Məhkəmə qərarları › İş №2-2(103)-408/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-408/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-408/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, AZTX/438 saylı icarə müqaviləsinə əsasən istifadə üçün təhvil verilmiş icarə obyektlərinə görə 272391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276612,53 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin bank hesabı üzərinə iddia tələbi olan 276642,53 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-1185/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ölkə daxilində və ölkə hüdudlarından xaricdə beynəlxalq maliyyə təşkilatları tərəfindən və yerli büdcədən maliyyələşən dəyəri 100,000,000.00 manatdan çox olan böyük infrastruktur layihələrinin icrasını həyata keçirir və MMC-də 250 nəfərdən çox işçi çalışır və Cəmiyyətin mülkiyyətində kifayət qədər daşınar və daşınmaz əmlak var. Göründüyü kimi bu qədər böyük dövriyyəsi və potensialı olan şirkətə qarşı gələcəkdə məhkəmənin çıxaracağı qətnamənin icrasında hər hansı çətinlik yarana bilməz. Lakin, məhkəmənin hazırkı qərardadı bu çətin vəziyyətdə (COVİD-19 virusu ilə bağlı işlərin dayanması, beynəlxalq maliyyə qurumları tərəfindən ödənişlərin gecikdirilməsi və s.) cəmiyyətin fəaliyyətinə mənfi təsir göstərmişdir. Belə ki, məhkəmənin qərardadı ilə cəmiyyətin bank hesabındakı pul vəsaitinin üzərinə həbs qoyulması, cəmiyyət tərəfindən işçilərin əmək haqqının, vergilərin, o cümlədən məcburi dövlət sosial sığorta vəsaitlərinin ödənilməsində çətinlik yaratmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin bank hesabındakı hesabı üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni cəmi 276612,53 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs cavabdehin işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsindən müəyyən olunur ki, əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, faktiki fəaliyyət göstərən cavabdeh MMC-nin əməkdaşlarına ödənilən əmək haqları və məcburi dövlət ödənişləri bilavasitə istehsalatda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabı üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilsin. Cavabdeh MMC-nin “xxxxxxxx” ASC-nin “Səbail” filialı, Kod:510794, SW: BBTBAZ22, m/h: AZ13NABX********************, İBAN: AZ90BBTB******************** saylı bank hesabı üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 276642,53 manat həcmində həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar