Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-415/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: subroqasiya, maddi ziyan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Türkiyə Respublikasının vətəndaşı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3858/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən ümumi sahəsi 1662,8 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
2. X5 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sahəsi 1662,8 m2 olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyri-yaşayış binasının 1116 m2 hissəsi icarəyəverən tərəfindən icarəçiyə icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.
3. X5 (icarəyə verən) ilə "AN Global Services and Tranding LTD” MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən sahəsi 1662,8 m2 olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyri-yaşayış binası icarəyəverən tərəfindən icarəçiyə ofis və anbar üçün icarəyə verilmişdir. Müqavilə 6 ay müddətinə bağlanmışdır.
4. BB seriyalı 504491 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyriyaşayış binası sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 202.712 manat, sığorta haqqı məbləği 550 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir. Sığortalı "AN Global Services and Tranding LTD” MMC-dir.
5. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 20-00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus ofis binasının 1-ci mərtəbəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunda baş vermiş yanğında cinayət tərkibi olmadığı üçün xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, yoxlama zamanı toplanmış materialla 19 aprel 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31 “E” ünvanda yerləşən X4 məxsus ofis binasının 1-cı mərtəbəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunun daxilində elektrik xəttinə qoşulmuş halda olan LED lampalarının gərginlik azaldıcısında (adaptorunda) yaranmış qəza halından yanğın baş verdiyi müəyyən edilmişdir. Hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.2 və 6.5 bəndlərinin tələbləri mebel salonunun sahibi X5 tərəfindən və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 63-cü bəndinin tələbi LED lampaları təmin edilmiş dolabı nəzarətsiz şəkildə elektrik xəttinə qoşulu vəziyyətdə saxlamış Cavabdeh tərəfindən pozulmuşdur.
6. Həmin araşdırma zamanı “Orix” mebel salonunun müdiri Cavabdeh izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən binanın 1-ci mərtəbəsini boş vəziyyətdə X1 icarəyə götürmüş, salondakı bütün mebellər özünə məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 10:30-da salona işə gəlmiş, saat 20:30-da salonun qapılarını bağlayaraq getmişdir. Yolda olarkən Aydın Nəcəfov mobil telefonuna zəng edərək salonda yanğın baş verməsi barədə ona xəbər vermişdir. Dərhal hadisə yerinə gəlmiş və yanğınsöndürənlər tərəfindən yanğının söndürülərək yayılmasının qarşısının alındığını görmüşdür. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, dolabın LED işığı rozetkaya qoşulu olmuşdur.
7. Bakı Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirilmə aktına (rəyinə) əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus ofis binasında (“Orix” mebel salonu) baş vermiş yanğın nəticəsində dəymiş zərər 26.530 manat məbləğində müəyyən edilmişdir.
8. Yanğın hadisəsi baş vermiş qeyri-yaşayış sahəsinin (mebel salonu) fotoşəkilləri iş materiallarına əlavə edilmişdir.
9. xx.xx.2021-ci il tarixli CFİ-0070/2021-AKT3419/21 nömrəli sığorta aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus qeyriyaşayış sahəsində xx.xx.2021-ci ildə baş vermiş sığorta hadisəsi (yanğın) nəticəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği 202.712 manat olan daşınmaz əmlaka 26.500 manat dəyərində zərər dəymiş və 500 manat azadolma məbləği çıxılaraq sığortalı "AN Globabal Services and Tranding LTD” MMC-yə 25.989.26 manat sığorta ödənişi verilmişdir.
10. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, (AKT3419/21-ə əsasən sığorta ödənişi 1-ci hissə üzrə) 13.000 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "AN Global Services and Tranding LTD” MMC-nin hesabına ödənilmişdir.
11. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, (AKT3419/21-ə əsasən sığorta ödənişi 2-ci hissə üzrə) 12.989,26 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "AN Globabal Services and Tranding LTD” MMC-nin hesabına ödənilmişdir.
12. İddiaçı "xxxx" ASC xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək, əmlaka dəymiş zərərə görə 25.989.26 manat məbləğində sığorta ödənişinin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.989,26 manat və 200 manat mediasiya xərci məbləğinin, ümumilikdə 26.189,26 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı "AN Globabal Services and Tranding LTD” MMC-nin sahibi X3 razı olması və "xxxx" ASC tərəfindən ona RAZ********** saylı, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31 “E” ünvanında yerləşən X4 məxsus ofis binasının 1-ci mərtəbəsində yerləşən Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunda yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 26.500 manat məbləğində real zərər dəymişdir. AKT3419/21/CFİ-0070/2021 saylı sığorta aktına və RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 500 manat azadolma məbləği və 10,74 manat sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı çıxıldıqdan sonra 25.989,26 manat məbləğində sığorta ödənişi sığortalı X3 bank hesabına köçürülmüşdür. "xxxx" ASC sığorta ödənişini verdikdən sonra vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi barədə iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-345/2023 saylı qətnaməsi ilə 49.850 manat məbləğində pul vəsaitinin, 36 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin 14 iyun 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən yoxlama zamanı toplanmış materiallarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31 “E” ünvanında yerləşən X4 məxsus ofis binasının 1-ci mərtəbəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunun daxilində elektrik xəttinə qoşulmuş halda olan LED lampalarının gərginlik azaldıcısında (adaptorunda) yaranmış qəza halından yanğın baş vermişdir. Hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2 və 6.5 bəndlərinin tələbləri mebel salonunun sahibi X5 tərəfindən və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.5 bəndinin tələbi LED lampaları təmin edilmiş dolabı nəzarətsiz şəkildə elektrik xəttinə qoşulu vəziyyətdə saxlamış Cavabdeh tərəfindən pozulmuşdur.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3858/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığorta növü üzrə sığortalanmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyri-yaşayış binasının icarəçisi Cavabdeh və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X5 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində sığortalı "xxxx" MMC-nin icarəsində olmuş qeyri-yaşayış sahəsinə maddi zərər dəymişdir. Daşınmaz əmlakın icbari sığorta növü üzrə sığortalanmış həmin qeyri-yaşayış sahəsinə dəymiş sığortalı "AN Globabal Services and Tranding LTD” MMC-yə sığortaçı "xxxx" ASC tərəfindən 25.989,26 manat sığorta ödənişi verilmişdir. Belə ki, sığorta ödənişi almış şəxs "AN Global Services and Tranding LTD” MMC-nin zərərvuran şəxslərə qarşı malik olduğu sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ödənilmiş sığorta ödənişi (25.989.26 manat) həddində subroqasiya qaydasında sığortaçı "xxxx" ASC-yə keçmişdir.
17. Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin məbləğinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirilmə aktına (rəyinə) əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus ofis binasında (“Orix” mebel salonu) baş vermiş yanğın nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin 26.530 manat məbləğində olması müəyyən edilir.
18. Bakı Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirilmə aktına (rəyinə) münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmənin Bakı Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
19. Məhkəmə son olaraq qeyd etmişdir ki, mübahisəli hüquq münasibətində kreditor olan "xxxx" ASC öz mülahizəsinə əsasən birgə borcluların birindən öhdəliyinin tam icrasını tələb etmək hüququna malik olduğundan ASC 25.989.26 manat məbləğində pulun subroqasiya qaydasında tutulması barədə hazırkı iddianı Cavabdeh qarşı irəli sürməkdə haqlı olmuşdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3858/2023 nömrəli qətnaməsinin dəyişdirilərək 25.989.26 manat pulun "xxxx" MMC-nin sahibi X1 tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş yanğın nəticəsində obyektə dəyən maddi ziyan yalnız cavabdehin mebellərinin yanması nəticəsində dəymiş ziyan olmuşdur. Nəcəfov Əliyə aid heç nə yanmamış və ona maddi ziyan dəyməmişdir. Cavabdehə maddi ziyan dəyməsinə baxmayaraq ASC tərəfindən ziyanın məbləği olan 25.989,26 manat səhvən X3 bank hesabına köçürülmüş və həmin puldan cavabdehə dəyən maddi ziyana görə pulun ona verilməli olduğu halda verilməmişdir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. X4 faktiki dəymiş maddi ziyanın miqdarı araşdırılmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
23. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
24. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəllə; 500.1-ci maddə- əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 936.1-ci maddə- subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddə- sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-ci maddə- mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddə- ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1113.1-ci maddəsinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2-ci maddə-zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.
“İcbari sığortalar” haqqında Azərbaycan Respublikası qanunu: 35.1-ci maddə- daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1-ci maddə- daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi 38-ci maddəsinə əsasən sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. 23.1.6-cı maddə- sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3858/2023 nömrəli qətnaməsi qismən təmin ləğv edilərək iddia Cavabdeh 12.994,63 manat pulun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması hissəsində rədd edilməlidir.
27. İş üzrə cavabdeh Türkiyə Respublikasının vətəndaşı olduğundan məhkəmə ilk öncə xarici elementli mübahisəyə baxmağa Azərbaycan Respublikası məhkəməsinin səlahiyyətli olub-olmamasında hüquqi qiymət verilməsini zəruri hesab edir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0.6-cı maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə işə baxmağa haqlıdırlar. Mübahisə xarici vətəndaşın təqsirli hərəkəti nəticəsində Azərbaycan Respublikasının ərazisində əmlaka vurulmuş ziyanla bağlı olduğundan Bakı Kommersiya Məhkəməsi işə baxmağa səlahiyyətli olmuşdur.
29. Tətbiq edilməli olan hüquqla bağlı məhkəmə qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi ölkənin hüququ ilə müəyyən edilir. Qeyd edilən normaya əsasən mübahisə düzgün olaraq Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilmişdir.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, cavabdeh fərdi sahibkar olan Cavabdeh mülkiyyətçi X1 (xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü “Orix” mebel salonu kimi fəaliyyət göstərən və iddiaçı tərəfindən sığortalanmış qeyri-yaşayış sahəsində xx.xx.2021-ci il tarixdə yanğın (sığorta hadisəsi) baş vermiş və iddiaçı tərəfindən daşınmaz əmlaka 26.500 manat dəyərində zərər dəydiyi müəyyən edilərək 500 manat azadolma məbləği çıxılaraq sığortalı "AN Global Services and Tranding LTD” MMC-yə 25.989.26 manat sığorta ödənişi verilmişdir. İddiaçı hazırda MM-nin 936.1-ci maddəsində nəzərdə tutulmuş subroqasiya hüququndan istifadə edərək “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”a əsasən yanğın hadisəsinin baş verməsində təqsirli olduğu müəyyən edilən cavabdehdən həmin məbləğin ödənilməsini tələb edir.
31. İşə apellyasiya qaydasında baxılarkən yanğının baş vermə səbəbi və yanğın hadisəsində cavabdehin yol verdiyi ehtiyatsızlığın (adaptorun nəzarətsiz elektrik şəbəkəsinə qoşulu vəziyyətsə saxlanılmasının yanğın təhlükəsizliyi qaydalarının pozuntusu hesab olunub-olunmadığının müəyyən edilməsi üçün cavabdehin nümayəndəsi və vəkilinin vəsatətinə əsasən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 10/1867 saylı rəyin nəticə hissəsində yanğına səbəb, mebel salonunun daxilində (mənbə zonasında) istilik ixrac edən avadanlıqlardan yalnız elektrik xəttinə qoşulmuş halda olan LED lampalarda təmin edilmiş dolabın olmasını nəzərə aldıqda, yanğının həmin lampaların gərginlik azaldıcısında (adaptorunda) yaranmış qəza halından baş verməsi göstərilmişdir. Lakin cavabdehin ilkin araşdırma zamanı verdiyi izahatla, işdəki məhkəmə iclasının protokolunda verdiyi izahat arasında ziddiyyətlərin olduğuna, həmçinin iş materiallarına əlavə edilmiş foto şəkillərdə yanğının mənbəyi və səbəbinə dair tədqiqat aparılması yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının metodikasına görə mümkün olmadığından, yanğının səbəbinin led lampaların gərginlik azaldıcısının yerləşdiyi yerə görə (təqdim edilmiş fotoşəkillərə və izahatlara əsasən) yanğının baş vermə səbəbi olmasının texniki cəhətdən mümkün olub-olmadığı barədə tədqiqatın aparılması mümkün deyildir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının” 6-5-ci bəndinin 6-cı abzasının tələbinə görə heç bir halda elektrik qurğularının nəzarətsiz vəziyyətdə elektrik şəbəkəsinə qoşulu halda saxlanılmasına yol verilmir.
32. Məhkəmə yanğın baş verdiyi vaxt LED lampalarının gərginlik azaldıcısının (adaptorunun) nəzarətsiz vəziyyətdə elektrik şəbəkəsinə qoşulu halda saxlanılmasının işin mübahisəsiz halı olduğu nəzərə alaraq müəyyən edir ki, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının” 6-5-ci bəndinin 6-cı abzasının cavabdeh tərəfindən pozulduğu ekspert rəyləri ilə sübut edilir. Yanğının baş vermə səbəbinin cavabdehin iddia etdiyi kimi, gərginlik azaldıcısından (adaptor) deyil, başqa mənbədən qaynaqlanmasına dair işdə hər hansı sübut olmadığından məhkəmə hesab edir ki, yanğın hadisəsinin baş verməsi və nəticədə icarədə olan daşınmaz əmlaka vurulmuş ziyana görə cavabdeh məsuliyyət daşıyır.
33. Lakin məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərardan göründüyü kimi, hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.5ci bəndi cavabdeh tərəfindən, 6.1, 6.2 və 6.5-ci bəndlərinin tələbləri isə mebel salonunun mülkiyyətçisi Ə.Nəcəfov tərəfindən, pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, yanğın hadisəsinin baş verməsində həm daşınmaz əmlakın mülkiyyətçisi, həm də cavabdeh təqsirli olduğundan MM-nin 1113.1-ci maddəsinə əsasən hadisəyə görə birgə məsuliyyət daşıdıqlarından sığortalıya dəymiş ziyanın əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət onlar arasında bərabər bölünməli idi. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə cavabdehdən (25.989,26/2) 12.994,63 manat pulun tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilməlidir.
34. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3858/2023 nömrəli qətnaməsi qismən təmin ləğv edilərək iddia Cavabdeh 12.994,63 manat pulun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3858/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh 12.994,63 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 60 manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.