquq münasibətləri tərəflər arasında bağlanmış sığorta müqaviləsindən irəli gələn öhdəlikləri əhatə edir. Sığorta hadisəsinin baş verməsi, məhz, iddiaçı tərəfin yol-nəqliyyat hadisəsi zamanı söykənən təqsirinə söykənir. Cavabdeh tərəfindən sığorta ödənişinin verilməsinin isə Mülki Məcəllənin 933 və 934-cü maddələri ilə müəyyən edilən imperativ qaydası var. Yəni, sığorta münasibətlərində qanunla, yalnız, sığorta ödənişinin gecikdirilməsinin hər günü üçün 0,1 faizlə hesablanan dəbbə pulunun ödənilməsindən söhbət gedə bilər. Digər tərəfdən ən azından, sığortaçı bank fəaliyyəti ilə məşğul olmadığından onun tərəfindən ödənilməyən sığorta məbləğindən faydalanması mümkün deyil. Odur ki, yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının dəbbə pulu və əldən çıxmış fayda hissələrində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan dəlilləri əsassızdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi barədə gəlinən nəticəni faktlar-nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyəti üzrə düzgün nəticəkimi qəbul edir və bu baxımdan yekunda belə nəticəyə gəlir ki, tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(81)-1283/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC-nin və Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1283/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar