Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-419/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Mənuçehr X5 qarşı “maliyyə fəaliyyəti barədə hesabatın təqdim edilməsi və auditin keçirilməsinin təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-183/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Mənuçehr X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X8 Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Təsisçiləri 10% paya sahib İddiaçı MMC və 90% paya sahib Mənuçehr X6r. Sonuncu eyni zamanda qanuni təmsilçidir.
2. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin həmtəsisçisi Mənuçehr X5 “səhmdarların ümumi yığıncağının çağırılması barədə” bildiriş göndərilərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyi bildirilmiş və gündəliyə cəmiyyətin icra orqanının rəhbərinin fəaliyyəti barədə hesabatın, 2010-cu ildən bu günə qədər cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatlarının yoxlanılması üçün auditin cəlb edilməsi, cəmiyyətdə 2010-cu ildən bu günə qədər qanunvericiliyə uyğun mənfəətin və zərərin hesablanması, cəmiyyətin mənfəətinin təsisçilər arasında bölüşdürülməsi vəziyyəti və cari və təşkilatı məsələlərin daxil edildiyi qeyd edilmişdir.
3. Cavabdeh1 MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 71 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Mülki Məcəllənin 10% səsə malik iştirakçıya yığıncaq çağırmaq hüququ deyil, onun çağırılmasını icra orqanından tələb etmək hüququ vermişdir. Növbədənkənar yığıncaq isə bu tələbə əsasən yalnız icra orqanı tərəfindən çağırılır. Beləliklə, vaxtını, yerini, gündəliyini müəyyən etməklə tərəfinizdən yığıncaq çağırılması MM-in 91.1.3-cü maddəsinə ziddir, belə hüququnuz yoxdur. Yığıncağın çağırılmasını icra orqanından tələb etmək hüququnuz vardır. Digər tərəfdən Cəmiyyətin təkbaşçı icra orqanı olan prezidenti Mənuçehr X9 AR hüdudlarından kənardadır və səhhəti ilə əlaqədar geri səfər etmək imkanı hələlik yoxdur. Bu səbəbdən cəmiyyətin Prezidenti Azərbaycan Respublikasına gələnədək yığıncağın çağırılması mümkün deyil və qanuna əsasən belə səlahiyyəti olan şəxs yoxdur. Cavabdeh1 MMC-nin nizamnaməsinin 9.1.7-ci bəndinə əsasən yığıncaq 100% səsə malik iştirakçılar iştirak etdikdə səlahiyyətli sayılır. Cəmiyyətdə 90% səsə Cavabdeh2 malik olduğunu nəzərə alaraq, onun iştirakı olmadan keçirilən istənilən yığıncaq səlahiyyətli olmayacaq.
4. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli, X/007/2 nömrəli məktubla Cavabdeh1 MMC-yə müraciət edilərək, təcili olaraq Cavabdeh1 MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırki tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) təqdim edilməsi və cəmiyyətin təsis edildiyi tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Mənuçehr X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırki tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) iddiaçıya təqdim edilməsi, Cavabdeh1 MMC-nin təsis edildiyi tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair təsisçi İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC faktiki olaraq 2010-cu ildən, yəni 12 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər təsisçilərin ümumi yığıncağı keçirilməmiş, habelə ümumi yığıncaq keçiriləcəyi barədə heç bir bildiriş təsisçi qismində "xxxx" MMC-yə təqdim edilməmişdir. O cümlədən, cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatının düzgünlüyünü yoxlamaq üçün də heç bir audit yoxlaması keçirilməmişdir. Bu illər ərzində cəmiyyətin fəaliyyət göstərməsinə, balansında kifayət yüzlərlə texnikanın olmasına, illik dövriyyəsinin yüz minlərlə ölçülməsinə baxmayaraq, həmtəsisçi qismində "xxxx" MMC-yə bugünə qədər gəlirdən hər hansı pay ödənilməmişdir. Qeyd edilən pozuntular səbəbindən təsisçi qismində "xxxx" MMC ümumi yığıncağın keçirilməsinin labüdlüyü nəzərə alınaraq, digər təsisçi Cavabdeh2, eləcə də Cavabdeh1 MMC-yə məktublar göndərmiş, dəfələrlə növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb etmiş, daha sonra mediasiya prosesindən keçərək, kommersiya məhkəməsinə müraciət etmişdir. Həmtəsisçi Cavabdeh2 ona göndərilmiş növbədənkənar yığıncağın keçirilməsi barədə bildirişə münasibət bildirmədiyindən və mediasiya proseslərində iştirak etmədiyindən, eyni zamanda Cavabdeh1 MMC ona qarşı irəli sürülən tələblərə (MMC-rıin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırkı tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın təqdim edilməsi, eləcə də "xxxx" MMC-nin təsis edildiyi tarixdən hazırkı tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair təsisçi İddiaçı MMC-nin vəsaiti hesabına auditin keçirilməsinin təmin edilməsi) heç bir münasibət bildirmədiyindən və mediasiya proseslərindən yayındığından, faktiki olaraq cəmiyyətin 2010-cu ildən hal-hazıradək fəaliyyət göstərməsinə və bu illər ərzində milyonlarla manat məbləğində gəlir əldə etməsinə baxmayaraq, həmin gəlir bölüşdürülmədiyindən və iddiaçı "xxxx" MMC-nə təsis payına uyğun mənfəət ödənilmədiyindən, təsisçi kimi hüquqları digər həmtəsisçi və icra orqanının rəhbəri tərəfindən kobud pozulduğundan, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin normalarına və Cəmiyyətin nizamnaməsinin tələblərinə əsasən MMC-nin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və hesabatları təsdiq etmək kimi müstəsna səlahiyyətlərə malik olan Ümumi yığıncaq nizamnamənin və Mülki Məcəllənin imperativ tələblərinə əsasən ildə bir dəfədən az olmayaraq çağırılmalı olduğu halda, 13 ildir çağırılmır, cəmiyyətin mənfəəti barədə həmtəsisçi kimi onlara heç bir məlumat verilmir və əldə edilmiş mənfəət bölüşdürülmür. Bundan əlavə, nizamnamənin 9.4.1-ci bəndinə əsasən hər il əmlak mənafeləri ilə Cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb edilməli olduğu halda, 13 ildir heç bir audit yoxlaması keçirilmir.
7. Cavabdehlər iddiaya etiraz etmiş və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, 2010-2018-cı illər (maliyyə illəri) üzrə olan hissəsi ilə bağlı iddia müddətini tətbiq edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan məlumatların və auditin keçirilməsinin onlardan tələb olunması barədə qanunla müəyyən edilmiş müddətlər ötürüldüyündən iddia rədd edilməlidir. Cavabdeh1 MMC-nin rəhbəri İddiaçı MMC-nin təsis edildiyi yəni xx.xx.2010-cu il tarixdən xx.xx.2017-cı il tarixədək eyni zamanda İddiaçı MMC-nin də rəhbəri olmuşdur. Həmin dövrlər üzrə nəzarət bir şəxsdə olduğundan həmin sənədlərin tərtib edilməsi və ümumi yığıncağın keçirilməsi, bildirişin göndərilməsi, audit yoxlamasının keçirilməsi və sair bu kimi tədbirlərin görülməsi tələb edilmədiyindən, zərurət olmadığından sənədlərin tərtib edilməsi və ya yoxlanışın keçirilməsi məqsədilə müvafiq hesab edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-183/2023 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur.
9. Cavabdehlər Cavabdeh1 MMC və Mənuçehr X9 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətləri iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətlərinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 65.1.2-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər.
14. Həmin Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
15. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
16. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.
18. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
19. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
22. Belə ki, iddia tələbi 2 hissədən ibarətdir: 1. "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2010cu il tarixdən hazırkı tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) iddiaçıya tanış olması üçün təqdim edilməsi; 2. Auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması.
23. İddiaçının istinad etdiyi hallara əsasən birinci iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 65.1.2-ci maddəsi təşkil edir.
24. Həmin maddənin tələbinə görə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər.
25. Kollegiya qeyd edir ki, həmin maddədə qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “sənədləri ilə tanış ola bilər” ifadələri təkcə dar mənada məlumatlarla və sənədlərlə yerində tanış olmaq kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, məlumatlar və sənədlərlə tanış olmaq üçün bütün şəraitin yaradılmasını, o cümlədən aktiv hərəkətlərin edilməsini, yəni məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi də qəbul edilməlidir.
26. Bununla bağlı əks yanaşma cəmiyyətin iştirakçılarının hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər.
27. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 65.1.2-ci maddəsinin tələblərinə əsasən cavabdehlər tərəfindən iddia ərizəsində qeyd olunan cəmiyyətin fəaliyyətinə dair sənədlərin ona təqdim edilməsini tələb etməkdə haqlıdır.
28. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 91.4-cü maddəsi təşkil edir və həmin maddənin məzmunundan görünür ki, qanunverici cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılmasının 2 qaydada, yəni qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirildiyi qaydada nəzərdə tutmuşdur.
29. Cavabdeh1 MMC-nin Nizamnaməsinin 9.1.1-ci bəndinə əsasən Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır.
30. Nizamnamənin 9.1.2.6-cı bəndində göstərilmişdir ki, Cəmiyyətin Təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə filial və nümayəndəliklər də daxil olmaqla cəmiyyətin fəaliyyətinin illik nəticələrini, auditor rəy və hesabatlarını təsdiq etmək, zərərlərin ödənilməsi qaydasını müəyyən etmək aiddir.
31. Həmin Nizamnamənin 9.4-cü bəndində isə göstərilmişdir ki, Cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyətin illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
32. Sonuncu bənddən də göründüyü kimi Cəmiyyətin Nizamnaməsində auditor yoxlanışlarının aparılması qaydası Mülki Məcəllənin 91.4-cü maddəsinin tələbləri ilə eyni qaydada müəyyən edilmişdir.
33. Həmin maddələrin tələblərindən isə görünür ki, cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər.
34. Kollegiya qeyd edir ki, maddədə qeyd olunan “iştirakçının tələbi ilə də aparıla bilər” ifadəsi təkcə dar mənada (auditor yoxlanışı ilə bağlı tələb irəli sürmək, pretenziya vermək və s.) kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, auditor yoxlanışının keçirilməsi ilə bağlı aktiv hərəkətlər (auditor yoxlanışını təşkil etmək, auditorla müqavilə bağlamaq və s.) kimi qəbul edilməlidir.
35. Təsadüfi də deyildir ki, qanunverici həmin cümlədən sonra bu halda auditor yoxlanışının həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılmasını qeyd etmişdir.
36. Hazırki işdə də İddiaçı MMC cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışının onun öz hesabına aparılmasını tələb etmiş, lakin cavabdeh tərəfindən onun bu hüququ təmin edilməmiş, ümumiyyətlə imtina cavabı verilmişdir.
37. Bununla da, iddiaçının Mülki Məcəllənin 91.4-cü maddəsində təsbit olunmuş hüquqları pozulmuşdur. Ona görə də, iddiaçı onun öz vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
38. Eyni zamanda cavabdehlər tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə də əsassızdır. Belə ki, cavabdehlər Mülki Məcəllənin 373.3-cü maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən vaxtaşırı ica edilməli öhdəliklər üzrə iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin qanunvericilikdə maliyyə fəaliyyəti barədə sənədlərlə tanış olunması və auditor yoxlanışının keçirilməsinin tələb edilməsi öhdəlik yox, hüquq kimi nəzərdə tutulmuşdur. Odur ki, vaxtaşırı öhdəliklərlə bağlı 3 illik iddia müddəti hazırki iş üzrə tətbiq edilə bilməz.
39. Bununla yanaşı, nəzərə alınır ki, cəmiyyətin iştirakçısının qeyd olunan hüququnun realizə edilməsinə maneə yaradıldıqda bunun aradan qaldırıması üçün tələb irəli sürülür. Eyni zamanda, bu tələblər iddia müddətinin şamil olunmayan tələblərə aid edilməyib, habelə həmin tələblər üzrə xüsusi iddia müddəti müəyyən olunmayıb.
40. Ona görə də, bu tələblərə ümumi iddia müddəti tətbiq olunur və iddianın rədd olunması üçün iddiaçı tərəfindən ümumi 10 illik iddia müddətinin ötürülməsi tələb olunur.
41. Lakin hazırki işdə bu hal müəyyən edilmir. Çünki iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi).
42. İddiaçının nümayəndəsi də öz izahatında bildirdi ki, 2017-ci ilə qədər tərəflər arasında mübahisə olmamış və həmin sənədlərin tələb olunmasına zərurət olmamışdır. Həmin ildən sonra müəyyən şübhələr yaranmış və sənədlərin təqdim edilməsi tələb edilmişdir.
43. Eyni zamanda, iddiaçının həmin vaxtdan əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
44. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan on il keçməmişdir.
45. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 MMC və Mənuçehr X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-183/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn