Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-418/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-129/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixə faiz borcu üzrə 182.290,55 manat, xx.xx.2018-ci tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 35.617,32 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən sonra əsas borcun ödənildiyi xx.xx.2018-ci il tarixə hesablanmış faiz borcu üzrə 130.336,94 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən sonra əsas borcun ödənildiyi xx.xx.2018-ci il tarixə hesablanmış dəbbə pulu üzrə 165.899,40 manat, cəmi 514.144,21 manat kredit borcu və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2018-ci il tarixə faiz borcu üzrə 182.290,55 manatın, gecikdirilmiş əsas kredit borcuna görə 3.000 manat məbləğdə dəbbə pulunun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun, cəmi 185.320,55 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən ekspertiza xərcinin əvəzi olaraq 400 manat məbləğdə pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə iddiaçının tələbini yalnız bir hissədə əsaslı hesab edir. Belə ki, tərəflər arasında imzalanmış 15 fevral 2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Sazişin 2-ci bəndinə əsasən konvertasiya edilmiş əsas borca görə faizlər kredit müqaviləsinin bitdiyi tarixədək, yəni xx.xx.2018-ci il tarixədək illik 18 faiz dərəcəsi ilə hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə ekspert rəyinin gəldiyi nəticəyə əsaslanaraq xx.xx.2018-ci il tarixədək olan dövr üçün hesablanmış 182,290.55 manat məbləğində faiz borcu hissəsində iddia tələbini əsaslı hesab edir. ... Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq qeyd edir ki, cavabdehdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə, yəni əsas borc ödənişinin həyata keçirildiyi dövr üzrə iddiaçının iddia tələbində qeyd etdiyi kimi 18% dərəcəsi ilə deyil, 5 % dərəcəsi ilə faiz borcu hesablanmalıdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən isə məlum olur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 5 % dərəcəsi ilə hesablandığı təqdirdə cavabdehin həmin dövrə ümumiyyətlə faiz borcu mövcud deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, qeyd edilən dövr üçün iddiaçı tərəfindən tələb edilən məbləğ əsassızdır. ... Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən 3000 manat məbləğində dəbbə pulu tutulmalıdır. xx.xx.2018-xx.xx.2018-ci il tarixədək olan dövr üçün tələb edilən 165,899.40 manat məbləğində dəbbə puluna münasibətdə isə məhkəmə bildirir ki, həmin dövr üzrə ödənilməmiş əsas və faiz borcları mövcud olmadığından dəbbə pulu tutula bilməz.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamədən razı qalmamalarının əsas səbəbi kredit müqaviləsi üzrə əsas borc olmadığı halda dəbbə pulunun və faizlərin hesablanmasının hansı maliyyə mənbəyindən irəli gəldiyinin araşdırılmamasından ibarətdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş üzrə iki dəfə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının gəldiyi nəticələr düzgün tədbiq olunmamış, işin faktiki halları yəni əsas borc öhdəliyinin icra oluduğu ana tələb edilən faiz borcu müəyyənləşdirilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və yalnız apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Belə bir yoxlamadan hərəkətlə, işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 10056498/KM nömrəli kredit müqaviləsi, öhdəliklərin ötürülməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə və xx.xx.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Sazişə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18% dərəcəsi ilə ümumilikdə 2.550.150 manat məbləğdə kredit verilmişdir. Cavabdeh tərəfindən sözügedən müqavilə üzrə əsas borc ödənişləri xx.xx.2018-ci il tarixdə tam olaraq icra edilmiş, lakin hesablanmış faiz borcunun bir qismi ödənilməmiş qalmışdır. İddiaçı, tərəflər arasında bağlanmış müqavilənin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə, eyni zamanda cavabdeh tərəfindən əsas borcun ödənildiyi tarixə, yəni xx.xx.2018-ci tarixədək olan dövr ərzində 18% dərəcəsi ilə faiz borcu hesablamışdır. Cavabdeh tərəf ödənilməmiş borc məbləğinin qaldığını bildirsə də, iddiaçı tərəfindən hesablanmış borc məbləğinin həqiqətə uyğun olmadığını bildirərək mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halların araşdırılması məqsədilə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 9/3365 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin, xx.xx.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Sazişin şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2018-ci il tarixə banka olan faiz borcu 130.336,94 manat müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 100-56498/KM nömrəli kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Saziş üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamışdır və kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. Buna görə hazırkı tədqiqatla xx.xx.2016cı il tarixli 100-56498/KM nömrəli kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli kredit borcu üzrə şərtlərdə dəyişikliklərin edilməsinə dair Saziş üzrə cərimə hesablanmadı. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/7861 nömrəli ekspert rəyində isə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 100-56498/KM nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə cavabdehin borc məbləği faiz borcu üzrə 182.290,55 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla əsas borc üzrə 65.128,55 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə illik 18% dərəcəsi ilə hesablanmaqla xx.xx.2018-ci il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 130.336,94 manat (illik 18%-lə) təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borclarını, o cümlədən faiz və dəbbə pulu borclarını ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas borc ödənişlərinin xx.xx.2018-ci il tarixdə tam olaraq icra edildiyi, lakin faiz borcunun bir hissəsinin ödənilməmiş qaldığı işin mübahisəsiz halıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə bu faiz borcu məbləği 182.290,55 manat müəyyən edilmişdir. Həmin ekspert rəyində isə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, rəyin mötəbər sayılmaması üçün hər hansı əsas iş üzrə müəyyən edilmir. İddiaçının xx.xx.2018-ci tarixə tələb etdiyi 35.617,32 manat məbləğdə dəbbə pulunu birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq 3.000 manata azaltması da, həmin tarixə hesablanan faiz borcu üzrə 182.290,55 manat məbləğinə münasibətdə və müqayisədə, qanuni və ədalətli olmuşdur. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsasllıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-129/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-418/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-418/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver