Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-401/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı “X1 ve Gıda Ürünleri Sanayi ve Ticaret Limited” şirkətinin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı ilk, cavabdehlərin iddiaçıya qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-827/2022 nömrəli iş üzrə 25 fevral 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraicət edərək, cavabdehlərdən borcun ümumi məbləği olan 92.000 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan 30.000 manat maddi ziyanın alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6622/2021 nömrəli iş üzrə 06.12.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli qərardadı ilə hər iki iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardadın əsaslarına görə, ilk və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlərə ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, işin mahiyyəti üzrə baxışa təyin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddia müqavilə öhdəliyinin ödənilməməsinə görə pul tələbi barədə cavabdehlərin yaşadığı ünvan üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmiş və bir neçə iclas keçdikdən sonra kommersiya məhkəməsinə göndərilmişdir. Bu halda, yəni rayon məhkəməsində mediasiya tələb olunmadığı vaxtda cavabdehlərə pretenziya məktubu göndərilməsi ilə kifayətlənmiş və iddia ərizəsi icraata qəbul edilmişdir. İcraata götürülən və aidiyyəti üzrə göndərilən mülki işə kommersiya məhkəməsində baxılmalı olduğu halda, mediasiya tələb olunmamalıdır. Belə ki, iddiaçı kommersiya məhkəməsinə müraciət etmiş olsa idi mediasiya tələb olunardı. Bakı Kommersiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. “Mediasiya haqqında” AR Qanununun: Maddə 3.1.1. Mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir; Maddə 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə; Maddə 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; Maddə 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir; Maddə 29.6. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir; Maddə 29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. İddiaçı hazırkı kommersiya mübahisəsi üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı ilə bağlı “Mediasiya haqqında” Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu kommersiya məhkəməsinə təqdim etməmişdir. MPM-in 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, iddianın əvvəlcə ümumi məhkəməyə təqdim olunması və sonradan aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinin imperativ göstərişinə riayət edilməməsinə əsas vermir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-827/2022 nömrəli iş üzrə 25 fevral 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı “X1 ve Gıda Ürünleri Sanayi ve Ticaret Limited” şirkətinin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-401/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-401/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver