Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-410/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1005/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 855.999,67 manat borcun "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1005/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı AR İN Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və məhkəmənin xx.xx.2021ci il tarixli e-2-2 (113)-1005/2021 nömrəli qətnaməsi ilə razı olmama səbəbi olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxsin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və qeyd olunan qanunvericilik aktı normalarına əsasən qanunla nəzərdə tutulan hallar istisna olmaqla, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq bilavasitə AR İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, vergi orqanı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh torpaq icarəsi müqaviləsi əsasında torpaq sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsinin daşıyıcısı olduğundan, lakin bu vəzifəsini yerinə yetirmədiyindən icarə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli e-2-2(103)-874/2021 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-dən xx.xx.2011-ci il tarixə olan icarə haqqının tutulması hissəsində iş üzrə icraata xitam verilmiş, həmin tarixli qətnamə ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1005/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixə olan icarə haqqının tutulması barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli e-2-2(103)-874/2021 saylı qərardadından kassasiya şikayəti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-874/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən isə iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisələndirilən qətnamə ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə cıxarılmasını xahiş etdi. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli e-2-2(103)-874/2021 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-dən xx.xx.2011-ci il tarixə olan icarə haqqının tutulması hissəsində iş üzrə icraata xitam verilmiş, iddiacı tərəfindən həmin qərardad mübahisələndirilməmişdir. Müəyyən olunur ki, iddiacı Bakı şəhər Vergilər Departamenti hazırkı iş üzrə cavabdehdən xx.xx.2011-ci il tarixə olan 620.730 manat icarə haqqı borcunun tələb edilməsinə dair məhkəmədə iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, həmin qətnamə yuxarı instansiya məhkəmləri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda hazırkı məhkəmə araşdırmasının predmetini 855.999,67- 620.730=235.269,67 manat icarə haqqının tələb edilməsi təşkil edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 0760 saylı torpaq icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən əsasən torpaq sahəsinin illik icarə haqqı 130.680 manat müəyyən edilməklə Bakı şəhər İcra Hakimiyyəti (icarəçi) icarə əsasında Qaradağ rayonu, Şahqaya ərazisində ayrılmış torpaq sahəsini "xxxx" MMC (icarəçi) 49 il müddətinə istifadəsinə verilmişdir. İş materiallarından müəyyən olunur ki, AR İN Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 855.999,67 manat borcun MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 2020-ci il 13 oktyabr tarixinə dövlət büdcəsinə icarə haqqı üzrə borcu yaranmışdır. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, MMC (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 855.999,67 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı MMC-yə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” xəbərdarlıq məktubu göndərilmişdir. Borclunun xəbərdarlıq məktubu ilə tanış olmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edildiyindən həmin tarixdən sonra yaranmış torpaq icarə haqqı üzrə borcun tutulması tələbi ilə bağlı iddianın qaldırılmasında İdarənin subyektiv hüququ yoxdur. Hazırki tələblə bağlı yalnız ƏMDX məhkəmədə iddia qaldıra bilər. Birinci instansiya məhkəməsi öz qətnaməsini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2005-ci il 23 noyabr tarixli 321 saylı Fərmanına, “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında” 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” 2010-cu il 2 iyul tarixli Fərmanına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" 2008-ci il 30 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Aşağıdakılara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. “Torpaq icarəsi haqqında” AR Qanununun 14-cü maddəsinə əsasən İcarə haqqı ... Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.” Həmin Qanunun 23-cü maddəsinə əsasən icarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır:icarəyə götürülmüş torpaqlardantəyinatı üzrə istifadə etmək;icarə müqavilə sinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.” “Torpaq icarəsi haqqında” AR Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 23 noyabr tarixli 321 saylı Fərmanında qeyd edilmişdir ki: 2006-cı ilin yanvarın 1-dən “Torpaq icarəsi haqqında” AR Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında” 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli Fərmanının 13-cü bəndində qeyd edilmişdir ki: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2-ci bəndində aşağıdakı dəyişiklik və əlavə edilsin: həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu bəndində qeyd edilmişdir ki, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək; Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2008-ci il 30 iyul tarixli qərarında qeyd edilmişdir ki: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən istinad etdiyi “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında” 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010cu il 2 iyul tarixli 291 nömrəli Fərmanının 13-cü bəndindən aydın olur ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndində də nəzərdə tutulmuşdur ki, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək DVX-nin vəzifələrinə aid edilmişdir. Qətnamədən məlum olur ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi, ona görə də DVX-nin hazırkı iddianın verilməsi üçün subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmişdir. İş materiallarından müəyyən olunur ki, BŞİH ilə MMC arasında bağlanmış 2007-ci il 30 mart tarixli 0760 saylı müqaviləyə əsasən, BŞİH icarə əsasında Qaradağ rayonu, Şahqaya ərazisində ayrılmış torpaq sahəsini MMC-yə (icarəçi) 49 il müddətinə mişar daşı istehsalı məqsədilə istifadəyə vermişdir Göründüyü kimi, torpaq MMC-yə hər hansı obyektin layihələşdirilməsi və tikintisi deyil, mişar daşı istehsalı, yəni daş karxanası kimi istismar olunması məqsədilə icarəyə verilmişdir. MMC-nin icarəyə verilmiş torpaqda hər hansı bina və ya qurğu tikilməsinə və ya quraşdırılmasına razılıq alınması üçün BŞİH-ə müraciət etməsi, yaxud BŞİH-in MMCyə belə razılıq verməsi, yaxud da ümumiyyətlə MMC tərəfindən həmin torpaq sahəsində hər hansı bina və ya qurğu tikməsi və ya quraşdırması iş materialları ilə müəyyən olunmur. Müqavilənin 1.1-ci bəndindən də aydın olur ki, icarəyə verilən sahədə tikililər mövcud deyildir. Belə ki, “sahədə olan tikinti və qurğuların xarakteristirası” qrafasında “yox”sözü yazılmışdır. Bundan başqa, 2007-ci il 30 mart tarixli 0760 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, İcarəyəverən (BŞİH) icarəyə verilmiş torpaqda İcarəyəverənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların və qurğuların sökülməsini tələb etmək hüququ vardır. İş materiallarından torpaq sahəsi MMC-nin icarəsinə verilməmişdən əvvəllər həmin ərazidə digər hüquqi və fiziki şəxslər tərəfindən inşa olunmuş obyektlərin və ya digər tikililərin mövcudluğu, eləcədə həmin tikililərin İcarəyə verən (BŞİH) tərəfindən sökülməsinin tələb edilməsi də görünümr. Göründüyü kimi sözügedən torpaq sahəsi üzərində MMC, yaxud digər hüquqi və fiziki şəxslər tərəfindən hər hansı bina və ya qurğu tikilməsi və ya quraşdırılması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində MMC, yaxud digər hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlər mövcud olmadığından Dövlət Vergi Xidmətinin hazırkı iddianın verməsi üçün subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Mülki 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ...” İşin həqiqi hallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 0760 saylı torpaq icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən əsasən torpaq sahəsinin illik icarə haqqı 130.680 manat müəyyən edilməklə Bakı şəhər İcra Hakimiyyəti (icarəçi) icarə əsasında Qaradağ rayonu, Şahqaya ərazisində ayrılmış torpaq sahəsini "xxxx" MMC (icarəçi) 49 il müddətinə istifadəsinə verilmişdir. İddia ərizəsinə əsasən cavabdehin xx.xx.2015-ci il tarixinə 855.999,67 manat məbləğində ödənilməmiş icarə haqı üzrə borcu yaranmışdır. Borc məbləği cavabdehə aid şəxsi hesab vərəqəsi ilə də təsdiq olunur. Cavabdehin nümayəndəsi torpaq sahəsindən istifadə etmədiklərinə görə icarə haqqını ödəməli olmamalarına dair dəlili ilə bağlı məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, bu halın mövcudluğu belə cavabdehi qüvvədə olan icarə müqaviləsi üzrə icarə haqqını ödəmək öhdəliyindən azad etmir. Yuxarıda qeyd edildiyi kimi tələb edilən 855.999,67 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcun 620.730 manat hissəsi üzrə iş üzrə icraata xitam verilmiş, həmin qərardad iddiacı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə kollegiyası iddia tələbinin qismən (235.269,67 manat hissədə) əsaslı olması qənaətinə ğəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də məhkəmə kollegiyası iddiacının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşıdrılmadığını, sübutlara güzgün qiymət verilmədiyini, maddi və prosesual hüquq normalarının pozulması ilə qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv olunan hissədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1005/2021-017 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı " icarə haqqına görə borcun tutulması" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 235.269,67 (iki yüz otuz beş min iki yüz altmış doqquz tam yüzdə altmış yeddi) manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vahid Sadıqov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-2(103)-410/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-410/2022
22.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver