Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-4/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3, X1 cavabdehin nümayəndəsi Vəkil, üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi tərəfindən etibarnamə verilmiş nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh MMC-yə (hazırda "xxxx" MMC) qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu) kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 645/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçının və cavabdehin verdiyi apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. Azərbaycan Respublikasının Mərkəzi Bankı 23.06.2017-ci il tarixdə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin 16 noyabr 2015-ci il tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000,00 manat əsas, 55.750 manat faiz borcu olmaqla, ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu, 22A ünvanında 0.23874 ha torpaq sahəsində yerləşən, 4570.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (inzibati bina) yönəldilməsi, həmin daşınmaz əmlakın ləğv prosesində olan "xxxx" ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Bank ilə üçüncü şəxs "xxxx" ASC arasında 16 noyabr 2015-ci il tarixli, KBQ15-1786 nömrəli, 3.000.000,00 manat məbləğində kreditin illik 3% olmaqla 360 gün müddətinə qaytarılması şərtilə kredit müqaviləsi bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 10 noyabr 2016-cı il tarixə kimi ödənilməli olduğu göstərilmiş və kredit alanın öhdəliyinin təminatı olaraq 16.11.2015ci il tarixli, İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanaraq xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən, 4570.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti üzrə ipoteka saxlayan qismində iddiaçı ilə yanaşı, hazırda ləğvetmə prosesində olan "xxxx" ASC də çıxış etsə də, iddiaçının ipoteka saxlayan kimi hüquqları daha əvvəl dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə qalıq borc məbləği həcmində iddiaçının kreditor tələbləri "xxxx" ASC-nin ləğvedicisinə 01.09.2016-cı il tarixli, 05-00745-2016 nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. "xxxx" ASC-nin 16 noyabr 2015-ci il tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 3.000.000,00 manat əsas, 55.750,00 manat faiz borcu vardır. Faiz borcları 11.08.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ləğv prosesində olan "xxxx" ASC-nin 16 noyabr 2015-ci il tarixli, KBQ15-1786 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000,00 manat əsas borc, 55750,00 manat faiz borcu olmaqla ümumulikdə ******* manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satışından əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında tutulması qət olunmuş mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxs tərəfindən satılması hissəsində isə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermiş: - iddiaçı qətnamənin dəyişdirilərək müstəqil qiymətləndirici rəyi əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini; - cavabdeh isə qətnamənin qismən ləğv edilməsini, iş üzrə iddia tələbinin yenidən araşdırılaraq kredit müqaviləsi üzrə əsas və faiz borcunun, yenidən hesablanması aparılmaqla yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilmədiyindən, qətnamə o hissədə dəyişdirilməli, müstəqil qiymətləndirici rəyi alınmalı və həmin rəydə nəzərdə tutulan qiymət ilkin satış qiyməti kimi inzibati-iqtisadi kollegiyanın qətnaməsinin nəticə hissəsində müəyyən edilməlidir. Qanunda məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ipoteka qoyanla ipoteka saxlayan arasında razılıq olmadığı təqdirdə ipoteka predmeti üçün ilkin satış qiymətinin qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilməsi nəzərdə tutulmuş və bu barədə müvafiq qərardadın qəbul edilərək icra edilməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi vəzifəsi məhkəməyə həvalə olunmuşdur. İpoteka predmetinin qiymətləndirilməsi üçün məhkəməyə 13.09.2017-ci il tarixli, 16-00388-2017 saylı məktubla vəsatət təqdim etmiş və əmlakın ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə vəsatəti təmin etməmiş və bununla da əmlakın ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunmasını qeyri-mümkün etmişdir. Cavabdeh isə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun tərəfindən "xxxx"ASC-nə 201.750,00 manat ödənilmiş və həmin məbləğ iddiaçı tərəfindən iddia predmeti ilə bağlı tələb irəli sürülərkən nəzərə alınmamışdır. Bununla bağlı olaraq məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verərək ödənilən məbləğlərin araşdırılmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə vəsatətə münasibət bildirməmişdir. Bu səbəbdən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Qətnamə qəbul edilərkən cavabdeh tərəfindən 201.752,00 manat ödənişlər həyata keçirilmişdir. Ölkədə baş vermiş ikinci devalvasiyadan sonra cavabdeh tərəfindən ödənişlərin vaxtında həyata keçirilməsi imkansız hala gəlmişdir. Məhkəmə cavabdehin vəziyyətini düzgün qiymətləndirmədən bu cür əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Faiz borcu məbləği onsuz da şişirdilmiş bir məbləğdir. Belə çıxır ki, cavabdeh tərəfindən ödənilmiş 201.752,00 manatlıq vəsaitdən əlavə cavabdeh yenidən 55750 manat yenidən faiz borcu ödəməlidir ki, bununla da cavabdehin sadəcə ümumi faiz borcu (ödədiyi və ödəməli olduğu faiz borcu ilə birlikdə) 257.502,00 manat təşkil edir. Bu isə kredit müqaviləsində qeyd edilən faiz borcundan daha çox yuxarı faiz həddində bir borc məbləği ortaya çıxarır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-65/2018 saylı 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən həm tərəflər, həm də üçüncü şəxsin kassasiya şikayət vermiş Azərbaycan Respublikasının ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2019-cu il tarixli 2-291020250/19 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti tam, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin olunmuş və Bakı Apellyasiya məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərinin təmin olunmasını xahiş etmiş; cavabdehin nümayəndəsi Ali Məhkəmənin icraatında olan üçüncü şəxsin "xxxx" MMC-yə qarşı iddia tələbinə baxılmayaınca, hazırkı işə baxılmasının mümkünsuz olduğunu bildirmiş, üçüncü şəxsin nümayəndəsi isə «Atrabank ASC-nin ipoteka predmetinə ipoteka saxlayan kimi hüququnun reyestrdə daha əvvəl qeydə alındığını və Ali Məhkəmənin qərarında da bu hala qiymət verildiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" ASC arasında 16 noyabr 2015-ci il tarixdə KBQ15-1786 nömrəli kredit müqaviləsi bağlandığı və həmin müqaviləyə əsasən sonuncuya illik 3% olmaqla 360 gün müddətinə 3.000.000,00 manat məbləğində kredit verildiyi, lakin sonuncu tərəfindən alınmış kreditin müqavilə müddətində banka qaytarılmısının təmin edilmədiyi və Mərkəzi Bank qarşısında 11.08.2016-cı il tarixinədək (bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək) onun 3.000.000 manat əsas, 55.750,00 manat faiz borcu yarandığı - işin qeyd olunan müqavilə tərəfləri arasında mübahisələndirilməyən halıdır (Birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs tərəfindən apellyasiya şikayti verilməmişdir). Cavabdeh tərəfindən apellyasiya şikayətində üçüncü şəxsdən aldığı kreditə görə ödəydi pul vəsaitinin iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 16 noyabr 2015-ci il tarixdə KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə borc münasibətlərinə şamil edilə və iki tərəf arasındakı kredit münasibətləri üçün əhmiyyət kəsb edə bilməz. Çünki, həmin vəsaitlər “Atrabank» ASC-ilə üçüncü şəxs arasında bağlanmış müqavilə şərtlərinə müvafiq olaraq, həmin bank qarşısında da icra edilmişdir. Ali Məhkəmənin qeyd olunan qərarında bu səbəbdən cavabdehin kassasiya şikayətinin müvafiq dəlilləri əsassız hesab olunmuşdur. Ən azından Mülki Məcəllənin 387.3-cü maddəsi də məhz nəzərdə tutur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Üçüncü şəxs tərəfindən isə 16 noyabr 2015-ci il tarixdə KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun nə əsas, nə də ki faiz hissəsi mübahisələndirilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən də apellyasiya şikayəti verilməmişdir. İddiaçının sözügedən kredit müqaviləsi üzrə yaranmış borca görə tutmanın ipoteka qoyan cavabdehə məxsus qeyri-yaşayış yaşayış sahəsinə yönəldilməsi tələbinə gəldikdə isə 16.11.2015-ci il tarixdə iddiaçı, cavabdeh və üçüncü şəxs arasında üçtərəfli qaydada İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviləsi bağlandığı və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu, 22A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən, 4570.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasının iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyi işin mübahisələndirilməyən halını təşkil edir. Konkret halda işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının qənaətinə görə həmin ipoteka predmetinə yüklülük, ilk öncə reyestrdə onun xeyrinə qeydə alınmış, həmin qeyri-yaşayış sahəsinə dair üçüncü şəxsin xeyrinə olan yüklülük isə daha sonra qeyd alındığından üstünlük iddiaçıya məxsusdur. Cavabdeh və üçüncü şəxs tərəfindən isə iddiaçının bu mövqeyinə etiraz olunaraq, sonuncunun xeyrinə qeyri-yaşayış sahəsinə yüklülüyün daha əvvəl qeydə alındığı və üstünlüyün ona məxsus olduğu mübahisələndirilir. İş materialları araşdırıldıqda isə ipoteka haqqında qanunvericiliyin tələbləri baxımından üstünlüyün üçüncü şəxs "xxxx" ASC-yə məxsus olduğu müəyyən olunur. Belə ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 9.2-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. 9.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. 9.4-cü maddəsinə əsasən əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. İş materialları üzrə: - RX ******* N-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 16.11.2015-ci il tarixli KBQ15-1786KV N-li kredit müqaviləsinə görə alınmış kreditin təminatı olaraq ipotakaya qoyulmuş cavabdehə məxsus qeyri-yaşayış sahəsinə yüklülük daşınmaz əmlakın dövlət reyestrində 21.11.2015-ci il tarixində; - RX ******* N-li digər bir dövlət reyestrindən çıxarışa əsasən isə üçüncü şəxs "xxxx" ASC ilə “RR Aqro” MMC arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsinə "xxxx" ASC-nin xeyrinə yüklülüyü reyestrdə 13.12.2014-cü il tarixində - qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı Mərkəzi Bankın xeyrinə yüklülük 21.11.2015-ci il tarixində qeydə alındığı halda, üçüncü şəxs "xxxx" ASC-inin xeyrinə daha əvvəl 13.12.2014-cü il tarixində qeydə alınmışdır. İpoteka saxlayan kimi üstünlük hüququ, məhz, üçüncü şəxs "xxxx" ASC-yə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, iş materialları üzrə RX0538434 N-li çıxarışa əsasən mübahisəli əmlaka dair 29.11.2014-cü il tarixində reyestrdə iddiaçı Mərkəzi Bankın xeyrinə qeydə alınan yüklülük , hazırkı mübahisənin predmetinə aid olmayan başqa bir 21.11.2014-cü il tarixli KBQ14-1633KM N-li kredit müqaviləsi üzrə öhdəliyə aiddir ki, həmin öhdəlik də 2015-ci il tarixində artıq icra olunduğu iddiaçı tərəfindən təsdiq edilir. Ali Məhkəmənin qeyd olunan qərarında da məhz işin bu halına hüquqi qiymət verilmişdir. “İpoteka haqqında” 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Beləliklə də “İpoteka haqqında” Qanunun 9-cu və 47.2-ci maddələrinin qeyd olunan tələblərindən göründüyü kimi, sonrakı ipoteka saxlayan hüquqlarını həyata keçirdrdikdə onun tələbləri, icra müddətindən asılı olmayaraq, əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra, növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, qeyd olunan məsələ ilə bağlı məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının qeyd olunan tələblərini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə tərəfindən qətnamədə ipoteka predmetinin ilkin satış qiymətinə də münasibət bildirilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Qanunun qeyd olunan imperativ tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Tərəflər arasında bağlanmış 16 noyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipotekanın predmeti - Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi- Lökbatan yolu, 22A ünvanında 0.23874 ha torpaq sahəsində yerləşən, 4570.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (inzibati bina) ümumi dəyəri barədə razılığa gələrək 4.000.000,00 (dörd milyon) manat məbləğində qiymətləndirmişlər. Cavabdehin sifarişi əsasında hazırlanmış və işə əlavə olunmuş "xxxx" MMC tərəfindən 21 noyabr 2014-cü il tarixində tərtib edilmiş hesabatdan isə görünür ki, mübahisəli əmlakın likvid dəyəri 5.500.000,00 manat dəyərində müəyyən edilmişdir. Hazırkı apelyasiya mərhələsində məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə üzrə MBA LTD MMC Qiymətləndirmə Şirkətinin MB 14/0737 N-li 09 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatında ipoteka predmetinin likvid dəyəri 5.000.000,00 manat məbləğində müəyyənləşdirilmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinin tələbindən isə görünür ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə kollegiyası həm "xxxx" MMC-nin hesabatında ipoteka predmeti olan qeyriyaşayış sahəsinə qoyulan likvid dəyəri, həm də hazırkı mərhələdə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən qoyulan likvid dəyərlərini həmin əmlakın reallıqda satıla bilən likvid dəyəri kimi qəbul edilməsini mümkün hesab etmir. Ən azından ona görə ki, mövcud pandemiya şəraitində daşınmaz əmlak bazarında qeyri-yaşayış sahələrinə olan tələbatın əhəmiyyətli dərəcədə azaldığı və qiymətlərin düşdüyü sübuta olunmasına ehtiyacı olmayan hamıya bəlli olan bir haldır. Bu baxımdan, Qanunun qeyd olunan 1.0.9-cu maddəsinin tələini də nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 16.11.2015-ci il tarixdə iddiaçı, cavabdeh və üçüncü şəxs arasında üçtərəfli qaydada bağlanmış İBQ15-1786 nömrəli sonrakı ipoteka müqaviəsində ipotekaya qoyulan qeyri yaşayış sahəsinin dəyəri barədə qarşılıqlı razılığa gəlinərək, 4.000.000,00 manat məbləğində müəyyənləşdirilən dəyəri, həmin əmlakın satıla bilən likvid dəyəri kimi qiymətləndirilməli və həmin qiymət onun ilkin satış qiyməti kimi qəbul edilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar prosessual hüquq normalarının tələbləri qaydasında hərtərəfli araşdırılmamış, işin bütün faktiki halları aydınlaşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. MPM-in 385.1-ci maddəsinin tələblərindən isə görünür ki, qeyd olunan pozuntular qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək yekunda belə qənaətə gəlir ki, tərəflərin apellyasiya şikayətlərin birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki hallarının araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 42-43 maddələri ilə hərracın keçirilmə və 47-ci maddəsi isə əldə olunmuş pul vəsaitinin bölüşdürülmə qaydaları müəyyən olunmuşdur. “Banklar haqqında” Qanunun 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi, bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda aşağıdakı nəticəyə gəlir: Tərəflərin apellyasiya şikayətləri qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-645/2017 saylı 21.09.2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı: - iddia qismən təmin edilməli; - Azərbaycan Respublikası Mərkəzi Bankı ilə LPO "xxxx" ASC arasında bağlanmış 16 noyabr 2015-ci il tarixli, KBQ15-1786 N-li kredit müqaviləsi üzrə 3.000.000,00 manat əsas, 55.750,00 manat faiz borcu, ümumilikdə 3.055.750 (üç milyon əlli beş min yeddi yüz əlli) manat kredit borcunun ödənilməsi üçün tutma, ipoteka predmeti - Cavabdeh MMC-yə (indiki "xxxx" MMC) məxsus Bakı şəhəri Qaradağ rayonu, Sayan şossesi Lökbatan yolu, 22A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (inzibati bina) yönəldilməli; - həmin daşınmaz əmlakın ilkin satış qiyməti 4.000.000 manat müəyyən edilməli; - tutmanın ipoteka predmetinə yönəldilməsi “İpoteka haqqında” Qanunun 9.3, 42-43 və 47.2.3-cü maddələrinin tələblərinə müvafiq aparılmaqla, satışından əldə olunan gəlir hesabına əvvəlki ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ödənildikdən sonra, növbəlik qaydasında ipoteka predmetinin dəyərindən sonrakı iporteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankının tələbi, icra müddətindən asılı olmayraq, ödənilməli; - qalan hissədə isə iddia rədd edilməlidir. Eyni zamanda, həmin qətnamə ilə, hazırkı mərhələdə məhkəmənin təşəbbüsü ilə təyin edilmiş qiymətləndirmə üzrə qiymətləndiricinin xidmət haqqına görə 400 manat məbləğində məhkəmə xərci, MPM-in 115.0.1 və 119.1-ci maddələrinin tələbi nəzərə alınmaqla, 200 manatı iddiaçıya, 200 manatı isə cavabdehə aid edilməklə, onlardan tutulub "xxxx" MMC Qiymətləndirmə şirkətinin hesabına (VÖEN:**********, h/h:No AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod 805562, VÖEN **********, Müxbir hesab AZ03NABZ********************, S.W/İ.F.T BİK:İBAZAZ2X) ödənilməsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının və Cavabdeh MMC-nin (hazırkı "xxxx" MMC-nin) apellyasiya şikayətləri qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-645/2017 saylı 21.09.2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankı ilə LPO "xxxx" ASC arasında bağlanmış 16 noyabr 2015-ci il tarixli, KBQ15-1786 N-li kredit müqaviləsi üzrə 3.000.000,00 manat əsas, 55.750,00 manat faiz borcu, ümumilikdə 3.055.750 (üç milyon əlli beş min yeddi yüz əlli) manat kredit borcunun ödənilməsi üçün tutma - ipoteka predmeti olan Cavabdeh MMC-yə ("xxxx" MMC-yə) məxsus Bakı şəhəri Qaradağ rayonu, Sayan şossesi Lökbatan yolu, 22A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən 4570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (inzibati bina) yönəldilsin. Həmin daşınmaz əmlakın ilkin satış qiyməti 4.000.000 manat müəyyən edilsin. Tutmanın ipoteka predmetinə yönəldilməsi - “İpoteka haqqında” Qanunun 9.3, 42-43 və 47.2.3-cü maddələrinin tələblərinə müvafiq aparılmaqla, satışından əldə olunan gəlir hesabına əvvəlki ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ödənildikdən sonra, növbəlik qaydasında ipoteka predmetinin dəyərindən sonrakı iporteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankının tələbi, icra müddətindən asılı olmayraq, ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 400 manat qiymətləndiricinin xidmət haqqına görə məhkəmə xərcinin 200 manatı iddiaçıya, 200 manatı isə cavabdehə aid edilməklə, onlardan tutulub "xxxx" MMC Qiymətləndirmə şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasma (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Zəki Babayev
Məhkəmə qərarları › İş №2-2(103)-4/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-4/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver