Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-41/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının vəkili Vəkil4, cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair ilkin, Cavabdeh MMC-nin müqaviləyə dəyişiklik edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-666/2019 saylı qətnaməsindən (hakim Aytən Oruczadə) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, son olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli 2006-0597 saylı arabağlantı müqaviləsinə əsasən xx.xx.2017-xx.xx.2019cu dövr üzrə yaranmış 357.115,52 manat əsas borcun, 14.840 manat məbləğində dəbbə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 371.985,52 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)- 666/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 357.115,49 manat əsas borcun, 3.500 manat dəbbə pulunun, cəmi 360.615,49 manatın və 20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, daha sonra apelyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-666/2019 saylı qətnaməsinin ləğv edərək, ilkin iddia tələbinin qismən təmin edilməsi və qətnamənin icra üsulunun müəyyən edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən nəzarət orqanının mövqeyini və iddiaçının hüquqdan sui-istifadə etməsini nəzərə almamışdır. Trafik mübadiləsi ikitərəfli olduğundan və İddiaçı tərəfindən də “Azərcell”ə ödənilməli olan məbləğ mövcud olduğundan “0,05 manat-0,05 manat” hesablaşma tarif əsas götürüldüyü halda fərq İddiaçı MMC-nin xeyrinə 256189,62 manat (357115,49-100925,87=256189,61) təşkil edir və belə olan halda iddia həmin hissədə tam təmin edilə bilməzdir. 0,03-0,03 manat tarifi əsas götürülməklə hesablaşma aparıldıqda isə iddiaçının xeyrinə tutulmalı məbləğ 153713,77 manat (214269,29-60555,52) təşkil edir. Tərəflər arasında bağlanmış arabağlantı müqaviləsinin 12.4-cü bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən hər hansı biri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər operatorlarla və yaxud hər hansı biri ilə bu müqavilənin şərtlərindən daha üstün şərtlərlə arabağlantı müqaviləsi bağlandıqda həmin şərtlərin digər tərəfə şamil edilməsi məqsədilə bu müqaviləyə əlavə və dəyişikliklər ediləcəkdir. “Azərcell” ilə sabit (stasionar) telefon xidməti operatorları ilə bağlanmış arabağlantı müqavilələrində müvafiq dəyişikliklər edilmiş və şəbəkələrarası zənglərin sonlandırılması qiymətləri trafikin hər dəqiqəsi üçün sabit-mobil 0,03 manat, mobil-sabit 0,03 manat müəyyən edilmişdir və hazırda həmin operatorlarla (“Delta Telekom LTD”, “xxxx” MMC, “xxxx” MMC) hesablaşmalar yeni tariflər əsasında aparılır. Digər operatorlarla arabağlantı trafiki üzrə hesablaşma qiymətinin dəyişməsinə baxmayaraq İddiaçı MMC-nin müqaviləyə dəyişiklik etməkdən imtina etməsi rabitə və yüksək texnologiyalar sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mövqeyinə ziddir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-608/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Ağayev (sədrlik edən), C.Yusifov, A.Nuriyeva) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)- 112/2020 saylı qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən), B.Məmmədli, B.Qəribov) cavabdehin qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-608/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxılarkən cavabdehin vəkili X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil4 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)- 666/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin iddiası qismən təmin edilərək cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə 214269,29 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC və “Cavabdeh MMM” BM şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında 2006- 0597 saylı xx xxxxxx 2006-cı il tarixli müqavilədən görünür ki, bu müqavilə İddiaçı və “Azercell” şəbəkələri arasında qarşılıqlı trafik mübadiləsi ilə əlaqədar qarşılıqlı arabağlantının texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərini, əsas prinsiplərini və şərtlərini tənzimləyir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən tərəflərin şəbəkələri arasında birbaşa və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (sabit-mobil və mobil-sabit) hər dəqiqəsi üçün trafiki ötürən tərəf trafiki qəbul edən tərəfə 0,05 manat (AZN) ödəyir. Həmin müqavilənin 11.9-cü bəndinə əsasən qarşılıqlı üzləşmə zamanı göstərilən müddət ərzində razılıq əldə edilmədikdə, hər hansı tərəf qarşı tərəfin tələb etdiyi hesablaşma məlumatları ilə əlaqədar 5 iş günü ərzində RİTN-ə müracət edə bilər. Həmin müqavilənin 14.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və ilkin müddəti 1 (bir) il müəyyən edilir. 14.2-ci bəndinə əsasən bu müqavilənin müddətinin bitməsindən 30 (otuz) gün qalanadək ona xitam vermək haqqında hər hansı bir tərəfin rəsmi müraciəti olmadıqda, bu müqavilənin müddəti 1 (bir) il/illər müddətinə uzadılır. 14.3-cü bəndinə əsasən müqavilə əlavə və dəyişikliklər qarşılıqlı razılıq əsasında tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən yazılı olaraq edilir və müqavilənin ayrılmaz hissəsi hesab edilir. Müqavilənin 12.4-cü bəndində qeyd edilmişdir ki, müqavilə qüvvəyə mindikdən sonra tərəflərdən hər hansı biri Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər operatorlarla və yaxud hər hansı biri ilə bu müqavilənin şərtlərindən daha üstün şərtlərlə arabağlantı müqaviləsi bağlandıqda həmin şərtlərin digər tərəfə şamil edilməsi məqsədilə bu müqaviləyə əlavə və dəyişikliklər ediləcəkdir. İddiaçı qeyd edilən müqaviləyə istinad edərək tərəflər arasında xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə mübadilə olunan arabağlantı trafiki üzrə borcun müqavilə ilə razılaşdırılmış tariflə (sabit-mobil 0,05 manat, mobil-sabit 0,05 manat) ödənilməsini tələb edir. İşin qarşılıqlı hesablaşma aktlarına əsasən müəyyən edilmiş mübahisəsiz halıdır ki, qeyd edilən dövr üzrə arabağlantı trafikinin həcmi (dəqiqə ilə) İddiaçıMMC üzrə 2018517.30, Cavabdeh MMC üzrə 7412309.73 olmuşdur. İş materiallarından görünür ki Cavabdeh MMC İddiaçı MMC-yə xx xxxx 2017-ci il tarixdə müraciət edərək bildirmişdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tövsiyyələri nəzərə alınmaqla, Cavabdeh MMC və “xxxx” MMC arasındakı mövcud arabağlantı müqaviləsinə dəyişiklik edilərək, şəhərlərarası xaric, “sabit-mobil” və “mobil-sabit” istiqamətlərində arabağlantının sonlandırılması qiymətinin 0,03 manat müəyyən edildiyi nəzərə alınaraq Cavabdeh MMC və İddiaçı MMC arasındakı mövcud olan 2006-0597 saylı xx xxxxxx 2006-cı il tarixli arabağlantı müqaviləsinin 12.4-cü maddəsinin şərti nəzərə alınaraq tərəflərin şəbəkələri arasında birbaşa və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq mübadilə olunan trafikin (“sabitmobil” və “mobilsabit”) hər dəqiqəsi üçün 11.2-ci maddədə nəzərdə tutulan 0,05 manatın 0,03 manatla əvəz edilməsini təklif etmiş və bu məktuba qoşma edilən müvafiq saziş layihəsinin imzalanmasına münasibət bildirilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin bu mövqeyi İddiaçı MMC-yə ünvanlanmış xx xxxx 2017-ci il tarixli, xx xxxx 2018-ci il tarixli məktublarda da təkrarlanmışdır. İddiaçı MMC xx xxxx 2017-ci il tarixli məktuba cavab olaraq Cavabdeh MMC -yə 02 avqust 2017-ci il tarixli məktub göndərərək qeyd etmişdir ki, İddiaçı MMC ilə mobil operatorlar, o cümlədən Cavabdeh MMC arasında birbaşa fiziki arabağlantı mövcuddur və şəbəkələr arasında trafik mübadiləsi birbaşa arabağlantı kanalları vasitəsi ilə həyata keçirilir. Simli telefon operatorları tərəfindən zənglərin sonlandırılması xərcləri mobil operatorlara müqayisədə daha yüksək olduğunu və Cavabdeh MMC tərəfindən göndərilmiş məktuba qoşma edilmiş və mövcud müqavilə şərtləri uyğun olmayan qarşılıqlı hesablaşma aktlarını geri qaytarıqlarını və müəssisələr arasında mövcud müqavilə şərtlərinə uyğun olaraq 2017-ci ilin iyun ayı üçün öncədən təqdim olunmuş qarşılıqlı hesablaşma aktlarının təsdiq edilərək geri qaytarılmasını xahiş etmişlər. İddiaçı MMC -nin bu mövqeyi Cavabdeh MMC -yə ünvanlanmış xx xxxx 2018-ci il tarixli , xx xxxxx 2018-ci il tarixli məktublarda da təkrarlanmışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər iki tərəfə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda Nazirlik “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinə istinad etməklə, operatorların Nazirlik tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq 7 gün ərzində qarşılıqlı arabağlantı müqaviləsini bağlamaq vəzifəsini və bu vəzifənin icra edilməməsinin və Nazirlik tərəfindən müəyyən olunan şərtləri nəzərə almadan qarşılıqlı hesablaşmaların aparılmasının yolverilməzliyini göstərmişdir. Qeyd edilən məktubda və Nazirliyin işdəki digər məktublarında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmış və operatorlara təqdim edilmiş şərtlərdə şəbəkələrarası zənglərin sonlandırılması qiymətlərinin sabit-mobil 0,03 manat, mobil-sabit 0,03 manat müəyyən edildiyi və bütün operatorlara bu barədə məlumat verildiyi qeyd edilmişdir. Cavabdehin iddiaya etirazı və apelyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, İddiaçı MMC –nin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mövqeyini nəzərə almaması və Nazirlik tərəfindən bütün operatorlar üçün müəyyən edilmiş yeni tariflə (sabit-mobil 0,03 manat, mobil-sabit 0,03 manat) müqavilə bağlamaqdan imtina etməsi əsassız olmaqla eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 12.4-cü bəndinin tələbinə ziddir. Ali Məhkəmənin iş üzrə hüquqi mövqeyi ondan ibarətdir ki, hazırki halda, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iş materiallarına əlavə edilmiş imperativ xarakterli məktubları inzibati orqanın inzibati aktları kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə (bax hazırkı qərarın 36-cı bəndinə), inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi qanunla dövlət səlahiyyətinə aid edilməklə, Rabitə Nazirliyinə həvalə edilmiş və bununla, həmin inzibati orqanın operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi səlahiyyətlər ümumi (publik) hüquq sahəsinə aid olan səlahiyyətlərə aid edilmişdir. Qanun inzibati orqanın bu sahədə həll etdiyi məsələləri dəqiq göstərmiş və müəyyən etmişdir ki, operatorlar biri-biri ilə arabağlantı müqavilələri bağlayarkən həmin müqavilələrin Rabitə Nazirliyinin müəyyən etdiyi şərtlərə zidd olmayan və qanunvericiyliyə uyğun olan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və digər məsələləri nəzərə almalıdırlar. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 3.0.44-cü bəndində, həmin Nazirliyin operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək səlahiyyətləri birbaşa müəyyən edilmişdir. Rabitə Nazirliyinin məktublarında imperativ xarakterli göstərişlər verilmiş və onların operatorlar tərəfindən icra edilməsini tələb etmişdir. Buna görə də həmin məktublar həm formasına, həm də məzmununa görə inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktları olduğundan hazırkı halda onların hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin həllində nəzərə alınmaması əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, cavabdeh “xxxx” MMC-nin iddiaçıya olan borcunun məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inzibati akt xarektirli məktubları ilə müəyyən edilmiş tarifləri nəzərə almamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia qismən təmin edilərək sabit-mobil 0,03 manat, mobil-sabit 0,03 manat tarifi əsas götürülməklə cavabdehdən iddiaçının xeyrinə ƏDV daxil 214269,29 manat (7142309,73 dəqiqə x 0.03 manat) pul tutulmalı, əsas borc tələbi ilə bağlı iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin qarşılıqlı iddiası baxılmamış saxlanıldığından və hazırda məhkəmənin icraatında “xxxx” MMC-nin iddia tələbi olmadığından qeyd edilən məbləğdən İddiaçı MMC –nin “xxxx” MMC-yə olan arabağlantı trafiki üzrə ödəməli olduğu məbləğin çıxılmasına dair apelyasiya şikayətində və “xxxx” MMC-nin qətnamənin icra üsulu və qaydasının müəyyən edilməsi barədə ərizədə irəli sürülmüş tələb təmin edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 14.840 manat məbləğində dəbbə pulu tutulması hissəsində də iddiaçının tələbi rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Hazırkı halda arabağlantı trafiki üzrə cavabdeh tərəfindən ödənişin hal-hazıradək həyata keçirilməməsinin səbəbi İddiaçı MMC –nin ödənişləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi yeni tarif üzrə qəbul etməyə razılıq verməməsi olduğundan öhdəliyin vaxtında icra edilməməsinə görə cavabdeh məsuliyyət daşımır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 2(81)- 666/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin iddiası qismən təmin edilərək cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə ƏDV daxil 214269,29 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)- 666/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin iddiası qismən təmin edilərək cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı MMC-nin xeyrinə ƏDV daxil 214269,29 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-41/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-41/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver