Məhkəmə qərarları › İş №2-2(103)-416/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-416/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-416/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 02.03.2022-ci il tarixli, e-2-2(113)- 1517/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 01 yanvar 2012-ci il tarixli kredit müqaviləsi üzrə 12.06.2014-cü il tarixdən 21.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 300.556 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 300.556 manat borcun və 596.56 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli, e-2-2(113)-1517/2022 saylı qərardadı ilə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədin iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1517/2022 saylı, 02 mart 2022-ci tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin geri qaytarılması, məhkəmənin birtərəfli mövqedən çıxış etməsinə dəlalət edir və bu hal əsassız olaraq iddianın geri qaytarılması və süründürməçiliyə səbəb olur. Belə ki, mülki prosessual qanunvericiliyin qeyd edilən maddə üzrə məzmunu ondan ibarətdir ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət edilməzdən əvvəl cavabdehə təqdim olunsun. Məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsini və ona əlavə edilən sənədləri poçt vasitəsilə cavabdeh təşkilata göndərilmiş və poçt qəbzinə imza etdirilməklə cavabdehə təqdim olunmuşdur. Məhkəmənin formal mülahizələrinə görə iddia ərizəsini geri qaytarması sadəcə süründürməçiliyə səbəb olur. Məhkəmənin gəldiyi nəticə maddi və hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilərək iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2-2(113)-1517/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli, e-2-2(113)- 1517/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Elektron məhkəmə” informasiya sistemindən məlum olur ki, Cavabdeh MMC-nin “elektron məhkəmə” iformasiya sisteminə yaradılmış kabineti mövcuddur. Lakin iddiaçı cavabdeh tərəfindən MPM-nin 150.2.-ci maddəsində qeyd olunan qaydada iddia ərizəsinin alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Şikayət ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli qanunu ilə Mülki Prosessual Məcəlləyə edilmiş və 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərin, o cümlədən MPM-nin 150-ci maddəsinə edilmiş dəyişikliyin qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilməsi nəzərdə tutulduğundan iddiaçı 01.03.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən kommersiya mübahisəsi üzrə iddia ərizəsinin surətini cavabdehə MPMnin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərməyə borclu idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli, e-2-2(113)-1517/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 mart 2022-ci il tarixli, e-2-2(113)-1517/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar