Məhkəmə qərarları › İş №2-2(103)-409/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-409/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-409/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-388/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC (icarəyə verən) və Cavabdeh (icarəçi) arasında 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 1112 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürür.

2. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 241 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir.

3. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.

4. İddiaçı MMC (icarəyə verən) və Cavabdeh (icarəçi) arasında 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal X1 yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 1116 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürür.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 121 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir.

6. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.

7. İddiaçı MMC (icarəyə verən) və Cavabdeh (icarəçi) arasında 01 fevral 2018-ci il tarixli, K 2310 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və ŞəhərlərarasıAvtovağzal X1 yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 nömrəli qeyriyaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 250 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir.

9. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.

10. 01 fevral 2018-ci il tarixli, K 2310 nömrəli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli 01 saylı Əlavə razılaşma ilə icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 nömrəli qeyriyaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqının 170 manat məbləğində müəyyən olması barədə razılığa gəldilər.

11. İddiaçının xx.xx.2022-ci il tarixli 483 saylı icarə müqaviləsinə xitam verilməsi haqqında əmrinə və akta əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 34 m2 sahənin icarəsi haqqında bağlanmış 1116 nömrəli xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən müqavilənin 9.3-cü bəndinə əsasən xitam verilmişdir.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə sazişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 saylı icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilmişdir.

13. Sazişin 6-cı bəndinə əsasən icarəçi xx.xx.2018-ci il tarixli, K2310 saylı icarə müqaviləsinə əsasən icarəyə verənə 2518,34 manat icarə haqqı borcu olduğunu və borc öhdəliklərinə müqavilədə göstərilmiş icarəyə verənin bank hesabına ödəniş etdikdən sonra xitam verildiyini qəbul edir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə icarəçi Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 saylı qeyri-yaşayış sahəsini icarəyə vernə geri təhvil vermişdir.

15. İddiaçı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə aktı ilə xx.xx.2018-ci il tarixli, 1112 saylı müqaviləyə birtərəfli qaydada xitam vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 603,50 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 614,39 manat; 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 363 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 373,89 manat; 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 2.518,34 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 253,68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.772,02 manat məbləğində pul tələbinin, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı bildirir ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini pozmuş və aylıq ödənişləri həyata keçirməmişdir.

18. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, cavabdeh hər üç müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmiş, icarə haqlarını vaxtında ödəmişdir. Lakin 2020-ci ilin fevral ayından Covid-19 xəstəliyi ilə bağlı yaranmış pandemiya vaxtı mağazalar fəaliyyət göstərməmiş, lakin o, ödənişləri etməkdə davam etmişdir, iddiaçı bu halı fors major kimi nəzərə almamış, ona hər hansı güzəşt etməmişdir. İddiaçının yeni rəhbəri sahibkarlara hər hansı güzəşt etməmiş, onlara qarşı icarə haqlarının tutulması ilə bağlı iddialar irəli sürmüş, icarəçilərə güzəşt edilməmişdir. O, mağazalar işləmədiyi halda da ödənişlər etmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-388/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 603,50 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində dəbbə pulu, 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 363 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində dəbbə pulu, 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 2.518,34 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 100 manat məbləğində dəbbə pulu, ödənilmiş 70 manat məbləğində mediasiya xərci, ümumilikdə 3676,62 (üç min altı yüz yetmiş altı manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında pandemiya dövrünə dair icarə haqqı borclarını tələb etmədiyni bildirsə də, borcların hansı dövrlər üçün tələb etdiyini aydın şəkildə bildirməmişdir. Məhkəmə bu halı araşdırmalı, əgər borc varsa hansı miqdarda olması ilə bağlı mühasibatlıq ekspertizası təyin etmək əvəzinə öz üzərinə düşən araşdırmanı aparmayaraq əksinə üzərinə vəzifə olmayan mütəxəssis rəyinə ehtiyac olan mühasibatlıq işlərini bir tərəfli şəkildə özü həyata keçirmişdir. Bundan başqa, 01 fevral 2018-ci il tarixli, 1112 saylı müqavilə üzrə məhkəmə araşdırmanı heç aparmamış və həmin müqavilə üzrə ümumiyyətlə borcunun olmadığını nəzəzə almamışdır. Borcun olmadığı halda məhkəmə qanunsuz bir qətnamə qəbul etmişdir. Belə ki, 01 fevral 2018-ci il tarixli, 1112 saylı müqavilə üzrə ödəniş cədvəlindən də aydın görünür ki, həmin müqavilə üzrə icarə borcu 0 (sıfır) manatdır. İşdə olan ödəniş cədvəllərindən də görünür ki, bəzi aylarda ümumiyyətlə işiğa görə ödəniş edilməmiş və bunun qarşılığında işığa görə borc da yaranmamışdır. Bunula bağlı kifayt qədər şahidlər vardır ki, ticarət obyektinin bağlı olduğunu təsdiq edə bilərdilər. Məhkəmə sorğu əsasında həmçinin ticarət obyektinə elektrik enerjisinin verlmədiyini müəyyən edə bilərdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi.

23. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur

26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Belə ki, icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

31. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

32. Tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə icarə obyektlərinin cavabdehə təhvil verilməsi və hansı tarixlərə qədər müqavilə münasibətlərinin davam etməsi işin mübahisəsiz hallarıdır.

33. İşin mübahisəli halı isə icarə haqlarının ödənilməsi ilə bağlıdır və qeyd olunduğu kimi bu halı sübutetmək vəzifəsi cavabdehə aiddir. Lakin cavabdeh bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

34. Eyni zamanda, işdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2023-cü il tarixə icarəçinin icarəyə verənə xx.xx.2018-ci il tarixli, K2310 saylı icarə müqaviləsinə əsasən icarə haqqı borcu 2518,34 manat, cərimə borcu 253,68 manat, cəmi borcu 2772,02 manat; xx.xx.2022-ci il tarixə icarəçinin icarəyə verənə xx.xx.2018-ci il tarixli, 1116 saylı icarə müqaviləsinə əsasən icarə haqqı borcu 363 manat, cərimə borcu 10,89 manat, cəmi borcu 373,89 manat; xx.xx.2023-cü il tarixə icarəçinin icarəyə verənə xx.xx.2018-ci il tarixli, 1112 saylı icarə müqaviləsinə əsasən icarə haqqı borcu 603,50 manat, cərimə borcu 10,89 manat, cəmi borcu 614,39 manat təşkil edir.

35. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə Mülki Məcəllənin 700.1-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və iddiaçı tərəflər arasında bağlanmış üç ədəd icarə müqaviləsi qeyd olunan məbləğlərdə icarə haqlarının ödənilməsini tələb etməkdə tam haqlıdır.

36. Gecikdirilmiş günlərə görə cərimənin tutulması barədə tələblərə dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

37. Tərəflər arasında bağlanmış üç ədəd icarə müqaviləsinin 4.3-cü bəndində də nəzərdə tutulmuşdur ki, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ina hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.

38. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı üç ədəd müqavilə üzrə cəmi 121,78 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

39. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə istənilən məsələnin aydınlaşdırılması üçün deyil, yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər (MPM-in 97.1-ci maddəsi). Hazırki işdə isə icarə müqaviləsi üzrə əsas və cərimə borcun hesablanması üçün xüsusi bilik tələb olunmur. Həmçinin cavabdeh icarə müqavilələri üzrə borcun məbləğini mübahisləndirsə də, həmin halları konkret əsaslandırmamış (yalnız ümumi sözlərlə qeyd etmişdir), o cümlədən bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Covid-19 xəstəliyi ilə bağlı yaranmış pandemiya ilə bağlı dəlillərə dair qeyd edilir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışlarına əsasən həmin dövrə aid icarə haqları tələb edilmir və hazırki mübahisənin predmetini təşkil etmir. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra K2310 saylı müqavilə üzrə 340 manatın ödənilməsi isə qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-388/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar