Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-40/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-54/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC və cavabdeh «xxxx» ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən hesablanmış 53388 manat məbləğində borcun silinməsi, 74587,60 manat məbləğində maddi ziyan, 50000 manat məbləğində mənəvi ziyan, ümumilikdə isə 124587,60 manat məbləğdə pul vəsaitinin “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(81)-54/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, «xxxx» ASC tərəfindən tərtib edilmiş 2017-ci il 19 oktyabr tarixli 003708 saylı akt ləğv edilmiş, aktın əsasında hesablanmış 53388 manat məbləğində cərimənin İddiaçı MMC-nin şəxsi hesabından silinməsi, 12365,72 manat dəyərində maddi ziyanın «xxxx» ASC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza ilə bağlı 300 manat ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh «xxxx» ASC də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilərək iddianın tam rədd olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə iddiaçı tərəfin təqdim etdiyi Auditor Hesabatını sübut kimi qəbul etmiş, lakin tam təhlil edib lazımi hüquqi qiymət verməmiş və həmin hesabatın cavabdeh tərəfindən mübahisələndirilmədiyini nəzərə almamışdır. Hesabatda bir baş cücənin maya dəyərinin 2,80 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə cücənin bir başının dəyərini 0,68 manat qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə aktın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edərkən, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə zidd olaraq iddia tələbindən kənara çıxmışdır. Vurulmuş maddi ziyana görə cavabdehdən pul tutulması barədə məhkəmənin gəldiyi nəticə də əsassız olmaqla, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, EEİQ-in 8.17-ci bəndində imperativ şəkildə təsbit edilmişdir ki, pozuntu halları aşkar edildikdə enerji təchizatı müəssisəsi istehlakçını elektrik şəbəkəsindən açılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il tarixli 23 yanvar 2-2(103)-55/2020 saylı qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli 2-2(81)-54/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC və cavabdeh «xxxx» ASC həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-288/2020 saylı qərarı ilə hər iki kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-55/2020 saylı qətnaməsi “xxxx” ASC-nin xx xxxxxxx 2017-ci il tarixli 003708 saylı aktının ləğv edilməsi və 12365,72 manat dəyərində maddi ziyanın cavabdehdən tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndələri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-288/2020 saylı qərarındakı göstərişləri nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız “xxxx” ASC-nin 2017-ci il 19 oktyabr tarixli 003708 saylı aktının ləğv edilməsi və maddi zərərin cavabdehdən tutulması hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus obyektdə quraşdırılmış elektrik sayğacına “xxxx” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və xx.xx.2017-ci il tarixli akt tərtib edilərək, aşkar edilən nöqsanların müayinə edilməsi üçün sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Laboratoriya müayinədən sonra xx.xx.2017-ci il tarixdə sayğacların və cərəyan transformatorların yoxlanması barədə protokol tərtib olunmuş, daha sonra Akt Komissiyasının xx.xx.2017-ci il tarixli icra vərəqinə əsasən iddiaçıya itirilmiş elektrik enerjisinə görə 219 gün müddəti üçün 53388,72 manat məbləğində əlavə ödəniş hesablanmış və hesab faktura təqdim edilərək ödənilməsi ondan tələb olunmuş, əks halda, elektrik enerjisinin verilişinin xx.xx.2017-ci il saat 14:00-dan dayandırılacağı barədə xəbərdar edilmiş və elə həmin gün də, obyektin elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. Bundan 3 gün sonra, yəni xx.xx.2017-ci il tarixdə həmin obyektdə elektrik enerjisi bərpa edilmişdir. İddiaçı bildirir ki, cavabdeh qanunsuz olaraq elektrik enerjisinin verilməsini dayandırmış, bu səbəbə görə fabrikdə olan quşlar tələf olmağa başlamış və nəticədə xx.xx.2017-ci il xx.xx.2017-ci il tarixinə kimi olan dövrdə MMC-də saxlanılan 14199 baş quş tələf olmuşdur. Ümumilikdə elektrik enerjisinin kəsilməsinə görə normativdən artıq ölən 10122 baş quş 2,xx xxxxxxxx 28341,60 manat, çəki normadan az olduğundan 46246 manat, cəmi, təsərrüfata 74587,60 manat məbləğində zərər dəymişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və ona görə də, zərərin əvəzinin ödənilməsi öhdəliyi əmələ gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də bu əsaslar mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsinin şərtlərinə görə cavabdeh iddiaçını fasiləsiz elektrik enerjisi ilə təmin etməyi iddiaçı isə bunun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin hazırki işdə cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC-nin Akt Komissiyasının xx.xx.2017-ci il tarixli icra vərəqi ilə iddiaçıya 53388,72 manat məbləğində borc yazılmış və bundan yalnız bir gün sonra obyektin elektrik enerjisi ilə təchizatını dayandırmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandıra bilər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi “xxxx” ASC İddiaçı MMC-yə verdiyi elektrik enerjisini yalnız 53388,72 manat məbləğində borcunun olmasına dair xx.xx.2017ci il tarixli icra vərəqi tərtib etdikdən və sonuncu həmin borcu ödəmədikdə 1 ay sonra, yəni xx.xx.2017-ci il tarixdə dayandıra bilərdi. Lakin o, qanunvericiliyin bu tələbini pozmuş və icra vərəqinin tərtib edildiyi günün sabahısı günü iddiaçıya elektrik enerjisinin verilməsini dayandırmış və bununla da, iş fəaliyyəti birbaşa elektrik enerjisindən asılı olan iddiaçının maddi zərərə məruz qalmasına səbəb olmuşdur. İddiaçıya zərərin dəyməsi isə aşağıdakılarla müəyyən olunur. Belə ki, birinci instansiya məhkəməsində iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş – Bakı Baytarlıq İdarəsinin baytar həkimi Alıyev Əbülfət verdiyi izahatinda bildirmişdir ki, quşlarda bədən hərarəti digər heyvanlardan fərqli olaraq 41 dərəcə müəyyən edilir. Quşların saxlanılmasında bayır mühitin temperaturu ilə quşların saxlanıldığı yerin temperaturu tənzimlənir. Temperaturun lazımı dərəcədə olması elektrik enerjisinin verilməsindən asılıdır. Həmçinin elektrik enerjisinin kəsilməsi nəticəsində quşlarda patogen infeksiyanın baş qaldırmasına səbəb olur. Yəni bu ayrogen və həzm yolu ilə qəbul edilən infeksiyanın şəraitdən asılı olaraq baş verməsidir. Otaqda temperatur düşdükdə quşlar biri-birilərinə sıxlaşaraq bir yerə toplanırlar ki, bu da sıxılma nəticəsində quşların tələf olması ilə nəticələnir. Həmçinin gecə vaxtı işıq söndürülərsə quşlarda korluq xəstəliyi baş verir. Hazırkı halda quşlara infeksiya yaşından asılı olaraq onlara verilən qida elektrik enerjisi olmadığından, bişirilərək hazırlanıb verilmədiyindən, infeksiya yoluxma halı artaraq quşların tələfi ilə nəticələnmişdir. Suraxanı rayonu baytarlıq sahəsinin müdiri Rəhim Bilalov tərəfindən verilmiş İddiaçı MMC-də 2017-ci ilin oktyabr-noyabr aylarında mövcud olan quşların sağlamlığı və Baytar- Sanitariya vəziyyəti haqqında arayışda qeyd edilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kolxoz küçəsi 72 ünvanda yerləşən İddiaçı MMC-nin direktoru Sevindik Süleymanovun xx.xx.2017-ci il tarixdə Suraxanı Baytarlıq sahəsinə təsərrüfatda quşların kütləvi xəstələnməsi və tələfatı haqqında məlumatına əsasən baş vermiş hadisənin səbəblərini araşdırmaq məqsədilə 26, 30 oktyabr və xx xxxxxx 2017-ci il tarixlərdə həmin təsərrüfatda müvafiq qanunvericiliyə əsasən quşlara kliniki baxış keçirib, ölmüş quşlarda patolojianatomik yarma apararkən qastroenterit, hepatit, nefrit, bronxopnevmoniya və s. xəstəliklərin xarakterik patoloji dəyişikliklərin olduğunu müşahidə etdim. Həmin xəstəliklərin əmələ gəlməsi səbəblərini araşdırmaq məqsədilə quşların saxlama, yemləmə, istilik-hava rejimlərinə və digər baytar-sanitariya qaydalarına əməl olunmasına nəzarət üçün müxtəlif yaşda quş saxlanılan quş damlarına baxış keçirərkən bütün quş damlarında havanın rütubətli, tozlu, zərərli qazların həddən artıq olmasını, yem qablarında yemin olmamasını müşahidə etdim. Tələb olunan həmin texnoloji qaydaların pozulmasına, yem üyüdüb-qarışdıran, yem paylayan, istilik hava rejimini nizamlayan qurğu və avadanlıqların işləməsi üçün tələb olunan elektrik enerjisinin olmaması səbəb olmuşdur. Təsərrüfatın daxili imkanları hesabına generatorlarla alınan alternativ elektrik enerjisi ilə quş damlarının işıqlandırılması mümkün olsa da, daha çox enerji tələb edən həmin avadanlıqları və qurğuları işlətmək mümkün olmamışdır. Ona görə də, yemləmə, istilik hava rejimlərinə xüsusi tələbkar olan yüksək məhsuldar broyler quşları qısa müddətdə xəstələnib inkişafdan qalmış və tələfat artmışdır. Yetişdirmə prosesinin gələcək mərhələsində qeyd olunan texnoloji pozğunluqlar bərpa olunsa da, həmin quşların sağlamlıqlarının tam bərpa olunması mümkün olmamış və digər xəstəliklərin də başverməsi təhlükəsi qalır. Suraxanı Baytarlıq sahəsini müdiri R.Bilalov, İddiaçı MMC-nin direktoru S.Süleymanov, təsərrüfat zootexniki Ramiz İsrafilov, dezinfektor fəhləsi Arif Səlimxanov, quşabaxanlar Məlahət Hüseynova, Sima Həsənova, yemlik üzrə işçi Zahir Vəliyev tərəfindən tərtib edilmiş xx xxxxxxx 2017-ci il tarixli aktda qeyd olunur ki, 8 ədəd quş damında 3-40 günlük yaşda olan, cəmi 200.000 ətlik broyler quşu saxlanılır. Həmin gün quşlardan 513 baş ölmüş, quşlardan 40 başda patoloji-anatomik yarma apararkən qastroenterit, hepatit və çinədanlıq (əksəriyyətində) yem kütləsinin olmaması əlamətləri müşahidə olundu. Həmin patoloji-anatomik dəyişikliklərin və ölümün əmələ gəlməsinə və istilik-hava rejimlərinin pozulmasına səbəb ola bilər. Təsərrüfatda çalışan işçilərin dediyinə görə oktyabr ayının 24-də saat 14:00-da təsərrüfata gələn işıq söndürüldüyündən (kəsildiyindən) quşları yemləmək və istilik-hava rejimlərinə əməl edilməsi mümkün olmamışdır. Generatorların köməkliyi ilə quş saxlanılan tövlələr işıqlandırılsa da, havatəmizləyici ventilyatorlar və s. elektriklə işləyən qurğuları işlətmək mümkün olmamışdır. Biz təsərrüfatda olan zaman xx xxxxxxx 2017-ci il tarixdə həqiqətən yem sexinin işləmədiyini, yem paylayıcı və hava təmizləyici qurğuların işləmədiyinin şahidi olduq. Ona görə də təsərrüfatın elektrik təchizatı təcili surətdə bərpa olunmalıdır. Əks təqdirdə məhsuldarlığın kəskin surətdə aşağı düşməsi ilə tələf olanların daha da artması təhlükəsi yaranmışdır. Suraxanı Baytarlıq sahəsini müdiri R.Bilalov, İddiaçı MMC-nin direktoru S.Süleymanov, təsərrüfat zootexniki Ramiz İsrafilov, dezinfektor fəhləsi Arif Səlimxanov, quşabaxanlar Məlahət Hüseynova, Sima Həsənova, yemlik üzrə işçi Zahir Vəliyev tərəfindən tərtib edilmiş Heyvan mənşəli məhsulların istehsalı, tədarükü, saxlanılması və ticarəti ilə məşğul olan obyektlərdə dövlət baytarlıq nəzarətinin təmin olunması haqqında xx xxxxxxx 2017-ci il tarixli aktda qeyd olunur ki, Azərbaycan Respublikasının “Baytarlıq Təbabəti haqqında” Qanuna uyğun olaraq dövlət baytarlıq nəzarəti həyata keçirilərkən aşağıdakılar müəyyən olundu: hazırda təsərrüfatda olan 8 ədəd quş damında 340 günlük yaşda olan quşlara klinik baxış keçirildi və ölən 611 baş quşların bir qismi qastroenterit dəyişikliklər müşahidə olundu. Təsərrüfata verilən elektrik enerjisi xx xxxxxxx 2017-ci il tarixdə bərpa olunsa da, elektrik enerjisinin kəsildiyi müddətdə texnoloji proseslərə əməl olunması üçün istifadə olunan elektrik avadanlıqlarının işləməməsi nəticəsində baş verən pozğunluqlar nəticəsində baş verən tələfat və digər neqativ proseslər mövcud quşlar arasında davam edir və bir müddət müşahidə olunacaqdır. Göründüyü kimi İddiaçı MMC-yə məxsus quşçuluq fermasında elektrik enerjisi verilişinin qəflətən dayandırılması səbəbindən fermada yem verilməsi prosesi dayanmış və quşlara yemin verilə bilməməsi səbəbindən broylerdə (fermalarda-tövlələrdə) bəslənilən 01-40 günlük cücələr aclıqdan və sair hallar nəticəsində kütləvi surətdə qırılmışlar. Elektrik enerjisinin verilişinin dayandırılması “xxxx” ASC-nin qəsdən, təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehin hərəkətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativ akt sayılan Qaydaların tələblərinə zidd olmuş və bu hərəkətlərin nəticəsində iddiaçının qanunla qorunan hüquqlarına birbaşa ziyan vurulmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, “xxxx” ASC tərəfindən iddiaçıya 53388,72 manat məbləğində borcun yazılması da tamamilə qanunsuz olmuşdur. Belə ki, hazırki kommersiya mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun əsassız yazılması və “xxxx” ASC tərəfindən silinməsi qət edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya dəymiş zərərin həcmi və məbləği isə aşağıdakı kimi müəyyən olunmalıdır. 18/60 saylı xx xxxxx 2018-ci il tarixli müstəqil Auditor Hesabatından görünür ki, Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının xx xxx 2016-ci il tarixli 276/9 saylı xx xxxxxxxx 2016-cı il tarixli SA/039 qeydiyyat nömrə ilə 5 il müddətinə auditor fəaliyyəti göstərmək üçün icazəsi olan sərbəst auditor Musayev Adıgözəl Maqsud oğlu ilə İddiaçı MMC-nin arasında bağlanan xx.xx.2018-ci il tarixli 18/60 saylı müqaviləyə əsasən Quşçuluq fabrikinə elektrik cəmiyyətə dəymiş ziyanın müəyyən edilməsinə dair auditor yoxlamasını apararaq hesabat tərtib edilmişdir. Həmin hesabatda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrə cəmiyyət tərəfindən təqdim edilmiş ölmüş quşlara dair təqdim edilmiş aktda quşların ölümlərinin sayı 14199 baş qeyd edilmişdir. Bundan əlavə cəmiyyətdə cücə alınması 115515.00 manat, 475468.01 kq 253673.00 manat məbləğində yem məsrəfi, 1421.00 manat əmək haqqı, 312.00 manat DSMF-na ayırmalar, 5370.00 manat enerji, 4236.00 manat Azəriqaz və 93.00 manat sair xərclər cəmi 1 baş cücənin maya dəyəri 380520.00 manat : 135900 baş = 2.80 manat məbləğindədir. Cəmiyyət tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə 36000 baş, xx xxxxxxx 2017-ci il tarixdə 35500 baş, xx xxxxxxx 2017-ci il tarixdə 33000 baş və xx xxxxxxx 2017-ci il tarixdə 31400 baş, cəmi 135900 baş bir günlük cücə alınmışdır. Alınmış cücələrdən 14199 baş ölüm olmuşdur. Normativ üzrə ölüm 3%-dək nəzərdə tutulmuşdur. Yəni 135900 baş x 3% = 4077 baş normativ üzrə ölüm olmalıdır. Cəmi 14199 baş- 4077 baş = 10122 baş normativdən artıq müxtəlif yaş qrupundan artıq ölüm olmuşdur. Cəmiyyətdə faktiki satılan quşların çəkisi 121701 baş x 1.1 kq = 133871 kq olmuşdur. Cəmiyyətə daxil olan pul vəsaiti isə 133871 kq x 1.90 manat = 254355 manat olmuşdur. Normativ üzrə hər bir quşun diri çəkisi 1.3 kq hesabı ilə nəzərə aldıqda, onda 121701 baş x 1.3 kq 1:8211 kq. Cəmiyyətin nəzərdə tutulmuş gəliri 15821 1 kq x 1.90 = 300601 manat olmalı idi. Bundan da faktiki satışı nəzərə aldıqda 46246 (3006xx xxxxx 254355 manat) manat məbləğində fərq vardır. Yəni elektrik enerjisinin kəsilməsindən quşlarda çəki artımı normadan az olduğundan təsərrüfata 46246 manat ziyan dəymişdir. Ümumilikdə elektrik enerjisinin kəsilməsindən normativdən artıq ölən 10122 baş x 2.80 = 28341,60 manat dəyərində və çəki artımı normadan az olduğundan təsərrüfata 46246 manat, cəmi 74587,60 manat məbləğində ziyan dəymişdir. Göründüyü kimi elektrik enerjisinin kəsildiyi 3 gün ərzində İddiaçı MMC-yə məxsus obyektdə cücələrin normativ üzrə ölümü çıxılmaq şərti ilə 10122 baş normativdən artıq müxtəlif yaş qrupundan ölüm olmuşdur. Eyni zamanda həmin hesabatdan görünür ki, 1 baş cücənin maya dəyəri 2,80 manat olmuşdur. Həmin maya dəyəri ilə hesabladıqda isə müəyyən olunur ki, elektrik enerjisinin kəsilməsindən normativdən artıq 10122 baş cücənin ölməsi nəticəsində iddiaçıya 28341,60 manat məbləğində zərər dəymişdir (10122 baş x 2,80 manat = 28341,60). Kollegiya hesab edir ki, qeyd olunan hissədə həmin hesabatın qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir əsas mövcud deyildir. Ona görə də, cücələrin ölməsi nəticəsində iddiaçıya dəymiş 28341,60 manat məbləğində real zərərin əvəzi «xxxx» ASCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsi də «xxxx» ASC-nin təqsirli hərəkəti nəticəsində həmin 10122 baş cücənin ölməsi və bununla da iddiaçıya zərər dəyməsi qənaətinə gəlmiş, lakin iddiaçıya dəymiş zərərin məbləğini düzgün hesablamamışdır. Belə ki, məhkəmə bir baş cücənin maya dəyərini 0,68 manat qəbul etmişdir. Halbuki hesabatda MMC tərəfindən cücə alınmasına, yem məsrəfinə, əmək haqqına, DSMF-yə ayırmalara, enerji, qaz və s. xərclərə sərf olunmuş vəsait də daxil edilməklə, 1 baş cücənin maya dəyəri 2,80 manat müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, 46246 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı məhz elektrik enerjisinin kəsilməsi nəticəsində quşlarda çəki artımının normadan az olması və bu səbəbdən təsərrüfata 46246 manat ziyan dəydiyini bildirsə də, elektrik enerjisi kəsilməmişdən əvvəlki dövr üçün quşların çəkilərinin normativə (auditor hesabatına əsasən 1,3 kq) uyğun olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Auditor Hesabatında da bununla bağlı sənədlərə istinad olunmamışdır. Həmçinin kollegiya qeyd edir ki, cücələrin çəkisinin azalması təkcə elektrik enerjisinin olmaması ilə deyil, digər səbəblərlə də bağlı ola bilər ki, iddiaçı cücələrdə çəki artımının az olmasının həmin səbəblərlə əlaqədar deyil, məhz elektrik enerjisi kəsilməsi ilə bağlı olmasını sübuta yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə auditor rəyi əsaslı deyildir və əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçıya məxsus obyektdə onun tərəfindən əlavə olaraq öz vəsaiti hesabına 415 KVA gücünə malik quraşdırılmış dizel-generatorun mövcud olub-olmamasının, həmin generatorun gücünün müəssisənin elektrik avadanlığının istismarını mümkün edib-etməməsinin, iddiaçının dizel generatorundan bilərəkdən istifadə edib-etməməsinin müəyyən edilməsinin hazırki mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Belə ki, əvvəla, iş üzrə tərəflərdən heç biri bu hala istinad etməmişdir. İkincisi, nə tərəflər arasında bağlanmış enerjinin alqı-satqı müqaviləsində, nə də bu sahədə mövcud qanunvericilikdə istehlakçının (İddiaçı MMC) öz obyektində generator quraşdırmaq və zərurət olduqda ondan öz hesabına istifadə etmək vəzifəsi təsbit olunmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin həmin halları öz təşəbbüsü ilə araşdırması və ekspert qarşısında generatorla bağlı suallar qoymasına ümumiyyətlə zərurət olmamışdır. Həmçinin kollegiya hesab edir ki, “xxxx” ASC-nin 2017-ci il 19 oktyabr tarixli 003708 saylı aktının ləğv edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin aktın ləğv edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində isə təsbit olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də kollegiya hesab edir ki, həmin hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi aktın ləğv edilməsi hissəsində ləğv edilməli, maddi ziyanın cavabdehdən tutulması hissəsində isə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC və cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-54/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi 12365,72 manat dəyərində maddi ziyanın cavabdehdən tutulması hissəsində dəyişdirilsin və “xxxx” ASCnin 2017-ci il 19 oktyabr tarixli 003708 saylı aktının ləğv edilməsi hissəsində ləğv edilsin. Cavabdeh “xxxx” ASC-dən maddi zərərin əvəzi olaraq 28341,6 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-40/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-40/2021
16.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver