Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-408/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-983/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən 48.000 manat məbləğində pul vəsaitini borc alana, maliyyə yardımı kimi, 10 iyun 2023-cu il tarixədək geri qaytarılmaq şərti ilə, borca verir, borc alan isə boru bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: 2.1.1-ci bəndinə əsasən borc verən bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə imzalanan tarixdən 3 bank günündən gec olmayaraq borc alanın bank hesabına köçürmək və ya nəğd şəkildə xəzinəsinə daxil etmək ilə bağlı öhdəlik götürür. 2.2.1-ci bəndinə əsasən borc alan borc məbləğini «10» iyun 2023-cü il tarixədək geri qaytarmaq ilə bağlı öhdəlik götürür. Tərəflərin qarşılıqlı razılığı ilə “Borclun qaytarılma müddəti uzadıla bilər.
2. xx.xx.2023-cü il tarixli 230519 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 48.000 manat məlbəğində borc müqaviləsi üzrə ödəniş edilmişdir
Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsi üzrə yaranan 48.000 manat məbləğində borcun, həmçinin borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 4.900 manat məbləğində cərimənin, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində haqqın və ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 53.450 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 may 2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı 48.000 manat məbləğində pulu cavabdehə borca verir, cavabdeh isə həmin pulu 10 iyun 2023-cü il tarixinədək qaytarmalı idi. Cavabdeh müqavilə üzrə borcunu ən geci 10 iyun 2023-cü il tarixdə ödəməli idi. Öhdəliyin icra edilməsi müddətindən 1 il yarıma yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, NİM 02/2023 saylı borc müqaviləsi üzrə yaranan 48.000 manat məbləğində borcun, həmçinin borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 4.900 manat məbləğində faizin, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində haqqın və ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 53450 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-983/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli NİM 02/2023 borc müqaviləsi üzrə 48.000 manat, borcun ödənişinin gecikdirilməsinə görə 3891 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 247 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin borc müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 48.000 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 48.000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin digər hissəsini “borcun müqavilə üzrə nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış 4.900 manat məbləğində faizin tutulması təşkil etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsini qismən əsaslı hesab edir. Belə ki, tərəflər arasında faizsız borc müqaviləsi bağlanmışdır. Müqavilə şərtinə əsasən borc məbləği xx.xx.2023-cü il tarixində qaytarılmalı olduğu halda, bugünə kimi qaytarılmamışdır. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc məbləği şərtləşdirilmiş müddətdə (xx.xx.2023-cü il tarixində) qaytarılmadığı üçün, borcun (48.000 manat) ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla (xx.xx.2023-cü il tarixindən qətnamə çıxan xx.xx.2025-ci il tarixinə kimi) 3891 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 300 manat hüquqi xidmət haqqı və 250 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 247 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti və 300 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 739.1, 445.7-ci maddələrinə və Azərbaycan Respublikası MPM-in 107, 115.0.9, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-983/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq ondan 48.000 manat borc məbləğinin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir, Bununla razı deyil, həmçinin məhkəmə əsassız olaraq gecikdirilmiş borc məbləğinin illik 5 faiz məbləğini 2 ilə, hər ilə 5 faiz səhv hesablamışdır. Halbuki, bu müddət 1 il 6 ay təşkil edir. Məhkəmə əsassız olaraq 1 il 6 ay üçün cavabdehdən 3891 manat pul tutmuşdur. 1 il üçün 5 faiz olduqda. Qalan növbəti 6 ay üçün 2.5 faiz təşkil edir. Lakin cavabdeh bu faiz məbləğini də qəbul etmir. Müqavilədə bu hal nəzərdə tutulmamışdır. Ona görə də hesab edir ki, bu qanunsuz qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Hesab edir ki, işə baxılan zaman prosessual hüquq norması pozulmuşdur, belə ki, məhkəmə AR MPM-nin 77, 88, 217, 218-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə riayət olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir.
11. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən pozulmuş maddi hüquq normaları kimi AR konstitusiyasının 60, 7.1-ci maddələrini, AR Mülki Məcəlləsinin 385.1, 386.1, 163.1, 163.2,164.1, 164.2, 165.1-ci maddələrini, pozulmuş prosessual hüquq normaları kimi 9.1, 9.2, 9.3,14.1, 14.2, 77.1, 77.3, 88-ci maddələrini göstərmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2-ci maddəsinə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 742.1-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
16. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
17. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız borcun ödənişinin gecikdirilməsinə görə faiz borcunun tutulması hissəsində ləğv edilməsinə yönəldilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı borcun ödənişinin gecikdirilməsinə görə tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli NİM 02/2023 nömrəli borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəliyi icra edərək xx.xx.2023-cü il tarixdə, 48.000 manat məbləğində pul vəsaitini cavabdehə verdiyini, cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə (xx.xx.2023-cü il) borcu qaytarmadığını, nəticədə cavabdehin iddiaçıya 48.000 manat məbləğində borcun yaranmadığını əsas göstərərək həmin borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizin ödənilməsini tələb edir.
23. Kollegiya qeyd edir ki, iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tələb edilən 4800 manat məbləği “cərimə” adlandırılsa da, tələbin faktiki əsası kimi tərəflər arasında tərəflər arasında dəbbə pulu barədə razılaşmanın (və ya müqavilədə dəbbə pulu barədə şərtin) mövcudluğuna istinad edilməmiş, bundan əlavə tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin tələbə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması tələbi kimi qiymət verilməlidir.
24. Göstərilən tələblə bağlı kollegiya əvvəla qeyd edir ki, cavabdehin borc müqaviləsində borcun xx.xx.2023-cü il tarixədək qaytarılmalı olması göstərilməklə borcun qaytarmaq öhdəliyinin icra müddəti müəyyənləşdirilmiş, odur ki, cavabdeh həmin öhdəliyi qətnamə qəbul edildiyi tarixədək icra etməməklə mübahisəli öhdəliyin icra edilməsini 1 il 8 ay müddətinə gecikdirmişdir.
25. Belə olan halda Cavabdeh MMC borc müqaviləsi üzrə 48000 manat məbləğində borcun qaytarılmasını gecikdirdiyindən İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə gecikdirilmiş müddət üçün illik 5 faiz hesabı ilə pulun ödənilməsini tələb etmək hüququna malik olmuşdur.
26. Cavabdehdən tutulmalı olan faizin məbləğinə gəldikdə isə, əvvəla bildirilir ki, əsas borcun gecikmə gününün sayı 592 gün (xx.xx.2023 il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr) təşkil edir. Bu baxımdan illik 5 % olmaqla hesablanmış faizlər aşağıdakı kimi müəyyən edilir: (48000x5%x592 gün/365) 3892,56 manat.
27. Odur ki, birinci instansiya məhkəməsi borc müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablamaqla 4900 manat məbləğin cavabdehdən tutulması hissəsində iddianı qismən təmin edərək tutulacaq faizi 3891 manat məbləğində müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-983/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov