Məhkəmə qərarları › İş №2-2(103)-411/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-411/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-411/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 nömrəli iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh tərəfindən ona hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəməyə təqdim edilmiş abonent saldosunda və hesab fakturalarda borcun yaranması və əsasları tam şəkildə göstərilmişdir. Bundan əlavə, məhkəmə ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir ki, həmin ekspert rəyi də tam əsassız olmuşdur. Təkrar ekspertizanın keçirilməsi məqsədilə verdiyi vəsatət təmin edilməmiş və bunun əsasları barədə qətnamədə heç bir qeyd edilməmişdir. Ekspert rəyinin əsassız olması barədə təqdim etdiyi vəsatətdə ekspert rəyinin düzgün olmadığı əsaslandırılmışdır. Bundan əlavə, məhkəmə gedişində iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilə bilmədiyindən hakim tərəfindən iddiaçıya yönləndirici ifadələrdən istifadə olunaraq köməklik göstərilirdi. Axırıncı məhkəmə iclasının videoçəklişinə baxılarsa iddiaçının iddia tələbini əsaslandıra bilməməsi tam şəkildə sübut edilmişdir. Məhkəməyə analoji işlərlə bağlı bir necə qətnamə və Azərbaycan Respublikasının Standartlaşma, Metrolojiya və Patent üzrə Dövlət komitəsinin xx.xx.2017-ci il tarixli məktubu da təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 2(103)-210/2017 nömrəli qətnaməsində mexaniki və elektron hesablama ilə bağlı izahatlar alınmış və müəyyən edilmişdir ki, həmin tipli sayğaclarda hesablamalar qəbul edilmiş standartlara uyğun olaraq elektron göstərici əsasında aparılmalıdır. Göründüyü kimi, işə baxan məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə yanaşı, eyni zamanda kobud prosessual pozuntulara yol verib ki, bu da nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olub. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-179/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 327/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-370/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 112/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “46. Hazırki işin materiallarında olan müvafiq hesab fakturalarda iddiaçı MMC-yə məxsus olan sayğacın 2 növ - mexaniki və elektron göstəricisi qeyd olunmuşdur ki, bu rəqəmlər arasında əhəmiyyətli fərq mövcuddur. Ekspert rəyindən isə onun hansı rəqəmləri əsas tutduğu məlum deyil.

47. Halbuki, işin materiallarında olan (bax i.v 178) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli məktubunda belə bir izah verilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də, təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır.” Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “58. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini tərəflərin müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla deyil, özünün irəli sürdüyü dəlillərlə əsaslandırmaqla MPM-in 9.3-cü maddəsində (bax yuxarıda § 40) əks edilmiş və mülki prosessual hüququn təməl prinsipi olan çəkişmə prinsipini pozmuşdur.

59. Həmçinin eyni ünvanda MMC-yə məxsus iki sənaye müəssisəsinin olması, onların hər birinə ayrılıqda qaz xəttinin çəkilməsi, hər bir qaz xəttinin üzərində qaz sayğacı quraşdırılması və həmin sənaye müəssisələrinə ayrı-ayrılıqda abonent kodları da verilməsinin sübut olunması vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun olaraq, İB-nin üzərinə düşür.

60. İB-nin ilk apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinə əlavə olunmuş hər iki sayğacın abonent saldolarına, **********00030 nömrəli abonent kodu üzrə AGİS-dən çıxarışın surətinə (İ cild, i/v 262-268), eləcə də MMC-nin təqdim etdiyi İB ilə MMC arasında bağlanmış qazın alqı-satqısı barədə 2011-ci il 27 dekabr tarixli 433312-11 saylı, 2013-cü il 18 dekabr tarixli 2818-12-13 saylı və 2017-ci il 3 may tarixli 1296-05-17 saylı müqavilələrə (İİ cild, i/v 22-29) apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qiymət verməmiş, bununla da MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 40) tələblərini pozmuşdur.

61. Eyni zamanda, MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, 2095-ci məhəllədə yerləşən MMC-yə məxsus istehsal müəssisəsini (abonent kodları **********00000, **********00030) təbii qazla təchiz edən xətlər üzərində ardıcıl quraşdırılmış 2 ədəd fərqli markalı qaz sayğaclarının hesabatının aparılması barədə MMC-nin sorğusuna cavab olaraq İB-nin ünvanlandığı 2018-ci il 10 iyul tarixli S0CAR**********31790029X00095 saylı məktubdan (İ cild, i/v 19-20) aydın olur ki, istehlakçı tərəfindən istismar ediləcək qaz işlədicilərinin tələbatına, eyni zamanda sayğacın minimal və maksimal saatlıq qaz buraxma qabiliyyətinə əsasən onun markası təyin edilərək istehlakçının qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələblərinə uyğun sayğac quraşdırılır. Texniki parametrlərinə uyğun olaraq iri həcmli qaz buraxma qabiliyyətinə malik sayğaclar saatlıq sərfi az həcmli olan işlədicilərin sərfiyyatının hesabatını aparmır. Təbii qaz sərfinin hesabatının dəqiq aparılması məqsədi ilə bu kimi hallarda istehlakçının qaz xətti üzərində müxtəlif markalı sayğaclar ardıcıl quraşdırılır, həmin sayğaclar fərdi şəkildə İB-nin abonent bazası proqramında qeydiyyata alınır və hər bir sayğacdan keçən qazın hesabatı ayrıayrılıqda aparılır. Ardıcıl quraşdırılan sayğaclar müəssisənin qaz təsərrüfatının layihəsmeta sənədlərində dəyişiklik edilərək mənbədə quraşdırıldıqdan sonra məişət və sənaye tipli işlədicilərin sərfiyyatının hesabatının fərdi şəkildə aparılması mümkündür, əks halda, qaz təsərrüfatının layihə-smeta sənədlərinin tələblərinə uyğun olaraq hər iki sayğacın göstəricilərinin hesabatda nəzərə alınması mütləqdir.

62. Lakin hazırkı halda söhbətin MMC-yə məxsus iki müəssisəyə quraşdırılmış sayğaclardan, yaxud eyni müəssisəyə quraşdırılmış 2 sayğacdan, yəni sənaye tipli işlədicilərin sərfiyyatının hesabatını aparan (iri həcmli qaz buraxma qabiliyyətinə malik) bir sayğacdan və məişət tipli işlədicilərin sərfiyyatının hesabatını aparan (saatlıq sərfi az həcmli olan) digər sayğacdan getdiyinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edən və bu məsələ ilə bağlı İB-nin rəsmi mövqeyini əks etdirən həmin məktub da apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.

63. Eyni zamanda, İB özünün sözügedən əvvəlki məktubuna baxmayaraq, iş üzrə ilk apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində öz rəsmi mövqeyini dəyişərək iddianın eyni ünvanda yerləşən MMC-yə məxsus iki müəssisəyə yazılmış borcun silinməsinə aid olduğunu bildirmişdir.

64. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, bununla bağlı sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun olaraq İB-nin üzərinə düşür. Lakin həmin halların mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır.

65. İkincisi isə, apellyasiya instansiyası məhkəməsi İB-nin öz rəsmi mövqeyini məhkəmə icraatı zamanı dəyişdirməsinin səbəblərini aydınlaşdırmamış, İB-nin əvvəlcədən ona məlum olan həmin halları icraatın əvvəlki mərhələlərində deyil, yalnız son mərhələdə bildirməsinə MPM-in 372.2-ci maddəsinə (bax yuxarıda § 40) uyğun hüquqi qiymət verməmişdir.

66. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyində ekspertin sayğacın hansı göstəricilərə (mexaniki və ya elektron) istinad etməsini göstərməməsi səbəbindən bu rəyi qeyri-mötəbər sübut kimi qiymətləndirmiş, lakin bundan sonra MMC-yə yazılmış borcun artıq olub-olmamasının aydınlaşdırılması istiqamətində yetərli tədbir görməmişdir.

67. Halbuki hazırkı iddia ərizəsi məhz İB tərəfindən artıq borc hesablanması halının mövcudluğu güman edildiyindən verilmişdir. İş üzrə təyin olunmuş ekspert rəyi isə artıq hesablama halının mövcudluğunu təsdiqləmişdir.

68. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, həmin mərhələdə İB göstərilən fərqin sayğacların mexaniki göstəriciləri ilə elektron göstəriciləri arasında fərqin olması ilə əlaqələndirmişdir.

69. Buna baxmayaraq iş materiallarında olan son apellyasiya baxışı mərhələsində keçirilmiş 2021-ci il 17 avqust tarixli məhkəmə iclasının protokolunda və videogörüntülərində əks olunmuş İB-nin nümayəndəsinin izahatlarından aydın olur ki, MMC-yə borc hesablanarkən MMC-nin sayğacının göstəricilərindən əlavə, həmin sayğacın göstəriciləri ilə İB tərəfindən ümumi qaz xəttinin üzərində quraşdırılmış İB-yə məxsus sayğacın göstəriciləri arasındakı fərq də hesablanır.

70. Sözügedən izahatdan o da məlim olur ki, həmin fərq MMC-nin sayğacınadək qaz kəmərlərindən sızma, qanunsuz qoşulma və digər səbəblərdən baş verə bilən itkilərin dəyərindən yarana bilər.

71. Halbuki QİQ-in 4.1 və 5.2-ci bəndlərinə (bax yuxarıda § 41) uyğun olaraq, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün müvafiq qaz sayğacı quraşdırılmalı və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır.

72. Beləliklə, məhkəmə kollegiyasının mövqeyinə görə, MMC-yə borc hesablanarkən MMCnin sayğacının göstəricilərindən əlavə, həmin sayğacın göstəriciləri ilə İB tərəfindən ümumi qaz xəttinin üzərində quraşdırılmış İB-yə məxsus sayğacın göstəriciləri arasındakı fərqin də nəzərə alınmasının hüquqi əsası yoxdur və bu qaydada qanunsuz hesablanmış borc silinməlidir.

73. Qeyd olunanlardan göründüyü kimi, hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələ MMC-yə həmin müəssisənin sayğac göstəricilərindən kənar borc hesablanıb-hesablanmamasının aydınlaşdırılmasıdır. İş üzrə verilmiş ekspert rəyi işdə olan sübutlarla əlaqəli şəkildə məhz bu aspektdən qiymətləndirilməlidir.

74. Apellyasiya instansiyası məhkəməsi isə hesablamanın sayğacın elektron göstəricilərinə əsasən aparılması nəticəsinə gəlsə də, MPM-in 420-ci maddəsinə görə Ali Məhkəmənin 2020-ci il 3 noyabr tarixli 2-2(102)-327/2020 saylı qərarında verilmiş göstərişə uyğun, işin ədalətli həlli üçün yetərli dərəcədə əlavə araşdırma aparmamış, tərəflərin dəlillərinə işdə olan sübutlarla əlaqəli şəkildə düzgün qiymət verməmiş, İB tərəfindən hüquqi əsas(lar) olmadan MMC-yə həmin müəssisənin sayğac göstəricilərindən kənar borc hesablanıb-hesablanmadığını müəyyən etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişlərin icrası bağlı sonrakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarının şərhini rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə ki, işdən məlum olduğu kimi, cavabdeh məhkəməyədək dövrdə, birinci instansiya məhkəməsində və hətta apellyasiya şikayətində iddiaçıya qarşı istinad etmədiyi fakt və sübutları özünün kassasiya şikayətində qeyd etməklə işin araşdırılmasının hazırkı mübahisəyə məxsus hədlərini süni və qanunsuz şəkildə genişləndirməyə cəhd etmişdir. Halbuki, MPM-in 372.2-ci madddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu kontekstdə, işin mübahisəsiz halları ondan ibarətdir, tərəflər arasında Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 2326-07-17 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bəndində qeyd edilmişdir ki, Paylayıcı (cavabdeh) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (iddiaçını) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.3-cü bəndində müəyyən edilmişdir ki, Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İddiaçıya məxsus bir istehsal müəssisəsi, həmin müəssisəyə aid isə iki qaz sayğacı mövcuddur. Müəssisə əvvəllər pivə istehsalı ilə, hazırda isə plastik materialların istehsalı ilə məşğuldur. İki sayğacdan xx.xx.2015-ci il tarixdə quraşdırılan Elster G-650 tipli 83045278 nömrəli (abunə kodu **********00000) sayğac müəssisənin istehsal, xx.xx.2017ci il tarixdə quraşdırılan Elster G-25 tipli ********** nömrəli (abunə kodu **********00030) sayğac isə məişət ehtiyacları üçün istehlak edilən təbii qazın həcminin hesablanması üçün istifadə edilir. G-25 tipli sayğac G-650 tipli sayğacdan sonra quraşdırılmışdır. Sayğacların bu ardıcıllıqla quraşdırılması cavabdeh tərəfindən onunla izah edilir ki, yüksək qaz təzyiqi tələb olunan istehsal prosesi dayandıqda aşağı təzyiqlə çalışan məişət cihazlarından (kombi, plitə) istifadə zamanı sərf olunan az həcmdə qaz G-650 tipli sayğacda qeydə alınmır, ona görə də bu halda daha həssas olan G-25 tipli sayğac tələb olunur. Silinməsini tələb etdiyi əsassız borc məbləğlərinin yaranmasını isə iddiaçı faktiki cəhətdən belə əsaslandırır ki, onun sayğacları istehsal müəssisəsindən yüzlərlə metr aralıda, cavabdehə məxsus qapalı məntəqədə yerləşir. Həmin məntəqədə başqa müəssisələrin də sayğacları vardır. Müəssisələrin sayğaclarından əvvəl isə cavabdehin baş sayğacı quraşdırılmışdır ki, sözügedən baş sayğacla müəssisələrin sayğaclarının qeydə aldığı cəmi istehlak arasında yaranan ümumi itki fərqi qanunsuz olaraq həmin müəssisələr arasında müvafiq qaydada bölüşdürülərək, onların saldolarına əlavə olunur. Mübahisənin qeyd olunan sayğacların mexaniki deyil, elektron göstəricilərinin məlumatları ilə bağlı olduğu, yəni cavabdehin həmin elektron göstəricilərin qeydə aldığı qaz istehlakından artıq məbləğdə iddiaçıya borc hesablaması da işin mübahisəsiz halıdır. Sonuncu mübahisəsiz hal hər iki koda aid abonentin saldolarından aydın müəyyən edlir. Belə ki, saldoların “Elektron göstəricisi” adlı 8-ci sütununda qeydə alınan mübahisəli dövrlərə aid istehlak məbləğinin eyni saldoların “Qazın Sərfi (m3)” adlanan 1-ci sütununa sərf olunan qazın həcminə dair cavabdeh tərəfindən əlavə edilən rəqəmlərlə müqayisəsi bunu təsdiq edir. Misal olaraq, **********00000 kodlu (G-650 tipli sayğac) abonentin saldosundan məlum olur ki, 2015-ci ilin mart ayının əvvəlinə qaz sayğacının göstəricisi 1.854.826 kub.m (8-ci sütun), ayın sonuna 1.894.691 kub.m. olmuşdur (8-ci sütun), ayın sonuna olan göstəricidən ayın əvvəlinə olan göstəricini çıxdıqda nəticə 39.865 kub.m. edir. Lakin hesab-fakturada bu rəqəm 43.932 kub.m. kimi göstərilir (1-ci sütun), nəticədə 3.986,50 manat əvəzinə (3-cü sütun) MMC-dən 4.287.60 manat (6-cı sütun), yəni 301,10 manat artıq pul ödənişi tələb edilmişdir (4-cü sütun). Analoji olaraq, bu proses 2015, 2016 və 2017-ci illərin hər bir ayında təkrar olunmuşdur. Belə ki: 2015-ci ildə sayğac göstəricisi ilin əvvəlinə 1.778.182, ilin sonuna 2.124.560, yəni faktiki sərfiyyat 346.378 kub.m. olduğu halda, cavabdehin hesablamasına əsasən bu rəqəm 436.881 kub.m, yəni 48.883 kub.m. artıq olmuş, bununla da 4.888,3 manat artıq pul ödənilmişdir; 2016-cı ilin əvvəlinə sayğac göstəricisi 2.124.560, ilin sonuna 2.488.704, yəni faktiki sərfiyyat 364.144 kub.m. olduğu halda, cavabdehin hesablamasına əsasən bu rəqəm 431.551 kub.m, yəni 67.407 kub.m. artıq olmuş və nəticədə 7.641,5 manat artıq pul ödənilmişdir; 2017-ci ilin əvvəlinə sayğac göstəricisi 2.488.704, ilin sonuna 3.062.896, yəni faktiki sərfiyyat 574.192 kub.m. olsa da, cavabdehin hesablamasına əsasən bu rəqəm 639.258 kub.m. olmuşdur ki, bu da 65.066 kub.m. artıq hesablama deməkdir; 2018-ci ilin əvvəlinə sayğacın göstəricisi 3.062.896 kub.m, iyun ayının sonuna 3.329.239 kub.m, yəni faktiki sərfıyyat 226.343 kub.m. olsa da, cavabdehin hesablamasına əsasən bu rəqəm 326.507 kub.m. olmuşdur. İddiaçı bildirir ki, 25-lik sayğac 650-lik sayğacdan sonra quraşdırılsa da cavabdeh yenə əlavə olaraq 12.190 kub.m. sərfıyyat yazaraq, ümumilikdə 2018-ci ildə 7.415,56 manat artıq pul ödətdirmişdir. İddiaçı həmçinin qeyd edir ki, 2018-ci ilin iyul və avqust aylarında istifadə etdiyi qazın pulunu ödəmiş, sayğacdankənar olaraq artıq yazılmış may ayı üçün 3.482,40 manat, iyun ayı üçün 4.902,80 manat, iyul ayı üçün 3.763,40 manat və avqust ayı üçün 4.492,20 manat məbləğdə qaz pulunu ödəməmişdir. Məhkəmə kollegiyası iddiaçının bildirdiyi son iki fakta münasibətdə qeyd edir ki:

1. G-25 tipli və G-650 tipli sayğaclar üzrə iddiaçının mübahisə etdiyi, yəni sərf etmədiyi halda cavabdehin hesab-fakturalarla ondan tələb etdiyi və bunun nəticəsində ödəməyə məcbur olduğu cəmi məbləğ 33.701,96 manat təşkil edir və həmin məbləğin iddiaçı tərəfindən cavabdehə ödənildiyi işin mübahisəsiz halıdır;

2. G-25 tipli sayğaca aid abonentin saldosundan da görünür ki, iddiaçının həmin sayğac üzrə xx.xx.2020-ci il tarixə borcu mövcud deyil;

3. iddiaçı sayğacdankənar olaraq artıq yazılmış may ayı üçün 3.482,40 manat, iyun ayı üçün 4.902,80 manat, iyul ayı üçün 3.763,40 manat və avqust ayı üçün 4.492,20 manat məbləğdə qaz pulunu ödəmədiyini irəli sürsə də, G-650 tipli sayğaca aid abonentin saldosundan məlum olur ki, o, iyun ayında aylıq sərfiyyat məbləği 8.227 manat, razılaşmadığı artıq sərfiyyat məbləği 4.902,80 manat olduğu halda, həmin ay 11.513 manat, yəni real sərfiyyatdan 3.286,25 manat artıq, başqa sözlə razılaşmadığı məbləğin 3.286,25 manat hissəsini, iyul ayında isə aylıq sərfiyyat məbləği 5.846,80 manat, razılaşmadığı artıq sərfiyyat məbləği 3.763,40 manat olduğu halda, həmin ay 8.101 manat, yəni real sərfiyyatdan 2.254,20 manat artıq, başqa sözlə razılaşmadığı məbləğin 2.254,20 manat hissəsini də ödəmiş, bununla da onun əslində ödəməkdən imtina etdiyi borc məbləği 11.100,35 manat (3.482,40 + 4.902,80 + 3.763,40 + 4.492,20 = 16.640,80 - (3.286,25 + 2.254,20) = 11.100,35) təşkil edir. İşdən o da müəyyən edilir ki, iddia ilk dəfə 33.701,96 manat artıq ödənilmiş məbləğin geri qaytarılması və 2018-ci ilin may, iyun, iyul və avqust ayları üçün artıq hesablanmış 16.640,8 manat borcun silinməsi tələbləri ilə qaldrılmış, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 2326-07-17 nömrəli müqavilə üzrə iddiaçıya ümumilikdə cavabdeh tərəfindən 43.413 manat məbləğdə artıq borc hesablanması barədə xx.xx.2019-cu il tarixli 17938 nömrəli ekspert rəyi alındıqdan sonra iddia dəyişdirilmiş və 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh tərəfindən ona hesablanmış 43.413 manat borcun silinməsi məhkəmədən xahiş edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, cavabdehin “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin və xx.xx.2017-ci il tarixli 2326- 07-17 nömrəli müqavilənin 3.3-cü bəndinin tələblərinə zidd olaraq iddiaçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamaması, ondan sayğacın elektron göstəricilərində belə əks olunmayan, heç bir əsası olmayan əlavə borc məbləğlərini tələb etməsinin qanunsuzluğu iş üzrə sübuta yetirilir. Lakin təbii qazın istehlakına görə artıq hesablanmış 43.000 manat məbləğdə borcun silinməsini tələb edən iddiaçı hətta ilk formada iddia ilə borcun qaytarılmasını istədiyi 16.640,80 manat hissəsinin 5.540,45 manat hissəsini və qalan digər hissəsini artıq cavabdehin hesabına ödəmişdir. Onun ödəmədiyi, lakin qanunsuz hesablanan məbləğ 11.100,35 manat təşkil edir. Formalaşmış məhkəmə təcrübəsinə görə də ödənilmiş borclar artıq mövcud olmadığı üçün onların silinməsi mümkün olmadığından, həmin məbləğlərin yalnız qaytarılması iddiası qaldırıla bilər. Odur ki, hazırkı iddia yalnız 11.100,35 manat borcun silinməsi hissədə qismən əsaslıdır. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, ekspert rəyi aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün məhkəmə kollegiyası həmin rəyin mötəbər sübut olaraq qəbul edilməməsi üçün heç bir əsas görmür. Bundan əlavə, ekspert rəyi işdə olan digər sübutlar, o cümlədən abonetin saldoları kimi digər mötəbər dəlillərlə ziddiyyət təşkil etmir. Bu baxımdan iş üzrə təkrar ekspertizanın keçirilməsi də zəruri olmamışdır. Məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, cavabdeh mübahisəli borcları əsassız hesablamış, hesab-fakturalarda isə həmin əsassız borcları formal olaraq əks etdirmişdir. Şikayətin Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli məktubuna istinad edən dəlili də əsaslı deyil. Belə ki, sayğaclarda hesablamaların elektron göstərici əsasında aparıldığı işin mübahisəsiz halıdır, iddiaçı da həmin hala istinad edir. Şikayətin işə baxan məhkəmənin prosessual pozuntulara yol verməsi barədə dəlili isə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

MPM-in: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin ediməli, apellyasiya şikayəti qismən təmin edilməli, ekspertə verilməli olan məbləğ cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 nömrəli iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-yə hesablanmış 11.100,35 manat (on bir min yüz manat otuz beş qəpik) məbləğdə borcun silinməsi Cavabdeh İB-yə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar