Məhkəmə qərarları › İş №2-2(103)-404/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-404/2024

14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-404/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı sığorta müqaviləsinin etibarsızlığı tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2060/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. BB seriyalı 436188 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən, ******* manat məbləğində qiymətləndirilən Cavabdeh MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsi 3000 manat sığorta haqqı müqabilində sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında Cavabdeh ASC ilə bağlanılmış sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, 05 aprel 2022-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən, Cavabdeh ASC-nin ərazisindəki kirayəyə (icarəyə) götürülmüş “mebel istehsalı sexi”ndə yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi "xxxx" ASC-nin səlahiyyətli şəxsləri tərəfindən araşdırılan zaman müəyyən edilmişdir ki, sığortaçıya aid olan BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsi blankında (müqavilədə) göstərilən ünvan 1 ünvanında yerləşən, Cavabdeh MMC-nin istifadəsində olan “qeyri-yaşayış sahəsi”nə və ya yanğın hadisəsi baş verən “istehsalat sahəsi”nə sığortaçının səlahiyyətli satış nümayəndələri baxış keçirməmiş, foto və video çəkilişlər aparmamış, əmlakı qiymətləndirməmiş, qeyri-yaşayış sahəsinin və ya daşınmaz əmlakın mülkiyyətçisini, sahibini və istifadəçisini görməmiş, sığorta sövdələşməsi aparmamış, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankını doldurmamışdır. "xxxx" ASC-nin Bakı şəhəri və regionlarda birbaşa satış xidmətinin satış nümayəndəsi Niftalıyev Anar İsa oğluna sığorta məhsullarının satışını həyata keçirmək məqsədilə xx.xx.2021-ci il tarixində BB seriyalı, 436188 nömrəli ciddi uçot blankı sayılan sığorta şəhadətnaməsi blankı təhvil verilmişdir. X9 aid olan BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsi blankını onun dostu Kazımov Ceyhun Zahid oğlu qanunsuz və əsassız olaraq doldurmuşdur. Sığorta müqaviləsini də o qanunsuz olaraq imzalamışdır. BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsinin doldurulması və hazırlanması sığorta qanunvericiliyinin normalarına əsasən bilavasitə satış nümayəndəsi tərəfindən həyata keçirilir. Cavabdeh ASC-nin ərazisindəki “mebel istehsalı sexi” "xxxx" ASC-də sığortalanmamışdır. Yanğın ərəfəsində “mebel istehsalı sexi” Cavabdeh ASC-nin yox, kirayə (icarə) müqaviləsi əsasında digər şəxsin istifadəsində olmuşdur.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, FHN-nin Əməliyyat-İstintaq idarəsinin böyük təhqiqatçısı, kapitan X10 oglunun 0420 sayli, 18 yanvar 2023-cu il tarixli cinayat işinin başlanmasinm rədd edilməsi haqqinda Qərarda olan tərəflərin izahatlarından iddia tələbinin əsassız olduğu birdaha sübut olunur. Belə ki, X6 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də satış nümayəndəsi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. "xxxx" ASC rəhbərliyi tərəfindən onun adından sığorta işlərinin görüİməsi xidmət müqaviləsi əsasinda fəaliyyət göstərən Ceyhun Kazımova həvalə edilmişdir. Cavabdeh ASC-dən sığorta ödənişi aldıqdan sonra "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Elbrus Fərzəliyev tərəfindən BB436188 nömrəli sığorta şəhadətnaməsi təsdiq edilmişdir. Hadisə baş verən günü Ceyhun Kazimovla birlikdə hadisə yerinə getmiş, Ceyhun hadisə yerinə baxış keçirmişdir. X11 oglu izahatında göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında “Azsığorta" ASC-nin idarə heyətinin sədr müavini Elbrus Fərzəliyevlə görüşmüş, Elbrus ona rəsmi müqavilə ilə işləməsini təklif etmişdir. Ceyhun Kazımov tanışı Anar Niftəliyevlə birlikdə işləmək istədiyini bildirmişdir. Bundan sonra X5 bütün işlərini Ceyhun Kazımova həvalə etmişdir. BB436188 nömrəli sığorta şəhadətnaməsi şirkət tərəfindən Anar Niftəliyevə təhvil verilmişdir. Cavabdeh ASC-nin əmlakına baxış keçirilmiş, Cavabdeh ASC tərəfindən sığorta ödənişi edildikdən sonra “Savalan" ASC-nin bütün daşınmaz əmlakları icbari qaydada sığortalanmışdır. Həmin şəhadətnamə Anar Niftəliyevin iştirakı ilə doldurulmuş, sənəd sistemə daxil edilmişdir. "xxxx" ASC-nin tənzimləmələr şöbəsində Cəlal adlı şəxs tərəfindən təsdiq edilmisdir. Yuxarıdakı şahid ifadələri ilə sübut olunur ki, xx.xx.2021-ci il tarixli BB436188 nömrəli sığorta şəhadətnaməsi həmin dövrdə "xxxx" ASC-də rəsmi şəkildə çalışan Anar Niftəliyev tərəfindən tərtib edilmiş və "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Elbrus Fərzəliyev tərəfindən təsdiq etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2060/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası FHN-in Əməliyyat-istintaq idarəsinin böyük təhqiqatçısı, kapitan X1 0420 saylı material üzrə qəbul etdiyi 18 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilir ki, Kazımov Ceyhun Zahid oğlunun sığorta haqqı almaq hüququ verən, rəsmi sənəd hesab edilən, "xxxx" ASC-nin BB 436188 nömrəli, 12 dekabr 2021-ci il tarixli sığorta şəhadətnaməsini "xxxx" ASC-də satış nümayəndəsi vəzifəsində işləyən X3 əvəzinə doldurmaqla sığortalının istifadə etməsi məqsədi ilə saxtalaşdırması və həmin sənədi X3 əvəzindən toplanmış material ilə kimin tərəfindən imzalanması müəyyən edilməmiş şəxs tərəfindən imzalanması qanunsuz olduğuna görə, Kazımov Ceyhun Zahid oğlunun əməllərində Azərbaycan Respublikasının CM-in 320.1-ci maddəsinin tərkib əlamətləri formal cəhətdən mövcud olmuşdur. Göründüyü kimi "xxxx" ASC-yə aid olan BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsi blankını və müqaviləni sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan Kazımov Ceyhun Zahid oğlu tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq bağlanılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 16.Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

17. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

18. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 19.Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 20.Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.

25. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.

26. Hazırki işdə də iddiaçı əqdin iradə ifadəsinə aid edilən şərtin pozulduğuna, yəni müqavilənin onun tərəfindən imzalanmadığına və imzalanmış şəxsin səlahiyyətsiz şəxs olmasına istinad edərək, müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür.

27. Lakin hazırki işdə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil.

28. Belə ki, mübahisələndirilən BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş və sığorta şirkəti Cavabdeh ASC-dən sığorta haqqı qəbul edərək sonuncunun daşınmaz əmlakını icbari sığorta edilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan şəhadətnamədə (sığorta müqaviləsində) möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin müqavilənin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir.

30. Belə ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Çünki hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.

31. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

32. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.

33. Hazırkı iş üzrə mübahisələndirilən müqavilədə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. İddiaçı həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə hallara istinad etməmiş və heç bir sübut təqdim etməmişdir.

34. Bu baxımdan mübahisələndirilən müqavilədə olan möhürün müvafiq olaraq iddiaçının səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə müqavilədə imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilə imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.

35. Belə ki, Mülki Məcəllənin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

36. Həmin Məcəllənin 360.2-ci maddəsində isə təsbit olunmuşdur ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

37. Bu baxımdan, kollegiya hesab edir ki, mübahisələndirilən müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanması ilə bağlı dəlillər əsassızdır.

38. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi digər dəlillər də əsassızdır.

39. Belə ki, Cavabdeh MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxışın keçirməməsi, həmçinin foto və video çəkilişlərin aparmaması, əmlakın qiymətləndirməməsi və sığorta sövdələşməsinin aparılmaması ümumiyyətlə müqavilənin etibarsız hesab edilməsi əsasları kimi çıxış edə bilməz.

40. Həmin hallar o vaxt müqavilənin etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilərdi ki, müqavilə Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd kimi mübahisələndirmiş olardı. Lakin iddiaçı həmin hala istinad etməmiş, eyni zamanda mübahisələndirilən müqavilənin uydurma əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcüd deyil. Çünki həmin müqavilə bağlandıqdan sonra cavabdeh üzərinə düşən öhdəliyini icra edərək 3000 manat sığorta haqqını ödəmiş və iddiaçı da həmin məbləği qəbul etmişdir.

41. Sığorta hadisəsi baş verdikdən sonra iddiaçının hazırki iddianın irəli sürməsi isə Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlıq prinsipinə ziddir və hüququdan sui-istifadə kimi qiymətləndirilməlidir.

42. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunan hallara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2060/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar