Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-408/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndələri - vəkil X1, qanuni təmsilçisi X2, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh1 MMC-yə qarşı «icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi, maddi və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/21 saylı xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «xxxx» MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə icarə obyekti üzərində sahiblik və istifadə hüqununun bərpa edilməsi, icarə obyektində mülkiyyətində olan hazır məhsullar və xammalın cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sərəncamına verilməsi, icarəçi kimi fəaliyyətinə cavabdeh tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə 1.000.000,00 manat miqdarında maddi zərərin və 6.600.000,00 manat əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərə görə 5.000.000,00 manat həcmində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkillə bağlanan müqavilə üzrə 20.000,00 manat məbləğin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə: 1) müqavilə üzrə iddiaçının istifadəsində olan və əmlakının olduğu əraziyə onların rəhbərliyinin, təsisçilərinin, iştirak payı olanın, müəssisəsində çalışan bütün işçilərin, anbar, əkin sahəsinə, istehsal sahəsinə giriş-çıxışına və istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına - məhkəmə qərarı olmadan, qoyulan məhdudiyyətin qadağan edilməsi; 2) əraziyə daxil olmağa şərait yaradılmasının cavabdehə həvalə edilməsi; 3) onların mülkiyyətində olan əmlaklardan (kartof, xammal, qablaşdırma və s.) istifadə edilməsinin - qadağan edilməsi; 4) bu məhsullardan istifadə edilməsi, istehsal prosesində istifadəsi və satışının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/21 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi qismən təmin edilmiş və 30/2020 saylı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndlərində yerləşən Cavabdeh1 MMC-yə məxsus ümumi 201,33 ha olan Qaş torpaqlarından iddiaçı «xxxx» MMC-nin sahiblik və istifadəsinə maneələrin törədilməsi cavabdehə qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin tam rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddiannın təmini tədbirinin qanunvericiliklə müəyyən edilən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə uyğun olmayan qərardad çıxarmışdır. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 157.2-ci maddəsinə əsasən tədbirin görülməsində məqsəd qətnamənin icrasını təmin etməkdir. Tədbir qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönəlir. Lakin iddiaçı tərfindən ərizədə görülməsini xahiş edilən tədbirin qətnamənin icrasını hansı şəkildə təmin edilməsi və onun icrasını hansı halların çətinləşdirəcəyi əsaslandırılmamışdır.Məhkmə iddianı təmini tədbirinin qanunvericikliklə müəyyən edilən «işi qabaqcadan mahiyyəti üzrə həll etmir» tələbinə uyğun olmayan qərardad çıxarmışdır. Məhkəmənin hazırkı qərardadla iddianı təmini qismində gördüyü tədbir faktiki olaraq iddiaçının icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə iddia tələbi ilə eynilik təşkil etməklə, həmin tələbi müvəqqəti də olsa qabaqcadan mahiyyəti üzrə həll etmişdir. Məhkəmə özü ərizəni qismən, təmin edilməyən hissələrinin iddia tələbi ilə faktiki olaraq eynilik təşkil etməsi, mübahisənin əvvəlcədən müvəqqəti də olsa həllinə xidmət etməsi ilə əsaslandırmış, ancaq buna rəğmən qərardaddan ərizənin hansı hissədə təmin edildiyi də aydın olmamaqla, gördüyü tədbir əslində, gəldiyi nəticəyə zidd olaraq qaldırılan iddia ilə eyni olub, həmin iddianın qabaqcadan mahiyyəti üzrə həllinə yönəlmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Cavabdeh2 şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri vəkil Q.Ağayev və qanuni təmsilçi R.Ömərov cavabdehin şikayətinin dəlilləri ilə razılaşmamış və sonuncunun qanunsuz hərəkətləri ilə iddiaçınya və ona məxsus təsərrüfatda çalışan 100dən çox işçilərə maddi ziyan vurduğunu mübahisələndirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli iddiaçının ərizəsi rədd olunmalıdır. Belə ki, məhkəmənin mübahisələndirilən qərardaddan görünür ki, məhkəmə iddiaçının ərizəsini qismən təmin edərək cavabdehə - ona məxsus ümumi 201,33 ha torpaqlarından iddiaçının sahiblik və istifadəsinə maneələrin törədilməsini qadağan etməsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən icarə obyektindən iddiaçının istifadəsinə maneələrin yaradılması onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində ağır nəticələrə həmçinin, ehtimal olunan zərərin artmasına gətirib çıxarması, digər dövlət orqanları və qurumlar qarşısında olan öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaradacağı ehtimalı mövcud olduğundan və iddtianın təmin olunduğu təqdirdə bu nəticələrin yaranmasının qarşısının alınması üçün qadağa tətbiq edilməlidir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan müddəalarının mənasından göründüyü kimi, iddianı təmin etmə tədbiri, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədini daşımalıdır. Lakin konkret halda, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsi əsasında tətbiq edilən iddianı təmin etmə tədbiri, gələcəkdə iddiaçının xeyrinə qəbul edilə biləcək qətnamənin icrasını hansı formada təmin edəcəyi və ya onun icrasına hansı çətinliyi yarada biləcəyi ilə deyil, cavabdehin iddiaçını icarə obyekti olan torpaqlara buraxmaması ilə bağlı hərəkətlərinin sonuncuya maddi ziyan vura biləcəyi və üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə mane törədəcəyi əsaslandırmamışdır. Halbuki, mülki-prosessual qanunvericiyin qeyd olunan tələbləri, məhkəmə iddiaçının tələbləri müqabilində onun xeyrinə qəbul edilə biləcək qətnamənin icrasını təmin edilməsinə yönələn və iddiaçının tələblərinə mütənasib olan tədbirin görülməsi zəruriliyini ehtiva edir. Konkret halda, iddiaçının qeyd olunan tələblərindən göründüyü kimi, aşağıdakı hissələrdən ibarətdir: 1) 30/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə icarə obyekti üzərində sahiblik və istifadə hüqununun bərpa edilməsi; 2) İcarə obyektində mülkiyyətində olan hazır məhsullar və xammalın cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sərəncamına verilməsi; 3) İcarəçi kimi fəaliyyətinə cavabdeh tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə 1.000.000,00 manat miqdarında maddi zərərin, 6.600.000,00 manat məbləğində əldən çıxmış faydanın, işgüzar nüfuzuna vurulmuş zərərə görə 5.000.000,00 manat məbləğində pulun (və məhkəmə xərclərinin) tutulması. Qeyd olunan iddia tələbləri ilə iddiaçının ərizəsində görülməsini xahiş etdiyi iddianı təmin etmə tədbirləri qarşılıqlı təhlil olunduqda aşkar görünür ki, həmin tədbirlər iddia ərizəsində irəli sürülən iddia tələblərinin hər hansı biri ilə mütənasiblik təşkil etmir. Halbuki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə tətbiq edələn iddianı təmin etmə tədbirinə gəldikdə isə “Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndlərində yerləşən Cavabdeh1 MMC-yə məxsus ümumi 201,33 ha olan Qaş torpaqlarından iddiaçının sahiblik və istifadəsinə maneələrin törədilməsini cavabdehə qadağan etməklə, məhkəmə, iddiaçının görülməsini xahiş etdiyi tədirlərlə müqayisədə, tamamilə fərqli olan başqa bir iddianı təmin etmə tədbirinin tətbiq olunması qənaətinə gəlmişdir. Məhkəmənin müəyyən etdiyi həmin tədbir nə iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbləri ilə mütənasiblik təşkil etmir, nə də ki həmin tədbir onun ərizəsində görülməsini xahiş etdiyi tədbir növlərindən hər hansı birinə uyğun gəlir. Başqa sözlə, məhkəmə iddiaçının ərizənin hədlərindən kənara çıxmaqla, qərardad qəbul etmişdir. Ümumiyyətlə, iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin məzmunundan və onun hazırkı nümayəndələrinin məhkəməyə verdiyi izahatlarına, haöbelə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyindən görünür ki, görülməsi xahiş edilən iddianı təmini tədbirləri, o cümlədən, məhkəmənin tətbiq etdiyi tədbir, əslində, gələcəkdə iddia tələbləri üzrə qəbul edilə biləcək qətnamənənin icrasını təmin etmək məqsədini deyil, iddiaçıya vurulacaq maddi ziyanın qarşısını almaq məqsədini daşıyır. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbirləri, o cümlədən, məhkəmənin tətbiq etdiyi iddianı təmin etmə tədbiri, Konstitusiya Məhkəməsinin qərarında təsbit olunan meyarlara cavab vermir. Yəni, həmin tədbirlər – heç də gələcəkdə iddiaçının xeyrinə qəbul edilə biləcək qətnamənin icrasını təmin etmir və ya onun icrasını çətinləşdirən halların qarşısını almır. İddia tələbləri çərçivəsində iddiaçının xeyrinə qətnamə qəbul olunacağı təqdirdə, icra qanunvericiliyinin tələbləri qaydasında həmin qətnamənin icrasının təmin olunmasında heç bir əngəllik və onun icrasını çətinləşdirən hal mövcudluğu görünmür. Ona görə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/21 saylı xx.xx.2021-ci tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, qəraradad ləğv edilməli və iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə yeni qərardad çıxarılmalıdır. MPM-in 402-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin iddianı təmin etmə tədbiri qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1378/21 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı «xxxx» MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-408/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-408/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver