Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-42/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Cavabdehnə qarşı kommersiya işi Açar söz: icarə, maddi ziyan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Cavabdehnə qarşı icarə haqqının, maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-363/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi (müqavilədə icraçı olaraq qeyd edilmiş) ilə Cavabdeh (müqaviləsə sifarişçi olaraq qeyd edilmiş) arasında xx.xx.2021-ci il tarixdə xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmış, müqaviləyə əsasən 10 ədəd skip və 3 ədəd tor örtüyü Cavabdeh MMC-yə icarəyə verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi sifariş verir, icraçı isə hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə xidmətlərin göstərilməsi üzrə öhdəliyi öz üzərinə götürür. 10.3-cü bənddə müqavilənin xx.xx.2021-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. Müqavilənin 5.1-ci bəndində qeyd edilmişdir ki, icraçı və sifarişçi hazırkı müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Cavabdeh 2022-ci ilin sentyabr 9 ədəd skipi təhvil-təslim aktı olmadan faktiki olaraq iddiaçıya geri qaytarmaqla tərəflər arasında bağlanmış müqaviləni ləğv etmiş, 1 ədəd skip və 3 ədəd tor örtüyü geri qaytarılmamışdır.
2. Bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixdə müqaviləyə 01 saylı əlavə, 16.06.21-ci il tarixdə 02 saylı Əlavə, xx.xx.2021-ci iltarixdə 03 saylı əlavəvə xx.xx.2021-ci il tarixdə 04 saylı Əlavə imzalanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı Əlavədən görünür ki, skip itdiyi və ya sıradan çıxdığı halda sifarişçi Cavabdeh skipin dəyərini, yəni 8500 manatı, tor örtüyü itdiyi və zədələndiyi halda 125 manat pul məbləği ödəməyi öhdəsinə götürmüşdür.
3. Müqavilənin xx.xx.2021-ci il tarixli 03 saylı əlavəsindən görünür ki, Cavabdeh “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyindən icarəyə götürdüyü skiplərin sınaq, sertifikasiya işləri və ondan irəli gələn bütün məsuliyyətlərdən azad edir və sifarişçiyə müddətli icarəyə verilmiş skiplərin vacibi testlərin edilməsi və sertifikatlaşdırılması xərclərinin sifarişçi tərəfindən ödənilməsinə zəmanət verir.
4. 4 saylı əlavəyə əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
5. İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya göndərərək 8 aylıq icraə haqqı 18390,30 manatın, skiplərin bərpasına görə 13050 manatın, 1 dədə skip və tor örtüyünün geri qaytarılmamasına görə 8875 manat vəsaitin, skiplərin testi və sertifikatlaşdırılması üçün 2500 manat, cəmi 42815,30 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Skiplərdə olan qüsurlarla bağlı fotoşəkillər iş materiallarına əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 8 aylıq icarə haqqı – 18.390,30 manat , skiplərin bərpasına görə - 13.050 manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə - 8.875 manat vəsaitin, skiplərin testi və sertifikatlaşdırılması üçün 2.500 manat, cəmi 42.815,30 manat pul vəsaitinin "xxxx" MMCdən tutularaq “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Ecoservices Limited kompaniyasının Azərbaycan nümayəndəliyi 10 iyun 2021-ci il tarixində Ecosolution MMC ilə xidmətlərin göstərilməsi barədə müqavilə imzalamış və bu müqavilə Ecosolution MMC–yə zibil yığılan qabların (gələcəkdə skiplərin) icarəsinə yönəlmişdir. 2021-ci il 10 iyun tarixində təhviltəslim aktı ilə Ecoservices Limited kompaniyasının Azərbaycan nümayəndəliyinə məxsus 10 ədəd skip və 3 ədəd tor örtüyü Ecosolution MMC–yə təhvil verilmişdir. Müqavilə şərtlərinə və müqaviləyə edilmiş Əlavələrə əsasən skipin itdiyi və ya sıradan çıxdığı halda Ecosolution MMC skipin dəyərini , yəni 8.500 manat, skip üçün nəzərdə tutulan tor örtüyü itdiyi və ya zədələndiyi halda 125 manat Ecoservices Limited kompaniyasının Azərbaycan nümayəndəliyinə ödənməlidir. Ecosolution MMC icarəyə götürdüyü skiplərin sınaq, sertifikatlaşma işlərini öz üzərinə götürmüşdür. 2021-ci il 10 iyun tarixli xidmət müqaviləsinin müddəti 27 dekabr 2021-ci ildən 31 dekabr 2022-ci il tarixinədək uzadılmışdır. 01 sentyabr 2022-ci il tarixində 9 ədəd skip Ecoservices nümayəndəliylnin Sahil qəsəbəsi ərazisində yol kənarında aşkar edilmiş, Ecosolution MMC ilə əlaqə saxlandıqda onlar bu skipləri kiməsə tapşırdıqlarını və bir neçə günə geri qaytaracaqlarını bildirmişlər. Ecosolution MMC–nin adından danışan bir nəfər 07 sentyabr 2022-ci il tarixində 9 ədəd skip Ecoservices nümayəndəliylnin Sahil qəsəbəsi ərazisində yerləşən bazasına təhvil-təslim sənədi olmadan gətirmiş, lakin skiplərin vəziyyətləri qənaətbəxş olmadığından və geri qaytarmaq sənədləri olmadığından skipləri ərazidə qoyub məsləhətləşmək üçün ərazini tərk etmişdir. 11 sentyabr 2022-ci il tarixində Maykl Ottevell bir neçə dəfə Ecosolution MMC-nin direktoru Vüqar Həmidov və Rəşad Guzanov ilə əlaqə yaratmaga çalışmış, lakin telefonları bağlı olduğundan əlaqə alınmamışdır. Maykl Ottevell icarə olunan sonuncu skipin və 3 ədəd tor örtüyünün harada olduğu və 6 aylıq icarə haqqının nə vaxt ödəniləcəyini bildirməyi xahiş etmişdir. Digər tərəfdən skiplərin yararsız hala salındığını, müqaviləyə uyğun heç bir test və sertifikatlaşma olmadığını və müqavlə şərtlərinin pozulduğunu Ecosolution MMC rəhbərlərinin nəzərinə çatdırmış və Azərbaycan Respublikasının “İcarə haqqında” Qanun və digər qanunlarında irəli gələn qanun pozuntuları barədə Məhkəməyə müraciət edəcəyini bildirmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, 9 ədəd skipin təmiri üçün tələb edilən məbləğin ümumi miqdarı nəzəri qaydada təxminən 13.050 manat təşkil edir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-363/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə icarə haqqı borcu olaraq 13.669 (on üç min altı yüz altmış doqquz) manat, 71 (yetmiş bir) qəpik, skiplərin bərpasına görə 13.050 (on üç min əlli) manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 (səkkiz min səkkiz yüz yetmiş beş) manat , cəmi 35.594 (otuz beş min beş yüz doxsan dörd) manat, 71 (yetmiş bir) qəpik məbləğində pulun Eco Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə verilməsi qət edilmişdir.
10. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin adı xidmət müqaviləsi adlansa da, müqavilənin əsl məzmununa diqqət yetirildikdə aydın olur ki, qeyd edilmiş müqavilə icarə müqaviləsidir və ona görə də, hazırkı mübahisə icarə hüquq münasibətlərini tənzimləyən normalar baxımından həll edilməlidir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edimişdir ki, 10 ədəd skip və 3 ədəd tor örtüyünün Cavabdeh MMC-yə verilməsi işin mübahisəsiz halıdır. Ona görə də, bundan sonra müəyyən edilməli olan məqam skip və tor örtüklərinin qaytarılıb-qaytarılmaması və əgər bu hal baş veribsə, nə zaman baş verməsi, həmçinin də həmin müddət üçün ödənilməmiş icarə haqqı nə qədər təşkil etməsidir. İşin digər müəyyən olunmuş halı 9 ədəd skipin 2022-ci ilin sentyabr ayında iddiaçı tərəfindən təhvil-təslim olmadan qəbul edilməsi və 1 ədəd skip və 3 ədəd tor örtüyünün isə qaytarılmamasıdır.
12. Məhkəmə qeyd etmişdir ki, icarəçi yəni Cavabdeh MMC 9 ədəd skipin tam yararlı vəziyyətdə qaytarılmasını sübut edə bilməmişdir.
13. Məhkəmə iddianın 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə 8.875 manat pulun tələb edilməsi ilə bağlı bildirmişdir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi digər 9 ədəd skip qaytarılmış olsa da, artıq tərəflər arasında etibarlı hüquq münasibətlərinin olmamasına baxmayaraq, sonuncuların qaytarılma tarixindən xeyli müddət keçməsinə baxmayaraq 1 ədəd skip və 3 ədəd tor örtüyü iddiaçıya geri qaytarılmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq tərəflər arasında bağlanmış olan müqavilənin 2 saylı əlavəsinə istinad etməklə qeyd edilmiş əşyaların pulunu tələb edir. Belə ki, əgər cavabdeh tərəf qeyd edilmiş əşyaları həqiqətən də, qaytarmaq istəyi olsa idi, artıq bu müddət ərzində qaytarmış olar və ya saxlanca vermiş olardı. Ona görə də, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə 8.875 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə iddianın skiplərin testi və sertifikatlaşdırılması üçün 2.500 manat pulun tələb edilməsi bağlı qeyd etmişdir ki, müqavilənin 03 saylı əlavəsindən görünür ki, Cavabdeh MMC skiplərin vacibi testlərin edilməsi və sertifikatlaşdırılması xərclərin Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməsi ilə bağlı hər hansı bir müddəa yoxdur
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-363/2023 nömrəli qətnaməsinin qismən, skiplərin bərpasına görə 13.050 (on üç min əlli) manat tutulması və 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 (səkkiz min səkkiz yüz yetmiş beş) manatın cavabdehdən tutulması tələbləri hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, skiplərin yararsız hala salınması ilə bağlı 13050,00 manat pul məbləğinin istənilməsi qərəzli və yalandır. Çünki, skiplər iddiaçıya tam əvvəlki vəziyyətində, heç bir deformasiya halına məruz qalmadan təhvil verilmişdir. Təbii ki, 1 ildən artıq müddətdə istismarda olan skiplərdə cüzi şəkildə deformasiya halları ola bilərdi. Lakin, iddiaçının iddia etdiyi miqyasda zərərin olması heç bir məntiqə sığmır, ağlabatan olmamaqla yalnız qərəzli xarakter daşıyır. Belə ki, bu sahədə təşəkkül tapmış işgüzar münasibətlərdə (adətlərdə) şirkətlər arasında bu kimi hallar normal qəbul olunur, əşyanın müvafiq istismar müddətinə uyğun olaraq təbii olaraq heç bir mübahisə predmetinə çevrilmir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700-cü maddəsinin (İcarə müqaviləsi) 3-cü bəndinə əsasən “Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” Belə ki, AR Mülki Məcəlləsinin 682-ci maddəsinə (Kirayəyə götürülmüş əşyanın dəyişməsi və ya pisləşməsi) əsasən “Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.” Bundan başqa, ümumiyyətlə, skiplərə zərərin hansı zaman və kim tərəfindən vurulması faktını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, məhkəmə bu halı düzgün qiymətləndirməmişdir. Qeyd etmək istəyirik ki, iş materiallarında olan ekspert rəyi tamamilə formal xarakter daşımaqla iddiaçı tərəfdən dəvət edilmiş mütəxəssisin verdiyi rəyi heç bir əsaslandırma olmadan təsdiq etməkdən ibarət olmuşdur. Bu isə həmin ekspert rəyinin mötəbərliyini ciddi şəkildə şübhə altına alır. Məhkəmə prosesindən qabaq iddaçının maddi vəsaiti hesabına cəlb olunmuş mütəxəssisin (İddiaçıdan maddi asılı olan) rəyi mötəbər sübut kimi ekspert rəyinin, dolayısı ilə qətnamənin əsasına qoyula bilməz. 1-ci instansiya məhkəməsi bu xüsusatları nəzərə almayaraq, işin hərtərəfli və ədalətli araşdırılması üçün heç bir cəhd göstərməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İkinci məsələ isə ondan ibarətdir ki, məhkəmə 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 (səkkiz min səkkiz yüz yetmiş beş) manatın cavabdehdən tutulmasını qət etməklə tamamilə yanlış qərara gəlmişdir. Belə ki, iş materiallarında olan icarə müqaviləsinin 1 saylı Əlavəsindən də görünür ki, “...Skip itdiyi və ya sıradan çıxdığı halda” 8500 manatın verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflərin qarşılıqlı iradə ifadəsi onu göstərir ki, 8500 manatın verilməsi üçün 2 hal olmalı idi: skip itməli idi və ya skip tamamilə məhv olmalı idi. Bizim işdə bu 2 halın heç biri olmadığı təqdirdə məhkəmə əsassız olaraq belə qərar vermişdir. Əksinə, həm iddiaçıya yazılmış rəsmi yazışmalarda, həmçinin məhkəmə iclasında bizim tərəfimizdən skipin qaytarılmasını bildirsək də, iddiaçı heç bir əsas olmadan skipi təhvil-almaqdan imtina edir. Bu xüsusatı iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı öz dilindən də bildirmişdir. Eləcə də 1 ədəd skip nəhəng ölçülərə malik olmaqla yalnız böyük yük maşınları ilə daşına bilir. Məlumat üçün bildirək ki, bir yük maşını 4 skip daşımaq imkanına malikdir. Biz də 2 yük maşını ilə 8 skipi iddiaçıya təhvil verdikdən sonra onlar yerdə qalan 1 skipi götürməkdən əsassız yerə imtina etmişlər. Həmin 1 skip də həm də ölçülərinə görə elə bir əşya deyil ki, biz onu iddiaçının ərazisinə aparıb təhvil verək. İddiaçı bu hərəkətləri hüquqdan sui-istifadə etmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan İcarə müqaviləsinin 1 saylı Əlavəsində göstərilənlərə zidd olmaqla, yəni skipin itməməyinə və ya məhv olmadığına baxmayaraq müqavilə şərtlərini heçə sayaraq absurd bir mövqe göstərmişdir. Hətta, məhkəmə öz qətnaməsində skipin itmədiyi və məhv olmadığını bildirsə də sonra öz fikrinə zidd qərar vermişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1-ci maddə-fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 675-ci maddə-əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.2-ci maddə-əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; 700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə- icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddə- əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 439.1-ci maddə-əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 440.1-ci maddə- Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2-ci maddə-məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 450.1-ci maddə- Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə cavabdeh tərəfindən qismən – skiplərin bərpasına görə 13.050 (manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 manat tutulmasına dair iddia tələblərinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-363/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. İş üzrə iddiaçı xarici hüquqi şəxs olduğundan ilk öncə Bakı Kommersiya Məhkəməsinin hazırkı mübahisəyə baxmağa beynəlxalq səlahiyyəti olub-olmadığına hüquqi qiymət verilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində qeyd edilmişdir ki, tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikası iqtisad məhkəməsinə verilir. Azərbaycan Respublikasında hazırda iqtisad məhkəməsinin funksiyalarını kommersiya məhkəməsi icra etdiyindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış yazılı sazişə əsasən Bakı Kommersiya Məhkəməsi mübahisəyə baxmağa səlahiyyətli olmuşdur.
24. Mübahisə milli qanunvericilik normaları əsasında həll olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə mübahisənin hansı tərəfin aid olduğu ölkənin qanunları əsasında həll edilməsi nəzərdə tutulmamışdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində qeyd edilir ki, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir.
25. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 5.10-cu bəndində qeyd edilmişdir ki, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində tələbin qanuni əsası kimi Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etdiyindən və cavabdeh tərəf buna etiraz etmədiyindən mübahisənin milli qanunvericilik əsassında həll edilməsində hər hansı pozuntu müəyyən edilmir.
26. Mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə xidmət müqaviləsi adlansa da, müqavilə məzmununa (tərəflərin hüququ və öhdəliklərinə görə) görə icarəyə uyğun olduğundan mübahisə icarə hüquq münasibətlərini tənzimləyən normalar tətbiq edilməklə həll edilməlidir.
27. Cavabdeh tərəfindən icarə haqqı borcunun tutulması ilə bağlı hissədə qətnamə mübahisələndirilmir. Mübahisələndirilən hissə icarəçi tərəfindən geri qaytarılmış icarə predmeti olan əmlaka vurulmuş ziyanın, 1 ədəd geri qaytarılmamış skip və 3 ədəd tor üçün tələb edilən məbləğlə bağlıdır.
28. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, 9 ədəd skipə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mütəxəssis rəyinə istinad edilməklə hesablandığından, həmin mütəxəssis rəyi isə iddiaçının sifarişi ilə hazırlandığından bu rəy mötəbər sübut hesab edilə bilməz.
29. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən iddiaçıya qaytarılmış 9 ədəd skipdə mövcud olan qüsurlar və bu qüsurların aradan qaldırılması üçün (görüləcək işlərin və mal-materialın dəyəri ayrı-ayrılıqda qeyd edilməklə) nə qədər vəsait tələb olunması, iddiaçıya qaytarılmayan və hazırda cavabdehdə olan 1 ədəd skip və 3 ədəd tor örtüyündə hazırda hansı qüsurlar mövcud olması və onların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunmasının müəyyənləşdirilməsi üçün iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın tədqiqat obyektlərinə ekspert tərəfindən mütəxəssisin iştirakı ilə baxış keçirilməklə həyata keçirilməsi müəyyən edilmiş, ekspertiza tədqiqatı zamanı bu sahədə zəruri biliyə malik mütəxəssislə müqavilə bağlanması və mütəxəssisin ekspertiza tədqiqatı zamanı iştirakının təmin edilməsi tərəflərə həvalə edilmişdir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində “OEG” Caspian Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməkdaşı Ruslan Tuayev adlı şəxsin xx.xx.2022-ci il tarixli məktubuna əsasən nəzəri qaydada hesablanmaqla 9 dədə skipin təmiri üçün 13050 manat (1 ədəd üçün 1450 manat), 1 ədəd skipin itdiyi və sıradan çıxdığı halda 8500, 3 ədəd tor örtüyünə görə 360 manat (3 ədədx125 manat) vəsait tələb olunduğu qeyd edilmişdir.
31. Cavabdehin vəkili bu rəylə də razı olmadığını bildirsə də, nə birinci instansiya, nə də apellyasiya instansiyasl məhkəməsinə cavabdeh tərəfindən ekspertizaya göndərilməsi üçün digər mütəxəssis rəyi təqdim edilməmişdir. Halbuki ekspertiza təyin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin KK-nın xx.xx.2023-cü il tarixli qərardadında məhkəmə tərəfindən bu sahədə zəruri biliyə malik mütəxəssislə müqavilə bağlanması və mütəxəssisin ekspertiza tədqiqatı zamanı iştirakının təmin edilməsi iddiaçı ilə yanaşı eyni zamanda cavabdehə həvalə edilmişdir.
32. Məhkəmə işdə cavabdehin iddiaya etirazının dəlillərinin əsaslı olduğunu, geri qaytarılmış skiplərdə yalnız adi istifadə nəticəsində çüzi deformasiya olduğunu, həmin qüsurların aradan qaldırılması üçün daha az məbləğ tələb edildiyini təsdiq edən sübutlar olmadığından geri qaytarılmış skiplərin təmiri və bərpa xərclərinə görə 13.050 (on üç min əlli) manat pulun cavabdehdən tutulması hissəsində qətnaməni qanuni və əsaslı hesab edir.
33. İcarəyəverənə geri qaytarılmamış 1 ədəd skip və 3 ədəd tora görə ödənilməli olan məbləğ müqaviləyə 1 Salı Əlavə ilə müəyyən edildiyindən bu hissədə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün ekspert rəyi zəruri hesab edilmir. Belə ki, skip itdiyi və ya sıradan çıxdığı halda sifarişçi Cavabdeh skipin dəyərini, yəni 8500 manatı, tor örtüyü itdiyi və zədələndiyi halda 125 manat pul məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilətə itmə və zədələnmə hallarında bu məbləğlərin ödənilməsi nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, bu şərt əmlakların icarəyəverənə üzürlü və ya üzürsüz səbəbdən qaytarılmadığı bütün hallara aiddir. İddiaçının qaytarılmamış icarə predmetinin dəyərinin ödənilməsi barədə tələbinin qanuni əsasını MM-nin 705-ci maddəsi təşkil edir. Həmin normada qeyd edilir ki, icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün həm aylıq icarə haqqı məbləğində kompensasiya, həm də digər zərərin əvəzinin ödənilməsi tələb edilə bilər. Digər zərərə eyni zamanda qaytarılmayan əmlakın dəyəri də aid edilə bilər.
34. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, dəyəri tələb edilən skipi və 3 ədəd toru qaytarmaq istəsələr də cavabdeh qəbul etməmişdir. Məhkəmə bu mülahizə ilə bağlı qeyd edir ki, işdə iddia qaldırılanadək cavabdehin həmin əmlakların qaytarılması üçün iddiaçıya müraciət etdiyini təsdiq edən hər hansı sübut yoxdur. Belə olan halda iddiaçının müqavilə şərtlərinə və MM-nin 75-ci maddəsinə əsasən ona dəymiş zərərin tutulmasını tələb etmək hüququ yarandığından iddianın bu hissədə rədd edilməsi üçün qanuni əsaslar mövcud deyil. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehə 1 ədəd skipin və 3 ədəd torun iddiaçıya qaytarılması və bu hissədə mübahisənin həll olunması üçün vaxt verilsə də, cavabdeh yalnız qarşı tərəfə məktubla müraciət etmiş, 1 ədəd skipin digərləri kimi geri qaytarılması üçün aktiv hərəkət etməmişdir. İddia qaldırılanadək qaytarılmayan əmlakın özünün qaytarılması və ya dəyərinin ödənilməsi barədə tələblərdən birini irəli sürmək hüququ iddiaçıya aid olduğundan və hazırkı halda iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etdiyindən birinci instansiya mərhələsində cavabdehin mübahisəni barışıqla tamamlamaq təklifinin qəbul edilməməsi iddianın rədd edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
35. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normaya əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası mərhələsində həyata keçirilmiş ekspertiza tədqiqatlarına görə 100 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır.
36. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 363/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-363/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.