Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-420/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: qiymətləndirmə hesabatının ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-688/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh X2 qarşı iddiası qismən təmin edilmiş, cavabdeh Ş.Rəfibəyovdan 10.642,79 ABŞ dolları məbləğdə əsas, 1.161,22 ABŞ dolları məbləğdə faiz, 24,80 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 11.828,81 ABŞ dolları məbləğdə pulun ödəniş gününə manata məzənnə ilə və 30 manat məbləğdə dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi cavabdehə məxsus “Chevrolet Aveo” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
2. Həmin qətnamə əsasında xx.xx.2017-ci il tarixdə icra vərəqəsi verilərək, icra olunması üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmiş, icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanmışdır. Sözügedən qərar və xx.xx.2028-ci il tarixli müraciət əsasında ipoteka predmeti olan avtomobil cavabdeh "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və xx.xx.2018-ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 nömrəli qiymətləndirmə hesabatına əsasən avtomobilin bazar dəyəri 12.000 manat məbləğdə müəyyən edilmişdir. Hesabatda avtomobilin “texniki vəziyyət” qrafasında avtomobilin əsaslı təmirə ehtiyac olduğu göstərilmişdir.
3. Bakı şəhəri Xətai rayon icra şöbəsinin sifariş məktubu ilə ipoteka predmeti olan avtomobilin satılması məqsədilə açıq hərracın təşkil edilməsi üçüncü şəxs Azərbaycan Respublikası Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə həvalə edilmişdir.
4. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurunun, İddiaçı ASC-nin nümayəndəsinin, "xxxx" MMC-nin nümayəndəsinin və hal şahidlərinin imzaları ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən, “Chevrolet Aveo” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" MMC-nin servisindən götürülərək, tələbkar İddiaçı ASC-nin nümayəndəsinə təhvil verilmişdir. Avtomobil təhvil verilərkən keçirilmiş baxış zamanı sol dönmə işığının sındığı, təkərlərin boş vəziyyətdə olduğunu, motorun üst hissəsinin sökülü vəziyyətdə olduğu, sağ qanadının üstünün əzik olduğu müəyyən edilmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli LP-197/2021 nömrəli qiymətləndirmə rəyinə görə, X1 mülkiyyətində olan 2013-cü il buraxılışlı “Chevrolet Aveo” markalı **-SG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin real bazar qiyməti 6.500 manat və likvid dəyəri 6.000 manat məbləğdə qiymətləndirilmişdir. Avtomobilə keçirilmiş baxış zamanı avtomobilin motorunun olmadığı və avtomobilin istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı cavabdehlərə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Respublika Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və X3) məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 nömrəli qiymətləndirmə hesabatının etibarsız hesab edilərək ləğv edilməsi, ipoteka predmeti olan “Chevrolet Aveo” minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 6.000 manat müəyyən edilməsi və ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Respublika Xammal və X5 və Daşınmaz Əmlakların Satışı üzrə X4 rayon icra şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsi və icra məmuru tərəfindən yeni icra sifarişinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyinin və QXM/1603 nömrəli qiymətləndirmə hesabatının ləğv edilməsi, ipoteka predmeti olan “Chevrolet Aveo” minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilk satış qiymətinin 6.000 manat məbləğdə müəyyən edilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş 10 manat məbləğdə dövlət rüsumunun 5 manat hissəsinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” AR Qanununun 41.2, 41.3, “İcra haqqında” AR Qanununun 51.1, 61.1, 61.2, “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun 7, 8-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamə ilə razılaşmayan üçüncü şəxs Ş.Rəfibəyov ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəməyə təqdim edilmiş xx.xx.2019cu il tarixli aktdan açıq-aşkar “Chevrolet Aveo minik” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhvil verilərkən onun yalnız sol dönmə işığının sınıq olması, təkərlərinin boş olması, sağ qanadının üst hissəsinin əzik olması və motorun üst hissəsinin sökülü vəziyyətdə olması göstərilmişdir. Məhkəməyə təqdim edilmiş, lakin məhkəmənin qətnamədə göstərmədiyi ********* nömrəli servis kartından da aydın surətdə görünür ki, “Chevrolet Aveo minik” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə “X6” MMC-nin servis mərkəzinə təhvil verilmiş və xx.xx.2019-cu il tarixə qədər qeyd edilən servis mərkəzində qalmışdır. İddiaçı isə iddia ərizəsində qeyd edilən nəqliyyat vasitəsinin 6 ildən artıq istifadədə olmasını qeyd etmişdir. Halbuki, qeyd edilən nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə ona satılmış və xx.xx.2017-ci il tarixdə “X6” MMC-nin servis mərkəzinə təhvil verilənə qədər istifadə edilmişdir ki, bu da 3 il 6 ay edir. Beləliklə də, qeyd edilən nəqliyyat vasitəsinin istifadə müddəti o qədər də çox olmamışdır. Eyni zamanda, iddia ərizəsində qeyd edilən nəqliyyat vasitəsinin bamperinin olmamasına istinad edilmişdir. Halbuki xx.xx.2019-cu il tarixli aktdan da görünür ki, iddiaçıya təhvil verilən anda qeyd edilən nəqliyyat vasitəsinin bamperi üzərində olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İpoteka haqqında” AR Qanunu: Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.
15. “İcra haqqında” AR Qanunu: Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir; Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir; Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
16. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunu: Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır; Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır; Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.”
18. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Ş.Rəfibəyova qarşı iddiası qismən təmin edilmiş, cavabdeh Ş.Rəfibəyovdan 10.642,79 ABŞ dolları məbləğdə əsas, 1.161,22 ABŞ dolları məbləğdə faiz, 24,80 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 11.828,81 ABŞ dolları məbləğdə pul iddiaçının xeyrinə tutulmuş, tutulacaq məbləğin kreditin təminatı kimi cavabdehə məxsus “Chevrolet Aveo” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icraata başlanmış, ipoteka predmeti olan avtomobil cavabdeh "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və xx.xx.2018ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 nömrəli qiymətləndirmə hesabatına əsasən avtomobilin bazar dəyəri 12.000 manat məbləğdə müəyyən edilmiş, iddiaçı ipoteka predmeti olan avtomobilin bazar dəyərinin hesabatda göstəriləndən kəskin fərqləndiyini bildirərək, qiymətləndirmə barədə rəyin və hesabatın ləğv edilməsini xahiş etmişdir.
23. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
24. İlk olaraq, iş üzrə avtomobilin hansı müddətdə istismarda olması mübahisə predmeti deyil. Avtomobilin bazar dəyərinin iddiaçının mübahisələndirdiyi hesabatda göstərilən qiymətdən iki dəfə az olması isə birinci instansiya məhkəməsi tərəfindən alınan qiymətləndirmə hesabatı ilə təsdiq edilir.
25. Eyni zamanda, iş materiallarında olan xx.xx.2019-cu il tarixli akt ilə avtomobil təhvil verilərkən sol dönmə işığının sındığı, təkərlərin boş vəziyyətdə olduğu, motorun üst hissəsinin sökülü vəziyyətdə olduğu, sağ qanadının üstünün əzik olduğu müəyyən edilmişdir. Bu hal da iddiaçının mübahisələndirdiyi hesabatdakı məbləğin reallığı əks etdirmədiyini sübut edir.
26. Bu mənada, "xxxx" MMC tərəfindən verilmiş mübahisəli rəydə müəyyən edilmiş avtomibilin bazar qiyməti 12.000 manat ağlabatan hesab edilə bilməz. Belə ki, mübahisəli avtomobilin iddiaçıya təhvil verilməsinə dair xx.xx.2019-cu il tarixli aktdan da göründüyü kimi, həmin avtomobildə onun qiymətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olan çoxsaylı qüsurlar (dönmə işığının sınması, təkərlərin boş vəziyyətdə olduğunu, qanadında əzik olması, motorun hissəsinin olmaması) mövcud olmuşdur. Eləcə də, "xxxx" MMC-nin qiymətləndirmə rəyində avtomobilin istifadəyə yararsız vəziyyətdə olması göstərilmişdir.
27. Bundan əlavə, üçüncü şəxs Ş.Rəfibəyov da birinci instansiya məhkəməsində verdiyi izahatında avtomobilin motorunda problem olduğundan işlək vəziyyətdə olmadığını və bununla bağlı avtomobilin 2017-ci ildən (xx.xx.2017) iddiaçıya təhvil verilənədək (xx.xx.2019) servisdə qaldığını qeyd etmişdir. Odur ki, iddiaçının özü qəbul və təsdiq edir ki, mübahisəli nəqliyyat vasitəsi məhz onun istifadəsində olan dövrdə meydana gələn qüsurlar nəticəsində köklü təmirə ehtiyacı olan vəziyyətə düşdükdən sonra 2 il 4 aya yaxın müddətdə sırf ondan asılı olan səbəblərdən hərəkətsiz qalmış və dəyərini itirməyə başlamışdır.
28. Avtomobil iddiaçıya təhvil verilərkən yalnız motorunda qüsurun olması, eləcə də 5 il ərzində iddiaçı tərəfindən naməlum şəraitdə saxlanılması barədə üçüncü şəxsin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli avtomobildəki qüsurların iddiaçıya təhvil verilən zaman mövcud olması yuxarıda istinad edilən xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə öz təsdiqini tapmışdır.
29. Göründüyü kimi, mübahisəli qiymətləndirmə hesabatı və rəyi ilə müəyyən edilmiş avtomobilin bazar dəyəri "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş bazar dəyərindən iki dəfə çoxdur. Qiymətləndirilmə rəylərində müəyyən edilmiş bazar dəyərlərinin belə kəskin fərqlənməsi də (birinci rəyin verilməsindən keçmiş müddət ərzində avtomobilin qiymətinin aşağı düşməsi nəzərə alınsa belə) birinci rəy və hesabatda müəyyən edilmiş qiymətin həqiqətəuyğun olmadığına dəlalət edir.
30. Nəqliyyat vasitəsi iddiaçıya təhvil verilən anda bamperinin üzərində olması da bu vəziyyətə təsir etmir.
31. Həmçinin, məhkəmə kollegiyası avtomobilin "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş bazar dəyəri ilə razılaşmayan üçüncü şəxs Ş.Rəfibəyovun həmin əmlakın daha yuxarı qiymətə satıla biləcəyi yaxud satılmaq üçün tədbirlər gördüyünü təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmiş və Məhkəməyə də təqdim etməmişdir.
32. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-688/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova