Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-407/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “X2 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) hərrac və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4994/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1-3/01/2007 saylı, 21 may 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-dən “X2” LTD MMC-nin xeyrinə 1077056,08 manat təmir-tikinti və abadlaşdırma işlərinə çəkilmiş xərclər və ödənilmiş 68164,99 manat icarə haqqının və hüquqi xidmətə görə 2000 manat haqq olmaqla, cəmi 1147221,07 manat vəsaitin tutulması qət edilmişdir.
2. Həmin qətnamə qüvvəyə minmiş və icra sənədi xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuşdur.
3. Səbail rayon İcra Şöbəsinin təqdimatına əsasən Səbail Rayon Məhkəməsinin 8(009)-952/2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1-3/01/2007 saylı, 21 may 2007-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı ASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən 1 saylı ayaqqabı fabrikinin, ünvan 2anındakı qeyri-yaşayış sahəsinin (keçmiş “Pioner” düşərgəsi) və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində Cəmiyyətə məxsus anbarın üzərinə həbs qoyulmuşdur.
4. Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı və sifariş məktubuna əsasən həmin əmlak "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən qiymətləndirilərək dəyəri 303551,30 manat müəyyən edilmişdir.
5. Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 17492/2013-16-22/326 nömrəli sifariş məktubu ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbarla bağlı hərracın keçirilməsi Cavabdeh MMC-yə tapşırılmışdır.
6. Cavabdeh MMC tərəfindən keçirilmiş hərracda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbar tələbkar “X2 LTD” MMC tərəfindən 303551,30 manata əldə edilmiş və bu barədə 24 iyul 2023-cü il tarixli, 112 saylı hərracın yekunları barədə protokol tərtib edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və “X2 LTD” MMC cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən keçirilmiş 24 iyul 2023-cü il tarixli, 112 saylı hərracın yekunları barədə protokolun və "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı bildirir ki, qiymətləndirilən əmlakın real bazar dəyəri 1 milyon 700 min manat dəyərindədir. Hərrac prosesi də düzgün keçirilməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən göndərilmiş açıq hərracın keçirilməsi barədə bildiriş həm İddiaçı ASC, həm də “X2 LTD” MMC-yə göndərilmişdir. Hərrac keçirilmədən öncə İddiaçı ASC-nin nümayəndəsi hərracda olmuş və hərracın keçirilməsini qeyri-qanuni hesab etdiklərini bildirmişlər. Belə ki, hərracın rəhbərliyinin diqqətinə çatdırılmışdır ki, əmlakın dəyəri bazar qiymətindən aşağı olduğundan məhkəmədə iddia qaldırılacaqdır. Lakin hərrac təşkilatı xəbərdarlıqlara baxmayaraq, hərracı keçirmiş və tələbkar “X2 LTD” MMC tərəfindən alınmışdır. Əmlak dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır.
9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4994/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
11. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirici təşkilat əmlakı qiymətləndirərkən həmin vaxt təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, əmlaka dair zəruri sənədlərlə tanış olub onun dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmış və əmlak real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılmışdır. Əmlak dəyərindən çox uçuz qiymətləndirdiyindən hərrac həmin qiymətə keçirilməməli idi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 16.Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. 17.Həmin Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 18.Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 19.Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 20.Həmin Məcəllənin 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 21.Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 22.Həmin Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 23.Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 24.Həmin Məcəllənin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.
25. Həmin Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
26. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
27. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
31. Belə ki, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılması “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, hərracın nəticələrinin etibarsız sayılması barədə iddianın irəli sürülməsi və onun nəticələri isə Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələrində nəzərdə tutulmuşdur.
32. Mülki Məcəllənin qeyd olunan maddələrinin tələblərinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
33. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 415-ci maddəsində göstərilən qaydaların pozulmasına deyil, hərraca çıxarılmış əmlakın aşağı məbləğdə qiymətləndirilməsinə istinad olunmuşdur.
34. Eyni zamanda, hərracın keçirilməsinə dair xüsusi qaydalar müəyyən olunsa da, mahiyyət etibarı ilə hərrac müqavilənin bağlanması üçün keçirilir (Mülki Məcəllənin 414, 415.5, 415.6-cı maddələri).
35. Mülki Məcəllənin 398-ci maddəsindən isə müəyyən olunur ki, müqavilənin qiyməti ya tərəflərin razılaşması, ya da oxşar əmlakın bazar qiymətinə uyğun olmalıdır.
36. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 416.1-ci maddəsi geniş mənada təfsir olunaraq bu əsasla hərracın mübahisələndirilməsi mümkündür.
37. Lakin, hazırki işdə nə mübahisəlndirilən qiymətləndirmə rəyinin (hesabatının), nə də ona əsasən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar mövcüd deyil.
38. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı Cavabdeh MMC-ni, yəni hərrac təşkilatını cavabdeh qismində qoyaraq, qiymətləndirmənin nəticələrinin etibarız hesab edilməsi ilə bağlı iddia tələbini ona qarşı yönəltmişdir, halbuki, qiymətləndirməni həyata keçirən "xxxx" MMC olmuşdur.
39. Göründüyü kimi qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi barədə iddia əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür.
40. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı əmlakın dəyərindən çox uçuz qiymətləndirildiyini və real dəyərinin 1.700.000 manat təşkil etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu (analoji əmlakların qiymətləri ilə bağlı sənədlər, qiymətləndirmə rəyi və s.) təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
41. Həmçinin, iddiaçı tərəfindən qiymətləndirilən əmlakın dəyəri ilə bağlı hər hansı sübut, yəni mübahisələndirilən qiymətləndirmə hesabatında müəyyən edilən əmlakın dəyərinin şübhə altına alınmasına əsas olan heç bir sübutu təqdim etmədiyinə görə kollegiya qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə ekspertizanın təyin edilməsi üçün də əsaslar mövcüd deyil.
42. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən sübutetmə vəzifəsi tam olaraq tərəflərə aid olduğuna görə, yalnız mübahisə tərəfinin izahatında bildirdiyi hallar məhkəmə üçün ekspertiza təyin edilməsi və ya digər sübut toplaması üçün əsas ola bilməz. Əks yanaşma Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsində təsbit edilmiş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə ziddir.
43. Beləliklə, mübahisələndirilən qiymətləndirmə hesabatında müəyyən edilən əmlakın dəyərinin həqiqəti əks etdirməməsi qənaətinə gəlmək üçün əsaslar mövcüd deyil.
44. Eyni zamanda, hərraca çıxarılmış əmlakın dəyərinin həqiqi olmadığı müəyyən edilmədiyinə görə mübahisələndirilən hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydalara uyğun keçirilməməsi və bu əsasa görə etibarsız sayılması üçün də əsaslar mövcüd deyil.
45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4994/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov