Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-412/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-383/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh “xxxxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” MTK-dan xx.xx.2015-ci il tarixli, 146/15 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 500000 manat məbləğində əsas, 166472,30 manat faiz, 61111,11 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ, cəmi 727583,41 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-383/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 500000 manat məbləğində əsas borc, 24194,44 manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün 61111,11 manat məbləğində faiz borcu, cəmi 585305,11 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul məbləğinin 175 manat hissəsinin cavabdehdən, 25 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 26% faizi ödəyir. “xxxxxxxx” MTK tərəfindən imza edilən xx.xx.2015-ci il tarixli 146/15 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 166472,30 manat faiz borcunu tam təmin etməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz borcunun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə “xxxxxxxx” MTK arasında xx xxxxxxx 2015-ci il tarixli 146/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxx” MTK-ya 12 ay müddətinə illik 13 faizlə 500.000 manat kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə faiz borcu 166472,30 manat təşkil edir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 18471 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən hesabdan çıxarış materiallarında əks olunan “xxxxxxxx” MTK tərəfindən banka 40805,56 manat məbləğində ödəniş edilmiş, borc alanın xx xxxxxxx 2015-ci il tarixli 146/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə İddiaçı ASC-yə olan əsas borcu 500000,00 manat, faiz borcu 24194,44 manat, xx xxxxx 2019-cu il tarixə isə əsas borcu 500000,00 manat, faiz borcu 183444,44 manat təşkil edir. Məhkəmə faiz borcunun tutulması hissəsində ekspert rəyinə uyğun olaraq (müqavilə müddətinin sonuna) iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı, xx xxxxxx 2019-cu il tarixli 18471 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 741-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə kredit məbləği 12 ay müddətinə verilmişdir. İddiaçı isə kredit müqaviləsinin müddəti, yəni 12 aylıq müddət bitdikdən sonra xx.xx.2019-cu il tarixə qədər həmin müqavilənin şərtlərinə uyğun hesablanmış faizlərin ödənilməsini tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında isə qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra zərərin ödənilməsi (Mülki Məcəllənin 445.7 və ya 449.1-ci maddələrinə əsasən) tələbi irəli sürülməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır və birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixinə, yəni xx.xx.2016-cı il tarixə olan faiz borcunun tutulması barədə nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-383/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-412/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-412/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver