Məhkəmə qərarları › İş №2-2(103)-419/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-419/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-419/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-40/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.02.2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12.06.2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19926,60 manat faiz borcu, 13.12.2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi üzrə 150000 əsas, 28847,34 manat faiz, müqavilənin bitdiyi tarixdən 21.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 45784,34 manat borc, ümumilikdə 224631,68 manat, 26.01.2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas, 19972,40 manat faiz, müqavilənin bitdiyi tarixdən 21.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 29932,95 manat borc olmaqla, ümumilikdə 149905,35 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.02.2020-ci il tarixli 2-2(113)-40/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 13.12.2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 150000 (yüz əlli min) əsas borc, 28847,34 (iyirmi səkkiz min səkkiz yüz qırx yeddi manat otuz dörd qəpik) manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 21.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 45784,34 (qırx beş min yeddi yüz səksən dörd manat otuz dörd qəpik) manat məbləğində pul olmaqla, ümumilikdə 224631,68 manat (iki yüz iyirmi dörd min altı yüz otuz bir manat altmış səkkiz qəpik), 26.01.2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 (yüz min) manat əsas borc, 19972,40 (on doqquz min doqquz yüz yetmiş iki manat qırx qəpik) manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 21.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə 29932,95 (iyirmi doqquz min doqquz yüz otuz iki manat doxsan beş qəpik) manat olmaqla, ümumilikdə 149905,35 manat (bir yüz qırx doqquz min doqquz yüz beş manat otuz beş qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,50 manat (iyirmi səkkiz manat əlli qəpik) olmaqla cəmi 374565,53 manat (üç yüz yetmiş dörd min beş yüz altmış beş manat əlli üç qəpik) məbləğində pulun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 1,5 manat (bir manat əlli qəpik) hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edərək, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və kredit müqaviləsi üzrə borca hesablanmış faiz borcunun müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə, həmin rəylərə uyğun iddia tələblərinin qismən təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş müddət borc müqaviləsinə şamil edilmir. Çünki, həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Cavabdehlə bağlanmış kredit müqaviləsində borcun və faizlərin ödənilməsi şərtləri və müddəti göstərilmişdir. Onlar müqavilə öhdəliyinə əməl etməyərək, icranı gecikdirdiklərinə görə kreditor onlara xəbərdarlıq göndərmişdir. Lakin bu xəbərdarlıq müddətinin keçməsinə baxmayaraq, cavabdeh yenə də borc öhdəliyinin icrasından boyun qaçırırlar. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş şərtləri pozduğuna görə qanunun göstərilən normaları ona bilavasitə şamil edilir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əsas borca hesablanmış faiz borcu həddən artıq şişirdilmiş və iş üzrə keçirilmiş ekspertiza rəyində də faiz borcu düzgün hesablanmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız 12.06.2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə tələblərin rədd edilməsi və 13.12.2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi və 26.01.2012-ci il tarixli 022/12 saylı kredit müqaviləsi üzrə faiz borcunun və gecikdirilmiş vaxt üçün illik beş faizlə borcun tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 12.06.2007-ci il tarixli 131 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh MMC-yə 12 ay müddətinə, illik 18 faizlə 100000 manat məbləğində kredit verilmişdir. Həmçinin həmin tərəflər arasında 13.12.2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 10 faizlə 150000 manat məbləğində kredit vəsaiti verilmişdir. Daha sonra tərəflər arasında 26.01.2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 10 faizlə 100000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 12.06.2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19926,60 manat faiz borcu, 13.12.2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi üzrə 150000 əsas, 28847,34 manat faiz, müqavilənin bitdiyi tarixdən 21.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 45784,34 manat borcu, ümumilikdə 224631,68 manat, 26.01.2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas, 19972,40 manat faiz, müqavilənin bitdiyi tarixdən 21.01.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 29932,95 manat borcu olmaqla, ümumilikdə 149905,35 manat məbləğində kredit borcu mövcuddur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, 12 iyun 2007-ci il tarixli 131 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, həmin kredit müqaviləsi üzrə sonuncu ödəniş 12 iyun 2008-ci il tarixdə həyata keçirilməli idi. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, cavabdeh tərəfindən sonuncu ödəniş 13.07.2010-cu il tarixdə həyata keçirilmişdir. Hazırkı iddia ərizəsi isə 29 noyabr 2013-cü il tarixdə, yəni 13.07.2010-cu il tarixdən hesablanmaqla 3 il 4 ay 16 gün keçdikdən sonra verilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 13 iyul 2010-cu il tarixdən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə həmin kredit müqaviləsinə münasibətdə iddia rədd edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, digər kredit müqavilələri üzrə borcun tutulması hissəsində iddia əsaslıdır. Belə ki, kredit borcunun məbləğinin dəqiq müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19.12.2019-cu il tarixli 9675 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh MMC-nin 12 iyun 2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə 06.11.2013-cü il tarixə 19926,60 manat faiz borcu, 13 dekabr 2011ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 06.11.2013-cü il tarixə 150000 manat əsas borc və 27347,22 manat faiz borcu olmaqla, 177347,22 manat ümumi borcu, 26 yanvar 2012-ci il tarixli, 022/12 saylı kredit müqaviləsi üzrə 06.11.2013-cü il tarixə 100000 manat əsas borc və 17777,78 manat faiz borcu olmaqla, 117777,78 manat ümumi borcu olduğu müəyyən edilmişdir. Lakin həmin rəydən müəyyən olunur ki, ekspertiza tədqiqatı zamanı ekspert məhkəmə tərəfindən onun qarşısına qoyulmuş suallara tam cavab verməmişdir. Belə ki, məhkəmə ekspert qarşısında müqavilə müddətinin bitmə tarixinə olan borcun hesablanması barədə suallar qoyduğu halda, ekspert hər üç kredit müqaviləsi üzrə tamamilə ayrı tarixə, yəni 06 noyabr 2013-cü il tarixə olan borcu hesablamışdır. Qeyd olunanlar nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 avqust 2021-ci il tarixli 9/3132 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən "xxxx" MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, çıxarış məlumatları, 13 dekabr 2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla və müqavilə müddətində illik 10%-lə, müqavilə müddətindən sonra illik 5%-lə borc qalığı hesablamaqla "xxxx" MMC-nin 13.12.2013-cü il tarixə (müqavilə müddətinin tarixinə) banka olan əsas və faiz borcu 178.888,89 manat məbləğində, 21.01.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 224.680,56 manat məbləğində müəyyən edilir, o cümlədən: 13.12.2013-cü il tarixə: əsas borc üzrə 150.000,00 manat, faiz borcu üzrə 28.888,89 manat (10%-lə). 21.01.2020-ci il tarixə: əsas borc üzrə 150.000,00 manat, faiz borcu üzrə 28.888,89 manat (10%-lə), faiz borcu üzrə 45.791,67 manat (5%-lə). İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 13 dekabr 2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamış və kredit ödənişlərindən cəriməyə silinmə aparıllmamışdır. Buna görə hazırki tədqiqatla 13 dekabr 2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmadı. "xxxx" MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, çıxarış məlumatları, 26 yanvar 2012-ci il tarixli 022/12 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla və müqavilə müddətində İllik 10%-lə, müqavilə müddətindən sonra illik 5%-lə borc qalığı hesablamaqla "xxxx" MMC-nin 26.01.2014-cü il tarixə (müqavilə müddətinin tarixinə) banka olan əsas və faiz borcu 120.000,00 manat məbləğində, 21.01.2020-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 149.930,56 manat məbləğində müəyyən edilir, o cümlədən: 26.01.2014-cü il tarixə: əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 20.000,00 manat (10%-lə). 21.01.2020-ci il tarixə: əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 20.000,00 manat (10%-lə) faiz borcu üzrə 29.930,56 manat (5%-lə). İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 26 yanvar 2012-ci il tarixli 022/12 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamış və kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. Buna görə hazırki tədqiqatla 26 yanvar 2012-ci il tarixli 022/12 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəylərini araşdıraraq və Mülki Məcəllənin 741 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, 13 dekabr 2011-ci il tarixli 295/11 saylı və 26 yanvar 2012-ci il tarixli 022/12 saylı kredit müqavilələri üzrə faiz borcunun və gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında birbaşa ifadə olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməli və iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb, eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqavilələrinə aid ödəniş cədvəli, maliyyə arayışı və hesabdan çıxarışda, o cümlədən 31 avqust 2021-ci il tarixli 9/3132 saylı ekspert rəyində olan məlumatlarla təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-40/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.02.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni 12.06.2007-ci il tarixli 131 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə tələblərin rədd edilməsi və 13.12.2011-ci il tarixli 295/11 saylı kredit müqaviləsi ilə 26.01.2012-ci il tarixli 022/12 saylı kredit müqaviləsi üzrə faiz borcunun və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar