Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-406/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-741/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, X4 və Cavabdeh1 Mənzil Tikinti Kooperativindən kooperativin 2003-cü ildən bu vaxta kimi fəaliyyəti nəticəsində əldə edilən gəlirin müəyyən olunaraq gəlirdən düşən pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 1 ünvanında 3 girişli, 17 mərtəbəli mansardlı olan hündür mərtəbəli binada iddiaçının 20% payının müəyyən olunaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 20 oktyabr 2023-cü il tarixində cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, X4 birgə Cavabdeh1 Mənzil- Tikinti Kooperativinin yaradılmasına dair təsis müqaviləsi bağlamışdır. 20 oktyabr 2003-cü il tarixli müqaviləyə əsasən tərəflər kooperativin Nizamnamə kapitalını yaratmışlar. Nizamnamə kapitalı hər bir təsisçinin pay haqqı 100000 manat pay haqqı olmaqla, 500000 manat həcmində olmuşdur. Tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Kooperativin fəaliyyəti nəticəsində əldə olunan gəlir, yaxud dəyən zərər tərəflər arasında nizamnamə fondunun qaydaları pay haqqına müvafiq olaraq bölünür. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooerativinin Nizamnamə kapitalında 20%-lik paya malik olan təsisçidir. Cavabdehlərlə birgə ünvan 1 ünvanında hündür mərtəbəli bina tikilmişdir. Cavabdehlər ilə birgə Cavabdeh1 MTK Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 59 ünvanında yüksək mərtəbəli bina inşa edərək satmış, lakin iddiaçının 20% payı müəyyən edilərək verilməmişdir. İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya 14 avqust, 07 noyabr 2023-cü il tarixində, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, X4 21 noyabr 2023-cü il tarixində rəsmi olaraq ərizə ilə müraciət edilərək, bildirilmişdir ki, “yaxın müddətdə kooperativin ümumi yığıncağını çağıraraq, gündəliyə Kooperativin 2003-cü il tarixindən bu günə kimi fəaliyyəti nəticəsində əldə edilən gəlirin müəyyən olunaraq gəlirdən iddiaçıya düşən pul vəsaitinin iddiaçıya ödənilməsini təmin edilməsi, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 59 ünvanında inşa edilmiş yüksək mərtəbəli binada əldə olunmuş gəlirdən iddiaçının 20% payını müəyyən edərək ayrılmasını təmin edəsiniz”. Lakin cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3, X2, X2, X4 hərəkətsizlik edərək müraciətə cavab verməmişlər. Bakı şəhəri İcra Hakimiyyətinin təsdiq etdiyi smeta lahiyəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 59 ünvanında 3 girişli, 17 mərtəbəli (+ çardağ + penthaus), zirzəmili (qaraj) bina tikilmişdir. Mənzil sayı bina üzrə 128 ədəddir. Ümumi mənzil 15792 kv.m təşkil edir. İddiaçının 20% payı mənzil üzrə 3158,4 kv.m təşkil edir. Bundan cəmi 800 kv.m götürülmüşdür. Qalıq qalan 2358 kv.m mənzil və ya gəliri iddiaçıya verilməyib və buna dair hesabat da mövcud deyildir. Ümumi qeyri-yaşayış sahəsi 900 kv.m təşkil edir. İddiaçının 20% payı qeyri-yaşayış sahəsi üzrə 180 kv.m təşkil edir. Bundan cəmi 32 kv.m götürmüşdür. Qalıq qalan 148 kv.m qeyriyaşayış sahəsi və ya gəliri iddiaçıya verilməyib və buna dair də hesabat mövcud deyildir. Çardaq + penthaus 900 kv.m təşkil edir. İddiaçının 20% payı 180 kv.m təşkil edir. İddiaçıya burdan heç nə verilməmiş və buna dair hesabat təqdim edilməmişdir. Zirzəmi (qaraj) ümumilikdə 30 ədəddir. İddiaçının 20% payı qaraj üzrə 6 ədəd təşkil edir. İddiaçıya bu hissədən heç nə verilməyib və buna dair hesabat da mövcud deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-741/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 109.10-cu maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin Məcəllənin 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. Həmin Məcəllənin 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Həmin Məcəllənin 110-2.3-cü maddəsində isə təsbit olunmuşdur ki, kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. Cavabdeh1 Nizamnaməsinin 4.1-ci bəndinə əsasən kooperativin pay fondu ümumi yığıncağının qərarı ilə müəyyən edilir. Nizamnamənin 4.6-cı bəndinə əsasən əlavə əmlak pay haqqı üzv tərəfindən Mülki Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqlarından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişlərindən) almaq hüququ verən paydır. Sonradan ödənilən əmlak paylarının həcmi və verilmə qaydası ümumi yığıncaq tərəfindən müəyyən edilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, kooperativin mənfəəti onun üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə onun fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Bu məsələnin həlli isə yalnız kooperativ üzvlərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, MTK-nın 2003-cü ildən bu vaxta kimi fəaliyyəti nəticəsində əldə edilən gəlirin müəyyən olunaraq gəlirdən düşən pul vəsaitinin verilməsi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Bununla yanaşı kollegiya hesab edir ki, cavabdeh MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli binada iddiaçının 20% payının müəyyən olunaraq naturada ayrılması barədə tələblərə aid hissədə məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 dekabr 2021-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, Mülki Məcəllənin 112.1-ci maddəsinə görə kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Kooperativ üzvlüyündən çıxma hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativ üzvü isə kooperativdən çıxmaq niyyətini təsisçilərə deyil, kooperativ üzvlərinin ümumi yığıncağına bildirməlidir. Kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir. İddia ərizəsində də qeyd edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MTK-ya müraciət edilərək, inşa edilmiş yüksək mərtəbəli binada əldə olunmuş gəlirdən iddiaçının 20% payını müəyyən edərək ayrılmasını xahiş etmişdir. Lakin hazırki halda iddiaçının həmin tələbi hansı əsasla, yəni Cavabdeh1 MTK-nın üzvlüyündən çıxmaqla və ya çıxmamaqla (MTK-nın əldə etdiyi gəlir kimi) irəli sürməsi aydın deyil. Çünki iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədə və iddia ərizəsində bu məsələyə tam aydınlıq gətirilməmiş, eyni zamanda birinci instansiya məhkəməsi də bu halı dəqiqləşdirməmişdir. Ona görə də, həmin tələbə məhkəmə qaydasında baxılıb-baxılmaması ilə bağlı birmənalı nəticəyə gəlmək mümkün olmur. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni cavabdeh MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli binada iddiaçının 20% payının müəyyən olunaraq naturada ayrılması barədə tələblərə aid hissədə ləğv edilməli və həmin hissədə müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli e-2-2(113)-741/2024 nömrəli qərardadı qismən, yəni Cavabdeh1 MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli binada iddiaçının 20% payının müəyyən olunaraq naturada ayrılması barədə tələblərə aid hissədə ləğv edilsin. Həmin hissədə müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-406/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-406/2024
12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver