Məhkəmə qərarları › İş №2-2(103)-398/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-398/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-398/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “Bakısiğorta” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Firmasına qarşı pul tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-649/2019 saylı qətnaməsindən (hakim Əfqan Ələkbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “Bakısiğorta” Açıq Səhmdar Cəmiyyəti cavabdeh “xxxx” Firmasına qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddia ərizəsinə dəqiqləşmə verərək 2954,50 manat məbləğində sığorta ödənişinin, 30,40 məbləğində dövlət rüsumunun, 7 manat məbləğində notariat xərcinin, cəmi 2991,90 məbləğində pulun cavabdehlər Cavabdeh1 və “xxxx” firmasından müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə, saat 08:35-də ünvan 1ndə “xxxx” firmasına məxsus olan “Fiat Albea” markalı, 10TD062 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 yol vərəqəsi əsasında idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. DİN Bakı şəhəri Xəzər RPİ DYPŞ-nin xx.xx.2014-cü il tarixli, 9/19-4308 saylı müvafiq arayışına, xx.xx.2014-cü il tarixli BYP 956364 saylı inzibati xəta haqqında protokoluna və inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “Fiat Albea” markalı, 10TD062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərini pozduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən təqsirli bilinmiş və 40.00 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh inzibati xəta haqqında iş üzrə qərarla razılaşaraq onu öz imzası ilə təsdiq etmiş və barəsindəki inzibati tənbeh tədbiri icra edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx”ASC tərəfindən “Chery A-13” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq, 2954,50 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəticədə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı hazırki iddianı irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2 (82)- 649/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” Firmasından 2954,50 (iki min doqquz yüz əlli dörd manat əlli qəpik) siğorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 7 manat notariat xərcinin, cəmi 2991,90 manatın tutularaq “Bakısiğorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-649/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, istinad edilən qanun normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir və ləğv edilməlidir. Tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Məhkəmənin iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmaması və öhdəliyin sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlməsi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən “ Chery A- 13 ” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2954,50 məbləğində sığorta ödənişi həmin vaxt həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı ilə sığortalı arasında sığorta müqaviləsi mövcuddur. İddiaçı dəymiş zərərin nəticələrinin aradan qaldırılması üçün sığortalıya pul ödəmişdir və təbii ki, həmin məbləği, yəni ödədiyi pulu zərərvurandan tələb edir. Deməli, iddiaçı ilkin olaraq müqavilə öhdəliyini yerinə yetirmişdir və dəymiş zərər aradan qaldırılmışdır. Hal-hazırda iddiaçının tələbi sırf pul tələbidir. Pul tələbi üzrə iddiaların müddəti isə 3 ildir. İddiaçı sığortalıya pulu 2014-cü ildə ödəmiş, iddia tələbini isə 2019-cu ildə qaldırmışdır. Pul tələbinə görə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. İşə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-649/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materallarına əlavə olunmuş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam siğortası üzrə siğorta şəhadətnaməsindən görünür ki, X5 məxsus, “Chery A-13” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dövr üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət X9 İnzibati Xəta haqqında protokolundan görünür ki, 10TD062 dövlət qeydiyyat nişanlı, xx.xx.2014-cü il tarixli, 050878 saylı yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə edilən avtomobil ünvan 1ndə qarşısında gedən “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlamamış və nəticədə toqquşmuş, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 151.1 -ci maddəsinə əsasən təqsirli bilinmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən, Xəzər RPİ DYPŞ bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə, saat 08:35-də ünvan 1 ünvanında “Fiat Albea” markalı, 10TD062 dövlət qeydiyyat nişanlı, xx.xx.2014-cü il tarixli, 050878 saylı yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə edilən nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədilmişdir. “xxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixdə verilən, “xxxx” ASC-nin baş mütəxəssisi Oqtay Şeydabəyov və sığortalı X8 tərəfindən imzalanan rəydən görünür ki, xx.xx.2014-cü il tarixdə X5 məxsus “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobil zərərə uğramış, zərərin məbləği 7680 manat müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixdə, “xxxx” ASC-nin ekspertləri X7, X6 və sığortalı X8 tərəfindən imzalanan avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair aktdan görünür ki, xx.xx.2012-ci il tarixli MİB-2695/12 saylı nəqliyyat vasitəsinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış X5 məxsus “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinə uğrayan avtomobilə xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən 5230 manat zərər dəymiş və həmin məbləğ siğorta dəyərinin 75%-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilmişdir. xx.xx.2014-cü il tarixdə “xxxx” ASC-nin ekspertləri X7, X6 və sığortalı X8 tərəfindən imzalanan qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktından görünür ki, xx.xx.2012-ci il tarixli MİB-2695/12 saylı nəqliyyat vasitəsinin Kasko siğorta şəhadətnaməsi ilə sığortalanmış X5 məxsus “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilə siğorta təminatı verilmiş, xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobilin yararsız vəziyyətə düşmüş ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 5230 manat təşkil etmişdir. Daha sonra, “xxxx” ASC tərəfindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülərək araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 2352,90 manat müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən xx xxxxx 2014-cü il tarixdə X5 məxsus “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş zərərinin hesablanması aktından görünür ki, ehtiyyat hissələrinin ümumi məbləği 3870 manat (endirimli məbləğ 3290 manat), həmin hissələrin bərpası üçün lazım olan əmək haqqı 1940 manat hesablanmaqla, cəmi 5320 manat zərər hesablanmışdır. xx xxxxx 2014-cü il tarixli, 411 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X4 “xxxx” ASC-də olan AZ78BRES******************** nömrəli hesabına 2954,50 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə, Cavabdeh1 ünvan 1ndə “xxxx” firmasına məxsus olan “Fiat Albea” markalı, 10TD062 dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx”ASC tərəfindən “Chery A-13” markalı, 99CO349 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq, 2954,50 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, hazırkı iddia üzrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı halda tələb müqavilədən irəli gəlmədiyindən və iddiaçı sığortalanmış avtomobilə dəymiş zərərə görə ödənilmiş sığorta ödənişi həcmində pul vəsaitini subroqasiya hüququ ilə tələb etdiyindən iddiaya Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqress öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Hazırkı halda sığortalanmış nəqliyyat vasitəsinin sahibinə sığorta ödənişi iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə ödənildiyindən iddia müddətinin axımı həmin tarixdə başlamışdır. İddiaçının xx.xx.2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi nəzərə alınarsa 10 illik iddia müddəti bitməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-649/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” Firmasının apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 649/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın . Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar