Məhkəmə qərarları › İş №2-2(103)-397/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-397/2025

05.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-397/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə ("xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3204/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2021-ci il 23 aprel tarixli qarantiya məktubunda qeyd olunur ki, bank İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə İddiaçı MMC-nin öhdəliklərinə görə Cavabdeh MMC-yə 433.566 manatdan artıq olmayan məbləğin ödənilməsinə təminat vermişdir.

2. Cavabdeh MMC-nin tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 000190 saylı müraciətindən göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı MMC müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Öhdəliklərin icra edilməməsi faktı İddiaçı MMC tərəfindən etiraf edilmişdir (üzləşmə aktı əlavə edilir.) Bundan başqa, öhdəliklərin tam icrası üçün tərəflər arasında razılaşdırılmış son icra müddəti də bitmişdir. Bununla da müqavilə, onun əlavələri və ödənilmiş maddi vəsait qarşılığında İddiaçı MMC tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən Cavabdeh MMC qarantiya üzrə tələb hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 433566 manat həddində qarantiya üzrə tam məbləği, yəni 433566 manatı Cavabdeh MMC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir.

3. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin tapşırığına əsasən Cavabdeh MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixində açılmış 111İLGL211130002 nömrəli qarantiya üzrə xx.xx.2021-ci il tarixində N000190 nömrəli və xx.xx.2021-ci il tarixində banka N000203 nömrəli tələb daxil olunmuşdur. Daxil olmuş tələbə uyğun olaraq qarantiya məbləği Benefisiarın məktubunda qeyd etdiyi rekvizitlər üzrə ödənilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-988/2022 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-dən təhvil verilməmiş işlərə görə 671315 manat, təhvil verilmiş 186 ton armatura görə 289926 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(103)-685/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-988/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi iddia qismən təmin olunan - cavabdeh İddiaçı MMC-dən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi - hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və eyni hissədə iddianın təmin edilməməsi, iddianın təhvil verilməmiş işlərə görə 671.315 manat və 30.000 manat dəbbə pulunun tutulması hissədə təmin edilməməsi, qətnamənin rədd olunan qalan hissədə və “Cavabdeh İddiaçı MMC-dən 186 ton armatura görə 289.926 manat məbləğdə pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin.” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)- 761/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022- ci il 29 iyul tarixli 2-2(103)-685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-336/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)-988/2022 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş və iddia tələbinin həmin hissədə təmin edilməməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 143640 manat, dövlət rüsumu olaraq ödənilmiş 433,64 manat, cəmi 144073,64 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Cavabdeh MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, Cavabdeh MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən qeyd olunan müqavilənin şərtlərinə əsasən öhdəliklərin icrasının təminatı olaraq prinsipial İddiaçı MMC-nin tapşırığı ilə benefisiar Cavabdeh MMC 111İLGL211130002 saylı, xx.xx.2021-ci il tarixli 433.566 manat həddində ilk tələb əsasında ödənilən və geri çağırıla bilməyən icra qarantiyası təqdim edilmişdir. 23 iyul 2021-ci il tarixdə Cavabdeh MMC Azərbaycan Beynəlxalq Bankına müraciət edərək 111İLGL211130002 saylı, xx.xx.2021- ci il tarixli 433.566 manat həddində qarantiya üzrə tam məbləği, yəni 433.566 manatı benefisiar Cavabdeh MMC-nin bank hesabına köçürülməsini xahiş etmişdir. Qeyd olunan məbləğ Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. Belə ki, Azərbaycan Beynəlxalq Bankından İddiaçı MMC-yə daxil olmuş 19-2394/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC-nin tapşırığı əsasında Cavabdeh MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixdə açılmış 111İLGL211130002 nömrəli qarantiya üzrə xx.xx.2021-ci il tarixində N000190 nömrəli və xx.xx.2021-ci il tarixində banka N000203 nömrəli tələb daxil olunmuşdur. Daxil olmuş tələbə uyğun olaraq qarantiya məbləği benefisiarın məktubunda qeyd etdiyi rekvizitlər üzrə ödənilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən Cavabdeh MMC-nin hesabına 433.566.00 manat pul vəsaiti köçürüldükdən sonra 19 yanvar 2022-ci il tarixdə Cavabdeh MMC İddiaçı MMC-yə qarşı 600.000 manat pul tələbinə dair iddia ərzəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sonradan Cavabdeh MMC iddia tələbinin həcmini artıraraq 1.584.979 manat pul məbləğinin İddiaçı MMC-dən onun xeyrinə tutulması barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC həm 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsinin şərtlərini pozmuş, həm də xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən 186 ton armatura görə 289926 manat İddiaçı MMC-dən tutulmalıdır. Göründüyü kimi Cavabdeh MMC İddiaçı MMC-dən pul tələbinin əsası kimi həm müqavilə şərtinin pozulmasına, həm də xx.xx.2021ci il tarxili “Üzləşmə Aktı”na istinad etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2- 2(113)-988/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən təhvil verilməmiş işlərə görə 671315 manat, təhvil verilmiş 186 ton armatura görə 289926 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan da görünür ki, Cavabdeh MMC İddiaçı MMC-dən pul tələbinin əsası kimi 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsinin şərtlərinin pozulmasına vəxx.xx.2021-ci il tarixli “Üzləşmə Aktı”na istinad etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-685/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-988/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi iddia qismən təmin olunan - cavabdeh İddiaçı MMC-dən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991741 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin - hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmişdir. İddia təhvil verilməmiş işlərə görə 671.315 manat və 30.000 manat dəbbə pulunun tutulması hissədə təmin edilməmiş, qətnamə rədd olunan qalan hissədə və “Cavabdeh İddiaçı MMC-dən 186 ton armatura görə 289.926 manat məbləğdə pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin.” hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan RespublikasıAli Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-761/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2-2(103)-685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. BakıApelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-336/2023 saylı, 6 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)- 988/2022 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. Cavabdeh MMC Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 336/2023 saylı, 6 aprel 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı iddia üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən (bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir) Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəsini almış 2-2(103)-336/2023 saylı, 6 aprel 2023-cü il tarixli qətnaməsilə müəyyən edilmiş faktları aşağıda qeyd edir: Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində iddia rədd edilməlidir. "xxxx" ASC-nin 2021-ci il 23 aprel tarixli qarantiya məktubunda qeyd olunur ki, bank tərəflər arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə cavabdehin öhdəliklərinə görə iddiaçıya 433.566 manatdan artıq olmayan məbləğin ödənilməsinə təminat vermiş və Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 2021-ci il 29 iyul tarixdə 433.566 manat ödənilmişdir. xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən birinci instansiya məhkəməsi cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutmuşdur. Birinci instansiya məhkəməsi 433.566 manatı iddianın təmin edilmiş hissəsindən çıxmamışdır. Bank qarantiyasının tarixi xx.xx.2021-ci il, üzləşmə aktının tarixi isə xx.xx.2021- ci il tarixli olsa da, "xxxx" ASC-nin 2021-ci il 23 iyul tarixli müraciət məktubundan görünür ki, pul tutulmasının əsası kimi xx.xx.2021-ci il tarixli üzləşmə aktına istinad edilmişdir. Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 433.566 manat ödənildiyi halda, iddiaçı tərəfindən yenidən cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğin ödənilməsi barədə tələbin təmin edilməsi, cavabdeh tərəfindən həmin məbləğin təkrarən ödənilməsinə gətirib çıxaracaqdır. Birinci instansiya məhkəməsinin bank qarantiyası üzrə ödənilmiş məbləği nəzərə almadan cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iş materiallarına əsasən cavabdehin tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə iddiaçıya hər hansı digər borcunun olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında tərtib edilən üzləşmə aktı ilə cavabdehin iddiaçıya 186 ton armatur və ya hesablaşma gününə olan qiymət nəzərə alınmaqla, həmin miqdarda armaturun dəyəri qədər borcu olması təsdiq olunduğundan, iddia tələbinin yalnız həmin üzləşmə aktı ilə təsdiq edilən borc hissəsində əsaslı hesab edildiyindən, həmin məbləğ isə Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya ödənildiyindən, cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Hazırda Cavabdeh MMC-nin143640 manat pulu "xxxx" MMC-yə qaytarmaqla bağlı öhdəliyi yaranmışdır. Belə ki, Cavabdeh MMC-nin İddiaçı MMC-nin həm 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsinin şərtlərini pozması və həm dəxx.xx.2021-ci il tarixli “Üzləşmə Aktı”na əsasən 186 ton armatura görə 289.926 manat, cəmi 1.584.979 manat pul tələb etməsi ilə bağlı iddiası təmin edilməmişdir (iddia tam rədd edilmişdir). Göründüyü kimi 29 aprel 2021-ci tarixli “Üzləşmə Aktı”na istinad etməklə pul vəsaitini Azərbaycan Beynəlxalq Bankından aldıqdan sonra Cavabdeh MMCeyni əsasla (29 aprel 2021-ci il tarixli “Üzləşmə Aktı”na istinad etməklə) İddiaçı MMC-dən məhkəmə qaydasında pul tələb etmişidr və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qanuni qüvvəsini almış 2-2(103)- 336/2023 saylı, 6 aprel 2023- cü il tarixli qətnaməsilə iddia tələbi bu hissədə təmin olunmamışdır. Beləliklə Cavabdeh MMC-nin Azərbaycan Beynəlxalq Bankından aldığı 433.566 manat məbləğdən 186 ton armatura görə 289.926 manat çıxılmaqla qalan 143640 manat məbləğ Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. 10 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3204/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, Cavabdeh MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil etmiş, Azərbaycan Beynəlxalq Bankı tərəfindən qeyd olunan müqavilənin şərtlərinə əsasən öhdəliklərin icrasının təminatı olaraq prinsipial İddiaçı MMC-nin tapşırığı ilə benefisiar Cavabdeh MMC 111İLGL211130002 saylı, xx.xx.2021-ci il tarixli 433.566 manat həddində ilk tələb əsasında ödənilən və geri çağırıla bilməyən icra qarantiyası təqdim edilmiş, 23 iyul 2021-ci il tarixdə Cavabdeh MMC Azərbaycan Beynəlxalq Bankına müraciət edərək 111İLGL211130002 saylı, xx.xx.2021- ci il tarixli 433.566.00 manat həddində qarantiya üzrə tam məbləği, yəni 433.566 manatı benefisiar Cavabdeh MMC-nin bank hesabına köçürülməsini xahiş etmiş, qeyd olunan məbləğ Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. Həmçinin Azərbaycan Beynəlxalq Bankından İddiaçı MMC-yə daxil olmuş 19-2394/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC-nin tapşırığı əsasında Cavabdeh MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixdə açılmış 111İLGL211130002 nömrəli qarantiya üzrə xx.xx.2021-ci il tarixində N000190 nömrəli və xx.xx.2021-ci il tarixində banka N000203 nömrəli tələb daxil olunmuşdur. Daxil olmuş tələbə uyğun olaraq qarantiya məbləği benefisiarın məktubunda qeyd etdiyi rekvizitlər üzrə ödənilmişdir. Hal-hazırda iddiaçı cavabdehə artıq ödənilmiş 143640 manat pulun tutularaq ona qaytarılmasını məhkəmədə mübahisələndirmişdir. Məhkəmə işin mübahisəsiz hallarını və iş materillarını nəzərə alaraq, hesab etmişdir ki, hazırkı işə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı nəzərdə tutulmuş normaları əsasında qiymət verilməsi məqsədəmüvafiqdir. Mülki qanunvericilikdə əsassız varlanmaya verilən anlayışdan da görünür ki, ilkin şərt olaraq qanuni əsas və müqavilə əsasının mövcud olmaması qeyd edilir. Qeyd olunan şərtlə bağlı məhkəmə ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında hüquqi münasibət xx.xx.2020-ci il tarixli, AG- 36/20 saylı müqavilə üzrə yaranmış və həmin müqavilə üzrə yaranmış mübahisələr cavabdeh və iddiaçı tərəfindən müxtəlif məhkəmə instansiyalarında mübahisələndirilmiş və müqavilə üzrə hazırki iş üzrə iddiaçının cavabdehə borcu olmadığı sübuta yetirilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəmədinin xx.xx.2022-ci il tarixli qərarının 81-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iş materiallarına əsasən cavabdehin tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə iddiaçıya hər hansı digər borcunun olduğu müəyyən edilmir və həmin qərarın 82-ci bəndi ilə də məhkəmə kollegiyası tərəfindən bu hal Mülki Məcəllənin 385, 478-480, 1091, 1092- ci maddələrinin, həmçinin MPM-nin 88 və 217-ci maddələrinin pozuntusu kimi dəyərləndirmişdir. Göründyü tərəflər arasında hər hansı müqavilə münasibətləri hazırda davam etməsi işin hallarından müəyyən edilməmiş və yuxarı instansiya məhkəmələri ilə də podrat müqaviləsi üzrə də iddiaçı tərəfindən yerinə yetirilməmiş hər hansı öhdəlik olması faktı da təsdiq edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsassız varlanmanın ilkin şərtlərindən olan müqavilə əsasının mövcud olmaması hazırkı işin halları ilə da öz təsdiqini tamışdır. Belə ki, işə baxan məhkəmələr və qarantiya məktubunu verən bank tərəfindən, o cümlədən də cavabdeh tərəfindən də ona 433566 manat ödəniş edilməsi işin mübahisəsiz halı kimi qiymətləndirilmişdir. İşin digər mübahisəsiz halı isə hazırki iş üzrə cavabdeh MMC-yə 186 ton armaturun məbləği 289.926 manat olmaqla da iddiaçı tərəfindən ödənişin edilməsi faktına da məhkəmə instansiyaları tərəfindən hüquqi qiymət verilmiş və işə baxan apellyasiya instansiyası məhkəməsinin yekun aktı da qanuni qüvvəsini almışdır. Bununla belə, cavabdeh "xxxx" MMC-yə 186 ton armatura görə 289926 manat məbləğində ödənişdən artıq 143640 manat həddində ödəniş edilmiş və həmin ödəniş də heç bir qanuni əsas olmadan cavabdeh tərəfindən özündə saxlanılmışdır. Mübahisə predmeti olan armaturlar üzrə ödənilmiş ödənişlərlə bağlı da Azərbaycan Respublikası Ali Məhkəməsinin 78-ci bəndində qeyd olunmuşdur ki, “beləliklə, 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə bank qarantiyası əsasında iddiaçıya ödənilmiş məbləğ apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilən (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(103)-685/2022 saylı qətnaməsi ilə 186 ton armatura görə 289926 manat tutularaq Bakinşaat MMC verilməsi qət edilmişdir-) məbləğdən artıq olsa da, iddia tələbini digər hissələrdə əsassız hesab edərək təmin etməyən və üzləşmə aktına və işdəki sübutlara əsasən iddiaçıya yalnız 186 ton armatura görə hesablaşma gününə olan qiymət həddində borcu olduğu nəticəsinə gələn məhkəmənin, sonda bank qarantiyası üzrə ödənilmiş məbləği nəzərə almadan cavabdehdən186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Ödənilmiş məbləğin artıq olması və bu halın MM-nin 1091 və 1092-ci maddələrinin müddəalarının pozulması kimi artıq yuxarı instansiya məhkəməsi tərəfindən müvafiq qiymət verilmişdir. Beləliklə, yuxarıda istinad olunan məhkəmə qərarları ilə, ələxsusda yekun olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-336/2023 saylı qətnaməsi ilə, müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçının cavabadehə icra edilməli olan öhdəliyi/pul borcu mövcud deyil, 186 ton armatura görə 289926 manat isə bank qarantiyası əsasında artıq ödənilmişdir. Beləliklə, 433.566 manatdan (bank qarantiyası üzrə ödənilmiş cəmi məbləğ) – 289.926 manat (186 ton armaturun dəyəri) = 143.640 manat iş üzrə cavabdehə əsassız ödənilmiş məbləğ müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələbin irəli sürülməsi qanuni və əsaslı olduğundan və əsassız varlanmanın ilkin şərtləri hazırkı işin halları ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi, 11 sentyabr 2024-cü il tarixli qətnamədə, İddiaçı MMC-nin ödənişin artıq olması ilə bağlı iddiasını qanunsuz əsaslarla təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə görə əsassız varlanma yalnız hüquqi əsas olmadan əldə edilən əmlak vəsaitlərinə tətbiq edilir. Halbuki, iddiaçının İddiaçı MMC-dən tələb etdiyi məbləğ "xxxx" tərəfindən verilmiş qarantiya əsasında ödənilmişdir və bu ödəniş qanuni əsaslara malikdir. Məhkəmə, İddiaçı MMC tərəfindən təqdim edilmiş sübutları nəzərə alarkən, onların hüquqi mahiyyətini düzgün qiymətləndirməmiş və nəticədə yanlış nəticəyə gəlmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı Tikintidə Subpodrat Müqaviləsi əsasında öhdəliklər tam yerinə yetirilmədiyi üçün iddiaçının bank qarantiya məktubu əsasında tələb etdiyi məbləğlər əsaslıdır. "xxxx" tərəfindən təqdim edilmiş qarantiya məktubu əsasında İddiaçı MMC-nin öhdəliklərini yerinə yetirməməsi səbəbindən Cavabdeh MMC-yə 433.566 manat ödənilmişdir. Qətnamədə isə bu məbləğin artıq ödənilmiş olduğu qeyd edilmişdir. Halbuki, qarantiya məktubu əsasında ödənilən məbləğ müqavilə öhdəliklərinin təmin edilməsi məqsədi daşıyır və məhkəmə bu faktı nəzərə almamışdır. Məhkəmə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinin başqa məhkəmə mübahisəsi zamanı iddianın rədd edilməsi əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 478-480-ci maddələrini tətbiq etməkdə səhvlərə yol vermişdir. Həmçinin, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrində göstərilən əsassız varlanma anlayışına düzgün qiymət verilməmişdir. Qarantiya əsasında ödənilən məbləğlər, məhkəmənin qeyd etdiyi kimi əsassız varlanma təşkil etməməlidir, çünki bu ödənişlər müqavilə öhdəliklərinin icrasının təminatı olaraq verilmişdir. Həmçinin Məhkəmə xx.xx.2021-ci il tarixli qarantiyanın özündən əvvəlki dövrə olan yəni yanvar ayında tərtib edilmiş akt üzrə öhdəlikləri öz üzərinə necə götürməsini belə əsaslandırmamışdır. Məhkəmə çəkişməsinin gedişatı Hakim G.Namazovanın qərəzli davranışı ilə müşayət olunmuş, iclaslar zamanı nümayəndə tərəfindən hakimin davranışlarına etiraz edilmişdir. Lakin hakim bu etirazlara məhəl qoymamışdır və iddiaçı tərəfin tərəfində olması açıq-aydın görünmüşdür. Bu iclaslarda hakim G. Namazovanın açıq-aşkar qərəzli mövqe tutduğu aşkardır. Hakim məhkəmə iclası zamanı cavabdeh tərəfin müdafiə arqumentlərinə və sübutlarına məhəl qoymamış, iddiaçı tərəfin mövqeyinə üstünlük vermişdir. Bu qərəzli yanaşma tərəflər arasında hüquq bərabərliyini pozmuş və işin obyektiv araşdırılmasına mane olmuşdur. Məhkəmə çəkişməsində aşkar cavabdehə qarşı qərəzli mövqe tutmuş hakim məhkəmə iclaslarında bunu aşkar nümayiş etdirmişdir. Həmçinin dəfələrlə tələb edilsə də, iddaçının qarantiya üzrə “tələb hüququ” belə, məhkəmə tərəfindən dəqiqləşdirilməmiş, bu istiqamətdə iddiaçıya hakim tərəfindən konkret istiqamətləndirici göstərişlər verməsi belə cavabdeh tərəfindən etirazlara səbəb olsa da məhkəmə aktında bu fakta qiymət verilməmişdir. Hakimin şəxsi təşəbbüsü ilə, cavbdehin buna etirazı ilə ABB işə maraqlı şəxs qismində cəlb edilsə belə, onun iştirakı da təmin edilməmiş, hakimin iddaçıya istiqamətverici izahı «mən bilirəm ki, qarantiya üzrə sizə reqres edilib, baxın həmin məhkəmə aktını işə əlavə edin» fikirləri elə cavabdeh tərəfindən təkzib edilərək iş üzrə reqres edilmədiyini bildirmişdir. Qeyd edilənlərlə əlaqədar hakimə verilmiş etiraz məhkəmə sədrinə təqdim edilməli olduğu halda hakim tərəfindən məhkəmədə etirazın təmin edilmədiyi, sonradan isə sistemə baxılmamış saxlanılması barədə qərardad yükləməklə, yenidən məhkəmə aktında bu hala qiymət verilməməsi halı ilə müşayət olunmuşdur. Öhdəliklərin icrasının Mülki Məcəllənin 460.1-ci maddəsində sadalanan təmin edilməsi üsullarının hər hansı biri ilə təmin olunması həmçinin borclu (və ya borclunun öhdəliklərini təmin edən hər hansı başqa şəxs) ilə kreditor arasında öhdəlik münasibətləri yaradır. Lakin bu öhdəliklər xüsusi növ öhdəliklərdir. Onların özəlliyi təmin olunan öhdəliyə (əsas öhdəliyə) münasibətdə (qarantiya istisna olmaqla) əlavə (aksessor) xarakter daşımasından ibarətdir. Burada nəzərə alınmalıdır ki, öhdəliklərin icrasını təmin edən üsul kimi nəzərdə tutulan qarantiya aksessor öhdəlik funksiyasına malik deyildir. Belə ki, Mülki Məcəllənin 480-ci maddəsinə görə qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. Cavabdeh MMC-yə ödənilmiş məbləğin əsassız varlanma kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur, çünki bu məbləğ müqavilə öhdəliklərinin təminatı olaraq ödənilmişdir.”, Məhkəmə işi obyektiv və hərtərəfli araşdırmamış, tərəflərin təqdim etdiyi sübutları düzgün qiymətləndirməmişdir. Cavabdehin təqdim etdiyi sübutlar, vəsatətlər məhkəmə tərəfindən düzgün tədqiq edilməmiş və etirazlar nəzərə alınmamışdır. Qətnamə işin faktiki hallarına uyğun olmayaraq tam əsassız şəkildə qəbul edilmişdir. Qətnamədə təqdim olunmayan sübutlara və mövcud olmayan sənədlərə istinad edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: - 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -478-ci maddəsinə görə qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. -479.1-ci maddəsinə görə qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. -560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən tərəfindən tam şəkildə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı tikintidə subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, Cavabdeh MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil etmiş, "xxxx" ASC tərəfindən qeyd olunan müqavilənin şərtlərinə əsasən öhdəliklərin icrasının təminatı olaraq prinsipal İddiaçı MMCnin tapşırığı ilə benefisiar Cavabdeh MMC-yə 433.566 manat həddində ilk tələb əsasında ödənilən və geri çağırıla bilməyən 111İLGL211130002 saylı, xx.xx.2021-ci il tarixli icra qarantiyası təqdim edilmiş, 23 iyul 2021-ci il tarixdə Cavabdeh MMC Azərbaycan Beynəlxalq Bankına müraciət edərək 111İLGL211130002 saylı, xx.xx.2021- ci il tarixli qarantiyanın tam məbləğinin, yəni 433.566 manatı benefisiar Cavabdeh MMC-nin bank hesabına köçürülməsini tələb etmiş və qeyd olunan məbləğ Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. Tələb məktubunda qarantiya məbləğinin tutulması əsası kimi İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli üzləşmə aktı üzrə Cavabdeh MMC-yə 186 ton armatura görə 289.566 manat məbləğində borcunun olmasına, eləcə də İddiaçı MMC tərəfindən podrat müqaviləsi üzrə öhdəliklərinin pozulmasına istinad edilmişdir.

26. Digər tərəfdən məhkəmə araşdırması nəticəsində o da müəyyən edildi ki, 19 yanvar 2022-ci il tarixdə Cavabdeh MMC İddiaçı MMC-yə qarşı 15 sentyabr 2020-ci il tarixli, AG-39/20 saylı tikintidə subpodrat müqaviləsi üzrə pulu köçürülmüş, lakin görülməmiş və təhvil verilməmiş işlərə görə 671.315 manat, 186 ton armatur çatışmazlığı üçün 289.926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilən xərclər 193.773 manat, çəkilmiş əlavə xərclər üçün 50.000 manat və 433.563 manat məbləğində dəbbə pulunun, cəmi 1.584.979 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia qaldırmışdır. Həmin iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə iddia rədd edilmiş, müqavilə üzrə ödənilmiş, lakin görülməmiş işlərə görə pulun tutulması, müqavilə üzrə öhdəliklərin pozulmasına görə dəymiş maddi zərər və dəbbə pulu hissələrində iddianı rədd edərkən məhkəmələr gəldikləri nəticəni həmin iddia tələblərinin əsassız olması ilə əsaslandırmışlar. 186 ton armatur çatışmazlığı üçün 289.926 manat məbləğində borcun tutulması tələbinə dair hissədə isə məhkəmə xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə təsdiq edilmiş həmin borcun mövcud olduğunu müəyyən etsə də, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə bank qarantiyası üzrə 433.566 manat məbləğində pulun ödənilməsinin əsas kimi məhz xx.xx.2021-ci il tarixli üzləşmə aktına istinad edildiyini, belə olan halda bank qarantiyası üzrə Cavabdeh MMCyə 433.566 manat məbləğində pul vəsaiti ödənildiyi halda 289.926 manat məbləğində borcun tutulması tələbinə dair iddianın təmin edilməsinin cavabdeh tərəfindən həmin məbləğin təkrarən ödənilməsinə gətirib çıxaracağını nəzərə alaraq iddianı rədd etmişdir.

27. İş materiallarından o da görünür ki, "xxxx" ASC İddiaçı MMC-yə qarşı iddia qaldıraraq bir neçə müqavilə borcun, o cümlədən RQ-LG-609 saylı qarantiya sazişinə əsasən bankın İddiaçı MMC-nin Cavabdeh qarşısındakı öhdəliklərini təmin etmək üçün verdiyi qarantiya üzrə borcun ödənilməsini tələb etmiş, həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-202(113)-51/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sözügedən müqavilə üzrə iddiaçının banka xx.xx.2022-ci il tarixə 442.237,32 manat məbləğində (433.566 əsas və 8.671,32 manat faiz) borcunun olduğu, həmin borcun iddiaçı tərəfindən ödənilərək xx.xx.2022-ci il tarixə iddiaçının banka əsas və faiz borcunun qalmadığı müəyyən edilmiş və həmin müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 73/2024 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən, iddianln xx.xx.2021-ci il tarixli, RQ-LG-609 saylı Qarantiya verilməsi şərtləri barədə saziş üzrə illik 5 % borcu hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək “Bakinşaat Group33 MMC-dən və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1366,28 manat məbləğində borcun tutulması qət edilmiş, mübahisəli müqaviləyə aid qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

28. Hazırda İddiaçı MMC bank tərəfindən bank qarantiyası üzrə Cavabdeh MMC-yə ödənilmiş 433.566 manat məbləğində pul vəsaitindən 186 ton armatur çatışmazlığı üçün 289.926 manat məbləğində borc məbləğı çıxılmaqla qalan 143.640 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə həmin pul vəsaitini iddiaçının subpodrat müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq verilmiş bank qarantiyası üzrə ödənildiyini, yəni həmin pul vəsaitini əldə etməsi üçün müqavilə əsasının mövcud olduğunu bildirirərək iddianın rədd edilməsini tələb edir.

29. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçının cavabdeh qarşısında yuxarıda göstərilən subpodrat müqaviləsindən irəli gələn icra edilməmiş öhdəliyi olmamış (əsas məbləğ, zərər, dəbbə pulu), yalnız həmin müqavilə çərçivəsində təqdim edilmiş armaturlara görə 289.926 manat məbləğində pul öhdəliyi mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh iddiaçının öhdəliklərini pozduğunu, eləcə də 289.926 manat məbləğində borc öhdəliyinin mövcudluğunu əsas göstərməklə banka müraciət edərək bank qarantiyası üzrə tam məbləği - 433.566 manat məbləğində pulun ödənilməsini tələb etmiş və həmin məbləğ bank tərəfindən cavabdehə ödənilmişdir.

30. Kollegiya xatırladır ki, qarantiya öhdəliklərin təminatı üsullarından biri olmaqla prinsipalı öhdəliklərin icra edilməməsinə və lazımi qaydada icra edilməməsinə görə cəzalandırmaq məqsədilə deyil, prinsipalın öz öhdəliklərini icra etməməsi və ya lazıminca icra etməməsi nəticəsində benefisiara zərər vurulmasının qarşısını almaq məqsədilə verilir. Qarantiyaya əsasən benefisiar(iddiaçı) prinsipal (cavabdeh) tərəfindən öhdəliklərin pozulması halında icra edilməmiş öhdəliyin qarantiya məbləği həddində qarant (bank) tərəfindən ödənilməsini tələb edə bilər. Məhz bu baxımdan benefisiarın qarantiya üzrə almalı olduğu məbləğ prinsipalın icra etmədiyi öhdəliyinin (bu həm əsas borc, həm də dəymiş zərər və dəbbə pulu da ola bilər) həcmi ilə məhdudlaşır.

31. Hazırkı halda işin yuxarıda göstərilən hallarından görünür ki, iddiaçının cavabdeh qarşısında olan öhdəliyi 289.926 manat təşkil etdiyi, yəni iddiaçının bank qarantiyası əsasında almalı olduğu pul vəsaiti həmin məbləğlə məhdudlaşdığı halda, cavabdeh bankdan qarantiya məbləğinin tam şəkildə - 433.566 manat məbləğində ödənilməsini tələb etmiş, bununla da hüquqlarından sui-istifadəyə yol verməklə 143.640 manat məbləğində pul vəsaitini hər hansı qanuni və müqavilə əsası olmadan əldə etmişdir.

32. Digər tərəfdən iş materiallarından o da görünür ki, qarantiya müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilmiş qarantiya məbləği bank tərəfindən reqres qaydada iddiaçıdan tələb edilmişdir.

33. Tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan birinci instansiya məhkəməsinin əsassız varlanma qaydalarına əsasən pulu tutmaqla maddi hüquq normalarının pozuntusuna yol verməsi barədə apellyasiya şikayətinin dəlilləroinə münasibətdə kollegiya qeyd edir ki, qarantiya məbləği ödənilərkən tərəflər arasında subpodrat müqaviləsi mövcud olsa da, yuxarıda da qeyd edildiyi kimi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə həmin müqavilə üzrə iddiaçının cavabdeh qarşısında 289.926 manat məbləğində pul öhdəliyindən başqa öhdəliyin mövcud olmaması öz təsdiqini tapmışdır, belə olan halda qarantiyaya əsasən 143.640 manat məbləğində pul vəsaiti həmin müqavilə üzrə öhdəliklərinin icrası olaraq ödənilməmişdir.

34. Odur ki, hazırkı halda qarantiya üzrə bank tərəfindən ödənilmiş 143.640 manat məbləğində pul vəsaiti müqavilə öhdəliklərindən kənar ödənilmiş pul vəsaiti olduğundan, yəni iddiaçının həmin məbləği əldə etməsi üçün müqavilə əsası mövcud olmadığından birinci instansiya məhkəməsi əsassız varlanma qaydalarına uyğun olaraq həmin məbləği cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3204/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar