Məhkəmə qərarları › İş №2-2(103)-415/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-415/2022

03.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-415/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçının cavabdehə qarşı artıq ödənilən pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1198/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, kredit borcunun və faizlərin ödənilməsində artıq ödənilən 20.173 manat pulun "xxxx" ASC-nin ləğvedicisi cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.10.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının 13.10.2021-ci il tarixdə verdiyi məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətini məhkəmə təmin etməmiş, qətnamədə bu barədə vəsatətə qiymət verilməmişdir. İddiaçının tələbi Əmanətlərin Sığortalanması Fonduna qarşı olduğundan məhkəmə öz qərarında istinad etdiyi “Banklar haqqında” AR Qanununun 72.1.2-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2017-ci il tarixli qərarının tələbindən irəli gələn müddəa ona münasibətdə bu işə tətbiq edilə bilməz. Belə ki, o ödədiyi artıq pulu "xxxx" ASC bağlanandan sonra birbaşa Əmanətlərin Sığortalanması Fonduna ödəmişdir. Sonuncu da əsassız olaraq ödədiyi pulu heç bir araşdırma olmadan təyinatsız qəbul etmişdir. Bu da əsassız varlanmaya səbəb olan haldır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, iddiaçı ilə "xxxx" ASC arasında 13.12.2013-cü il tarixli və 18.07.2014-cü il tarixli kredit müqavilələri bağlanmışdır. İddiaçıya hər iki müqavilə üzrə illik 6% olmaqla 60 ay müddətinə, 13.12.2013-cü il tarixli müqaviləyə əsasən 150.000 manat, 18.07.2014-cü il tarixli müqaviləyə əsasən 200.000 manat məbləğdə kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, vaxtaşırı ödənişlərini icra etmişdir. Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsinin məlumatlarına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 nömrəli iş üzrə 19.09.2016-cı il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, barəsində iflas proseduruna başlanmışdır. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.06.2016-cı il tarixli qərarına əsasən "xxxx" ASC-nin bank lisenziyası ləğv edildiyi vaxtdan 3 ay müddətində kredit borcunu və hesablanmış faizləri ödəsə də, kredit Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti olduğundan ödənilən borc və hesablanmış faizlərin Bank tərəfindən həmin Fonda ödənilməli olmasına baxmayaraq, ödənilməmişdir. Hazırda kreditə və hesablanmış faizlərə görə Banka heç bir borc qalmamış, lakin "xxxx" ASC ləğv olduqdan sonra ödənilən 20.173 manat Sahibkarlığa Kömək Milli Fonduna Bank tərəfindən verilmədiyindən, həmin məbləğ borc kimi hesablanmış və ondan alınmışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya ünvanlandığı 30.08.2021-ci il tarixli məktubdan görünür ki, bankın arxivində olan ödəniş qəbzlərinə əsasən, 15.07.2016-cı il tarixdə 1.000 manat və 5.750 manat, 18.08.2016-cı il tarixdə 1.000 manat və 5.725 manat, 15.09.2016-cı il tarixdə 1.000 manat və 5.700 manat ödənişlərin aparıldığı müəyyən olunmuşdur. Həmin ödənişlərin 17.175 manatı 13.12.2013cü il tarixli kredit müqaviləsi üzrə, 750 manatı 14.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə, 2.250 manatı isə 18.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə olan borc öhdəliyindən silinmişdir. İddiaçının apardığı ödənişlərə dair hesabdan çıxarışa görə iddiaçı "xxxx" ASC-yə 01.07.2016-16.12.2016-cı il tarixləri arasında cəmi 20.175 manat məbləğdə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Banklar haqqında” Qanunun: Maddə 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır; “Bankın müflis elan olunmasının nəticələri” adlı 72.1-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. “Banklar haqqında” Qanunun “Bankların iflası” adlı X fəslinin sadalanan müddəalarının təhlili göstərir ki, müflis bankların ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu həmin bankların idarə olunması üzrə səlahiyyətləri həyata keçirərkən onun bu funksiyası bankın özünü deyil, onun əvvəlki idarəetmə orqanlarını əvəz etməklə məhdudlaşaraq, heç bir halda qeyd edilən sərhədlərdən kənara çıxa və bankın öhdəlikləri üzrə məsuliyyəti də əhatə edə bilməz. Belə ki, müflis bankların ləğvetmə prosesində olması onların artıq ləğvi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması demək deyil. Başqa sözlə, ləğvetmə prosesində olan banklar hüquqi şəxs kimi mövcudiyyətlərini davam etdirdiklərindən, onlara qarşı irəli sürülən iddialara cavab verməli subyekt də Əmanətlərin Sığortalanması Fondu deyil, məhz bankların özüdür. Xüsusi olaraq vurğulansa, ləğvetmə prosesində olan banklarla əlaqəli meydana gələn hüquq mübahisələrinin tərəfi (subyekti) Bankdır. Odur ki, hazırkı iş üzrə iddia tələbi də cavabdeh kimi Əmanətlərin Sığortalanması Fonduna yox, LPO "xxxx" ASC-yə qarşı yönəldilməli idi. Bu halda yaranan mübahisənin həlli məqsədilə bankı məhkəmədə qanunun tələbinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondu təmsil edəcəkdir ki, bu da onun cavabdeh olması anlamına gəlmir. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” AR Qanunu ilə onun fəaliyyət istiqamətlərinə aid edilən məsələlər üzrə (ləğvetmə prosesində olan banklardan ayrı və müstəqil qaydada) məhkəmə mübahisəsinin tərəfi kimi çıxış edə bilər ki, həmin Qanun da Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi isə banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. MPM-in: Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər; Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, "xxxx" ASC müflis elan edilərək, barəsində iflas proseduruna başlandıqdan sonra iddiaçı mübahisəli ödənişləri Əmanətlərin Sığortalanması Fondu vasitəsilə ödəsə də, həmin ödənişlər Fondun yox, "xxxx" ASC-nin hesabına daxil olmuşdur. Bu fakt işdə olan ödəniş qəbzləri və hesabdan çıxarışlarla da təsdiq olunur. Şikayətin məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməməsi barədə dəlilinə gəldikdə isə, bu hal işə mahiyyəti üzrə baxılması mümkün olan halda müzakirə oluna bilərdi. Hazırkı vəziyyətdə iddianın buna bilavasitə cavab verməli olmayan subyektə qarşı qaldırılması mübahisəyə yalnız prosessual hüquqi müstəvidə qiymət verilməsi zərurətini yaratmışdır. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1198/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar