Məhkəmə qərarları › İş №2-2(103)-399/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-399/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-399/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddiası üzrə Bakı KommersiyaMəhkəməsinin e-2-2 (113)-470/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 65,833,606.32 manat əsas borc, 6,215,789.66 manat faiz borcunun, 23 manat məbləğində sənədlərin notarial qaydada rəsmiləşdirilməsi üçün xərcin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-470/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə saxta müəssisə olaraq yaradılmış, elə həmin gün də onun adına kredit rəsmiləşdirilmişdir. Hüquqi şəxsin direktoru İ.Ağayev 65229380 manat vəsaitin talanmasının gizlədilməsində iştiraka dayısı Əşrəf Kamilovun onu yola gətirməsi nəticəsində məcbur edilmişdir. Əslində o kredit vəsaitini almamışdır. Ona saxta kredit müqavilələrinin ləğv ediləcəyi barədə söz verilmişdir. Kredit vəsaitinin həqiqətən verilməsi barədə qəbzdən başqa digər sübutlar-videoyazı, şahid ifadəsi, daşınma ilə bağlı mal-nəqliyyat sənədləri işdə yoxdur. Cavabdeh MMC hüquqi şəxs kimi hər hansı fəaliyyət həyata keçirməmişdir. Kredit rəsmiləşdirilərkən bank daxili normalar, banklar haqqında qanunvericiliyin tələbləri, Mülki Məcəllənin normaları pozulmuşdur. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, İ.Ağayev DTXnə Əşrəf Kamilov və İddiaçı ASC-nin digər vəzifəli şəxsləri barədə cinayət işinin başlanması barədə ərizə ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı KommersiyaMəhkəməsinin e-2-2 (113)-470/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, 1003 H nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, İddiaçı ASC Cavabdeh MMC-yə 60 ay müddətinə illik 3 faizlə 38.675.600 ABŞ dolları kredit verilməsini, borcalan isə krediti faizlər ilə birlikdə razılaşdırılmış müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2017-ci il tarixli, 1003H nömrəli razılaşmaya əsasən tərəflər kredit müqaviləsinin 3.1-ci bəndinə aşağıdakı dəyişikliyin edilməsi ilə bağlı razılığa gəlmişlər: verilmiş kreditin valyutasının dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin 3.1-ci bəndində göstərilmiş “38,675,600 ABŞ dolları “ rəqəmi və sözləri “65,833,606.32 manat” rəqəmi və sözləri ilə əvəz edilsin; razılaşmanın qüvvəyə mindiyi anadək kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən hesablanmış və ödənilməmiş faiz borcu manata konvertasiya olunsun; razılaşma qüvvəyə mindiyi andan ödənişlər yeni ödəniş cədvəli əsasında aparılsın. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli İH-06-01861 saylı pretenziya məktubu ilə xx.xx.2019-cu il tarixinə 65.833.606,32 manat əsas kredit borcunun, 5.930.510,70 manat faiz borcunun ödənilməsi tələb edilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MP 11-003 88 saylı maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli, 1003 H nömrəli “kredit müqaviləsi”nə əsasən Cavabdeh MMC-nin banka xx.xx.2019-cu il tarixə olan əsas borcu – 65.833.606,32 manat, faiz borcu – 6.215.789,66 manat, ümumilikdə borcu 72.049.395,98 manat təşkil edir. Məhkəmə qeyd edilən sübutlara və MM-nin 385.1, 386, 739-cu, 442, 443.1 və 448.1-ci maddələrinə maddələrinə istinad edərək iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız (uydurma əqd) olması ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək aralarında bağlanmış 1003H nömrəli xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 1003 H nömrəli xx xxxx 2017-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi xahiş edilmiş və məhkəmənin xx xxxx 2019cu il tarixli, 2-2(81)-67/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan “xxxxxxxx” ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(103)-375/2019 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə iddia tələbi rədd edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən “Cavabdeh “ MMC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(102)-503/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarlı əqd olması və qanuni əsaslara söykənərək bağlanması faktı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən cavabdehin iddiaya etirazı əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2- 2(102)-503/2019 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş bankın kassa hesablarından çıxarışlara əsasən müqavilənin bağlandığı və kreditin verildiyi xx.xx.2016-cı il tarixində bankın əməliyyat hesabında milli valyuta ekvivalentində 65.499.813,11 manat məbləğində pul vəsaitinin mövcud olduğu və həmin məbləğdə kreditin həmin gün saat 15-31-də əməliyyat aparılmaqla Cavabdeh MMC-nin hesabının möhkəmləndirilməsi təyinatı ilə müqavilənin 1.2-ci bəndində nəzərdə tutulduğu kimi təşkilatın dövriyyə vəsaitinin artırılması məqsədi ilə ödənildiyi öz təsdiqini tapır. Eyni zamanda həmin iş üzrə məhkəmə tərəfindən AB-1 220901 saylı çekə əsasən cavabdehə 65229380 manat məbləğində pulun verildiyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin keçmiş rəhbərliyi və digər şəxslərin hüquqa zidd təzyiqlər nəticəsində iddiaçının rəhbəri İ.Ağayevin kredit müqaviləsinin və razılaşmanın rəsmiləşdirilməsində iştirak etməyə məcbur edilməsinə dair iddiaçının dəlilinin əsassız olduğu müəyyən edilmişdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində irəli sürdüyü dəlillər xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsi və həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2017-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi barədə iddia üzrə işə baxılarkən araşdırma predmeti olmuş və həmin əsaslara işə baxmış məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş, Cavabdeh MMC-nin həmin dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Həmin iş üzrə iddia tələbinin əsası kimi istinad edilən dəlillərin yenidən məhkəmə tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi prosessual qanunvericiliyin və preyudisiya institutunun mahiyyətinə zidd olduğundan cavabdehin apellyasiya şikayəti əsassız hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı KommersiyaMəhkəməsinin e-2-2 (113)-470/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı KommersiyaMəhkəməsinin e-2-2 (113)-470/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar