Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-400/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə, X2 və X5, cavabdehin nümayəndəsi Hasan Kayanın və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-415/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “X9 Hovuz and SPA” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh “X9 Hovuz and SPA” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30954 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin “X9 Hovuz and SPA” MMC-dən tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “X9 Hovuz and SPA” MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, 45000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi ilə hesablanaraq 30954 manat vəsait çıxılmaqla qalan məbləğin İddiaçı ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-415/2020 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Cavabdeh “X9 Hovuz and SPA” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Hasan Kaya və cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndələri Nümayəndə, X6 və X8 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı ASC (satıcı) ilə “X9 Hovuz and SPA” MMC (alıcı) arasında 2017-ci ilin noyabr ayında nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı tərəfindən alıcıya cəmi 133954 manat dəyərində mərmər daşları satılmış və alıcı da götürdüyü malların tam dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. “X9 Hovuz and SPA” MMC-nin direktoru Hasan Kaya tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ödənişlərin vəziyyəti barədə xx xxxx 2018-ci il tarixli iltizama əsasən cavabdehin iddiaçı ilə alqı-satqı münasibətlərindən irəli gələn borcu həmin tarixə 75954 manat təşkil edir və “X10 Hovuz and SPA” MMC həmin borcu tam olaraq 2018-ci ilin avqust ayında ödəcəyini vəd edir. Cavabdeh “X9 Hovuz and SPA” MMC tərəfindən İddiaçı ASC-yə xx xxxx 2018-ci il tarixdə 15000 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 3000 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 20000 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 7000 manat, cəmi 45000 manat məbləğində ödəniş edilmiş, xx xxxxxxxx 2019-cu il tarixə cavabdehin iddiaçıya ödənilməmiş borcu 30954 manat təşkil edir. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 30954 manat borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh borcun ödənilməməsi üçün rəsmi məktubla bildirmişdir ki, alınan mərmərlərdə sarı ləkələr əmələ gəlmişdir. Bundan sonra iddiaçının nümayəndəsi ilə birlikdə cavabdehin işlədiyi obyektə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ucuz başa gəlməsi üçün ağ mərmər daşlar rəngli kontakt, yəni yapışdırıcı ilə birləşdirilmişdir. Halbuki, bu zaman ağ sementdən və Master Tile (R) NTS 26 markalı yapışdırıcıdan istifadə olunmalı idi. Belə ki, mərmərlər cavabdehə təhvil verilən zaman onların Yunanıstan istehsalı olmasını və keyfiyyətini təsdiq edən sertifikat da cavabdehə təhvil verilmişdir. Həmin sertifikatda mərmərlərin yapışdırılma qaydası və bu zaman məhz hansı yapışdırıcıdan istifadə olunması açıqaydın göstərilmişdir. Cavabdeh isə məişətdə işlədilən sarı yapışqandan istifadə etmişdir. Bundan başqa alqı-satqı zamanı yazılı zəmanət talonu olmamışdır. Lakin işgüzar adətlərə əsasən mərmərlər satıldıqdan sonra 2 həftə ərzində mərmərlərdə hər hansı qüsur olardısa, həmin mallar geri götürülürdü. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, iddiaçı lazımi keyfiyyətdə malları təhvil verməmiş, bununla da sonuncunu xidmət göstərdiyi müştəriləri qarşısında çətin vəziyyətə salmışdır. Belə ki, əldə edilmiş mərmərlərin birləşmə və orta yerlərində qısa müddət ərzində sarı ləkələrin yaranması müşahidə olunmuşdur. Buna görə də “X9 Hovuz and SPA” MMC-nin xidmət göstərdiyi müştəri bu halı əsas tutaraq mərmərlərin dəyişdirilməsini tələb etmiş və ödəməli olduğu 45000 ABŞ dolları məbləğində vəsaiti ödəməkdən boyun qaçırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan halları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehdən satılmış əşyaların dəyərinin qalığı olan 30954 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 587.1.3-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 588.1-ci maddəsində təsbit olunmuşdur ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Qeyd olunan maddənin məzmunundan da görünür ki, əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Lakin “X9 Hovuz and SPA” MMC həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsi isə bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, o, ifadəsində bildirmişdir ki, iddiaçı şirkətdən alınan mərmərləri cavabdeh MMC-nin sifarişi usta kimi yapışdırmışdır. Mərmərlər alınan zaman onlarda heç bir qüsur olmamış, yalnız bir mərmərdə nöqtə şəklində ləkə olmuş, o da iddiaçı şirkətə geri qaytarılmışdır. Mərmərlər yalnız ağ mata ilə yapışdırılmış, lakin bir müddətdən sonra onlarda sarı ləkələr yaranmışdır. Göründüyü kimi cavabdehin özünün vəsatəti əsasında dindirilmiş şahidin ifadəsi ilə təsdiq olunur ki, mərmərlər təhvil verilən zaman onlarda heç bir qüsur olmamışdır. Sonradan əmələ gəlmiş sarı ləkələrin məhz mərmərlərin keyfiyyəti ilə bağlı olması isə hər hansı sübutla təsdiq olunmur. Şahidin ifadəsində göstərilən digər hal (mərmərlərin ağ mata ilə yapışdırılması) da özü-özlüyündə mərmərlərin keyfiyyətsiz olmasını təsdiq etmir. Çünki mərmərlər alıcıya təhvil verildikdən sonra onun saxlanılması və istifadəsi ilə bağlı risklər məhz alıcının üzərinə düşür. Bundan başqa mərmərlərin məhz hansı markalı ağ mata ilə yapışdırılması ilə bağlı sədrlik edənin suallarına şahid cavab verə bilməmişdir. Halbuki mərmər daşları ilə bərabər onların keyfiyyətini təsdiq edən sertifikat da cavabdehə təhvil verilmiş (bu fakt iddia ərizəsində qeyd olunmuş və cavabdeh bunu mübahisələndirməmişdir) və həmin sertifikatda göstərilmişdir ki, Master Tile (R) NTS 26 markalı yapışdırıcıdan istifadə olunmalıdır. Həmin yapışqanın təlimatının “Avantajları” bölməsinin 7-ci bəndində türk dilində qeyd olunmuşdur ki, beyaz mermerle kullanıldığında ve döşeme işlemi yağlama/yüzdürme yöntemi ile yapıldığında, harcın yol açtığı lekelenme yaşanmaz. Lakin cavabdeh həmin yapışdırıcıdan istifadə etməmişdir. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən qüsurlu malın verilməsi sübut olunmadığına görə Mülki Məcəllənin 587.1.3-cü maddəsinin digər dispozisiya şərtlərinin yoxlanılmasına lüzum yoxdur və qarşılıqlı iddia təmin edilməməlidir. Hazırkı mübahisə üzrə sübut etmə yükünün iddiaçının üzərində olması və mübahisəyə Mülki Məcəllənin 588.2-ci maddəsinin tətbiq edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, həmin maddənin tələblərinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Hazırkı işin halları isə ondan ibarətdir ki, tərəflər arasında keyfiyyət qarantiyası ilə bağlı razılaşma olmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “X9 Hovuz and SPA” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-415/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-400/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-400/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver