Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-407/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X5, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X14) qarşı iddia tələbi üzrə (Açar sözlər: sığorta ödənişi, ekspertiza rəyinin qiymətləndirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qətnaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27 dekabr 2022-ci il tarixli BD320511 seriya və nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsi 27 dekabr 2022-ci il tarixli lizinq müqaviləsi əsasında İddiaçı MMC tərəfindən X3 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir.
2. “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 dekabr 2022-ci il tarixli MC********** nömrəli sığorta şəhadətnaməsinə əsasən, sığortalı İddiaçı MMC, sığorta olunan avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs olmaqla 28 dekabr 2023-cü il tarixədək 382,8 manat sığorta haqqı, 500 manat hər hadisə üzrə şərtsiz azadolma məbləği və qismən sığorta şərti ilə 12 000 manat sığorta məbləği həddində kasko sığorta ilə sığortalanmışdır.
3. X2 mülkiyyətində olan “Toyota Camry” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17 iyun 2023-cü il tarixli müqavilə əsasında mülki məsuliyyətin icbari sığortası qaydasında sığortalanmışdır.
4. “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27 iyun 2023-cü il – 27 iyul 2023-cü il tarixlərini əhatə edən yol vərəqəsi əsasında X3 idarəetməsində olarkən həmin nəqliyyat vasitəsinin iştirakı ilə 17 iyul 2023-cü il tarixdə, saat 15:10-da Bakı-Qazax yolunun 85 km-də yol-nəqliyyat hadisəsi baş vermiş, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X2 mülkiyyətində və idarəetməsində olan “Toyota Camry” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 18 iyul 2023-cü il tarixli “inzibati xəta haqqında” protokol tərtib edilmişdir.
5. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə arayışa görə, 17 iyul 2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı 57- AC768 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12 məxsus əmlaka zərər dəymişdir.
6. Gəncə avtomotoservis və ticarət müəssisəsinin tərtib etdiyi 15 fevral 2024cü il tarixli qüsur aktına əsasən, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 11 200 manat təşkil edir.
7. "xxxx" ASC-nin tərtib etdiyi 18 iyul 2023-cü il tarixli sığorta aktına əsasən, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7865 manat təşkil edir.
8. "xxxx" ASC-nin sifarişi əsasında tərtib olunmuş 06 aprel 2024-cü il tarixli müstəqil ekspert rəyində göstərilmişdir ki, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7870 manatdır.
9. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X14 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 20 iyul 2023-cü il tarixdə məktub ünvanlanaraq, hadisə nəticəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12 772,8 manat məbləğində zərər dəydiyi bildirilmiş və həmin zərərin ödənilməsi xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. X7 "xxxx" ASC-nə və "xxxx" ASC-nə (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün cavabdehlərdən 4000 manat sığorta ödənişinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 17 iyul 2023-cü il tarixdə saat 16:00 rаdələrində Gəncə-Bаkı magistral yolunda hərəkətdə оlаrkən Hаcıqаbul ərаzisində Zеynаl Məmmədоvun idаrə еtdiyi “Tоyоtа Camry” mаrkаlı **-RM-*** dövlət qеydiyyаt nişаnlı аvtоmоbil onun idarə etdiyi “Fоrd Trаnzit” mаrkаlı 57-АC-768 dövlət qеydiyyаt nişаnlı аvtоmоbillə toqquşmuş, hаdisə yеrinə Dövlət Yоl Pоlisi əməkdаşlаrı gələrək qəzаnın səbəbinə dаir prоtоkоl tərtib еdərək аrаşdırmаyа bаşlаmış, arаşdırmа nəticəsində Zеynаl Məmmədоvun hərəkətlərində “Yоl hərəkəti hаqqındа” Qаnunun 34cü, 36-cı və 38-ci mаddələrinin tələblərinin pоzulmаsı аşkаr еdilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.
13. Sonradan iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün 11 200 manat sığorta ödənişinin cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Həmçinin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun əsl iddiaçı olan İddiaçı MMC ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 21 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçı əsl İddiaçı MMC (iddiaçı) ilə əvəz edilmişdir.
15. Məhkəmənin 21 iyun 2024-cü il tarixli qərardadı ilə X7, 26 sentyabr 2024cü il tarixli qərardadı ilə X5 və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
16. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 20 avqust 2024-cü il tarixli rəyində göstərmişdir ki, “nəzəri hesablama yolu ilə iş materiallarına olan Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2001-ci il buraxılışlı, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanl avtomobilin təmir-bərpa xərci təxminən 8300 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 4600,00 manat; təmir- bərpa işlərinin qiyməti - 3700,00 manat. Qüsur aktında qeyd edilən “peredok” dəstində olan ehtiyat hissələrinin ayrı-ayrılıqda adları qeyd edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmadı. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 iyul 2023-cü il tarxili hesablama aktı məlumatlarına əsasən 2001-ci il buraxılışlı “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7685,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 4255,00 manat; təmir-bərpa işlərinin qiyməti - 3430,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Müstəqil sığorta Eksperti - X8” tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli müstəqil ekspert rəyində olan məlumatlara əsasən 2001-ci il buraxılışlı, “Ford Transit” markalı, 57- AC-768 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7540,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 4080,00 manat; təmir-bərpa işlərinin qiyməti – 3460,00 manat. Müstəqil ekspert rəyində qeyd edilən peredok dəstində olan ehtiyat hissələrinin ayrı-ayrılıqda adları qeyd edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmadı”.
17. Qeyd olunan ekspert rəyində nəqliyyat vasitəsinə baxış keçirilmədiyindən, həmçinin ekspert tərəfindən iş materiallarında olan 3 aktda göstərilmiş zərər məbləğlərinin qeyd edilərək yekun nəticəyə gəlinməməsi səbəbindən məhkəmənin 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə yenidən əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır.
18. "xxxx" MMC-nin 29 noyabr 2024-cü il tarixli rəyində göstərilmişdir ki, iddiaçıya məxsus “Ford Transit” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və aydın olmuşdur ki, avtomobil hal-hazırda qəzalı vəziyyətdədir, qəza nəticəsində avtomobilə ciddi ziyan dəymişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş avtomobil təmiri bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun avtomobilə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuş, dəymiş zərər 12 274 manat müəyyən edilmişdir”.
19. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın məzmununa uyğun izahat vermiş, X7 da iddianın təmin olunmasını xahiş etmişlər.
20. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi bildirmişdir ki, zərərin icbari sığorta ilə əhatə olunmayan hissəni ödəyirlər. Belə ki, ümumi dəymiş zərərə münasibətdə hesablama aparılır və ümumi zərərin icbari sığorta ilə əhatə olunmayan hissəsi ödənilir. Dəymiş ziyan 7685 manat müəyyən edilmiş, qismən sığorta və azadolma məbləği nəzərə alınmaqla 4924,84 manat ödəniş nəzərdə tutulmuşdur. Bu halda hesablanan məbləğdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödədiyi pul çıxılıb qalan fərq ödənilir. İcbari sığortanın üstünlüyü mövcuddur. “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin qiymətləndirilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 noyabr 2024-cü il tarixli rəyi ilə razı deyil, həmin MMC zərərin məbləğini çoxaltmışdır.
21. Məhkəmə iclaslarında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə sürücü X7 arasında lizinq müqaviləsi mövcud olmuş, bütün prosedurlar iddiaçı ilə aparılmışdır. İlk dəfə məbləğlə bağlı razılıq olmadığından müstəqil ekspert dəvət olunmuş və əmlak qiymətləndirilmişdir. "xxxx" ASC X4 məxsus nəqliyyat vasitəsini icbari sığortalayıb. İddiaçı MMC-yə kasko sığorta üzrə həddin 5000 manat olduğu və mütənasib olaraq iki zərərçəkən arasında bölünməli olduğunu bildirilsə də, sonuncu məbləği tam istəmişdir. İki nəqliyyat vasitəsi toqquşub və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus arakəsməyə də ziyan dəymişdir. Sonuncuya məxsus əmlaka dəyən zərər 773 manat dəyərində qiymətləndirilib, razılıq əldə olunub. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubu mövcuddur.
22. Birinci instansiya məhkəməsinin 16 yanvar 2025-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-dən 4704 manatın, "xxxx" ASC-dən 6496 manatın İddiaçı MMC-nin xeyrinə, dövlət rüsumuna görə "xxxx" ASC-dən 60 manatın İddiaçı MMC-nin xeyrinə, 11,6 manatın dövlət büdcəsinin xeyrinə, "xxxx" ASC-dən 52 manatın dövlət büdcəsinin xeyrinə tutulması, "xxxx" ASC-dən ekspertiza xərcinə görə 60 manatın alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 207 manatın "xxxx" MMC-nin hesabına, "xxxx" ASC-dən 193 manatın alınıb "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur.
23. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
23.1. Sığorta hadisəsinin baş verdiyi, hadisədə üçüncü şəxs X2 təqsirli olduğu işin müəyyən edilən mübahisəsiz halıdır. Lakin tərəflər arasında sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı mübahisə mövcuddur. 23.2. İddiaçının təqdim etdiyi 15 fevral 2024-cü il tarixli Gəncə avtomotoservis və ticarət müəssisəsinin qüsur aktına əsasən, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 11 200 manat təşkil edir. 23.3. İş materiallarında olan, cavabdeh "xxxx" ASC-nin istinad etdiyi, lakin təsdiq edilməmiş 18 iyul 2023-cü il tarixli hesablama aktına əsasən, “Ford Transit” markalı **- AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7865 manat təşkil edir. 23.4. "xxxx" ASC-nin təqdim etdiyi 06 aprel 2024-cü il tarixli müstəqil ekspert rəyinə əsasən, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7870 manat qiymətləndirilmişdir. 23.5. Rəyə "xxxx" Açıq Səhmdar Cəmiyyəti etiraz etsə də, Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Hazırkı halda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə qanunda nəzərdə tutulmuş qaydada tərtib edilmiş hər hansı rəy təqdim edilməmiş, təqdim edilən 18 iyul 2023-cü il tarixli hesablama aktı isə ümumiyyətlə təsdiq edilməmiş, kimin tərəfindən tərtib edilməsi isə müəyyən edilə bilməmişdir. Belə ki, akt yazılı sübut kimi zəruri rekvizitlərə qiymətləndirməni aparan şəxs barədə məlumatlar, müvafiq şəxsin imzası, varsa, möhürü və s. malik deyildir. 23.6. Digər tərəfdən, Mülki Məcəllənin 925-1.1-ci maddəsinə əsasən, icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 23.7. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 noyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilən zərər şübhə altına alındığı halda, qiymətləndirmənin mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada – müstəqil ekspert tərəfindən aparılması isə iş materialları ilə təsdiq olunmur. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi 06 aprel 2024-cü il tarixli müstəqil ekspert rəyi ilə iddiaçının razı olmadığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə bildirilmişdir. Buna rəğmən, Mülki Məcəllənin 925- 1-ci maddəsinə nəzərdə tutulmuş təkrar qiymətləndirmə təşkil edilməmişdir. Belə olan halda həmin rəylər sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcminin müəyyən olunması üçün mötəbər rəylər hesab oluna bilməz. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli 9/5328 nömrəli ekspert rəyi də yuxarıda göstərilən səbəblərdən mötəbər hesab oluna bilməz. 23.8. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC-yə məxsus “Ford Transit” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 noyabr 2024-cü il tarixli rəyinə uyğun olaraq 12 274 manat müəyyən edilməlidir. 23.9. Əvvəla, icbari sığorta qanunvericiliyinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya qarşı sığorta öhdəliyinin həcmi müəyyən olunmalıdır. 23.10.Hazırkı iddia üzrə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X14 üçüncü şəxs kimi işə cəlb edilmiş, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iş materialları, o cümlədən ekspert rəyləri ilə tanış olmaqla imkanına malik olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı, 57AC768 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ekspertizanın rəyinə etiraz etməmişdir. Digər tərəfdən, həmin sığorta hadisəsi nəticəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12 dəymiş zərərin məbləği ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya münasibətdə sığorta ödənişi ilə bağlı öhdəliyinin həcmi müəyyən edilərkən qeyd olunan hal məhkəmə tərəfindən nəzərə alına bilir. 23.11. Belə olan halda, icbarı sığorta ödənişləri dəymiş zərər iddiaçıya münasibətdə 12 274 manat, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12 münasibətdə 772,8 manat müəyyən edilməklə hesablanmalıdır. 23.12.Bu zaman sığorta hadisəsi nəticəsində dəyən ümumi zərər 13 046,8 (11 274+772,8) manat, icbari sığorta məbləği isə 5000 manat təşkil etdiyindən iddiaçıya ödənilməli icbari sığorta ödənişinin məbləği (5000 / 13 046,8 * 12 274 və ya 5000*12 274/13046,8) 4704 manat müəyyən edilir. 23.13.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4704 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. 23.14.Məhkəmə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətininin öhdəliyinin həcmi barədə qeyd edir ki, 28 dekabr 2022-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsinin dəyəri 17 000 manat qiymətləndirilmiş, sığorta məbləği isə 12 000 manat, azadolma məbləği isə 500 manat olaraq göstərilmişdir. Belə olan halda qismən sığorta həcmi 70,59% təşkil edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi arayışdan görünür ki, zərərin məbləği 12 274 manat təşkil etdikdə sığorta ödənişi azadolma məbləği çıxılmaqla 8164,21 manat təşkil edir. 23.15.İddiaçının tələbini təşkil edən 11 200 manat sığorta ödənişi üzrə 4704 manat icbari sığorta ilə əhatə olunduğundan və qalıq 6496 manat qismən sığorta ödənişi həcmində olduğundan məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6496 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir.
24. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 883.1, 884.1-ci, 888.1-ci, 888.3-cü, 896.1-ci, 896.2-ci, 922.1-ci, 925.1-ci, 931-ci, “İcbari sığortalar haqqında” Qanunun 20.4-cü, 56-cı, 58.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli qərarına istinad etmişdir.
25. Həmin qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun "xxxx" ASC-nə aid hissədə ləğv edilməsini və iddianın onlara aid hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin iş materiallarında olan rəylərə düzgün qiymət verməyərək düzgün nəticəyə gəlmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz(lar)
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
27. "xxxx" ASC-nin nümayəndəsi ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, digər tərəflər (nümayəndələri) də məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
30. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
31. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
32. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
33. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
34. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
35. Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
36. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
37. Maddə 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.
38. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
40. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925- 1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
41. Maddə 16.3. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.
42. Maddə 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
43. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
44. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
45. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.
46. Maddə 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir.
47. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
48. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı
49. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.
50. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
51. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
52. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Apellyasiya baxışının həddi
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
59. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan normalarını və həmin normaların rəsmi şərhini nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin "xxxx" ASC-dən sığorta ödənişi qismində 6496 manatın, dövlət rüsumuna görə 60 manatın İddiaçı MMC-nin xeyrinə, 11,6 manatın dövlət büdcəsinin xeyrinə tutulması, ekspertiza xərcinə görə 60 manatın alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 207 manatın "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsi üzrə yoxlanılması təşkil edir. "xxxx" ASC qətnamədən şikayət vermədiyindən, qətnamənin "xxxx" ASC-dən 4704 manatın İddiaçı MMC-nin xeyrinə, dövlət rüsumuna görə 52 manatın dövlət büdcəsinin xeyrinə tutulması, ekspertiza xərcinə görə 193 manatın alınıb "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
60. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
61. Belə ki, iş materiallarında olan aktlar, habelə ekspert və mütəxəssis rəyləri qarşılıqlı təhlil edildiyində, dəymiş zərərin məbləğinin 13 046,8 (11 274+772,8) manat ola biləcəyi nəticəsinə gəlmək daha düzgündür.
62. Ziyanın məbləği ilə bağlı 18 iyul 2023-cü il tarixli sığorta aktının əsas götürülməli olduğu barədə apellyatorun arqumentini kollegiya əsaslı hesab etmir.
63. Belə ki, qanunvericilik, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir.
64. İşin hallarından görünür ki, “Ford Transit” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri 17 000 manat qiymətləndirilmiş, sığorta məbləği 12 000 manat, azadolma məbləği isə 500 manat olaraq göstərilmişdir. Belə olan halda qismən sığorta həcmi 70,59% təşkil edir.
65. İddiaçının tələbini təşkil edən 11 200 manat sığorta ödənişi üzrə 4704 manat icbari sığorta ilə əhatə olunduğundan və qalıq 6496 manat qismən sığorta ödənişi həcmində olduğundan kollegiya hesab edir ki, məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 6496 manatın tutulub iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
66. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni "xxxx" ASC-dən sığorta ödənişi qismində 6496 manatın, dövlət rüsumuna görə 60 manatın İddiaçı MMC-nin xeyrinə, 11,6 manatın dövlət büdcəsinin xeyrinə tutulması, ekspertiza xərcinə görə 60 manatın alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 207 manatın "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva