Məhkəmə qərarları › İş №2-2(103)-413/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-413/2021

29.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-413/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndələri Vəkil1 və X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh “Total E & P Absheron B.V” şirkətinə qarşı (üçüncü şəxs “xxxx” MMC) pul tələbinə dair ilkin, “Total E & P Absheron B.V” şirkətinin Azərbaycandakı filialının isə “xxxx” MMC-yə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-36/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından ilkin iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC cavabdeh “Total E & P Absheron B.V” şirkətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus avadanlığın iddiaçının təsərrrüfat subyektində olan, Bakı şəhəri Qaradağ rayonu, salyan şossesi 28-30-cu km ünvanında yerləşən sahənin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 41.144.381,20 manat borcun cavabdeh şirkətdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə müvafiq yekun məhkəmə aktı qəbul edilənədək cavabdehə məxsus bank hesabı üzərində iddiaçının tələbi üzrə 41.144.381,20 (qırx bir milyon yüz qırx dörd min üç yüz səksən bir manat iyirmi qəpik) manat həcmində (dondurulma) həbsin qoyulması, şirkətə məxsus və hazırda iddiaçının ərazisində yerləşən aktda qeyd edilən anbarda saxlanılan boru və avadanlıqların üzərinə həbs qoyulması barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-36/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı “xxxx” MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, iddianı təmin etmə tədbiri instututu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır və qətnamənin icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və onun icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn bir prosessual tədbirdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil2 şikayəti müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil A.Mustafaev iddiaçı tərəfindən şirkətə qarşı ağılagəlməz və əsası olmayan iddia tələbi irəli sürüldüyünü bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (Digər nümayəndə X.Tarıverdiyeva onun izahatı ilə razı olduğunu bildirmişdir). Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, cavabdeh şirkətdən saxlanc xidmətinə görə yaranmış borcuna görə 41.144.381,20 manat məbləğində pulun tutulmasını tələb etmiş, eyni zamanda, həmin pul tələbi həcmində iddianı təmin etmə tədbiri kimi onun bank hesabına və anbarında saxlanılan boru və avadanlıqların üzərinə həbs qoyulması barədə qəraradad çıxarılmasını məhkəmədən xahiş etmişdir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi qiymət verməli, iddia tələbi ilə tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlmalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi baxımından, iddiaçının ərizəsində görülməsini xahiş etdiyi iddianı təmini tədbirinin məhkəmə tərəfindən o halda tətbiq edilməsi mükünlüyündən söhbət gedə bilər ki, cavabdehin iddiaçıya 41.144.381,20 manat məbləğində borcunu təsdiq edə bilən, kifayət qədər əsaslandırıcı sübutetmə vasitələri məhkəməyə təqdim edilmiş olsun. Lakin iş materiallarından görünür ki, iddiaçının həmin həcmdə borcunu təsdiqlyici birbaşa sübutlar işdə mövcud deyil. Bundan əlavə, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan müddəalarının mənasından göründüyü kimi, iddianı təmin etmə tədbiri, gələcəkdə qətnamənin icrasını təmin etmək və onun icrasını çətinlədirən halların qarşısını almaq məqsədini daşıyır. Konkret halda, cavabdeh “Total E & P Absheron B.V” şirkətinin beynəlxalq miqyasda kifayət qədər iri şirkətlərdən biri olduğunu nəzərə alsaq, iddiaçı tərəfindən gələcəkdə onun xeyrinə qəbul oluna biləcək qətnamənin icrasında hansı çətinliyin yarana biləcəyi və hansı meyarlara görə qeyd olunan iddianı təmini tədbirinin görülməsi də əsaslandırılmamışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarından irəli gələn şərh baxımından, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-36/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin iddianı təmin etmə tədbiri haqqında ərizəsinin təmin edilməməsi - iş materialları ilə müəyyən edilən hallara və prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında qərardadlarından kassasiya şikayətiverilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar