Məhkəmə qərarları › İş №2-2(103)-40/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-40/2020

15.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-40/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vergilər Nazirliyi) “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin vergi ödənilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-849/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-4704/2017 saylı icra sənədi üzrə ipoteka predmetləri olan: - Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 40 saylı evin 1 saylı mənzili üzrə; -Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 78v saylı evin 4-cü girişində yerləşən 175 saylı mənzili üzrə; - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 7-ci sırada yerləşən 34 saylı fərdi yaşayış evi üzrə; -Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 45 saylı evin A korpusu 1 saylı girişində yerləşən 54 saylı mənzili üzrə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin, ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin İddiaçı ASC-dən tutulmadan və ödənilməsi ondan tələb edilmədən, bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-4704/2017 saylı qətnaməsi ilə cavabdehlər X2 və X5 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, K1309 saylı kredit müqaviləsi üzrə 256.571,77 manat məbləğində kredit borcu, 22.456,97 manat məbləğində faiz borcu, 2.794 manat məbləğində hesablanmış cərimə, cəmi 281.822,74 manat məbləğində borcun, 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqının, 700 manat ekspertiza xərcinin tutulması, tutmanın cavabdeh X6 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən və ünvan 2 v, 4-cü giriş, mənzil 175 ünvanında yerləşən yaşayış sahələrinə; X3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 7-ci sırada yerləşən 34 saylı fərdi yaşayış evinə; X7 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi və ipoteka predmetləri olan X9 məxsus - ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ilkin satış qiyməti 49.000 manat və ona məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin ilkin satış qiyməti 160.500 manat; lyazova Əsmatel Əsəd qızının mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 7-ci sıra 34 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 69.200 manat; X7 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin ilkin satış qiyməti 99.600 manat olmaqla, açıq hərracda satılması, satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehlər X1 və X6 İddiaçı ASC-nə olan kredit borcu, kreditdən istifadəyə görə faiz, cərimə, notariat xərci və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrası üçün yetərli olmadığı halda borcun qalan hissəsinin ümumi qaydada borcludan tutulması və daşınmaz əmlakın satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin mülkiyyətçi olan cavabdehə verilməsi,iş üzrə məhkəmə məsrəfi olan ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 50 manat məbləğində pul vəsaitinin cavabdehlər X2 və X5 tutularaq AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia qismən təmin edildiyindən bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat məbləğində pul vəsaitinin cavabdehlər X2 və X5 tutularaq banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi ilə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, şöbəsinin icra məmuru Aqil Cəbiyevin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və “İcra haqqında” Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün cavabdeh Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə xx.xx.2018-ci il tarixli sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı tərəfindən icra sənədi üzrə ipoteka predmetləri olan əmlaklar xx.xx.2019-cu il tarixdə açıq hərraca çıxarılmışdır. İlkin hərrac baş tutmamış, xx xxxx 2019-cu il tarixli, 02 nömrəli bildirişə əsasən təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilərək əmlaklar ilkin satış qiymətindən 15 % aşağı qiyməti ilə təkrar hərraca çıxarılmışdır. Lakin təkrar hərrac da baş tutmamış və cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli bildiriş məktubu ilə ipoteka predmeti olan əmlaklar “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə İddiaçı ASC-yə təklif olunmuşdur. Cavabdeh banka ünvanladığı xx.xx.2019-cu il tarixli bildiriş məktubunda qeyd etmişdir ki, ipoteka predmetini əldə etmək hüququna malik olan şəxs hərracın xidmət haqqını ödədikdə protokol tərtib olunur və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi də protokol tərtib edilməmişdən öncə ödənilməli, xx.xx.2019-cu il tarixli məktubunda isə icra sənədi üzrə göstərilən xidmətlə bağlı əmlaklar üzrə xidmət haqının ödənilməli olduğu bildirilmişdir. İddiaçı pretenziya göndərərək, cavabdehin bildirişinin hərrac üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin alıcıdan və ya ipoteka predmetini əldə edən şəxsdən tutulması hissəsi ilə razılaşmamış və bankın səlahiyyətli nümayəndəsi ilə 5 gün müddətində hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını xahiş etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh pretenziya məktubuna xx xxxx 2019-cu il tarixli imtina məktubu ünvanlayaraq əmlaka hesablanmış sadələşdirilmiş vergi ödənildikdən sonra protokol və alqı-satqı müqaviləsi tərtib olunacağını bildirmiş və rəsmiləşdirmə aparılmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə görə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin bilavasitə ipoteka predmetini əldə edən şəxsdən tutulması müəyyən edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-849/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vergilər Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş, yanlış və əsassız qənaətə gəlmişdir. Belə ki, vergi qanunvericiliyinə x xxxxxx 2016-cı il tarixdən yeni dəyişikliklə əlaqədar qüvvəyə minən 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2, 102.1.18, 106.1.16, 144.1.1, 144.1.2-ci maddələrində nəzərədə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Həmin Məcəllənin 219.3-1, 150.1.9, 150.3-1-ci maddələrindən görünür ki, yalnız mülkiyyətində lan yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunur və təqdim edilməsi ilə bağlı müqaviləni təsdiq edən notarius bu vergini yaşayış və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tutaraq dövlət büdcəsinə ödəyir və bununla bağlı müvafiq hesabatı vergi orqanına təqdim edir. Başqa sözlə həmin sahələrin təqdim edilməsi zamanı mülkiyyətçi ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsini təsdiq edən notarius mülkiyyətçinin əldə etdiyi gəlirindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sadələşdirilmiş vergini hesablayaraq ödəmə mənbəyində tutur və dlövlət büdcəsinə ödəyərək bu barədə hesabatı vergi orqanına təqdim edir. Yəni, sahənin təqdim edilməsi əməliyyatında onu təqdim edən (satan) mülkiyyətçi və alan şəxs çıxış edir və bu təqdim olunma zamanı notarius tərəfindən sadələşdirilmiş vergi məhz mülkiyyətçinin əldə etdiyi gəlirindən ödəmə mənbəyində tutulur. Qeyd olunanlardan fərqli olaraq xx.xx.2019-cu il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 150.1.13-cü maddəsində, qanunvericilikdə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi zamanı sadələşdirilmiş verginin tutulması öhdəlyi hərracın nəticələrini “Daşınmaz əmlakın dövlətt reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş prtokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sadələşdirilmiş verginin məhz yaşayış və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tutulması göstərilməmişdir. Belə ki, İpoteka haqqında Qanunun 41.2, 43.8, 47.2, 47.4, 47.5,-cü maddələrinin təhlilindən görünür ki, borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qərarının icrası məqsədilə icra məmuru ipoteka predmetinin satılması üçün hərrac təşkilatlarına sifariş verir və hərrac təşkilatları tərəfindən hərrac baş tutmadıqda ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ipoteka saxlayan onu banka təklif edir. Bank, ipotekaya xitam verilməməsi üçün ipoteka predmetinin təqdim edilməsi əməliyyatında ipoteka predmetini əldə edən, hərrac təşkilatı isə ipoteka predmetini satan (mülkiyyətçisi) deyil, məhz hərracın keçirilməsinə cavabdeh olan şəxs kimi çıxış edir. Yəni, qeyd olunan təqdim etmə əməliyyatı zamanı ipoteka predmetinin satıcısı faktiki mövcud olmur. Hətta hərrac baş tutsa belə, bu halda yalnız ipoteka predmetini əldə edən mövcud olacaq satıcı qismində bu əməliyyatda heç bir subyekt çıxış etmir. İpoteka predmetinin hərrac vasitəsilə təqdim edilməsi zamanı hərracın nəticələrini protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergini hesablayaraq ipoteka predmetini əldə edən bankdan tutması, onun dəyəri bankın tələbindən artıq olduğu halda vergiyə görə ödənilən vəsaiti çıxaraq qalan vəsaitin ipoteka qoyana qaytarılması, az olduğu halda isə qalan borcun üzərinə gəlməsi qanunvericilyin tələblərinə tam uyğundur. Vergi məbləği məhz əldə edənin həyata keçirdiyi ödənişdən tutulur, lakin bu məbləğ əmlakı təqdim edənin hesabına aid edilir. Hazırkı halda bank ipoteka predmetini öz mülkiyyətinə qəbul etməklə borcu şəxsin borcunu əvəzləşdirir. Başqa sözlə, mülkiyyətçinin gəlirini onun bank qarşısında olan borc öhdəliyinin əvəzləşdtirilməsi təşkil edir və gəlir bank tərəfindən ona verilmiş sayılır. Gəlir ona məhz bank tərəfindən verilir. Vergi qanunvericiliyi sadələşdirilmiş verginin məhz gəliri ödəyən şəxsdən (bankdan) tutulmasını, lakin bu veorginin əmlakı təqdim edən şəxsin hesabına aid edilməsini müəyyən edir. Beləliklə, hərrac vasitəsilə əmlakın təqdim edilməsi zamanı hər bir halda sadələşdirilmiş verginin tutulması baş verməlidir. Vergi tutulmadan yekun protokolun tərtib olunması yol verilməzdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh, 3cü şəxs (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (“MPM”) 135.8-ci və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Hüseynov üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası nümayəndəni dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Onun apellyasiya şikayətindən isə göründüyü kimi, Vergi Məcəlləsinin 150.1.9, 150.3-1,150.1.13, 218.3.4, 219.3-1-ci maddələrinə istinadən hesab edir ki, ödəmə mənbəyində sadələşdirilmiş vergi, hərracın keçirilməsi əməliyyatında satıcı mövcud olmasa da, ipoteka predmeti olan əmlakları əldə edən iddiaçı bankdan tutulmalıdır. Vergi orqanı bu mövqeyini onunla əsaslandırır ki, bank, borc öhdəliyinin əvəzləşdirilməsi qaydasında gəlir ödəyən şəxsdir, yəni bankın həyata keçirdiyi ödəniş gəlir mənbəyidir, vergitutma obyektidir. Sadələşdirilmiş vergi də məhz, həmin məbləğdən tutulur, amma əmlakı təqdim edənin hesabına aid edilir. Məhkəmə kollegiyası aşağıdakılara görə üçüncü şəxsin kifayət qədər ziddiyyətli olan qeyd edilən dəlilləri ilə razılaşmır. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokola təsdiq edən ödəmə mənbəyində İxtisaslaşdırılmış təşkilatlar vergini tutmağa borcludur. Həmin Məcəllənin 150.3-cü maddəsinə görə notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Vergi Məcəlləsinin 13.2-ci maddəsinin qeyd olunan müddəalarından göründüyü kimi, malların, o cümlədən, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergitutma obyektləri sayılır. Həmin Məcəllənin 150.1.13-cü və 150.3-cü maddələrinin qeyd olunan müddəalarından isə göründüyü kimi, yaşayış və qeyri-yaşayış sahələrinin (habelə torpaq sahələrinin) açıq hərrac qaydasında ixtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən təqdim edilməsi zamanı hərrac təşkilatı sadələşdirilmiş vergini hesablayaraq vergi orqanına ödəməyə borclu olduğu təsbit olunmuş, lakin bu zaman, qanunverici tərəfindən həmin verginin kimdən tutulmalı olmasına aydınlıq gətirilməmişdir. Konkret halda isə, hazırkı iş üzrə ipoteka saxlayan iddiaçı bankın ipoteka predmeti olan əmlakları təqdim edəni “satıcı” yerində qoyulması istisna edildiyi halda, ondan ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması mümkünlüyü də istisna olunur. İddiaçının (bankın) “satıcı” statusunu alması isə, «İpoteka Haqqında» Qanunun 43.9cu maddəsində nəzərdə tutulan halda yalnız mümkündür. Belə ki, Qanunun qeyd olunan 43.9-cu maddəsinin tələbinə görə ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Məhz həmin özgəninkiləşdirmə anı da məhz təqdim etmə anını və ona ödənilən əmlak dəyərindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması momentidir. Göründüyü kimi, hər bir halda bank tərəfindən hərracın təklifi nəticəsində əldə etdiyi ipoteka predmeti olan əmlakların qanunun müəyyən etdiyi məcburi özgəninkiləşdirmə öhdəliyini icrası anında təqdim edilməsi zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəməsi mümkündür. Hətta, həmin anda əmlakların qiyməti, onun əldə etdiyi hərrac qiymətindən daha üstün qiymətlə satıldığı təqdirdə dövlət büdcəsinə ödənilməli verginin məbləği də təbii ki, hərracdakı qiymətindən hesablanacaq vergi ilə müqavyisədə daha çox büdcəyə xeyir gətirmiş olur. Başqa sözlə, qanunvericinin qeyd olunan 43.9-cu maddəsinin tələbi baxımından, bank əldə etdiyi ipoteka əmlaklarına görə vergi qanunvericiliyi ilə müəyyən olunan ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəmək öhdəliyindən yayınması mümkünsüzlüyü açıq görünür. Konkret halda isə ondan ilkin, yəni hərrac mərhələsində həmin verginin ödənilməsinin tələb olunması isə gələcəkdə məcburi şəkildə həmin əməlakları özgəninkiləşdirərkən təkrarən eyni vergini ödəməsinə gətirib çıxarır. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələbinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Əslində, konkret halda, hazırkı mübahisənin kommersiya xarakterli olduğunu nəzərə alsaq, Mülki Məcəllənin 2.1-ci və 2.5-ci, eləcə də, «Normativ-hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddələrinin tələbləri baxımından, mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Lakin, mülki qanunvericiliklə də həmçinin, açıq hərrac baş tutmadığı halda, iddiaçı bankın əldə etdiyi əmlaklara görə ondan ödəmə mənbəyində verginın tutulması ilə bağlı tənzimləyici norma müəyyən edilmir. Konkret halda isə mübahisələndirilən məsələnin mülki qanunvericiliyin aşağıdakı normaları ilə əlaqəli şəkildə təhlili mümkünlüyündən söhbət gedə bilər. Mülki Məcəllənin 419.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Qeyd olunan normadan göründüyü kimi, ipoteka ilə yüklü edilmiş obyektin satınalma qiymətindən tutulmalı xərclərin, o cümlədən, vergilərin kimdən tutulacağı qeyrimüəyyəndir. Eyni zamanda, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulur ki, ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən, vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Mülki qanunvericiliyin bu normasında isə ipoteka predmetinin saxlanılması və salamatlığı ilə bağlı ipoteka saxlayanın vergilər və digər xərclərdən söhbət gedir ki, burada da ipoteka predmetinin təqdim edilməsinə görə vergilərin kimdən tutulacağı barədə müddəa mövcud deyil. Həmin Qanunun “hərracın baş tutmamış elan edilməsi” ilə bağlı 43-cü maddəsinin müddəalarına gəldikdə isə, hərrac baş tutmamış elan edildiyi təqdirdə ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətləipoteka saxlayana təklif olunması və sonuncu tərəfindən alınması variantında da vergilərin kimdən tutulacağı tənzimlənməmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli Qərarında da məhz keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığı vurğulanaraq müvafiq şərhlə məslənin tənzhimlənməsini qeyri-mümkün hesab etmiş və bu baxımdan, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının qısa müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarını tənzimləyici normaların qeyri-müəyyənliyi və mübahisəlndirilən məsələ ilə bağlı bu kimi aydın olmayan məqamlar ipoteka predmeti olan əmlakları əldə edən iddiaçı bankın xeyrinə şərh edilməli olan hallar kimi qiymətləndirilməlidir. Belə ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsində də imperativ şəkildə təsbit olunur ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh ediləlidir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir. Həmin qətnamənin ləğv edilməsi üçün MPM-in 385.1-ci maddəsində sadlanan əsaslar yoxdur. Qətnamə qanuni və əsaslıdır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vergilər Nazirliyinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyini, tətbiq edilməli olan qanunu düzgün tətbiq edilmədiyini, yanlış və əsassız nəticəyə gəlindiyini mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-849/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vergilər Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-849/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar