Məhkəmə qərarları › İş №2-2(103)-419/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-419/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-419/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh X3 vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-32/2022 nömrəli qətnaməsindən iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər X4 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014cü il tarixli 124281-1-10920/1 saylı “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə əlavə edilmiş 18 iyul 2016-cı il tarixli 1 saylı Razılaşma üzrə 09.06.2020-ci il tarixə iddiaçıya borclu olduğu 310.073,90 manat məbləğində əsas borc, 61.471,12 manat məbləğində faiz borcu, 10.227,50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 381.772,52 manat məbləğində pulun, həmçinin, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləği iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 850.000 manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və qeyri-yaşayış sahəsi satıldıqdan sonra əmlakın boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-32/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 124281-1- 10920/1 saylı “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə əlavə edilmiş 18 iyul 2016-cı il tarixli 1 saylı Razılaşma üzrə 09.06.2020-ci il tarixə 310.073,90 manat məbləğində əsas borcun, 61.471,12 manat məbləğində faiz borcunun, 10.227,50 manat məbləğində cərimə borcunun, ümumilikdə isə 381.772,52 manat məbləğində pulun, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada X2 və Cavabdeh2 "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın, ilkin likvid qiyməti 1.928.880 manat müəyyən edilməklə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli binanın 1 və 2-ci mərtəbəsində 175,0 kv.m. ümumi, 117,7 kv.m. əsas, 57,3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və qeyri-yaşayış sahəsi satıldıqdan sonra əmlakın boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin X2 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 300 manat məbləğində ekspertiza xərclərinin 150 manat məbləğinin X2 və Cavabdeh2 müştərək qaydada, qalan 150 manat məbləğin "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətindən tutularaq “X5” məhdud məsuliyyətli cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-32/2022 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-32/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə apelyasiya qaydasında baxılması 11.05.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri və vəkilləri barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-32/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-32/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-32/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Mübahisə olunan cəmi borc məbləği 381.772,52 manat müəyyən edilir. Bu saziş bağlandıqdan sonra borc məbləğinə hər hansı faiz və digər əlavə ödəniş hesablanmır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 310.073,90 manat məbləğində pulu 6 ay ərzində, hər ay 51.678,98 manata bölünmüş hissələrlə hər ayın 5-dən gec olmayaraq ödəyir. Bununla da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “iddiaçı”ya olan borcu tam ödənilmiş hesab olunur və “iddiaçı” borcun tam ödənildiyi və ipoteka predmetinin yüklülükdən azad olunduğu barədə müvafiq qaydada rəsmi sənəd təqdim edir.

2. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Cavabdehlər” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 2.1. “Cavabdehlər”dən müştərək qaydada 381.772,52 manat məbləğində olan borcun həmin günə olan qalıq məbləği “iddiaçı”nın xeyrinə tutulur. 2.2. “Tərəf”lərin razılaşması ilə ipoteka predmetinin ilkin satış qiyməti 1.200.000 (bir milyon iki yüz min) manat müəyyən edilməklə, “cavabdehlər”in borcu Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 27 saylı binanın 1-ci və 2 ci mərtəbəsində ümumi sahəsi 175 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilir, əmlak açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait “iddiaçı”ya ödənilir. 2.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu sazişin 4.1-ci bəndində qeyd olunan “cavabdehlər”in “iddiaçı”ya olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissəsi isə Cavabdeh1 qaytarılır. 2.4. İpoteka predmetinin satışından əldə olunan vəsait bu sazişin 4.1-ci bəndində qeyd olunan borcun qalığının ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “iddiaçı”ya olan borcunun ödənilməsinə yönəldilir.

3. Bu sazişlə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra “cavabdehlər”in “iddiaçı” qarşısında heç bir öhdəliyi qalmır, Cavabdeh1 məxsus yüklülükdə olan əmlak ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsinə xitam verilir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar