Məhkəmə qərarları › İş №2-2(103)-4/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-4/2023

18.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-4/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Vəkil Baloğlan oğlunun iştirakı ilə , İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "ALOV" Sənaye-Ticarət Assosiasiyasına qarşı “vergi borcunun ödənilməsinin təmin edilməsi üçün siyahıya alınmış əmlakın açıq hərracda satılması haqqında iddia tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2911/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı cavabdehin 12 fevral 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 655774,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 750000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12 fevral 2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 12 fevral 2020-ci il tarixə yaranan 734069.09 manat borcuna görə 750000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 25 fevral 2020-ci il tarixli **********1 saylı Protokol tərtib edilmiş və protokola həmin əmlakın siyahısını əlavə etmişlər. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 28 fevral 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 12 fevral 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 655774,09 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2911/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "ALOV" Sənaye-Ticarət Assosiasiyasının siyahıya alınmış 750000 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "ALOV" Sənaye-Ticarət Assosiasiyasının dövlət büdcəsinə olan 655774,09 manat məbləğində vergi borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddianın əsası kimi cavabdehin dövlət büdcəsinə olan vergi borcu göstərilmişdir ki, bunun da əsasında cavabdehə məxsus 750 000 manat məbləğində əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır. Lakin mübahisələndirilən qətnamədə cavabdehin vergi borcunun yaranma əsasları qeyd edilməmiş, yalnız cavabdehə məxsus şəxsi vərəqə onun dövlət büdcəsinə olan vergi borcunun 655774, 09 manat olduğu qeyd edilmişdir. Cavabdehin dövlət büdcəsinə olan vergi borcu ilə bağlı bildirilir ki, vergi borcunun yaranmasına səbəb səyyar vergi yoxlamasının nəticəsinə vergi orqanının müəyyən etdiyi qanun pozuntusu və bununda əsasında qəbul olunmuş qərar olmuşdur. Vergi orqanının inzibati aktı (qərarı) 25 dekabr 2019-cu il tarixdə qəbul etmiş və müəssisə qanunvericiliklə nəzərdə tutulan müddətdə həmin qərarda göstərilənlərlə razılaşmayaraq Bakı İnzibati Məhkəməsində mübahisələndirmişdir. Belə ki , müəssisənin vergi borcunun yaranmasına dair Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən qəbul olunmuş qərarların ləğv edilməsinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatındadır və hal-hazırda bununla bağlı məhkəmə araşdırılması aparılır. Hesab edir ki, müəssisənin vergi öhtəliyinin yaranmasına dair qərar hal-hazırda məhkəmə instansiyasında mübahisələndirmə mərhələsindədir və bu səbəbdən də yekun məhkəmə aktı qəbul olunanadək , vergi borcunun ödənilməsinin təmin olunması istiqamətində atılan istənilən maddi və prossesual hüququ normaları qəbul oluna bilməz, O cümlədən, müəssisənin əmlakının hərrac vasitəsi satılaraq mübahisələndirilən vergi borcuna yönəldilməsidə. Belə ki , iddiaçı tərəfindən ərizənin verilməsi əsası olan vergi borcu cavabdeh tərəfindən mübahisələndirilir və yalnız qüvvəyə minmiş məhkəmə aktının nəticəsinə uyğun, yəni vergi borcunun olması təsdiq olunarsa bu halda əlavə tədbirlər görülə bilər…» Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat, Bakı İnzibati Məhkəməsində baxılan iddiaçı Alov-Sənaye Ticarət Asossasiyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli **********1955063 saylı və xx.xx.2019-cu il tarixli **********195270 saylı qərarlarının ləğv olunması tələbinə dair» inzibati mübahisəyə baxılıb məhkəmə qərarı çıxarılanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə icraatın dayandırılmasına əsas olan qeyd olunan inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul olunmuş və işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil cavabdehin hazırkı vergi borcunun yaranmasına əsas olan iddiaçı vergi orqanının qərarlarının inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinin qərar ilə ləğv edildiyini və yuxarı məhkəmə instansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanıldığını bildirərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 376-cı maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdeh vergi ödəyicisinin 12 fevral 2020-ci il tarixinə olan dövlət büdcəsinə ödənilməmiş 655774,09 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 750000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə qərar qəbul edilməsini tələb etmişdir. Azərbaycqan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. İddiaçının iddia ərizəsinə əlavə etdiyi, cavabdeh vergi ödəyicisinin şəxsi hesab vərəqinə və sonuncunun apellyasiya şikayətinin dəlillərinə, habelə, iddiaçının mübahisələndirilməyən mövqeyinə əsasən müəyyən olunur ki, mübahisələndirilən borc məbləğinin əsasını iddiaçının cavabdeh barədə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il və həmin qərara düzəliş barədə xx.xx.2019-cu il tarixli qərarları ilə hesablanmış vergi borcu təşkil edir. İşin apellyasiya mərəhələsində müəyyən olunmuşdur ki, vergi orqanın mübahisəli vergi borcunun əsasını təşkil edən qərarları inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmiş və həmin iş üzrə artıq yekun məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı "ALOV" Sənaye-Ticarət Assosiasiyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi təmin edilərək cavabdehin «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli **********1955063 nömrəli qərarı və həmin qərara düzəliş edilməsi haqqında» xx.xx.2019-cu il tarixli **********195270 nömrəli qərarları ləğv edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, həmin qərar isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunan hallardan isə aydın olur ki, vergi ödəyicisinin 2016-2018-ci illərby fəaliyyəti üzrə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli **********1955063 nömrəli qərarı ilə vergi ödəyicisinə 452337,01 manat məbləğində əlavə vergi hesablanmış və 226168,52 manat manat maliyyə sanksiyası tətbiq olunmuş, daha sonra, vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********195270 nömrəli ikinci bir qərarı ilə əvvəlki qərarına düzəliş edərək iddiaçıya, cəmi 452337,01 manat əlavə vergi hesablamaqla, ona 211947,09 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Konkret halda, hazırkı işdə vergi orqanının qeyd olunan qərarları ilə vergi ödəyicisinə hesablanmış və onun şəxsi hesab vərəqinə işlənilmiş, ödənilməyən 655774,09 manat məbləğində vergi borcunun büdcəyə ödənilməsinin təmin olunması üçün ilə 750000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə qərar qəbul olunmasını tələb olunur. Lakin işin qeyd olunan hallarndan göründüyü kimi, hazırkı iş üzrə cavabdeh "ALOV" Sənaye-Ticarət Assosiasiyasıya vergi borcunun əsasını təşkil edən vergi orqanının qeyd olunan qərarları Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Başqa sözlə, cavabdeh "ALOV" Sənaye-Ticarət Assosiasiyasının iddiaçı qarşısında borc öhdəliyi qüvvədən düşmüşdür. Belə olan halda, iddiaçının cavabdehə qarşı 655774,09 manat mənat məbləğində “vergi borcunun ödənilməsinin təmin edilməsi üçün siyahıya alınmış əmlakın açıq hərracda satılması haqqında iddia tələbinin» təmin edilməsi üçün əsaslar da aradan qalxmış olur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən vergi borcunun yaranma əsaslarının hərtərəfli araşdırılmadığını, iddianın təmin olunması barədə tələskən qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2911/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392 və 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2911/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar