Məhkəmə qərarları › İş №2-2(103)-401/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-401/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-401/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit razılaşmasının ləğv edilməsi və kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5419/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 005L**********58 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 100.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur.

2. Uzunmüddətli kredit müqaviləsi üzrə həmin tərəflər arasında xx.xx.2020-ci il tarixli 005R********** saylı krеdit razılaşması bağlanmış və razılaşmaya əsasən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla 8.000 manat məbləğində krеdit verilmişdir.

3. Kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq 17 sentyabr 2020-ci il tarixli, 005S**********03, 005S**********01 və 005S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zaminlər borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 4.497,51 manat məbləğində krеdit bоrcu, 497,74 manat məbləğində faiz bоrcu və 852,01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5.847 manat məbləğində bоrcun, 110 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsinə xahiş etmişdir.

5. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4.497,51 manat, faiz borcu 497,74 manat, cərimə borcu 852,01 manat, cəmi borcu isə 5.847 manat təşkil edir.

6. Cavabdeh2 izahatında qeyd etmişdir ki, krediti götürdükdən sonra uzun müddət borclarını vaxtlı-vaxtında ödəyirdilər, lakin Cavabdeh1 işdən ayrıldı və ödəniş edə bilmədilər. O hazırda taksi sürücüsüdür və borcu ödəmək imkanı yoxdur. Bank ilə dəfələrlə əlaqə saxlayıb borcun azaldılmasını xahiş etmişlər, lakin razılaşma əldə edilmədi. Odur ki, hazırda fazizlərin və dəbbə pulunun azaldılmasını xahiş edir.

7. Digər cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5419/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 4497,51 manat (dörd min dörd yüz doxsan yeddi manat əlli bir qəpik) məbləğində əsas borc, 497,74 manat (dörd yüz doxsan yeddi manat yetmiş dörd qəpik) məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində dəbbə pulu, cəmi 5.195,25 manat (beş min yüz doxsan beş manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, kredit borc məbləğinin faiz borcu və dəbbə puluna aid hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin kredit müqaviləsi üzrə faizlərin və dəbbə pulunun hesablanması hissəsi ilə razılaşmır. Belə ki, məhkəmə qətnamə qəbul edən zamanı yalnız iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsaslanmışdır. Lakin bununla yanaşı kredit müqaviləsi üzrə faizlərin və dəbbə pulunun hesablanması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasını təyin etməmişdir. Həmin səbəbdən kredit müqaviləsi üzrə kredit borc məbləği (faiz borcu və dəbbə pulu) həddən artıq olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

14. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin Cavabdeh1 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və faiz borcu ilə dəbbə puluna aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

19. Belə ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir.

20. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 öz öhdəliklərini pozmuş və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməmişdir.

21. Belə olan halda isə iddiaçının kredit razılaşması üzrə faiz borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır.

22. Eyni zamanda "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 4.497,51 manat, faiz borcu 497,74 manat, (gecikdirilən günlərin sayı 188 gün) cərimə borcu 852,01 manat olmaqla, cəmi borc 5.847,26 manat təşkil edir.

23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Cavabdeh1 497,74 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

24. Eyni zamanda Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

25. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 852,01 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun təxminən 5 faizini təşkil edən 200 manat məbləğində müəyyənləşdirmişdir.

26. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, borcun şişirdilməsi ilə bağlı dəlillər isə əsaslandırılmayıb və iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış və maliyyə arayışında olan məlumatlarla təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən ilkin sübutları təqdim etməmişdir.

27. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5419/2022 saylı qətnaməsi Cavabdeh1 və faiz borcu ilə dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar