Məhkəmə qərarları › İş №2-2(103)-40/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-40/2025

02.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-40/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB və nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-120/2024 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfi ndən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 32837,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin istixana sahəsində qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, “Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 328374,80 manat borcun silinməsi, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 620 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-120/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" MMC-nin (abonent kodu 26**********000) istixana sahəsində qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi, həmçinin "xxxx" MMC-yə hesablanmış 328374,80 manat məbləğində borc silinməsi, eləcə də, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 620 manat məbləğində vəsait Cavabdeh İB-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə xərci olan 102 manat məbləğində vəsait Cavabdeh İB-ən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-120/2024 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin istixana sahəsində qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, “Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 328374,80 manat borcun silinməsi, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 620 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-120/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" MMC-nin (abonent kodu 26**********000) istixana sahəsində qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi, həmçinin "xxxx" MMC-yə hesablanmış 328374,80 manat məbləğində borc silinməsi, eləcə də, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 620 manat məbləğində vəsait Cavabdeh İB-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə xərci olan 102 manat məbləğində vəsait Cavabdeh İB-ən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttində 2019-cu ildə müəyyən dəyişikliklər edilmiş, tənzimləyicilər və digər qaz avadanlaqları ölçü cihazından (sayğac) sonraya köçürülmüş, əsas kimi X3 razılıq ərizəsi olmuş, halbuki ərizədə də, qeyd edildiyi kimi həmin dəyişiklik məhz "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttinin üzərindən aparılsa da, cəmiyyətdən heç bir razılıq alınmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı alınmış xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7200 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus torpaq sahəsində olan istixana üçün quraşdırılmış İtron G-1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacı qaz tənzimləyicisindən əvvəl quraşdırılmışdır. “Qaz təchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə əsasən qaz tənzimləyicisi qaz sayğacından əvvəl quraşdırılmışdır. “İtron, TZ/FLUXİ turbin qaz sayğacı. Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacın sonradan xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər. Göründüyü kimi Cavabdeh İB-i 2019-cu ildə qazın istehlakçısı olan "xxxx" MMC-dən razılıq almadan "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttində tənzimləyicini sayğacdan sonraya köçürmüş, bu isə ekspert rəyində qeyd edilən kimi, qazın sərfiyyatının düzgün hesablanmamasına gətirib çıxarmışdır. Nəticədə "xxxx" MMC ilk dəfə 2021-ci ildə borcun silinməsi və sayğacın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G 1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli İtron qaz sayğacının yenisi ilə dəyişdirilməsi qət edilsə də, cavabdeh tərəfindən sayğacın yenisi ilə əvəz edilməsi barədə məhkəməyə sübut təqdim edilməmiş, bu isə o deməkdir ki, dəyişdirilməsi nəzərdə tutulan sayğacda 2022 və 2023-cü illərdə qazın sərfiyyatının düzgün hesabladığı şübhə doğurur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin yekun məhkəmə aktlarına əsasən "xxxx" MMC-yə hesablanmış 296873 manat məbləğində borc silinmişdir. "xxxx" MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022 və 2023-cü illərdə artıq hesablanmış 328374,80 manat borcun silinməsini xahiş etmiş və borcun yaranmasının səbəbləri kimi 2019-cu ildə tənzimləyicinin iddiaçının icazəsi olmadan qaz sayğacından sonra quraşdırılması, həmçinin xx.xx.2021-ci il tarixli e-2 2(113)-1530/2021 nömrəli Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin icra edilməməsi nəticəsində qaz sayğacın dəyişdirilməməsi qeyd edilmişdir. Məhkəməyə təqdim edilən "xxxx" MMC-nin abonent saldosu üzrə təhlil aparılarkən müəyyən edilmişdir ki, sayğacın elektron göstəricilərinə əsasən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi abonentə ******* m3 (13449643 ********) qaz sərfiyyatı hesablanmış, həmin dövr üçün mexaniki göstəricilərə əsasən 584915 m3 (4525***-*******) qaz sərfiyyatı, yəni göstəricilərin arasında təxminən 3,6 dəfə fərq vardır, bu isə bir daha təsdiq edir ki, elektron göstəricilərə əsasən qazın sərfiyyatının həddən artıq çox yazılması, qaz sayğacının dəyişdirilməməsi (2(113) 1530/2021 nömrəli Bakı Kommesiya Məhkəməsinin qətnaməsi) və tənzimləyicinin yerinin abonentin icazəsi olmadan dəyişdirilməsi (ekspert rəyində qeyd edilmişdir ki, qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər) səbəbindən baş vermişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, borc Cavabdeh İB-nin hesabladığı qüsurlu olan elektron göstəricilərə əsasən deyil, mexaniki göstəricilərə əsasən hesablanmalıdır. Belə ki, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi mexaniki göstəricilərə görə sərf edilmiş 584915 m3 qazın dəyəri 128681,30 (584915 x 0,22) manat təşkil edir, bu isə elektron göstəricilərə görə sərf edilmiş qazın 459735,98 (2089709 x 0,22) manat dəyərindən 331054,68 manat azdır, yəni "xxxx" MMC-yə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi 331054,68 manat artıq borc hesablanmış, lakin "xxxx" MMC həmin vəsaitdən az 328374,80 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Göründüyü kimi, məhkəmə gedişatında müəyyən edilmişdir ki, "xxxx" MMC yə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi 331054,68 manat artıq borc hesablanmış, "xxxx" MMC isə məhz 328374,80 manat məbləğində borcun silinməsini tələb etdiyinə görə tələb iddia həcmi həddində, yəni "xxxx" MMC-nın 328374,80 manat məbləğində borcu silinməlidir. Bununla yanaşı tənzimləyicinin yeri abonentin icazəsi olmadan dəyişdirildiyinə görə tələb həmin hissədə, həmçinin dövlət rüsumu tələbi təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, "xxxx" MMC nin (abonent kodu 26**********000) istixana sahəsində qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsi Cavabdeh İB-nə həvalə edilməli, həmçinin "xxxx" MMC-yə hesablanmış 328374,80 manat borc silinməli, eləcə də, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 620 manat məbləğində vəsait Cavabdeh İB-ən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərci olan 102 manat məbləğində vəsait Cavabdeh İB-ən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.

8. Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-120/2024 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

9. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablanmalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. İddiaçının qanunsuz hesab etdiyi 328374,80 manat məbləğində borc istehlakçı ilə qaz paylayıcının birlikdə müəyyən etdikləri onun qaz sayğacının göstəriciləri əsasında hesablanmış təbii qazdan istifadəyə görə yaranmış borcdur. Sayğac göstəricilərinə əsasən müəyyən edilən borcun nəyə görə qanunsuz borc kimi qiymətləndirilməsi qətnamədə əsaslandırılmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, işdə olan mülkiyyətçi X3 ərizəsində istixananın qaz tənzimləyicisinin qaz sayğacından sonra quraşdırılması xahiş olunur. Qətnamədə qeyd olunur ki, bu dəyişikliyin yerinə yetirilməsi üçün cəmiyyətdən heç bir razılıq alınmamışdır. Əgər mülkiyyətçi öz obyektinin layihəsində dəyişiklik edilməsini xahiş edirsə, normal halda istifadəçi bu dəyişikliyə görə iradını qaz paylayıcıya deyil, mülkiyyətçiyə bildirməlidir. Sübuta (ərizəyə) olduqca yanlış qiymət verilmişdir. Ekspertiza rəyində qeyd edilmiş “qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması, həmin sayğacın sonradan xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər” ifadəsini “sayğacın beş ayda sərfiyyatı 328374,80 manat məbləğində artıq qeydə alması” ifadəsinə bərabər tutulması və buna görə bu məbləğdə borcun silinməsi üçün qərar qəbul edilməsi, ya normal məntiqi mühakimənin pozulmasıdır, ya da hakimin öz vəzifə funksiyasını yerinə yetirməkdə təmənnasızlığına şübhələr yaradır. Ekspert rəyində sayğacın tənzimləyicidən əvvəl olmasının çox və ya az qeydə alması göstərilmədiyi halda məhkəmə “düzgün hesablanmamasına gətirib çıxara bilər” fikrini səhvən “qısa müddətdə külli miqdarda artıq sərfiyyatın qeydə alınmasına səbəb olur” fikri kimi qiymətləndirmişdir. Ola bilər ki bu hal sərfiyyatın faktiki miqdarından az qeydə alınmasına səbəb olsun. Həmçinin, iddiaçı iddia tələbini əsaslandırdığı halı, yəni qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması nəticəsində qaz sərfiyyatının külli mmiqdarda artıq qeydiyyata alınması halını sübut etmək üçün heç bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməni qaz sayğacının mexaniki göstəricisi ilə elektron göstəricisi arasında olan fərqə istinad edərək qəbul etmişdir. Birincisi, iddiaçı tələbini başqa hallar ilə əsaslandırır. Sayğacın mexaniki göstəricisi və ya elektron göstəricisi bu iddia ərizəsində mübahisələndirilməmişdir. İkincisi, həmin obyektdə elektron korrektorlu sayğac qoyulubsa, deməli sayğacın elektron göstəricisi sərfiyyatı müəyyən etməlidir. Çünki, elektron korrektor sayğacın mexaniki göstəricilərini havanın tempraturu, atmosfer təzyiqi və nisbi rütubəti nəzərə almaqla korreksiya edir. Buna görə də birmənalı surətdə qaz sərfiyyatı sayğacın elektron tablosunu göstəricilərinə əsasən müəyyən edilir. Cavabdeh İB-yi təbii qazı qəbul edərkən də qazın miqdarısayğacın elektron göstəricillərinə əsasən hesablanır. Bununla bağlı səlahiyyətli orqanın rəsmi məktubu da vardır. Üçüncüsü, sayğacın elektron yox, mexaniki göstəricilərinin əsas olması işdə heç bir sübut ilə təsdiq olunmur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdeh, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

12. İddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015ci il 11 fevral tarixli qərarlarında qeyd olunur ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

21. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

22. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iş materiallarına əsasən, "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttində 2019-cu ildə müəyyən dəyişikliklər edilmiş, tənzimləyicilər və digər qaz avadanlaqları ölçü cihazından (sayğac) sonraya köçürülmüş, əsas kimi X3 razılıq ərizəsi olmuş, halbuki ərizədə də, qeyd edildiyi kimi həmin dəyişiklik məhz "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttinin üzərindən aparılsa da, cəmiyyətdən heç bir razılıq alınmamışdır.

27. 11.09.2019-cu il tarixli X3 Cavabdeh İB-nin baş direktorun əsaslı tikinti üzrə müavininə ünvalandığı ərzəidən görünür ki, ünvan 1i ünvanında yerləşən "xxxx" MMC-nin qazlaşdırılması üçün Layihə Konstruktor Bürosu tərəfindən hazırlanmış layihə sənədlərinə uyğun olaraq Layihədə dəyişiklik edilməsinə göstərişin verilməsi xahiş edilmişdir. Həmçinin ərizədə tənzimləyicilərin və digər qaz avadanlaqların ölçü cihazından sonraya köçürülməsi üçün LSS-də müvafiq dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.

28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2017ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G 1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli İtron qaz sayğacının yenisi ilə dəyişdirilməsi qət edilsə də, cavabdeh tərəfindən sayğacın yenisi ilə əvəz edilməsi barədə məhkəməyə sübut təqdim edilməmiş, bu isə o deməkdir ki, dəyişdirilməsi nəzərdə tutulan sayğacda 2022 və 2023-cü illərdə qazın sərfiyyatının düzgün hesabladığı şübhə doğurur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-415/2022 saylı qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-151/2022 saylı qətnaməsi qismən– iddiaçının 299841,4 manat məbləğində borcun silinməsi barədə ilkin iddia tələbinə (müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinə) aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-1001/2022 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1530/2021 nömrəli qətnaməsi mübahisələndirilən 299841,4 manat məbləğində borcun silinməsi ilə bağlı ilk iddianın təmin edilmədiyi, həmçinin müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilməsi, ilk iddia tələbinin 299841,4 manat borcun silinməsi hissəsində təmin edilməsi, iddiaçı "xxxx" MMC-nin 299841,4 manat borcun silinməsi öhdəliyinin cavabdeh Azəriqaz İB-nə həvalə edilməsi, müvafiq olaraq qarşılıqlı iddia tələbinin 299841,4 manat borcun tutulması hissəsində rədd edilməsi, ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir.

31. Azərbaycan Respublaiksı Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-130/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-1001/2022 saylı qətnaməsi ilkin iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, ilkin iddia tələbinin 2968,40 manat borcun silinməsi hissəsində təmin edilməməsi, qarşılıqlı iddianın 2968,40 manat borcun tutulması hissəsində təmin edilməsi, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-dən ilkin iddia üzrə cavabdeh Azəriqaz İB-nin xeyrinə 2968,40 manat məbləğində borcun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

32. xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7200 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus torpaq sahəsində olan istixana üçün quraşdırılmış İtron G 1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacı qaz tənzimləyicisindən əvvəl quraşdırılmışdır. “qaz təchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə əsasən qaz tənzimləyicisi qaz sayğacından əvvəl quraşdırılmışdır. “İtron, TZ/FLUXİ turbin qaz sayğacı. Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacın sonradan xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər.

33. Məhkəmə kollegiyası iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzindən ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumat daxil olmuş, iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla əlavə məhkəmə mühəndis-texniki ekspertiza təyin olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumat daxil olmuşdur.

34. Məhkəmə kollegiyası tərəfindən “Ekspert rəyinin verilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə xx.xx.2025-ci il tarixdə sorğu verilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Cavabdeh İB sayğacı "xxxx" MMC-nin Qaz sayğacları laboratoriyasına təhvil verməmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(103)-40/2025 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, G-1600 markalı, ********** nömrəli turbin tipli qaz sayğacının üzərində quraşdırılmış Corus markalı ********** nömrəli elektron həcm korrektorunun yaddaşında saatlıq arxiv xx.xx.2025-xx.xx.2025-ci il, günlük arxiv xx.xx.2025-xx.xx.2025-ci il, aylıq arxivləri isə xx.xx.2023-xx.xx.2025-ci il tarixləri əhatə edir. 2022-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2023-cü ilin yanvar, fevral aylarına aid məlumat sayğacın korrektorunun yaddaşında olmadığına görə həmin tarixə aid məlumat verilməsi mümkün olmamışdır.

36. Göstərilən ekspertiza nəticəsində rəyin verilməsinin mümkün olmaması iddiaçının xeyrinə şərh olunmalıdır.

37. İş materiallarında olan Cavabdeh İB-nin “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akta əsasən, qaz sayğacı 03 iyul 2025-ci ildə çıxarılmışdır.

38. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamələr borcun silinməsi hissəsində icra olunmuş, lakin qaz sayğacı dəyişdirilməmişdir. Aktdan da görünür ki, 03 iyul 2025-ci il tarixdə qaz sayğacı çıxarılsa da, yenisi ilə əvəz olunmamışdır.

39. Qaz sayğacının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən vaxtında yenisi ilə əvəz edilməməsi hal-hazırda iddiaçının iddia etdiyi, onun barəsində hesablanmış 328.374,80 (üç yüz iyirmi səkkiz min üç yüz yetmiş dörd manat səksən qəpik) manat borcun artıq sərfiyyat üzrə hesablanması ilə nəticələnmişdir. Bu birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma əsasında məhkəmənin gəldiyi nəticə ilə sübut olunur.

40. Qeyd edilənlərdən aydın olur ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlar əsasən müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil edir.

41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən tərəflərin apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-120/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar